Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-18/2025 28.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən üzərində qəti olaraq 3000 manat miqdarında cərimə cəzası saxlanılmış, Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 3000 manat miqdarında cərimə cəzası sonuncu hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası saxlanılmış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilib üzərində 02 il müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası saxlanılmış, xx.xx.2019-cu il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuş, 3000 manat cərimə cəzası icra olunmamış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 18:51-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri Köhnə bazar ərazisində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,502 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, üzərindən aşkar olunmuş narkotik vasitəni 11 noyabr 2024-cü il tarixdə günortadan sonra saat təxminən 14-15 radələrində Lənkəran rayonu Qumbaşı kəndindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Həmişə gedib narkotik aldığı yerdir, orada yol kənarında olan şəxsdən almışdır, həmişə orada eyni şəxs olmadığı üçün həmin şəxsi tanımır. Uzun müddət olardı ki, narkotik vasitələrdən istifadə etməmişdir, lakin birdən beyninə düşdüyü üçün gedib almışdır. Əvvəllər narkotik vasitə istifadə etmiş, lakin sonradan tərgitmişdir. Tutulmazdan təxminən 15-20 gün əvvəldən yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. Saxlanıldığı zaman ona qarşı hər hansı biri fiziki və ya psixi zor tətbiq olunmamışdır. Əməlindən peşmandır. Atası 2 ay olar vəfat etmiş, himayəsində ağır xəstə olan anası vardır. Hətta anasının vəziyyəti hazırda kritikdir, “ölüm ayağında”dır. Eləcədə bir azyaşlı uşağı vardır. Ona təyin olunmuş cərimə cəzasını ödəmək istəmişdir. Lakin bununla bağlı ona hər hansı bir bildiriş göndərilməmişdir. Həmçinin elə fikirləşmişdir ki, ona təyin olunmuş cərimə cəzası Amnistiyaya düşmüşdür. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Masallı şəhəri 20 Yanvar küçəsi, “Köhnə bazar” adlanan ərazində Təqsirləndirilən şəxs yaxınlaşlar və o, narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan psixotrop maddə metamfetaminə bənzər maddəni çıxardıb təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetaminin olduğunu, həmin metamfetamini Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsən 15 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını demişdir. Daha sonra həmin şəxsi rayon polis şöbəsinə gətirmişlər və rəsmi qaydada sənədləşdirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri “Köhnə bazar” adlanan ərazində saxlanılmışdır. Təqsirləndirilən şəxs videoçəkilişlə yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğu üçün üzərinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs özü bir ədəd kağız büküm təqdim edərək içərisində metamfetamin olduğunu bildirmişdir. Həmin metamfetaminidə Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsən 15 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, təqdim olunmuş həmin bir ədəd kağız bükümü açıb yaxından baxmış və onun həqiqətəndə psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Sonra həmin metamfetaminə bənzər maddəni kağız bükülü ilə birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,65 (sıfır yüzdə altmış beş) qram olduğunu müəyyən etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərini yoxlamış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Masallı Rayon Polis X12 Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 Rafu oğlu, Masallı RPŞ-nin X1 baş inspektoru, polis baş leytenantı X9 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində narkotik vasitə daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 11 noyabr 2024-cü il tarixdə, saat 18:51-də Masallı şəhəri Köhnə Bazar adlanan ərazidə saxlanılaraq və üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümdə, psixotrop maddə metamfetaminə oxşar kütləni çıxardıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və yoxlama zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd "Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini Lənkəran rayonu Qumbaşı kənd ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində aldığını bildirmişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirərkən onun psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüş, sonra həmin metamfetaminə bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmişdir və ümumi çəkisinin 0,65 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddəni və "Redmi” markalı mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdr. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Samir Məmmədov tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Masallı Rayon Polis X12 Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 Rafu oğlu tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 bükümdə metamfetaminə bənzər psixotrop maddə olmuş və həmin büküm elektron tərəzidə çəkilərkən 0,65 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X5 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclsasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin Materialların məhkəmə ekspertizası, məhkəmə kimyəvi eskpertizasının 12 noyabr 2024-cü il tarixli, 19/724 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən bir ədəd gümüşü rəngli bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər aşkar edilmiş maddə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,502 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,502 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,452 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X10 Yoxlamanın nəticələrinə dair 19 noyabr 2024-cü il tarixli, 797 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2024-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, işə əlavə edilmiş hökmlərin və apellyasiya məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən üzərində qəti olaraq 3000 manat miqdarında cərimə cəzası saxlanılmışdır. Daha sonra Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 3000 manat miqdarında cərimə cəzası sonuncu hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası saxlanılmış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilib üzərində 02 il müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası saxlanılmış, xx.xx.2019-cu il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2-2852/24-62-16 saylı məktubdan görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-39/20217 saylı xx.xx.2017-ci il tarixli hökmünə əsasən xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cərimə cəzası bu günədək ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla arvadı xx.xx.1987-ci il təvəllüdlü X6 və qızı xx.xx.2015-ci il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır, Təqsirləndirilən şəxs barəsində təqsirləndirici material Masallı RİHB-nin Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, şübhəli şəxs kimi saxlanılarkən üstünün yoxlanılmasına və əşyaların götürülməsinə, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsiən və onların götürülməsinə və şübhəli şəxs qismində dindirilməsinə dair video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2-2852/24-62-16 saylı məktubdan görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-39/20217 saylı xx.xx.2017-ci il tarixli hökmünə əsasən xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cərimə cəzası bu günədək ödənilməmişdir. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Onun əməlində cinayətlərin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4- 1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1. və 65.2.-ci maddələrinin tələbinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs məhkum olunmuş şəxsdir, məhkumluğu ödənilməmişdir. Əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (cinayətlərin residivi) var. O, azadlıqdan məhrum etmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 13 noyabr 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Təqsirləndirilən şəxsin çəkilməmiş cəzası üzrə ona hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1.-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2.-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı gündən, yəni 28 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, xx.xx.2024-cü il tarixli, 797 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. 2024-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə ərazi Narkoloji xəstəxanasında qeydiyyatdadır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və onun 2024-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və və ekspert tədqiqatından sonra qalıq çəkisi 0,452 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 (üç) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 11 noyabr 2024-cü il tarixdən 13 noyabr 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına tam birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəzaçəkməsinin əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin edilsin və onun 2024-cü ildən “Opium narkomanlığı diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi 0,452 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılarkən üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 (üç) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-18/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-18/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver