Məhkəmə qərarları › İş №1(050)-170/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-170/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-170/2024 20.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Masallı rayonu Musaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış,13 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(050)-56/2024 saylı qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 13 iyun 2024-cü il tarixdə saat 00:05 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, Musaküçə kəndi ərazisində saxlanılaraq Masallı rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,911 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvəllər oğurluq və narkotik cinayətlərinə görə bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Masallı Rayon Məhkəməsinin 17 yanvar 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 07 gün azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilməmişdir. Ona verilmiş ittihamda üzərində aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetaminin miqdarı olduğundan artıq qeyd edilmişdir. Həmçinin metamfetamini ittihamda qeyd edildiyi kimi Lənkəran rayonu, Qumbaşı kəndindən deyil Masallı şəhər sakini X6 Masallı rayonu, Musaküçə kənd ərazisində pul qarşılığı olmadan təmənnasız almışdır. O, X14 ilə cəza çəkmə müəssisəsində tanış olmuş və onu yaxşı insan kimi tanımışdır. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Əzizlə aralarında münasibət yaxşı olduğundan Əzizə telefonla zəng edərək əhvalını soruşmuş, bu zaman Əziz ona görüşməklərini təklif etmiş, o da etiraz etməmişdir. Əziz onu saxlayan əməliyyatçılarla birləşib tutulması üçün plan qurmuşdur. O, polisin adamıdır. Belə ki, Əziz maşınla onun yaşadığı Masallı rayonu, Musaküçə kəndinə gəlmiş və maşını kanala düşmüş, həmin vaxt o, həmin əraziyə getmiş maşının kanaldan çıxarılmasına kömək etmiş, onu saxlayan əməliyyatçılarda Əzizin idarə etdiyi maşının qarşısında özlərinə məxsus maşında əyləşmişlər. Əzizin maşınını kanaldan çıxardıqdan sonra əməliyyatçıların kənd sakinlərindən olduğunu zənn edərək yolun açılması üçün öz maşınlarını arxaya vermələrini xahiş etmişdir. Onlar maşını sürərək həmin ərazidən uzaqlaşmışdır. Daha sonra o, Əzizə bildirmişdir ki, “gedir filan çayçıya oda gəlsin”. Lakin Əzizə bildirdiyi çayçıdan fərqli çay evinə getmiş və görmüşdür ki, arxasınca Əziz də gəlir. Burdan belə sual yaranır: “Əziz mənim yerimi haradan bilirdi ki, arxamca gəlib?”. Əzizlə çay evində 5 dəqiqə çay içdikdən sonra o bildirmişdir ki, işi var 15 dəqiqəyə qayıdır. Əzizi bir müddət gözlədikdən sonra qayıtmadığını görüb yaşadığı evə getmişdir. Evə çatdıqdan sonra Əziz ona zəng edərək harda olduğunu soruşmuş, onu gözlədiyini və görüşmələrini təklif etmişdir. O, Əzizlə görüşmüş və özünün istəyi ilə həmin vaxt Əziz ona bir büküm vermiş, həmin bükümüdə nə olduğunu dəqiq bilməmişdir. Əziz həmin vaxt piyada olduğundan ona bildirmişdir ki, birlikdə əmisinin evinə getsinlər və əmisinin maşını olduğunu, hara lazımdırsa aparacaq. Əziz ondan soruşmuşdur ki, hansı maşınla gedəcəklər, o da Əzizin əməliyyatçıların adamı olmasından şübhələndiyi üçün hansı maşınla gedəcəklərini bildirməmişdir. Əziz “Votsap” sosial şəbəkədə yaza bilmədiyindən səsli onun yanında əməliyyatçılara topladığı məlumatları ötürə bilməmişdir. Əzizlə birlikdə əmisinin həyətinə getmişlər onu da götürüb birlikdə yola çıxmışar. Yolda olan zaman Əziz özünü taksi şoferinə zəng edirmiş kimi göstərib kanalda maşının düşdüyü yerdə olan əməliyyatçıya zəng edərək Musaküçə kəndinin başına gəlməsini bildirmişdir. Musaküçə kəndinin giriş hissəsinə çatdıqda Əziz əməliyyatçılara işarə vermək məqsədilə tez maşından düşmüşdür. Həmin vaxt Əzizin maşını kanala düşdüyü yerdə olan əməliyyatçının maşını ilə həmin ərazidə olmuşdur. Əməliyyatçılar Əzizin hansı maşından düşdüyünü görüb əmisinin idarə etdiyi maşına yaxınlaşaraq onları əmisini, onu və Əzizi saxlayaraq Masallı Rayon Polis Şöbəsinə gətirmişlər. Masallı Rayon Polis şöbəsində ona işgəncəyə məruz qalmasa da, həqiqəti söylməməsinə səbəb onu əmisini narkotik vasitə ilə yükləməklə təhdid etmələri olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilməsi ilə ələqədar Masallı rayon prokurorluğunda və Masallı rayon məhkəməsində dindirilən zaman həqiqəti söyləməməsinə səbəb barəsində aparılan cinayət işinin məhkəhkəmədə icraatının aparılmasını gözləmişdir. Ona elan edilmiş ittihamla özünü qismən təqsili bilir, narazılığı odur ki, ona metamfetamin satan Əziz hansı səbəbdən məsuliyyətə cəlb edilməmişdir. Az müddətdir ki, cəzaçəkmə müəssisəindən çıxmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü qismən təqsirli bilsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, uzun müddət narkotik maddələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Sonuncu dəfə o, 2023-cü ildə Masallı rayon məhkəməsi tərəfindən narkotik maddələrdən istifadə etməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda isə məhkumluğu ödənilməmişdir. 12 iyun 2024-cü il tarixdə o, özü üçün şüşə deyə bildiyi metamfetamin almaq qərarına gəlmişdir. Bu məqsədlə o, 12 iyun 2024-cü il tarixdə saat 20 radələrində Lənkəran rayonu, Qumbaşı kəndinə getmiş və orada adını bilmədiyi bir şəxslə görüşmüşdür. Həmin şəxsdən öz istifadəsi üçün psixotrop maddə istəmişdir. O, həmin şəxsə 20 manat pul vermiş və qarşılığında ondan bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Həmin metamfetamini əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuş və geri Masallı rayonuna qayıtmışdır. O, ilkin dindirmə zamanı əmisi İmamverdinin onun barəsində olan cinayət işində adının keçməsindən utanmış və həmin şəxslərin avtomobilinə təsadüfən əyləşdiyini demişdir. Lakin əsl həqiqətdə o, həmin gün gecə saat 23:30 radələrində Əziz Hüseynov adlı tanışı ilə evindən çıxıb piyada əmisigilin evinə getmişdir. O, həmin gün əmisinin evində bir dəfə də olmuşdur. O, tez-tez əmisi İmamverdinin evinə gedib gəlmiş və əmisi ona evə və həyətinə daxil olmağa icazə vermişdir. O, həyətə daxil olub əmisinin maşınını işə salmışdır. Əmisi həmişə maşının açarlarını üstünə qoymuşdur. Maşının səsinə əmisi oyanmış və pencərədən onu səsləmişdir. O, əmisinə qonağı olduğunu və qonağını rayona aparmaq lazım olduğu üçün maşını işə saldığını demişdir. Əmisi də özünə siqaret alacağını və bizi özünün aparacağını demişdir. Bundan sonra o, əmisini gözləmişdir. Əmisi əynini geyinib aşağı düşmüş və bir qədər söhbət etdikdən sonra əmisi avtomobilə əyləşmişdir. Sonra isə o, və Əziz avtomobilə əyləşmişdir. Onlar yola düşüb Musaküçə kəndinin çıxışına gəldikdə yanlarına polis əməkdaşları yaxınlaşmışlar. O, bir neçə dəfə əmisinin avtomobilini idarə etmişdir. Əmisi ona avtomobilini sürməyə icazə vermişdir. Onlar yola düşüb Musaküçə kəndinin çıxışına gəlmiş və əmisi avtomobili saxlamışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmışalr. Polis əməkdaşları onlara narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirmişlər. Onlar da hər üçüm birlikdə Masallı RPŞ-yə gəlmişlər. Onlar hər biri ayrı-ayrı otaqlara getmişlər. O, xidməti otaqların birində olarkən özünü təhqiqatçı Vasif Ağazadə kimi təqdim edən şəxs ona hansı şübhə ilə bağlı gətirildiyi və hüquq və vəzifələri izah edib bununla bağlı bildiriş təqdim etmişdir. Daha sonra o, ərizə ilə müraciət edib vəkillə təmin olunmağını xahiş etmişdir. Bundan sonra seçimi əsasında ona Masallı rayon vəkil bürosundan Müdafiəçi təyin edilərək dəvət edilmişdir. Müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı onun üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O, da əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə metamfetamini çıxardıb təqdim etmişdir. Bundan əlavə o, bir ədəd alışqan, bir ədəd “LTC" markalı mobil telefon və bir ədəd keno markalı siqaret qutusu da təqdim etmişdir. Təhqiqatçı onun təqdim etdiyi bir ədəd kağız bükümün içərisinə baxış keçirmiş və içərisində ağ rəngli kristallardan ibarət maddələr olması aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq o, həmin bükülüdə olan metamfetamini 12 iyun 2024-cü il tarixində saat 20 radələrində Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat pul qarşılığında aldığını və üzərində gəzdirməkdə məqsədinin özü üçün istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş və üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi metamfetamin bir ədəd kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,31 qram olması məlum olmuşdur. Bundan sonra təhqiqatçı həmin metamfetamini kağız bükümlə birlikdə ağ rəngli kağız zərfə qoymuş və üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. O, sonda müdafiəçinin suallarına cavab olaraq üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılıq və psixi təsirə məruz qalmadığını bildirmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və protokolu imzalarla təsdiq etmişlər. O, daha sonra ekspertiza rəyində üzərindən aşkar edilmiş olan metamfetaminin təmiz çəkisinin 0,911 qram olmasını bilmiş və həmin ekspertiza rəyi ilə razı olmuşdur. Bundan əlavə onun üzərində metamfetamin olmasından Əziz və İmamverdinin xəbəri olmamışdır. O, həmin şəxslərə bu barədə heç bir söz deməmişdir. Polis əməkdaşları ona heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. O, psixotrop maddə metamfetamin əldə etməsi və daşıması barədə heç kimə bir söz deməmişdir. Buna görə də üzərində psixotrop maddə olan metamfetamini əldə etməyindən və üzərində saxlamasından heç kimin məlumatı olmamışdır. O, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş olan psixotrop maddə olan metamfetamini öz şəxsi istifadəsi üçün üzərində daşıyaraq saxlamışdır. O, metamfetamini əldə etdiyi şəxsin adının dəqiq nə olmasını və dəqiq olaraq hansı ünvanda yaşamasını bilməmişdir. O, həmin şüşə deyə bildiyim metamfetamindən heç kimə pay verməmiş və də satmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o Masallı rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 iyun 2024-cü il tarixdə Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində daşıması ilə bağlı onun icraatına əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edilmiş və müvafiq əmrlə əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun rəhbəri o, təyin edilmişdir. Qrupun digər üzvləri isə Masallı RPŞ-in TB-in təhqiqatçıları X17, X18, PPXB-nin polis nəfərləri Şahid3, Şahid2 və Şahid4 təyin edilmişlər. Təqsirləndirilən şəxs cinayətkar fəaliyyətinin qarşısının alınması, əməllərinin ifşa edilməsi üçün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 iyun 2024cü il tarixdə saat 00:05 radələrində Təqsirləndirilən şəxs, X14 və əmisi X3 ilə birlikdə sonuncunun idarə etdiyi “Volksvagen Passat” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Masallı rayonu, Musaküçə kəndi ərazisində saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə gətirilmişlər. Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız büküm və bir ədəd qırmızı rəngli alışqan, sol yan cibindən isə bir ədəd mobil telefon və bir ədəd keno markalı siqaret qutusu çıxardaraq təqdim edərək “metamfetamin” olmasını 12 iyun 2024-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 20 manat pul qarşılığında aldığını və üzərində şəxsi istifadə etmək məqsədilə daşıdığını bildirmşdir. Sonda təhqiqatçı Təqsirləndirilən şəxs şöbəyə gətirilmiş olan Əziz Hüseynovun və İmamverdi Bayramovun onun üzərində metamfetamin daşıması barədə məlumatlı olub-olmaması barədə soruşmuşdur. Təqsirləndirilən şəxs həmin şəxslərin onun psixotrop maddə metamfetamini əldə etməsindən və üzərində daşımasından heç bir xəbərləri olmadığını demişdir. Müdafiəçi Sahibdən təqdim etdiyi maddənin özünə məxsus olması və ona qarşı zorakılıq tətbiq edilib-edilmədiyi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümdə olan metamfetaminin onun özünə məxsus olmasını və polis əməkdşaları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa Əziz Hüseynovun və İmamverdi Bayramovun üzərində, eləcədə İ.X10” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillinə baxış keçirilən zaman qanunla qadağan olunmuş maddə, predmet və əşya aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı X19, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişdirlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. 13 iyun 2024-cü il tarixdə o, Masallı rayonu, Musaküçə kəndində yerləşən fərdi yaşayış evində yataq otağında uzanmışdır. Həmin vaxt saat təxminən 23:30 radələri olmuşdur. O, evinin həyətindən avtomobil səsi eşitmişdir. Belə k, onun özünə məxsus olan Wolksvagen Passat markalı, 90- NR-394 dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin atomobili etibarnamə əsasında idarə etmişdir. O, pəncərədən baxdıqda həyətdə qardaşı oğlu Təqsirləndirilən şəxs maşını işə saldığını və yanında da tanımadığı bir nəfərin olduğun görmüşüdür. O, onlardan nə etdiklərini soruşmuşdur. Sahib ona “qonağım var, onu yola salmaq lazımdı” deyə cavab vermişdir. O, da Sahibə özü gəlib yola salacağını və dükandan siqaret alacağını demişdir. O, əynini geyinib aşağı düşmüş və maşına əyləşib onlarla birlikdə həyətdən çıxmışdır. O, avtomobili Musaküçə kəndinin girişinə tərəf sürmüş və orada yolun kənarında yerləşən dükanların birinin qarşısında saxlamış, həmin vaxt maşından düşməyə macal tapmamış yanlarına tanımadığı adamlar gəlmişlər. Həmin şəxslər onu, Sahibi və Əziz Hüseynovu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində şəxsi axtarış keçirilən zaman üzərində hər hansı qanunla qadağan olunmuş yad əşya və predmet aşkar olunmamışdır. Lakin Elvin adlı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs və Ə.Hüseynovun üzərində “mal” aşkar edilmişdir. Sonradan onları ayrı-ayrı otaqlara aparmışlar, dövlət hesabına vəkillə təmin edilərək üzərlərində şəxsi axtarış keçirmişlər. Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitəni dəqiq kimdən aldığını bilməsədə ona elə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni Əziz Hüseynovdan almışdır. Belə ki, onlar saxlanılan zaman gecə olmuş, həmin gün qardaşı oğlu saat 21:00-dək onunla birlikdə işdə olmuş, həmin saatdan sonra Lənkəran rayonu, Qumbaşı kəndinə getməsi inandırıcı gəlmir. Ona görə də fikirləşir ki, qardaşı oğlunun üzərindən çıxan “malı” Əzizdən almışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 13 iyun 2024cü il tarixli protokoldan və xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə saat 00:20-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Masallı Rayon Məhkəməsinin qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/495 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri və imzalar olan bir zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi - 0,911 qram olan ağ rəngli kristallardan ibraət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,911 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,816 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 530 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2022-ci ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 0,911 qram olmaqla aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,861 qram qalmış metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək tərəfimdən qəbul edilmiş qərarla maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerində saxlanılır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin yazılı olduğu 1 ədəd DVD disk cinayət işinin matriallarına əlavə edilmişdir. X1 və X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin bağlanması əməldə cinayət tərkibi olmadığına görə rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış protokolundan və ona əlavə edilmiş CD diskdən görünür ki, X1 idarə etdiyi “Volkwagen passat” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman nəqliyyat vasitəsinin salonunda, salonda olan saxlanc yerlərində, mühərrikxanasında və arxa yük yerində istifadəsi, gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı masaüstü kompüter vasitəsi ilə baxış keçirilərkən, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükülünü təqdim etməsi və həmin büklüdə olan maddənin metamfetamin olmasını, şəxsi istifadəsi üçün Lənkəran rayonu, Qumbaşı kəndindən almasını bildirməsi müəyyən olunur. X1 üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı masaüstü kompüter vasitəsi ilə baxış keçirilərkən, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı maddə, predmet və əşya aşkar olunmaması müəyyən olunur. X8 üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı masaüstü kompüter vasitəsi ilə baxış keçirilərkən, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı X8 üzərində qanunla qadağan edilmiş hər hansı maddə, predmet və əşya aşkar olunmaması müəyyən olunur. Masallı Rayon Mərkəzi X16 Şəxs tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli, 18-1- 60/2-1102/2024 saylı məktubdan görünür ki, Bayramov X2 ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2320 saylı arayışdan görünür ki, Bayramov X5 xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 67.1, 68.1.1-1 və 93.1.2-ci maddələri nəzərə alınmaqla qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicə ləğv edilmiş, xx.xx.2021-ci il tarixli qərarla Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Musaküçə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Müsaküçə kəndind qeydiyyatdadır. Yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddəsinin tələbinə görə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, polis bölməsinə dəvət edilməsi, üzərinə şəxsi axtarış və götürmə keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş CD disk, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsindən fərqli ifadə verməsinə tənqidi yanaşaraq, hesab edir ki, bu hal təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə həmin ifadəni mümkün sübut növü kimi qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara CPM-in 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi-0,15 qram təşkil edir. Məhkəmə istintaq zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda bir ədəd kağız bükümdə təmiz çəkisi-0,911 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-in 76.6.3-cü müddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci müddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından görünür ki, X15 Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilməsi dövründə, cəzanın çəkilməmiş hissəsi ərzində yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 02 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona CM-in 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır (eyni xarakterli) cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda ona CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-in 59.1-ci maddəsində nəzərdə tutulmuş və ya CM-in 59.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən nəzərə alına biləcək cəzasını yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi CM-in 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran haldır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11 - 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):....346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu; 346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı; CPM-in 353.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:.....353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 27-ci bəndinə əsaəsn məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. CM-in 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə oğurluq və narkotik cinayətlərinə məhkum olunmuş şəxsdir, sonuncu məhkumluğu ödənilməmiş, islah olunmayaraq yenidən qəsdən az ağır cinayət törətmişdir. Azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin o, təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. CPM-in 158.2, 158.2.1 və 158.2.2. və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, CM-in 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq eksperiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatarların qəbulundan yaranan asılılıq sindromu toksikomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Odur ki, ona toksikomaniya məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji kabinetində 2022-ci ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi-0,861 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, videogörüntü olan 4 ədəd kompakt disklər iş materiallarında saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 02 (iki) ay 07 (yeddi) gün şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş 02 il azadlıqdan məhrumetmə cəzasına Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə çəkilməmiş qalan 02 (iki) ay 07 (yeddi) gün azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə, ona qəti 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs “stimulyatorların qəbulundan yaranan asılılıq sindromu” toksikomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində 2022-ci ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. Maddi sübut-Masallı rayon polis şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi-0,861 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 4 (dörd) ədəd kompakt disklər cinayət işi materiallarında saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X7 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar