Məhkəmə qərarları › İş №1(050)-177/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-177/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-177/2025 22.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Masallı rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Nuriyeva (Abbasova) Lamiyə Novruz qızının xeyrinə tutulmasına dair Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)- 453/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(050)-511/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(050)-1554/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(050)-1323/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 10400 (on min dörd yüz) manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Nuriyeva (Abbasova) Lamiyə Novruz qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Nuriyeva (Abbasova) Lamiyə Novruz qızı ilə 2007-ci ildə evlənmişdir. Rəsmi nikaha 2009-cu ildə daxil olmuşlar. Birgə nikahdan Novruz və Niyaz adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar və Lamiyə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq Nuriyeva (Abbasova) Lamiyə Novruz qızının xeyrinə ödənilməsi qət edilmişdir. Övladları Novruz və Niyaz anaları Lamiyənin yanında və himayəsindədirlər. Hazırda 10400 (on min dörd yüz) manat aliment borcu vardır. Aliment borcunun ödənilməsi ilə bağlı icra məmuru tərəfindən ona dəfələrlə xəbərdarlıqlar edilmişdir. Lakin maddi imkanı yaxşı olmadığına görə yaranmış aliment borcunu ödəyə bilməmişdir. Küçələrdən boş içki qablarını yığıb metal yığım yerinə təhvil verib gündəlik 2-3-4 manat maksimum 5 manat pul əldə edir. Əldə etdiyi pul isə onun ehtiyaclarını ödəmir. Siqaret almağa belə pul tapa bilmir. Heç bir yerdə işləmir. Anası xəstədi, anasına o baxır. Ayrılandan sonra uşaqlarını görməmişdir. Həbs olunsa anasına baxan olmayacaq, anasının 75-76 yaşı var, anası xəstədir, yeriyə bilmir, anasının yeməyini o verir. Məhkəmədən ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Zərərçəkmiş şəxs Nuriyeva (Abbasova) Lamiyə Novruz qızı məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Füzuli rayonu Balabəhmənli kəndində yaşayır və işləyir, işlərinin çoxluğu ilə əlaqədar və maddi vəziyyəti ilə bağlı, eləcədə yolun uzaq olması səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, yığılmış aliment pulunu tələb etdiyini, ödəmədiyi təqdirdə Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Nuriyeva (Abbasova) Lamiyə Novruz qızının cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə rəsmi nikaha daxil olmadan evlənmişdir. 2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2008ci ildə Novruz və xx.xx.2013-cü ildə Niyaz adlı uşaqları doğulmuşdur. Son zamanlar ailə münasibətləri çox pis olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ailəyə laqeyd və məsuliyyətsiz yanaşmış, Təqsirləndirilən şəxs uşaqlarla münasibəti yaxşı olmamış və aralarında tez-tez mübahisələr yaranmışdır. Bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Anar uşaqları ilə maraqlanmamışdır. Odur ki, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. 2021-ci ildə Masallı Rayon Məhkəməsinin qətnaməsinə əsasən Təqsirləndirilən şəxs hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsi qət olunmuşdur. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Uşaqlar böyüdüklərindən maddi tələbatları da xeyli artmışdır. Təqsirləndirilən şəxs ev ustası kimi müxtəlif yerlərdə işləyir. Aylıq 1500 (bir min beş yüz) manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, tüfeyli həyat tərzi sürür, yəni hər gün spirtli içki içir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Masallı Rayon Məhkəməsinin qərarları ilə 15 (on beş), 20 (iyirmi), və 25 (iyirmi beş) gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Boşandıqdan sonra ata soyadı olan Nuriyeva soyadına qayıtmış və yeni şəxsiyyət vəsiqəsi almışdır. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə qədər olan 10400 (on min dörd yüz) aliment borcunun alınaraq ona ödənilməsinə köməklik göstərilməsini, əks təqdirdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunaraq barəsində qanunla nəzərdə tutulmuş ciddi cəza tədbirləri görülməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Nuriyeva (Abbasova) Lamiyə Novruz qızının xeyrinə tutulmalıdır. Alimentin tutulması 01 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2021ci il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü olaraq icra edilməsi üçün bildirişlə birlikdə borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi könüllü olaraq təmin etməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq Masallı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Borclu həbsdən azad olunduqdan sonra icra sənədində göstərilən tələbi təmin etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq Masallı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Masallı Rayon Məhkəməsinə müraciət edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin olunmuşdur. Borcludan aliment borclarını ödəməsi tələb olunsa da o, izahatında aliment borclarını ödəyə bilməyəcəyini qeyd etmişdir. Bu səbəbdən borclu Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar inzibati qaydada tədbir görülməsindən ötrü Masallı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilmişdir. Borclu həbsdən azad olunduqdan sonrada aliment borcunu ödəməmişdir. Halhazırkı vaxtadəkdə borclu borcundan ödəniş etməmişdir. Artıq borclunun 7600 manat aliment borcu olduqdan sonra borcluya bildirmişlər ki, materiallar Ədliyyə Nazirliyinə göndəriləcəkdir və barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılacaqdır. İş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Cinayət işində olan Masallı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(005)- 453/2021 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2008-ci il təvəllüdlü X5 və 26 iyun 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması qət edilmişdir. Cinayət işində olan Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 19 may 2021-ci il tarixli icraata başlama haqqında qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(005)-453/2021 saylı icra vərəqi üzrə icraata başlanmış, icra sənədində göstərilmiş tələbin 10 gün müddətində icrasının könüllü təmin edilməsi üçün borcluya 19 may 2021-ci il tarixdə bildiriş göndərilmişdir. Cinayət işində olan 08 aprel 2022-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, Masallı rayonu Həsənli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işində olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(050)- 511/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işində olan 03 oktyabr 2022-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, Masallı rayonu Həsənli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işində olan Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 3(050)- 1554/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 20 gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işində olan 8(050)-113/2023 saylı 14 aprel 2023-cü il tarixli qərardadından görünür ki, xx xxxxxx 1988-ci ildə Masallı rayonu, Həsənli kəndindəı anadan olmuş, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işində olan 03 iyul 2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, Masallı rayonu Həsənli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işində olan Masallı Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 3(050)- 1323/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 25 gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Masallı X9 Mərkəzi tərəfindən Masallı rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 31 iyul 2023-ü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs icarəsində və ya istifadəsində torpaq sahəsinin olub-olmaması barədə məlumat vermək Masallı DAİM-nin səlahiyyəti xaricindədir. Təqsirləndirilən şəxs elektron kənd təsərrüfatı informasiya sistemində (EKTİS) qeydiyyatda olmadığı və ona subsidiya verilmədiyi müəyyən olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 filialı tərəfindən Masallı rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-2/2-49101/2023 nömrəli məktubdan görünür ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxs münasib iş üçün müraciət edə, həmin şəxsə münasibətdə münasib iş təklif edilə bilər. Qeyd edək ki, Filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs müraciətində qeyd olunan telefon nömrələri ilə əlaqə (***-***-**-**, ***-***-**-**) saxlamaq mümkün olmamışdır. Bununla əlaqədar vətəndaşın ünvanına məktub göndərilmiş və Filialın Masallı Rayon Xidmət şöbəsinə (Ünvan: Masallı şəhəri, Füzuli küçəsi 6, telefon: 025 21-5-30-74) yaxınlaşacağı təqdirdə məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 1(050)-144/2021 saylı, 29 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra və Probasiya şöbəsinin 20 may 2025-ci il tarixli 2-436/25-62-16 saylı mətubundan görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-144/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən xx.xx.1988-ci il təvəllüdlü, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Hökm və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2021-ci il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Məhkum xx.xx.2021-ci il tarixdə qeydiyyata götürülmüşdür. Məhkumun cəzasına Masallı Payon Məhkəməsinin 7(050)-53/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə amnistiya tətbiq edilərək 1 il müddəti azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzası 28.07 2022-ci il tarixdə başa çatdığı üçün Masallı Rayon İcra və Probasiya Şöbəsinin probasiya qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Masallı rayonu İcra Hakimiyyəti Başçısının Həsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Masallı rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Abbasov X4 rayonu Həsənli kəndində qeydiyyatdadır, adına həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi yoxdur, 0.18 ha paybəlli torpaq sahəsi vardır, yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan olunmuş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanununun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.» Həmin qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: Məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014cü il qərarında inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Beləliklə məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1.-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; - törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün cinayət işinin icraatı dayandırılmaqla barəsində axtarış elan edilmiş, o, 18 iyun 2025-ci il tarixdə tutularaq aidiyyəti üzrə təhvil verilmiş, 19 iyun 2025-ci il tarixdə isə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, sonradan yenidən istintaqdan yayındığı üçün cinayət işinin icraatı dayandırılmaqla barəsində axtarış elan edilmiş, o, 04 avqust 2025-ci il tarixdə tutularaq aidiyyəti üzrə təhvil verilmiş, 05 avqust 2025-ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli 22 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-cü il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 22 oktyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar