Məhkəmə qərarları › İş №1(050)-171/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-171/2025

13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-171/2025 13.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Masallı rayonu Masallı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 09 gün hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çardığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya qanunvericilik ilə nəzərdə tutulmuş qaydada götürülməmiş, Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olmaqla, ünvan 1ndə yaşayan, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 15:45-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddələri qanunsuz əldə edib qəbul etməkdə və üzərində saxlamaqda şübhəli olduğundan Masallı şəhəri Azərbaycan küçəsində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,616 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2025-cü il tarixdə isə həbsdən azad olunmuşdur. Əvvəllər, yəni 2021-2022-ci illərdə narkotik vasitələrdən istifadə etsə də lakin, son zamanlar demək olar ki, narkotik vasitələrdən istifadə etməmiş, lakin mütəmadi spirtli içki qəbul etmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Masallı şəhərində yerləşən “ 44 Dönər” adlı yeməkxanada dönər yedikdən sonra çölə çıxarkən həmin dönərxanın qarşısında yerləşən yolun sağ kənarında ağ rəngli Hyundai markalı avtomobilin saxladığını görmüş, həmin vaxt avtomobilin sürücüsü əli ilə ona işarə edərək yanına çağırmışdır. Avtomobilin yanına çadıqda sürücünün əvvəllər rayon sakini kimi tanıdığı Elvin adlı polis əməkdaşı olduğunu bilmişdir. Polis əməkdaşı Elvin ona avtomobilinə əyləşməsini, avtomobilin yük hissəsində olan qutunun boşaldılmasına kömək etməsini xahiş etmiş, o da etiraz etməmişdir. Maşına əyləşdikdən sonra polis əməkdaşı Elvin onu Masallı RPŞ-nin inzibati binasına aparmışdır. Rəis müavini Cahangir müəllimin xidməti otağına aparılmış, orada olan bir neçə nəfər polis əməkdaşları ona hədəqorxu gələrək bir büküm psixotrop maddə təqdim etmişlər. Polis əməkdaşı Şahid1 qızılı rəngli siqaret kağızında olan psixotrop maddə bükümü ona təqdim edərək üzərinə götürməsini, onunla videoçəkiliş aparılacağını və üzərindən çıxarıb təqdim etməsini tələb etmişdir. Əvvəlcə razılaşmasa da, daha sonra ağır maddə ilə ittiham oluncağından qorxduğuna, həm də Elvin ona iki gün sonra sərbəst buraxılacağına dair söz verdiyinə görə polis əməkdaşları ilə razılaşmış, qızılı rəngli siqaret kağızında olan psixotrop maddə olan bükümü üzərinə götürmüşdür. Razılaşadığına görə polis əməkdaşları tərəfindən ona heç bir fiziki təsir göstərilməmişdir. Bundan sonra polis əməkdaşlarının dediyi yerə, yəni şəhidlər abidəsinin arxasındakı Masallı şəhəri, Azərbaycan küçəsinə gətirilmişdir. Polis əməkdaşlarının dediyi qaydaya uğun olaraq Masallı şəhəri, Azərbaycan küçəsində piyada hərəkət etməyə başlamış, bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla ona yaxınlaşmışlar, videoçəkilişdə onlar özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar, o da üzərində əvvəlcədən ona verilmiş psixotrop maddə olan bükümü çıxarıb əməkdaşlara təqdim etmiş, təqdim etdiyi bir ədəd bükümün içərisində “şüşə” deyilən psixotrop maddə olduğunu, həmin günü Masallı şəhərində tanımadığı şəxsdən 10 manat pulun müqabilində aldığını demişdir. Polis şöbəsində müstəntiq tərəfindən dindirilərkən müdafiəçisi Müdafiəçi iştirak etmiş, lakin o qorxduğuna görə müdafiçisinə, habelə sərbəst buraxıldıqdan sonra heç kimə bu barədə heç bir söz deməmişdir. Halbulki, üzərində heç bir psixotrop maddə olmamış, polis əməkdaşları tərəfindən ona hədə-qorxu gəlinməklə, ona zorla təqdim edilməklə üzərinə qoyulmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir mobil telefon olmamış, ümumiyyətlə mobil telefondan istifadə etmir. Lakin, ola bilsin ki, polis əməkdaşı Elvin tərəfindən maşına mindirilərkən həmin ərazidə yolda quraşdırılmış müşahidə kameralarına düşmüşdür. Sonda Təqsirləndirilən şəxs qeyd olunanları nəzərə alıb barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, sonuncu dəfə Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2024-cü il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə 9 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur. Uzun müddətdir psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində bədənimdə ağrılar yarandığını görüb istifadə etmək üçün psixotrop maddə metamfetamin almaq məqsədilə Masallı şəhəri İsgəndərli dairəsinə getmək qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı evdən çıxaraq piyada hərəkət edib Masallı şəhəri İsgəndərli dairəsi adlanan əraziyə getmişdir. Orada təxminən yarım saat ərzində piyada hərəkətdə olduğu yer ətrafında gəzib narkotik satan şəxs axtarmağa başlamışdır. Həmin vaxt heç kimi tapmadığını görüb piyada yaşadığı evə getmək istəyərkən Masallı şəhəri Xətai parkının yaxınlığında zahiri görkəmcə orta yaşlı, qaməti əyilmiş, arıq bədən quruluşlu əvvəllər tanımadığı bir nəfər narkotik aludəçisinə oxşar şəxsi görüb yaxınlaşaraq narkoman olduğunu və ona istifadə etmək psixotrop maddə metamfetamin tapmasını demişdir. Həmin şəxs əvvəlcə özündə psixotrop maddə olmadığını desə də sonradan o, onun əvvəllər psixotrop maddə istifadə edib-etmədiyini ondan soruşmuşdur. O da əvvəllər istifadə etdiyinə görə məhkum olduğunu həmin şəxsə bildirmiş və ona kömək etməsini ondan xahiş etmişdir. Həmin şəxs də ona gözləməyini deyib yanından uzaqlaşaraq getmiş, sonra o, geri qayıdıb cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş patı kimi tanıdığı psixotrop maddə metamfetamini çıxarıb ona 10 manat pul müqabilində sata biləcəyini demişdir. O da ondan həmin bükümü alıb içərisinə baxmış və psixotrop maddə metamfetamin olduğunu dəqiqləşdirdikdən sonra həmin şəxsə 10 manat pul verib oradan uzaqlaşmış, daha sonra isə piyada hərəkət edib tanımadığı şəxsdən aldığı bir bükümdə psixotrop maddə metamfetamini istifadə etmək məqsədilə piyada Masallı şəhəri Qarabağ küçəsinə gedib oradan yaşadığı Masallı şəhəri N.Sultanzadə küçəsi istiqamətində hərəkətini davam etdirmişdir. Həmin vaxt saat 15:45-də Masallı şəhəri Azərbaycan küçəsində piyada hərəkətdə olarkən üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərinin Masallı RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən biri videoçəkiliş aparırmış. Həmin vaxt özünü Masallı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 kimi təqdim edən şəxs üzərində videoçəkiliş aparılmaqla yoxlama aparılacağını, üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə vardırsa təqdim etməsini təklif etmişdir. O da əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd içərisində psixotrop maddə metamfetamin olan qızılı rəngli kağız bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şahid1 ona təqdim etdiyi bükümü açdıqda içərisində psixotrop maddə metamfetamin olduğu müəyyən olunmuşdur. Polis əməkdaşı Şahid1 ondan üzərindən aşkar edilərək götürülmüş metamfetamin bükümünü haradan əldə etdiyini soruşduqda o psixotrop maddə istifadəçisi olduğu üçün həmin metamfetamini xx.xx.2025-ci il tarixdə səhər saatlarında 10 manat pul müqabilində özünün şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını və üzərində daşıdığını bildirmişdir. Bundan sonra Şahid1 tərəfindən üzərindən aşkar olunan metamfetamin bükümü elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 0,76 qram olduğu müəyyən olunmuş, sonra həmin büküm kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmişdir. Daha sonra Şahid1 tərəfindən üzərində qanunla qadağan edilmiş əlavə əşya, predmet və maddə vardırsa təqdim etməsini təklif etmişdir. O da üzərində qanunla qadağan edilmiş əlavə əşya, predmet və maddə olmadığını bildirmişdir. Bundan sonra Şahid1 tərəfindən üzərində yoxlama aparılmış və üzərindən başqa qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Daha sonra Şahid1 tərəfindən Masallı RPŞ-yə aparılacağı barədə ona məlumat verilmiş və o Masallı RPŞ-yə aparılmışdır. Orada xidməti otaqlardan birində özünü Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Bəhmən Əsgərli kimi təqdim edərək qanunsuz olaraq üzərində psixotrop maddələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi tutub hüquq və vəzifələrini elan edib bu barədə ona bildiriş vermişdir. Daha sonra o ərizə ilə müraciət edərək maddi imkanının olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra o Masallı RPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ona Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olan və Masallı şəhəri N.Sultanzadə küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində gəzdirməsində və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmış və o həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid2 və RPŞ-nin KTQ-nin baş inspektoru Ramal Şükürov təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Azərbaycan küçəsində olması barədə məlumat əldə etdikdən sonra polis əməkdaşları ilə birlikdə oraya getmişlər. Həmin küçədə saat 15:45-də Təqsirləndirilən şəxs asfalt yol ilə tək piyada hərəkətdə olduğunu görüb videoçəkilişlə yaxınlaşaraq, orada Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməsində və üzərində daşımasında şübhəli olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. Sonra həmin yerdə özünün əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini saxlanıldığı gün Masallı şəhəri ərazisində tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. O, təqdim olunmuş həmin bir ədəd bükümü açıb yaxından baxmış və onun psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Həmin kütlə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,76 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddəni orada içi boş olan kağız zərfə qoyaraq qablaşdırmış və üzərini polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərini yoxlamış, onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Şahid1 məhkəmə istintaqında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verir, verdiyi ifadəsi özünü müdafiə xarakterli olmaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. O, xx.xx.2025-ci il tarixdə saxlanıldıqda, üzərinə yoxlama və götürmə aparıldıqda Masallı RPŞ-yə gətirildikdə ona heç bir zor və ya güc tətbiq olunmamış, ona hədə-qorxu gəlinməmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, o, oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:45-də Masallı şəhəri, Azərbaycan küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini həmin günü Masallı şəhəri, İsgəndərli dairəsi ərazisində tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş qızılı rəngli siqaret kağızı olan bükülüyə baxış keçirərkən onun psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Sonra həmin metamfetaminə bənzər psixotrop maddən olan bükümü elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,76 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin metamfetaminə bənzər maddə qablaşdırılaraq polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərini yoxlamış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Məhkəmə iclasında CD disklərə baxış keçirildikdən sonra təqsirləndirilən şəxs CD disklərdə olan görüntülərə heç bir etiraz bildirməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə kimyəvi ekspertizasının 19 iyul 2025-ci il tarixli, 19/293 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs məxsus metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,616 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,616 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,566 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X5 Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarxili 447 saylı rayindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİDLƏRİN VƏ STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalan 0,566 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. 18 iyul 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2025-ci il tarixdə saat 15:45-də şübhəli şəxs qismində tutulmuşdur. Tutulmuş şəxsin şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə 20 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(050)-171/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığı üçün barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Masallı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokolundan və xx.xx.2025-ci il tarixli 97/2-35868/25 saylı məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş və MSY-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-15/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 09 gün hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çardığı üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilməmiş və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon İHB-nın Masallı şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Abuşov X2 şəhəri, N.Sultanzadə küçəsi ünvanında qeydiyyatda olmaqla yaşayır, subaydır, səkkiz nəfərdən ibarət yaxın ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsin psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə zorla qoyulması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Həmçinin, qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi zaman psixotrop maddənin ona aid olmamasını bildirmək imkanı olduğu halda bildirməmiş, daha sonra 20 iyul 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən buraxılmış, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində sərbəst şəkildə ifadə verdiyi zaman cinayəti törətməməsi ilə bağlı bir kəlmə belə işlətməmişdir. O, eyni zamanda polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalmadığını qeyd etmişdir. Göründüyü kimi, onun qeyd edilən cinayət əməlinə yol verməməsi, məcbur edilməsi ilə bağlı müvafiq dövlət orqanlarına məlumat vermək üçün kifayət qədər imkanlara malik olsa da, bu hüququndan istifadə etməmişdir. Bu halın özü məhkəmədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiklərinin həqiqətə uyğun olmaması, məsuliyyətdən yayınmaq niyyəti ilə belə ifadə verməsi təəsüratını yaradır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən psixotrop maddənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disklər, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri -0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 (bir) ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 0,616 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin sadə residivi yaranmışdır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər bir neçə cinayət əməlini törətməsini) o cümlədən cəzanı ağırlaşdıran halı əsas götürməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı 2 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Lakin, onun Ərazi Narkoloji kabinetində 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata durması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -0,566 qram psixotrop madə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin videogörüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 18 iyul 2025-ci il tarixdən 20 iyul 2025-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 13 sentyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və onun 2021ci ildən Ərazi Nakoloji kabinetində “Opium narkomanlğı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,566 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs saxlanılmasını, aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 (bir yüz on) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************). Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar