Məhkəmə qərarları › İş №1(050)-175/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-175/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-175/2025 04.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 nəfər azyaşlı uşağı olan, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 06 ay 28 gün (bir il altı ay iyirmi səkkiz) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmasına baxmayaraq məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanda yaşamış, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(050)-58/2025 saylı qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə, saat 23:17-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr istifadə etməsi, üzərində qanunsuz olaraq saxlaması və daşımasında şübhəli olduğundan Masallı şəhəri, Azərbaycan küçəsində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi -0,469 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ilkin dindirilən zaman ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən onun tutulmağı qabaqcadan Sadiq adlı şəxs vasitəsilə təşkil edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Sadiq adlı şəxslə telefonla əlaqə saxlayaraq görüşmüş və bir yerdə kafeyə çay içməyə getmişlər. Çay evində olan zaman Sadiq ona metamfetamin təqdim etmiş, o, da metamfetaminin dadına baxaraq 6 tüstü çəkmişdir. Daha sonra Sadiqə bildirmişdir ki, bu malı almır. Bundan sonra o, çay evindən Sadiqlə birlikdə çıxmaq istəyən zaman Sadiq ona bildirmişdir ki, “birlikdə çay evindən çıxmayaq, birinci sən çay evindən çıx, sonra mən çıxacam. Həmin vaxt Sadiq ona hansı yolla hərəkət edəcəyini bildirmişdir. O, Sadiqdən şübhələndiyi üçün göstərdiyi yolun əksinə getmiş, yolda qırmızı “VAZ 2106” markalı avtomobilə minib çıxıb getmişdir. “Vaz 2106” nömrəli maşının sürücüsü onu Masallı şəhəri, Seybətin dairəsinə aparmış o, orda maşından düşmüşdür. Seybətin dairəsindən 15 metr aralında polis əməkdaşları onu yerə yıxıb Masallı Rayon Polis Şöbəsinə gətirmişlər. Onun qabağına “mal” qoyaraq ünvanına nalayiq söyüşlər söymüşlər. Hadisədən bir saat keçəndən sonra polis əməkdaşları həmin maldan biraz götürərək ona bildirmişlər ki, “Ağsaqqal sənə yazığımız gəlir, bu malı deyərsən ki, tanımadığım adamdan almışam”. O da razılaşmışdır. Daha sonra o, qəbristanlığın yanına gətirilmişdir. Orada 3 dəfə qondarma çəkiliş olmuşdur. O, da çəklişlərdə etirafedici ifadə vermişdir. Sonradan keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında göstərdi ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, üzərindən aşkar olunaraq götürülmüş metamfetamin ona məxsusdur. Odur ki, barəsində amnistiya tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə ona Cəlilabad rayonu, S.Axundov küçəsi ev 63-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərinin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmış və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və CAB-ın əməliyyat müvəkkili Şahid3 təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, Azərbaycan küçəsində olması barədə məlumat əldə etdikdən sonra Şahid2 və Şahid3la birlikdə oraya getmişdir. Həmin küçədə saat 23:17-də Təqsirləndirilən şəxs asvalt yol ilə tək piyada hərəkətdə olduğunu görmüş və həmin vaxtı videoçəkilişlə yaxınlaşıb orada Təqsirləndirilən şəxs saxlamışdır. Sonra ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ondan üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. Sonra həmin yerdə özü əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini saxlanıldığı gün Masallı şəhəri, “Köhnə Bazar” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. O, təqdim olunmuş həmin bir ədəd bükümü açıb yaxından baxmış və onun psixotrop maddə metamfetaminə bənzər naddı olduğunu görmüşdür. Sonra həmin metamfetaminə bənzər maddəni şəffaf sellofanla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,57 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddəni orada içi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərini yoxlamış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefonu orada içi boş olan kağız zərfə qoyaraq qablaşdırmış və üzərini polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılmasına dair porotokolun yazılmasına şərait olmadığından onu aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə ilə birlikdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişdir. Polis Şöbəsində bununla əlaqədar tərəfindən protokol yazılmış, həmin protokolu Təqsirləndirilən şəxs və iştirak edən şəxslərə ucadan oxumuş, məzmununa dair əlavə və düzəlişlər daxil olmadığı üçün həmin şəxslər tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin metamfetaminə bənzər kütləni, 01 ədəd “Samsung” markalı mobil telefonu və üzəri yoxlanılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 01 ədəd video diski RPŞ-nin TB-nin təhqiqatçısı, Sənan Şahmarlıya təqdim etmişdir. Təhqiqatçı S.Şahmarlı tərəfindən həmin psixotrop maddə olan metamfetaminə və əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və götürmə aparılması ilə əlaqədar yazılmış protokol imzalanmışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ifadəsindən görünür ki, o, Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: ● Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1, Masallı Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Masallı Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid3 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və qanunsuz olaraq narkotik vasitə əldə edərək, üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 06 avqust 2025-ci il tarixdə, saat 23:17-də Masallı şəhəri, Azərbaycan küçəsi ərazisində “Təzə Bazar” adlanan yerin yaxınlığında saxlanılaraq, üzəri yoxlanılan zaman özü əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni və əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmiş, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş, psixotrop maddə olan metamfetaminə oxşar kütləni Masallı şəhər ərazisində tanımadığı şəxsdən aldığını demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirilərkən onun psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu görülmüş, sonra həmin metamfetaminə bənzər maddə sellofanla birlikdə elektron tərəzidə çəkilmişdir və ümumi çəkisinin 0,57 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər kütlə və “Samsung” markalı mobil telefon orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyularaq qablaşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. ● Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı Sənan Şahmarlı tərəfindən Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək hər biri ağ rəngli zərfdə qablaşdırılmış 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə və 1 ədəd “Samsung” markalı mobil telefon və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 bükümdə metamfetaminə bənzər psixotrop maddə olmuş və həmin büküm elektron tərzidə çəkilmiş, təqdim edilmiş “Samsung” markalı telefona baxış keçirilmiş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. ● Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X5 tərəfindən müdafiəçisi X2 iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. ● Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:17-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Masallı Rayon Məhkəməsinin 4(050)-58/2025 saylı qərarına əsasən barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. ● Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 19/323 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,469 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,469 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,419 qramdır. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş CD diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı sübut aşkar edilməmişdir. ● Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 440 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2023-cü ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. ● xx.xx.2025-ci il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 0,419 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin “əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd və “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd və şübhəli şəxsin dindirilməsi haqqında protokola əlavə edilmiş 01ədəd olmaqla ümumilikdə 03 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. ● Cəlilabad Rayon Mərkəzi X6 Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1- 32/2-1353/2025 saylı məktubdan görünür ki, Cəlilabad şəhəri, S.Axundov küçəsi ev 63-də qeydiyyatda olmaqla yaşayan 1971-ci il təvəllüdlü Şirinov X1 Rayon Mərkəzi X6 Şəxsin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur. ● Lənkəran Şəhər Psixiatriya Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 624 saylı məktubdan görünür ki, Cəlilabad şəhəri, S.Axundov küçəsi ev 63-də qeydiyyatda olan xx.xx.1971-ci il təvəllüdlü Şirinov X3 şəhəri Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. ● Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş sonuncu dəfə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 06 ay 28 gün (bir il altı ay iyirmi səkkiz) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmasına baxmayaraq məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. ● Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Şirinov X1 şəhəri, S.Axundov küçəsi ev 63 ünvanında qeydiyyatdadır. O, boşanıb 3 uşağı vardır. Yaşadığı ərazidə qonşularla normal münasibət saxlayan şəxs kimi xarakterizə olunur. Ətrafdakıların bildirməsinə görə narkotik maddələrə meyilli və istifadəçi kimi tanınır. ● Elektron çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yerində saxlanılaraq üzərinə baxış keçirilərkən üzərindən psixotrop maddə metamfetamin aşkar edilməsi, polis şöbəsinə dəvət olunub əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara baxış keçirilməsi, eləcə də şübhəli şəxs qismində tutularkən cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə video çəkilişin aparılmasına dair CD disklər, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara CPM-in 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi-0,15 qram təşkil edir. Məhkəmə istintaq zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi-0,469 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edirlər. Qərarın 1.16-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Qərarın 10-cu maddəsinə görə bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Qərarın 19.5-ci maddəsinə əsasən məhkəmələr bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya tətbiq edir. Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə9 xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə baxışı iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tədbiq olunaraq onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan 01 (bir) övladının olmasını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan bir nəfə övladının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti əməli törətməsinə dair cinayət təqibi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının tətbiqinə 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər müəyyən olunmamışdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi üzrə icraata xitam verilərək o, cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində 2023-cü ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi-0,419 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon özünə qaytarılmalı, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş məktubun əlavəsi olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində 2023-cü ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut: Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,419 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon özünə qaytarılsın, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş məktubun əlavəsi olan 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qarardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar