Məhkəmə qərarları › İş №1(050)-179/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-179/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-179/2025 22.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1989-cu ildə Masallı rayonu, Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, İ qrup əlil, Masallı Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmu ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 13 avqust 2025-ci il tarixə cəzasının 1 il 3 ay 3 gününü çəkmiş, 8 ay 23 gün cəkilməmiş cəzası qalmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində Masallı Rayon Məhkəməsinin 4(050)-62/2025 nömrəli, 15 avqust 2025-ci il tarixli qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. 13 avqust 2025-ci il tarixdə saat 16:06-də Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən təxirə salınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı rayonu Gəyəçöl kəndi ərazisində saxlanılaraq orada üstü yoxlanılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli sellefon bükümdə təmiz çəkisi 8,161 qram təşkil edən xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Heç bir əlavəsi yoxdur. Törətdiyi əməldən səmimi peşman olduğunu və İ qrup əlil olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Masallı rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat müvəkkilləri Şahid2 və Şahid3la birlikdə onu 13 avqust 2025-ci il tarixdə saat 16:06-da Masallı-Lənkəran avtomobil yolunun Masallı rayonu Gəyəçöl kəndi ərazisindən keçən hissəsində piyada hərəkətdə olakən videoçəkilişlə saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edərək narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər və üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sarı rəngli sellofan bükümü və sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək bükümün içində marixuana olduğunu və 13 avqust 2025-ci il tarixdə Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 15 manata şəxsi istifadə üçün alaraq üzərində gəzdirdiyini demişdir. Marixuana elektron tərəzidə çəkilərək 8,73 (səkkiz tam yüzdə yetmiş üç) qram olduğunu müəyyən etmişdir. Aşkar olunmuş marixuana və “Samsung” markalı telefonu zərflərə qoyaraq qablaşdırmışdır. Təqsirləndirilən şəxs Masallı rayon Polis şöbəsinə gətirərək marixuananı, mobil telefonu və yoxlama zamanı çəkilmiş videogörüntü olan 01 ədəd video diski baş təhqiqatçı Sənan Şahmarlı təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı fiziki zor və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahidlər Masallı rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2025-ci il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, 13 avqust 2025cil il tarixdən, saat 16:06-dan hesab edilmişdir. - Masallı rayon Məhkəməsinin 4(050)-62/2025 nömrəli, 15 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 13 avqust 2025-cil il tarixdən, saat 16:06-dan hesab edilmişdir. - Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi barədə 13 avqust 2025-ci il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa təqdim olunması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən isə 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni təqdim etdi. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni Lənkəran rayonu Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən aldığını bildirdi. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkildi və büküm ilə birlikdə çəkisi 8,73 qram oldu. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 avqust 2025-ci il tarixli, 19/328 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükülüdə təmiz çəkisi -8,161 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra 8,061 qram qalıq qalmışdır”. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X9 Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin məhkəmə-tibb ekspertizasının 15 avqust 2025-ci il tarixli, 744 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 15 avqust 2025-ci il tarixli, 452 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMF-nın təqdim etdiyi arayışa əsasən İ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstərişi vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 05 sentyabr 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:06-də Masallı rayonu Gəyəçöl kəndi ərazisində saxlanılıb orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şavarın sağ yan cibindən bir ədəd sarı rəngli sellefon bükümdə, təmiz çəkisi - 8,161 qram təşkil edən xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülməsi, Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olduğu üçün şəxsi istifadəsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən şəxsi istifadə üçün 15 manat pulun qarşılığında alıb üzərində saxlamışdır. Keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin alış-satışı ilə məşğul olması, narkotik vasitə olan marixuana almaq məqsədi ilə Lənkəran rayonu Qumbaşı kəndinə gedib-gələn zaman istifadə etdiyi nəqliyyat vasitələrin dövlət qeydiyyat nişanlarını və sürücülərini, həmçinin onu görə bilən şəxslərin dairəsi barədə hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər analoji cinayət əməli törətəsi və məhkum edilməsi müəyyən olunsa da, onun hazırda başqa növ cinayət əməlləri törətməsi müəyyən edilməmişdir. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu Yeddioymaq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin psixo-nevroloji kabinetində dispanser qeydiyyatında durmur. Lakin narkoloji kabinetində dispanser qeydiyyatında durur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 16 avqust 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu Yeddioymaq kəndində qeydiyyatda olan Həmidov X4 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 25 avqust 2025-ci il tarixli, 5-66-36/2-57/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: anası X7. - VMAS-da yoxlama nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs -hemofoliya irsi ailəvi forma. Ağır gedişli. Diz, dirsək, topuq-daban, mil-bilək oynaqlarının hemartrozu. Yerişin hərəkətin pozulması. Tez-tez mədə bağırsaq, ağ ciyər qanaxması dəmir fol və B 12 defsitli anemiya. Xr. Enterokolit, sorulmanın pozulması İİİ dərəcə. Kaxeksiya – diaqnozu ilə 1-ci dərəcəli əlildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 25 avqust 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxx 1989-cu ildə Masallı rayonu, Yeddioymaq kəndində anadan olmuş Təqsirləndirilən şəxs – Masallı Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin 02 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Həmidov X6 Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkum 10 may 2024-cü il tarixdə qeydiyyata düşmüşdür. Məhkumun 13 avqust 2025-ci i tarixinə çəkilmiş cəzası 1 il 3 ay 3 gün, çəkilməmiş cəzası isə 8 ay 23 gün təşkil edir. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Qasım Hüseynovun 19 avqust 2025-ci il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın ekpertizadan sonrakı qalığı 8,061 qram maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək Masallı rayon Polis şöbəsinə təhvil verilmişdir. “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. - 19 avqust 2025-ci il tarixli qəbzdən görünür ki, X1 İsgəndər Muxtar oğluna məxsus “Samsung” markalı mobil telefonu saz vəziyyətdə təhvil almışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Qasım Hüseynovun 09 sentyabr 2025-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın ekpertizadan sonrakı qalığı 8,061 qramın maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək Masallı rayon Polis şöbəsinə təhvil verilməsi, “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, “əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, atasının vəfat etməsini, hemofoliya xəstəliyindən zəiyyət çəkməklə İ qrup əlilliyini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması növündə alternativ cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə qeyd edir ki, daha yüngül cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasa da, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzanı çəkdiyi dövrdə yenidən analoji cinayət törətmişdir. Ona görə də, məhkəmə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Masallı Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmu ilə X3 təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 13 avqust 2025-ci il tarixə 8 (səkkiz) ay 23 (iyirmi üç) gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, Masallı Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmü ilə X3 təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ay 23 (iyirmi üç) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də, nəzərə almışdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmidov X6 Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cinayətə görə məhkum olunduğundan onun hazırki əməli cinayətin residivini yaratmır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, CPM-in 346.1.13-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, 13 avqust 2025-cil il tarixdən hesab olunmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CPM-nin 132.1.4-cü maddəsinə əsasən Masallı rayon Polis şöbəsinin saxlanc yerində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın ekpertizadan sonrakı qalığı 8,061 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilməsini əks etdirən 1 ədəd DVD disk cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut qismində tanınmasa da, məhkəmə hesab edir ki, həmin DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halın müəyyən edilməsinə kömək edən əşya olduğiundan maddi sübut hesab edilməli və cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut 1 ədəd “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs anası X5 qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji kabinetdə dispanser qeydiyyatında durması nəzərə alınmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ay 23 (iyirmi üç) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 4 (dörd) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə o, qəti olaraq 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 13 avqust 2025-cil il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji kabinetdə dispanser qeydiyyatında durması nəzərə alınsın. Masallı rayon Polis şöbəsinin saxlanc yerində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın ekpertizadan sonrakı qalığı 8,061 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, “əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilməsini əks etdirən protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs anası X5 qaytarılması nəzərə alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar