Məhkəmə qərarları › İş №1(050)-174/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-174/2023

14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-174/2023 14.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilçmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq Masallı RPŞnin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi- 0,527 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində yaşadığı evdə yuxudan oyanmış və bədənində ağrılar olduğunu hiss etmişdir. Narkotik vasitə əldə etmək üçün Lənkəran rayon, Qumbaşı kəndinə getmiş və orada olarkən yolun kənarında nəfər şəxsin dayandığını görmüşdür. Həmin şəxs zahirən narkotik vasitə aludəçisinə oxşayırmış. O, narkotik vasitədən istifadə etdiyi üçün həmin şəxsə yaxınlaşıb odan narkotik vasitə tapa bilib-bilməyəcəyini soruşmuşdur. Həmin şəxs hazırda üzərində 1 büküm “kakos” kimi tanınan heroin olmasını və 10 manata satdığını bildirmişdir. O, həmin şəxsə 10 manat pul vermiş, həmin şəxs də ona cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə olan narkotik vasitəni vermişdir. Daha sonra o, yolda tanımadığı avtomobilə əl edib saxlatdırmış və Masallı rayonuna gəlmişdir. Günorta saatlarında evdə yorğun olduğundan yatmışdır. Saat 16 radələrində yaşadığı evdə və kənd ərazisində narkotik vasitəni qəbul etmək üçün əlverişli şərait olmadığından o, Masallı şəhər ərazisinə gəlmişdir ki, kimsənin olmadığı vaxt rahat yer tapsın və heroini qəbul etsin. Masallı şəhər, H.Əliyev prospektində piyada hərəkətdə olan vaxtı iki nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərimdə gəzdirməkdə şübhəli olduğu üçün ona yaxınlaşdıqlarını demişlər. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları cavab vermədiyini görüb birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmış və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı kimi təqdim etmişdir. Sonra təhqiqatçı qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçısı üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını ona demişdir. Əvvəlcə təhqiqatçı Abbasağa Paşayev ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməsi barədə təklif etmişdir. Həmin vaxt o, əynində olan qara rəngli şalvarının sol yan cibində gizlətdiyi 01 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini çıxardıb təqdim edərək, təqdim etdiyi narkotik vasitə olan heroini Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində xx.xx.2023-cü il tarixdə səhər saatlarında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pulun qarşılığında aldığını və istifadə etməkdən ötrü üzərində gəzdiridiyini bildirmişdir. Bundan sonra təhqiqatçı təqdim etdiyi bir bükümdə narkotik vasitə olan heroini şəffaf sellofanla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,56 qram olduğunu müəyyən etmişdir. Sonra həmin narkotik vasitə olan heroin kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin möhürü ilə möhürlənərək imzalanmışdır. Həyata keçirilən şəxsi-axtarış barədə protokol tərtib etmiş, həmin protokol təhqiqatçı tərəfindən uca səslə oxunmuş və o da iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ailəyə yeganə qazanc gətirən şəxsin olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 26 iyun 2023-cü il tarixdə Masallı rayonu, Şərəfə kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda və istifadəsində şübhəli olması ilə əlaqədar Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Masallı şəhər, H.Əliyev prospektində Təqsirləndirilən şəxs tək piyada gəzişərkən əməliyyat müvəkkili Şahid1 iştirakı ilə birlikdə saxlanılmışdır. Həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Masallı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və o, Masallı RPŞ-nin inzibati binasında təhqiqatçı Abbasağa Paşayevin xidməti otağına gətirilmişdir. Orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri ona izah olunmuş, dövlət hesabına öz istəyi əsasında vəkil Müdafiəçisi təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı predmet və ya əşya varsa, təqdim etməsini təhqiqatçı təklif etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni həmin günü səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 10 manata almasını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman onun şalvarının sağ yan cibindən 01 ədəd 1 manatlıq pul əskinazı və 01 ədəd üzərinə “Zavira” yazılmış alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdə olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,56 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə zərfdə qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmişdir. Aşkar edilmiş 01 ədəd 1 manatlıq pul əskinazı və 01 ədəd alışqan isə iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edildi və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı CAB-nın əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, şahid X5 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin əynində olan qara rəngli şalvarının sol yan cibində gizlətdiyi 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etməsi, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi bükülüdəki narkotik vasitənin olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pulun qarşılığında aldığını və istifadə etməkdən ötrü üzərində gəzdiridiyini bildirməsi müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli, 19/689 saylı rəyin təsviri və nəticə hissələrində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 0,527 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Heroinin təmiz çəkisi 0,527 qram, tədqiqata sərf olundu, 0,05 qram, qalıq 0,477 qramdır.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Mərkəzi X1 X8 Yoxlamanın nəticələrinə 03 iyul 2023-cü il tarixli, 689 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Nakoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Əşyanın maddi sübut hesab edilməsi haqqında 30 iyun 2023-cü il tarixli qərardan görünür ki, 30 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-0,477 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Masallı Rayon İHB-ın Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü xasiyyətnamədən və arayışdan görünür ki, Həsənov X7 rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla arvadı-xx.xx.1980-cı il təvəllüdlü X2 və oğlu xx.xx.2006-cı il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs kənddə olduğu müddətdə kəndin ictimai işlərində yaxından iştirak edir, kənddə özünü intizamlı aparır, qohum və qonşuları arasında böyük nüfuza və hörmətə malikdir. Masallı rayon Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsin əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 28 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən də görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Nakoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi maddi sübut kimi tanınmış Masallı Rayon Polis şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 0,477 qram üzrə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən 1 ədəd video CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 26 iyun 2023-cü il tarixindən 28 iyun 2023-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,477 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar