Məhkəmə qərarları › İş №1(050)-179/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-179/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-179/2024 30.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən hökm dəyişdirilərək qəti olaraq ona 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 ay 29 gün müddət hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, Masallı şəhəri, Dadva küçəsi ev 10-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 25 iyul 2024-cü il tarixdə saat 22 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri C.Cabbarlı küçəsində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,507 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yaşayır. Əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə isə Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 10 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 29 gün müddətini şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azadlığa çıxdıqdan sonra mütəmadi olaraq narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməyə davam etmişdir. xx.xx.2024-cü il tarixdə işdən çıxdıqdan sonra yorğun olduğundan kafeyə gedərək pivə içmiş, pivə içdikdən sonra saat 22 radələrində Masallı şəhəri, C.Cabbarlı küçəsi ilə piyada evinə gedərkən hərəkətdə olan zaman yol kənarından bir büküm görüb götürmüş, açıb içərisinə baxdıqdan sonra bükümün içərisində olan maddənin metamfetamin olduğunu bilmişdir. İstifadəçisi olduğundan bükümü götürüb sol əlində, yoluna davam etmək istədikdə iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, şəxsi istifadəsi üçün üzərində metamfetamin olduğunu etiraf etmişdir. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər özünü baş təhqiqatçı Samir Məmmədov kimi təqdim etmişdir. Baş təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirildikdən sonra ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Üzərində psixotrop maddə aşkar olunsa da, lakin ititham aktında göstərilən psixotrop maddənin çəkisi düzgün göstərilməmişdir. Həmin bükümdə olan psixotrop maddə bir dəfə istifadə üçün olmuşdur, uzun müddət narkotik vasitə alıb istifadə etdiyindən bükümdə olan psixotrop maddənin qiymətinin 10 manat ola biləcəyini bilmişdir. İttiham aktını əldə etdikdən sonra qeyd olunmuş ifadəsi ilə tanış olduqdan sonra ifadəsinin düzgün qeyd edilmədiyini bilmişdir. İstintaq zamanı ifadəsində psixotrop maddəni Cəlilabad rayonu, Göytəpə şəhərində tanımdaığı şəxsdən 10 manata alması qeyd edilsə də, əsl həqiqətdə Göytəpə şəhərini tanımır, nə də tanımadığı şəxs ona psixotrop maddə sata bilməz. Həmin prixotrop maddəni yol kənarından taparaq istifadəsi üçün götürmüşdür. Bundan sonra ibtidai istintaq zamanı ifadəsi alınarkən psixotrop maddənin Cəlilabad rayonu, Göytəpə şəhərində tanımdığı şəxsdən almaması barədə müdafiəçiyə heç bir söz bildirməmişdir. O, sonradan da bu barədə prokurorluq, məhkəmə və digər orqanlara məlumat vermədiyini qeyd etmişdir. O, həqiqəti məhkəmədə söyləyəcəyini düşünmüşdür. Ona verilmiş itithamda üzərində olan psixotrop maddəni çıxarıb könüllü təqdim edilməsi qeyd edilsə də, həmin xüsusatlar razılaşır, lakin psixotrop maddənin çəkisi düzgün göstərilməmiş, həm də psixotrop maddə olan bükümü yol kənarından tapdığı halda, ifadəsində düzgün olmayaraq Cəlilabad rayonu, Göytəpə şəhərində tanımadığı şəxsdən 10 manat müqabilində alması kimi qeyd edilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib barəsində yüngül və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 1-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı ona etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə qrug rəhbəri kimi ondan, qrup üzvləri kimi baş təhqiqatçı X3 və polis nəfəri Şahid2 ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Bundan sonra xx.xx.2024-cü ii tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri C.Cabbarlı küçəsində piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Şifahi şəkildə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşduqları zaman o, üzərində şəxsi istifadəsi məqsədi ilə psixotrop maddə olan metafetamin saxlamasını və həmin metamfetamini Cəlilabad rayonu Göytəpə şəhərindən almasını bildirmişdir Tərəflərindən Təqsirləndirilən şəxs Masallı Rayon Polis şöbəsinə dəvət edilmiş və o, oların qanuni tələblərinə tabeçilik göstərərək onlarla birlikdə Masallı rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra ilk əvvəl Təqsirləndirilən şəxs baş təhqiqatçı Samir Məmmədovun xidməti otağına dəvət etmişlər. Baş təhqiqatçı X8 İbrahimova şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş verərək üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında onun hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi kimi dəvət olunmuşdur. Bundan sonra baş təhqiqatçı videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış zamanı baş təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və həmin şalvarın sağ yan cibindən Samsung markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Baş təhqiqatçı həmin bükümün içərisində nə olmasını, haradan, nə məqsədlə və hansı qiymətə aldığını soruşduqda, Təqsirləndirilən şəxs həmin bükümü Cəlilabad rayonu Göytəpə şəhərində tanımadığı şəxsdən 10 manata almasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Baş təhqiqatçı içərisində metamfetamin olan 01 ədəd sellofan bükülünü elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,56 qram olması müəyyən olunmuşdur. Daha sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində metamfetamin olan büküm və Samsung markalı mobil telefon zərfə qoyularaq tərəflərindən imzalanmışdır. Bundan sonra baş təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Lakin onun üzərindən əlavə olaraq istifadəsi qanunla qadağan edilmiş hər hansı bir başqa şübhəli əşya predmentə rast gəlinməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti qurtardıqdan sonra baş təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. Onun İbrahimov liqar Malik oğlu ilə əvvəllər tanışlığı və aralarında heç bir ədavət, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanıldıqda, RPŞ-yə gətirildikdə, onun üzərində şəxsi axtarış aparıldıqda ona heç bir zor və ya güc tətbiq olunmamışdır. Müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetamin büküm halında RPŞ-də elektron tərəzidə çəkildiyi üçün bükümlə birlikdə çəkisinin 0,56 qram olması müəyyən edilmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ifadəsindən görünür ki, o, şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD dikə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və həmin şalvarın sağ yan cibindən Samsung markalı mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, təhqiqatçının həmin bükümün içərisində nə olması, haradan, nə məqsədlə və hansı qiymətə aldığını soruşması barədə verdiyi suallara cavab olaraq, Təqsirləndirilən şəxs həmin bükümü xx.xx.2024-cü il tarixdə günorta saatlarında Cəlilabad rayonu Göytəpə şəhərində tanımadığı şəxsdən 10 manata almasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirməsi müəyyən edilmiş. Baş təhqiqatçı içərisində metamfetamin olan 01 ədəd sellofan bükülünü elektron tərəzidə çəkilməsi və ümumi çəkisinin 0,56 qram olması müəyyən olunmuşdur. Eyni zamanda müdafiəçinin verdiyi suala cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılıb bölməsinə gətirilərkən ona qarşı fiziki zor və ya psixi təsir göstərilmədiyini bildirməsi müəyyən edilmişdir. Məhkəmə iclasında CD-yə baxış keçirildikdən sonra təqsirləndirilən şəxs CD diskdə olan görüntülərə heç bir etiraz bildirməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü li tarixli,19/581 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şəffaf sellofan bükülünün içərisində psixotrop maddəyə bənzər metamfetamin.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 0,507 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,507 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,457 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X5 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 624 nömrəli rəyinə görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKQMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoioji kabinetində qeydiyyata aimması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əşyanın maddi sübut hesab edilməsi haqqında” 30.xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalan 0,457 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq RPŞ-yə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-112/2023 saylı hökmünün surətindən və Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.29024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən hökm dəyişdirilərək qəti olaraq ona 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 ay 29 gün müddət hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilməmiş və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Mənzil İstismar sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır, bir nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadəsi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsinə uyğun olaraq psixotrop maddəni üzərində gəzdirdiyini etiraf etmiş, lakin həmin ifadəsindən fərqli olaraq məhkəmə iclasında psixotrop maddəni kimsədən almadığını, tapdığını bildirmiş, eyni zamanda ibtidai istintaq zamanı həmin maddəni 10 manat pula aldığını bildirməsinə istinad edərək itihamda qeyd edilən həcmdə metamfetamini həmin məbləğə almaq mümkün olmadığını bildirməklə özünə qismən bəraət qazandırmağa çalışmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini etiraf etmiş, sadəcə olaraq psixotrop maddəni kimsədən almadığını, ərazidən tapdığını göstərmiş, ərazidən tapdığı kütləsini bilmədiyi psixotrop maddənin miqdarının az olduğunu, yəni 10 manat müqabilində alınmasının mümkün olduğunu qeyd edərək ittihamda göstərilən psixotrop maddənin miqdarının qəsdən çoxaldılmasını iddia etmişdir. Qeyd edilən vəziyyətlə bağlı təqsirləndirilən şəxsə məhkəmə iclasında tutulub istintaq oranına aparılanadək tapdığı psixotrop maddəni istifadə edib-etmədiyi, onu əvvəlcədən elektron tərəzidə çəkib-çəkməməsi ilə bağlı suallar verilmiş, o, suallara cavab olaraq psixotrop maddəni tapdığını, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin vaxt istifadə etmədiyini, tapdığı maddənin kütləsinə nəzər yetirərək təxmini qiymətləndirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs dediyi kimi olsa, əgər onun yerdən tapdığı, yəni pul verərək almadığı psixotrop maddənin hansı əsasla 10 manatlıq maddə kimi qiymətləndirilməsini ifadəsində əsaslandıra bilməmiş, sadəcə olaraq öz təxəyyülünə görə həmin maddənin qanunsuz yollarla satışının 10 manat təşkil etdiyini ehtimal etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs psixotrop maddəni pul verib almadığını, tapdığını bildirir, digər tərəfdən ibtidai istintaq zamanı həmin maddəni 10 manata aldığını bildirərək, sonuncu ifadəsindəki göstərdiyi məbləğə həmin maddəni almağın mümkün olmadığını göstərək ziddiyyətli ifadələrinə əsaslanıb istintaq orqanının ona qarşı irəli sürmüş ittihamın yanlış olduğunu göstərməyə cəhd etmiş, lakin özü də bilmədən ilkin ifadəsində həmin maddəni pul qarşılığında aldığını, hazırda isə ərazidən tapdığını göstərməklə yalan danışdığını açıq-aşkar nümayiş etdirmişdir. Maraqlısı odur ki, şəxsi axtarış keçirilərkən təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəni təqdim edərək özünə məxsus olduğunu etiraf etmiş, onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və tərtib edilmiş protokol təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Yəni həmin vaxt təqsirləndirilən şəxsə üzərindən çıxan psixotrop maddənin kütləsi aydın olmuş, buna baxmayaraq, həmin şəxs axtarış keçirilməsi zamanı, həm də məhkəmə iclasında şəxsi axtarışın keçirilməsini əks etdirən videogörüntülərə baxış keçirilərkən öz etirazını bildirməmişdir. Bütün qeyd edilənlər onu göstərir ki, təqsirləndirilən şəxs həqiqətən də qeyd edilən cinayət əməlini törətmiş, məhkəmə baxışınadək uzun müddət ərzində psixotrop maddənin miqdarı ilə bağlı hər hansı formada etiraz etməmiş, məhkəmə baxışı zamanı ona qarşı toplanmış ittiham edici sübutlara əsasən cəzaya məhkum edilcəyini anlayaraq məsuliyyətdən yaxa qurtarmaq üçün yalan ifadə verməyə məcbur qalmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri -0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd bir ədəd sellofan bükümdə təmiz çəkisi -0,507 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin sadə residivi yaranmışdır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər analoji cinayət əməlində görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğunun ödənilməməsi və götürülməməsini,), o cümlədən cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 iyul 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə saat 23:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 4(050)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 25 iyul 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -0,457 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 25 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,457 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar