Məhkəmə qərarları › İş №1(050)-18/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-18/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-18/2024 29.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1986-cı il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1 (101)-963/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 76.6.3-cü maddəsinə əsasən qəti olaraq 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz əldə etdiyi narkotik vasitə heroini üzərində qanunsuz saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Masallı şəhəri, Xətai küçəsi ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,325 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şalvarın arxa kəmər hissəsindən istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirdiyi, əldədüzəltmə üsulla katana formasında hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd soyuq silah hesab edilən bıçaq aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin oktyabr ayının ortalarında alış-veriş etmək üçün Masallı şəhəri ərazisində yerləşən “Köhnə bazar” adlanan əraziyə getmişdir. Orada xatırlamadığı mağazaların birinə daxil olmuş və bir ədəd suvenir bıçağını hədiyə vermək üçün almış və yaşadığı evə gətirmişdir. Sonradan həmin bıçağın üzərində pas ləkələrinin yarandığını görmüş və həmin ləkələri bıçaq itiləyən alətlə təmizləmişdir. xx.xx.2023-cü il tarixdə bədənində ağrılar olduğundan saat 13 radələrində Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmiş və yaşadığı evdən çıxarkən 1 ədəd suvenir bıçağı özü ilə götürmüşdür. Sonra tanımadığı şəxsin idarə etdiyi avtomobillə Lənkəran rayonu, Qumbaşı kəndinə getmişdir. Orada tanımadığı şəxsdən 10 manata 1 ədəd bükümdə narkotik vasitə heroin almış və əynində olan göy rəngli cins şalvarın sol yan cibində gizlədərək Masallı şəhərinə qayıtmışdır. Həmin gün saat 17 radələrində Masallı şəhəri, Xətai küçəsi ərazisində piyada hərəkət etdiyi zaman iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək Masallı RPŞ-yə dəvət etmişlər. Masallı RPŞ-də təhqiqatçısı Əli Sadıqov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquqlarını müdafiə etmək üçün dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Sonra təhqiqatçı Əli Sadıqov video çəkiliş aparılmaqla ona üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olarsa təqdim etməsini təklif etdikdə, o, əynində olan göy rəngli cins şalvarın sol yan cibində gizlətdiyi, içərisində narkotik vasitə heroin olan 1 ədəd bükümü və əynində olan göy rəngli cins şalvarın arxa iç hissəsində gizlətdiyi 1 ədəd suvenir bıçağı təqdim etmişdir. Sonra təhqiqatçı Əli Sadıqov tərəfindən təqdim etdiyi 1 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, çəkisinin 0,41 qram olduğu müəyyən olunmuş, həm narkotik vasitə heroin, həm də 1 ədəd suvanir bıçaq ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmışdır. Daha sonra təhqiqatçı Əli Sadıqov tərəfindən əynində olan paltarlara şəxsi axtarış keçirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan iştirakçılara oxunduqdan sonra doğruluğu imzalarla təsdiq olunmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə-balistik ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 noyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələri üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, Xətai küçəsi ərazisində olması barədə Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuş və birlikdə həmin əraziyə getmişlər. Həmin ərazidə piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik maddə gəzdirməsi və qəbulunda şübhəli olmasını bildirib Masallı RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı Əli Sadıqov tərəfindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Sonra təhqiqatçı X10 Şirinova üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə varsa iştirakçılara təqdim etməsini təklif etdikdə, sonuncu əynində olan göy rəngli cins şalvarın sol yan cibində gizlətdiyi 1 ədəd bükümü və əynində olan göy rəngli cins şalvarın arxa iç hissəsində gizlətdiyi 1 ədəd bıçağı təqdim etmişdir. Daha sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını, bıçağı isə hədiyyə vermək üçün 10-15 gün öncə Masallı şəhərində “Köhnə bazar” adlanan ərazidən 14 manata aldığını və təmizlətmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm elektron tərəzidə çəkilmiş, ümümi çəkisinin 0,41 qram olduğu müəyyən olunmuş, həm narkotik vasitə heroin, həm də bir ədəd bıçaq ayrı-ayrılıqda zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra təhqiqatçı Əli Sadıqov tərəfindən Təqsirləndirilən şəxs paltarlarına şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlarla bağlı protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan video disklərə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Masallı RPŞ-nin Kriminalistik TQ-nun baş inspektor kriminalisti X5 iştirakları ilə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X7 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibində gizlətdiyi 1 ədəd bükümü və əynində olan göy rəngli cins şalvarın arxa iç hissəsində gizlətdiyi 1 ədəd bıçağı təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını, bıçağı isə hədiyyə vermək üçün 10-15 gün öncə Masallı şəhərində “Köhnə bazar” adlanan ərazidən 14 manata aldığını və təmizlətmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm elektron tərəzidə çəkilmiş, ümümi çəkisinin 0,41 qram olduğu müəyyən olunmuş, həm narkotik vasitə heroin, həm də bir ədəd bıçaq ayrı-ayrılıqda zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra təhqiqatçı Əli Sadıqov tərəfindən Təqsirləndirilən şəxs paltarlarına şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 19/972 saylı, 02 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinə bənzər maddə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,325 qram olan maddə tiryəkdən kutar üsulla hazırlanmış narkotik vasitə heroindir (Heroinin təmiz çəksi-0,325 qr, tədqiqata sərf olundu-0,05 qr, qalıq-0,275 qram). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-3/1871 saylı, 29 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq əldədüzəltmə üsulla katana formasında hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaqdır, soyuq silah hesab edilir. İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X2 dair 1004 saylı, 02 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Masallı Rayon Mərkəzi Xəstəxanasının 18-1-60/2-1417/2023 saylı, 29 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2011-ci il tarixdən narkoloji kabinetdə dispanser qeydiyyatında durur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)- 963/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 76.6.3-cü maddəsinə əsasən qəti olaraq 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır (eyni xarakterli) cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməllərini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Onun əməlində cinayətin residivi isə cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmasını, habelə narkotik vasitələrin aludəçisi olduğunu, narkomaniya xəstəliyindən əzab çəkdiyini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində polinarkomaniyadan məhburi müalicə olunmalı, ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,275 qram narkotik vasitə heroin və 01 ədəd soyuq silah hesab edilən bıçaq məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs Ərazi Narkoloji kabinetində 2011-ci ildən qeydiyyatda durması və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,275 qram olan narkotik vasitə heroin və 01 ədəd soyuq silah hesab edilən bıçaq məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar