Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-177/2023 15.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin 09 iyul 2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1, 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 24-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Masallı şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsiaxtarış zamanı sol əlində olan 01 ədəd qara rəngli sellofan bağlamanın içərisində olan 01 ədəd ağ rəngli sellofan bağlamada ümumi təmiz çəkisi 410,0 qram təşkil edən narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Masallı şəhəri Köhnə Bazar ərazisindən tanımadığı şəxsə məxsus sərnişin daşıma avtomobili ilə Lənkəran şəhərinə getmişdir. Lənkəran şəhərində Ləvəngi dairəsinin yaxınlığında avtombildən düşüb bir qədər piyada getdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı bir nəfər şəxsə yaxınlaşıb ona bədənində ağrılar olduğunu və ona narkotik vasitə qurudulmuş marixuana əldə etməkdə köməklik etməsini xahiş etmişdir. Həmin şəxs ona əvvəlcə narkotik vasitə olmadığını bildirmiş, lakin o, həqiqətən narkotik maddəyə ehtiyacının olduğunu, ona köməklik etməsini həmin şəxsdən xahiş etdikdən sonra həmin şəxs üzərində nə qədər pulunun olmasını soruşdu. O, 230 manat pulunun olmasını və həmin pul müqabilində bir müddət istifadə edə biləcəyi miqdarda, təxminən 400-450 qram arası qurudulmuş marixuana almaq istədiyini demişdir. Həmin vaxt tanımadığı şəxs bir qədər fikirləşdikdən sonra ona bir az gözləməyini deyib yanından uzaqlaşıb getmişdir. Təxminən 20 dəqiqə sonra həmin şəxs yanına qayıtmış və qayıtdıqdan sonra ətrafa baxıb heç kimin olmadığını görüb əlində olan bir ədəd qara rəngli sellofan bükülünü göstərib həmin bükülüdə 450 qram qurudulmuş marixuana olmasını və həmin bükülüdə olan qurudulmuş marixuananı 230 manat müqabilində ona sata biləcəyini bildirmişdir. O, həmin bükümü həmin şəxsdən alıb açaraq içərisinə baxan zaman qara rəngli sellofanın içərisində olan ağ rəngli sellofanda qurudulmuş marixuana olmasını görmüş və cibindəki 230 manat pulu həmin tanımadığı şəxsə vermişdir. Daha sonra həmin tanımadığı şəxslə sağollaşıb Masallı şəhərinə qayıtmaq üçün Ləvəngi dairəsinin yanında olan sərnişin avtomobillərinin olduğu istiqamətdə hərəkət etməyə başlamışdır. Həmin vaxt Ləvəngi dairəsinin yanından tanımadığı şəxsə məxsus sərnişin daşıma avtomobilinə əyləşib Masallı şəhəri ərazisində yerləşən "xxxx" ASC-nın filialının yaxınlığında avtomobildən enmişdir. Həmin gün saat təxminən 12 radələrində yaşadığı evə getmək üçün Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, onun qanunsuz olaraq narkotik vasitə istifadə etdiyi və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Həmin vaxt o, əlində olan sellofan bağlamanın içərisində qurudulmuş marixuana kütləsi olsa da, qorxub polis əməkdaşlarına heç bir cavab verməmişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə RPŞ-yə getməli olduğunu bildirmişlər. Daha sonra o, polis əməkdaşları ilə polis şöbəsinə gəlmiş və həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər özünü təhqiqatçı kimi təqdim etmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi hüquq və vəzifələri elan edilərək bu barədə ona bildiriş verildikdən sonra o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verən təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O da, sol əlində saxladığı içərisində qurudulmuş marixuana olan qara rəngli sellofan bağlamanı təhqiqatçıya təqdim edib həmin bükülünün içərisində qurudulmuş marixuana olmasını, həmin qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 230 manata aldığını demişdir. Təhqiqatçı həmin bir ədəd qara rəngli sellofan bağlamanı açdıqda həmin bağlamanın içərisində olan bir ədəd ağ rəngli sellofan bağlamada qurudulmuş marixuanana kütləsi olduğunu müəyyən etmişdir. Daha sonra təhqiqatçı tərəfindən təqdim etdiyi qurudulmuş mariuxuana kütləsini sellofan bağlamalarla birlikdə çəkilmiş və çəkisi 429 qram müəyyən olunmuşdur. Təhqiqatçı həmin bükülünü daha sonra zərfə qoyub möhürləmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi-axtarış davam etdirilərək əynində olan paltarlarına baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd 1 manatlıq pul əskinazından ibarət pulunu aşkar etsə də, üzərindən qanunla qadağan edilmiş hər hansı başqa əşya, maddə və ya predmet aşkar etməmişdir. Daha sonra ona məxsus 1 manat pulu özünə qaytarılmışdır. Təhqiqatçı tərəfindən üzərində keçirilən şəxsi-axtarış barədə protokol tərtib olunmuş və protokolu imzalarla təsdiq etmişlər. Polis əməkdaşları ona yaxınlaşan vaxt, RPŞ-yə dəvət edən zaman və ya üzərində şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, bir daha belə əmələ yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, C.Cababrlı küçəsi, ev 24-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istifadəsi üçün üzərində narkotik kütləsi daşıması ilə bağlı Masallı RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın realizə edilməsi məqsədilə şöbə rəisin əmri ilə qrup üzvləri olaraq Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4, ondan və qrup rəhbəri kimi Şahid1 iştirakından ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs sol əlində tutduğu qara rəngli sellofan bağlama ilə Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olmasını görüb CAB-nin baş əməliyyat müvəkkili Şahid1la birlikdə ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə olub-olmamasını soruşduğu zaman Təqsirləndirilən şəxs heç bir cavab verməyib özünü daha da şübhəli aparmağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib X3in xidməti otağına gətirdikdən sonra X3 Təqsirləndirilən şəxs tutulma səbəbini və şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə yazılı bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi kimi dəvət olunmuşdur. X3 videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirməyə başlamışdır. Şəxsiaxtarışa başlayan zaman X3 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, iştirakçılara təqdim etməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sol əlində olan bir ədəd qara rəngli sellofan bükülünü təhqiqatçıya təqdim etdikdən sonra təqdim etdiyi bükülünün içərisində qurudulmuş marixuana olduğunu, həmin kütləni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhərində tanımadığı şəxsdən 230 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bağalama açıldıqda həmin sellofan bağlamanın içərisində olan bir ədəd ağ rəngli sellofan bağlamada narktoik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuana sellofanla birlikdə X3 tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 429 qram olması müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən həmin içərisində qurudulmuş marixuana olan sellofan bağlama zərfin içərisinə qoyularaq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əynində olan paltarlarına təhqiqatçı şəxsiaxtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd 1 manatlıq pul əskinazı aşkar ediləsə də, üzərindən qanunla qadağan edilmiş hər hansı başqa əşya, maddə və ya predmet aşkar etməmişdir. Şəxsiaxtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 manat pulu özünə qaytarılmışdır. X3 şəxsi-axtarış keçirilməsi barədə protokol tərtib etmiş və protokol onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Masallı şəhər sakini kimi tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqda, RPŞ-yə gətirildikdə, onun üzərində axtarış aparıldıqda ona qarşı heç bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkildikdən sonra çəkisinin 429 qram olduğu müəyyən olunsa da, ekspertizada istifadə edilən tərəzi daha dəqiqdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı CAB-nın baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs sol əlində saxladığı qara rəngli sellofan bağlamanı təhqiqatçıya təqdim etməsi, təqhqiqatçının verdiyi suala cavab olaraq təqdim etdiyi qara selaofan bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 230 manata aldığını deməsi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin Məhkəmə Bioloji Ekspertizasının xx.xx.2023-ci il tarixli, 19/686 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bağlamada təmiz çəkisi: - 410,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi - 410,0 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram, qalıq - 409,9 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X8 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 691 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər əvvəllər Masallı Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1, 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X5 şəhəri, C.Cabbarlı küçəsi, ev 24-də qeydiyyatda olmaqla atası-xx.xx.1975-ci il təvəllüdlü X7 və anası xx.xx.1975-ci il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış və birgə yaşayış qaydalarına əməl etmişdir. Onun hərəkətləri barədə qonşuları tərəfindən heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılmasına dair video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək, peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Onun əməlində cinayətin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən halın mövcudluğunu, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. İş materiallarından göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş qaydada Təqsirləndirilən şəxs ona Masallı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2022ci il tarixdən iki il keçmədən qəsdən hazırki cinayəti törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 28 iyun 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı gündən, yəni 15 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixli, 691 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ)aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və və ekspert tədqiqatından sonra qalıq çəkisi 409,9 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 26 iyun 2023-cü il tarixdən 28 iyun 2023cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 15 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi 409,9 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış ) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-177/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-177/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver