Məhkəmə qərarları › İş №1(050)-180/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-180/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-180/2023 25.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Masallı rayonu, Mollaoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Boradigah qəsəbəsi, N.Nərimanov küçəsi, ev 45-də qeydiyyatda olmaqla, Masallı rayonu, Mollaoba kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında ayıq vəziyyətdə idarə etdiyi X1 məxsus “VAZ 21074 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu, Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində Masallı şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə 20 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissəslərinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda, bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, qövsvari yolun sağ hərəkət zolağından sol ehtiyat hissəsinə keçmək istəyərkən ehtiyatsızlıqdan həmin vaxt onunla eyni istiqamətdə hərəkətdə olan əvvələr tanıdığı Masallı rayonu, Mollaoba kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes Benz D minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sol ehtiyat hissəsinin kənarında toqquşmuş və sonuncunun sol mil sümüyünün yerini dəyişmiş qapalı sınığı, alt çənə, sol said və diz nahiyəsinin əzilmiş yarası xəsarətləri alması ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında anası X2 adına verilmiş etibarnamə ilə Lənkəran rayon sakini X5 “Mersedes Benz D minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili 3000 manat pulun müqabilində almışdır və həmin avtomobili sürücülük hüququnu təsdiq edən sənəd və etibarnamə olmadan idarə edirmiş. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində istifadəsində olan “Mersedes Benz D minik” markalı, **-CD-*** nömrə nişanlı avtomobillə tək Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu, Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində Masallı şəhəri istiqamətində asfalt yolun sağ hərəkət zolağı ilə 70 km/saat sürətlə hərəkətdə olduğu vaxt təxminən 25- 30 metr uzaqlıqda onunla yolun eyni istiqamətində və hərəkət zolağının sağ kənarında göy rəngli “VAZ 21074” markalı avtomobilin asta sürətlə hərəkət etdiyini və qovsvari yolun sol tərəfinə keçmək istədiyini görmüşdür. Həmin avtomobili sola dönməzdən əvvəl ötüb keçmək üçün ötmə işıq siqnalını yandırıb avtomobilinin sükanını yolun sol hərəkət zolağına istiqamətləndirib “VAZ 21074” markalı avtomobili soldan ötüb keçmək istəyərkən həmin avtomobilin sürücüsü qəfldən asfalt yolun sağ kənarından qövsvari yolun sol tərəfinə keçmiş və o, həmin markalı avtomobili ötə bilməyib yolun sol ehtiyat hissəsinin kənarında, yəni daş və torpaqdan ibarət ərazidə idarəetməni itirib avtomobilinin ön sağ tərəfi ilə əvvəlcə “VAZ 21074” markalı avtomobiliin ön sol qanadına vurmuş, daha sonra təxminən 10-15 metr düz gedib avtomobilini yolun solunda olan daş hasar və elekrtik dirəyinə çırparaq yerində dayanmışdır. Həmin vaxt xəsarət aldığı üçün avtomobildən yerə düşə bilməmiş, lakin tez yanına gəlmiş “VAZ 21074” markalı avtomobiliin sürücüsü və digər tanımadığı şəxslər onu avtomobildən yerə düşürmüş və yerdə olduğu zaman “VAZ 21074” markalı, **-CD-*** avtomobiliin sürücsünün həmkəndlisi olan Masallı rayonu, Mollaoba kəndində yaşayan Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Hadisə zamanı onun qarın, çənə, sol diz və sol qolu əzildiyindən hadisə yerinə gəlmiş X11 xidməti avtomobili onu Masallı RMX-ya aparmış və xəstəxanada 4 gün qalıb müalicə olundqdan sonra evə buraxılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla arasında ədavət və düşmənçilik olmamış, hadisənin baş verməsinə səbəb Təqsirləndirilən şəxs dönmə əməliyyatını düzgün aparmayaraq qəfil qarşısına çıxması olmuşdur. Ona maddi dəymiş, yol-nəqliyyat hadisəsinə görə o, sürücü Təqsirləndirilən şəxs şikayətçidir. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını və ona qanuna müvafiq cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 05 iyun 2023-cü il tarixdə saat təxminən 23 radələrində Masallı rayonu, Boradigah qəsəbəsi ərazisində Şahid2 ilə birlikdə xidmətdə olduğu vaxt Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu, Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat aldıqdan dərhal sonra hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda “VAZ 21074 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mersedes Benz D minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun Masallı şəhəri istiqamətində sol tərəfində toqquşduğunu və toqquşmadan sonra “Mersedes Benz D minik” markalı avtomobilin yol kənarında olan daş hasara və elektrik dirəyinə çırpılaraq dayandığını görmüşdür. Həmin vaxt sürücülərin şəxsiyyətini müəyyən edərkən “VAZ 21074 minik” markalı avtomobilin sürücüsünün Masallı rayonu, Mollaoba kənd sakini Təqsirləndirilən şəxs və “Mersedes Benz D minik” markalı avtomobilin sürücüsünün isə həmin kənd sakini Zərərçəkmiş şəxs olduğu məlum olmuşdur. Həmçinin, hadisə yerinə çatan zaman “Mersedes Benz D” markalı avtomobilin sürücüsü xəsarət aldığı üçün onun xəstəxanaya aparıldığını, “VAZ 21074 minik” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs isə hadisə yerində olduğunu görmüşdür. Qısa müddət sonra Masallı RPŞ-nin Boradigah PBnin təhqiqatçısı Samir Məmmədov hadisə yerinə gələrək sürücü Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirdib zəruri sənədləşmə işlərini aparmışdır. Bundan sonra tərəfindən hər iki nəqliyyat vasitəsi Masallı RPŞ-nin Boradigah PB-nin avtomobillərin müvəqqəti saxlama yerinə gətirilməsi təmin edilmiş və ərazidə nəqliyyatın hərəkəti bərpa olunmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlara qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Masallı rayonu, Boradigah qəsəbə sakini X1 məxsus “VAZ 21074 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili 4800 manat pulun müqabilində etibarnamə ilə almış və həmin avtomobili həmin vaxtdan sürücülük vəsiqəsi olmadan idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində istifadəsində olan “VAZ 21074 minik” markalı, **-CD-*** nömrə nişanlı avtomobillə tək Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu, Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən yanacaqdoldurma məntəqəsində avtomobilinə benzin vurduqdan sonra həmin qəsəbədə olan yolun sağ tərəfində yerləşən Mais adlı şəxsin çayxanasına getmişdir. Çayxananın qarşısında avtomobili saxlamağa yer olmadığından avtomobilini çayxananın yaxınlığında yerləşən yolun əks tərəfində olan “Hazırlıq kursunun” qarşısında saxlamaq qərarına gəlmiş və yenidən avtomobillə asfalt yola çıxıb Masallı rayonu istiqamətindən yolun öz hərəkət zolağı ilə saatda 20 km sürətlə hərəkət etməyə başlamışdır. Təxminən 20-25 metr məsafə getdikdən sonra dönməyə icazə verilən yerdə sola dönmə işığını yandırıb asfalt yolun sağ hərəkət zolağından yolun sol ehtiyat hissəsinin kənarına, yəni daş və torpaqdan ibarət əraziyə qövsvari keçib orada avtomobilini dayandırmaq istəyərkən arxadan “Mersedes Benz D” markalı avtomobilin sürətlə gəlib asfalt yolunun kənarında avtomobilinin ön sağ tərəfi ilə onun avtomobilinin ön sol qanadına vurmuş və daha sonra təxminən 10-15 metr düz gedib qarşıda olan daş hasar və elekrtik dirəyinə dəyərək yerində dayanmışdır. Bundan sonra o, tez avtomobilindən yerə düşərək həmin “Mercedes Benz D” markalı avtomobilin yanına qaçmışdır. Həmin vaxt oraya gəlmiş tanımadığı şəxslərin köməyi ilə sürücünü avtomobildən yerə düşürmüş və həmin şəxsin həmkəndlisi, eyni zamanda qohumu olan Masallı rayonu, Mollaoba kəndində yaşayan Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Zərərçəkmiş şəxs qarın, çənə və sol qolu əzildiyindən orada olan şəxslərdən biri tez X11 xidmətinə zəng vurmuş, qısa müddət sonra Masallı RMX-nın TTYX-in avtomobili hadisə yerinə gələrək Elvini xəstəxanaya aparmışdır. Özü isə avtoqəza zamanı xəsarət almadığından heç bir yerə getməyib hadisə yerinə polis əməkdaşlarının gəlməsini gözləmişdir. Daha sonra Masallı Rayon Polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək onun iştirakı ilə baxış keçirib, fotoşəkillər çəkmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. O, sola dönmə işığını yandırıb sola manevr edərkən, arxasında başqa bir ağ rəngli “VAZ 2107” markalı avtomobilin olduğunu görmüş, “Mersedes Benz D” markalı avtomobili isə görməmiş, hava qaranlıq olmuş, dönmə əməliyyatını başa çatdırmaq istəyərkən qəflətən arxadan yüksək sürətlə gələn “Mercedes Benz D” markalı avtomobil onu sol tərəfdən ötüb keçərkən onun avtomobili ilə toqquşmuşdur. Hansı ki, “Mercedes Benz D” markalı avtomobilin sürücüsünün onu sağ tərəfdən adi qaydada ötüb keçmək imkanı olmuşdur. Hadisədən dərhal sonra maşını saxlamışdır. “Mercedes Benz D” markalı avtomobilin sürəti yüksək olduğundan dayanmamış, daş hasara və dirəyə çırpılaraq dayanmışdır. Baş vermiş hadisədə onun heç bir günahı yoxdur. “Mercedes Benz D” markalı avtomobil onu asfalt yolun kənarında torpaq hissədə, yəni dönmə əməliyyatını başa çatdırdıqdan sonra yolun ehtiyat hissəsində vurmuşdur. Avtoqəza hadisəsi hazırlıq kursunda quraşdırılmış kameraya da düşmüşdür. Təyin olunmuş eksperizalar üzrə verilmiş rəylərlə razı deyildir, ona görə ki, ekspert bir mənalı olaraq onun əməlinə düzgün hüquqi qiymət verməyərək, CD diskdə olan görüntünü tam və düzgün araşdırmadan baş vermiş yol-nəqliyyat hasisəsində onu təqsirkar hesab etmişdir. Sonda Təqsirləndirilən şəxs baş vermiş yolnəqliyyat hasisəsində günahkar olmadığını bildirib barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, istintaq zamanı ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ay əvvəl Masallı rayonu, Boradigah qəsəbə sakini X1 məxsus “VAZ 21074 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili 4800 manat pulun müqabilində etibarnamə ilə almış və həmin avtomobili həmin vaxtdan sürücülük vəsiqəsi olmadan idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində istifadəsində olan “VAZ 21074 minik” markalı, **-CD-*** nömrə nişanlı avtomobillə tək Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu, Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən yanacaqdoldurma məntəqəsində avtomobilinə benzin vurduqdan sonra həmin qəsəbədə olan yolun sağ tərəfində yerləşən Mais adlı şəxsin çayxanasına getmişdir. Çayxananın qarşısında avtomobili saxlamağa yer olmadığından avtomobilini çayxananın yaxınlığında yerləşən yolun əks tərəfində olan “Hazırlıq kursunun” qarşısında saxlamaq qərarına gəlmiş və yenidən avtomobillə asfalt yola çıxıb Masallı rayonu istiqamətindən yolun öz hərəkət zolağı ilə saatda 20 km sürətlə hərəkət etməyə başlamışdır. Təxminən 20-25 metr məsafə getdikdən sonra sola dönmə işığını yandırıb asfalt yolun sağ hərəkət zolağından yolun sol ehtiyat hissəsinin kənarına, yəni daş və torpaqdan ibarət əraziyə qövsvari keçib orada avtomobilini dayandırmaq istəyərkən arxadan “Mersedes Benz” markalı avtomobilin sürətlə gəlib avtomobilinin ön sağ tərəfi ilə onun avtomobilinin ön sol qanadına vurub onu təxminən 5-6 metr irəli atmış və daha sonra təxminən 10-15 metr düz gedib qarşıda olan daş hasar və elekrtik dirəyinə dəyərək yerində dayanmışdır. Bundan sonra o, tez avtomobilindən yerə düşərək həmin “Mercedes” markalı avtomobilin yanına qaçmışdır. Həmin vaxt oraya gəlmiş tanımadığı şəxslərin köməyi ilə sürücünü avtomobildən yerə düşürmüş və həmin şəxsin həmkəndlisi, eyni zamanda qohumu olan Masallı rayonu, Mollaoba kəndində yaşayan Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Zərərçəkmiş şəxs qarın, çənə və sol qolu əzildiyindən orada olan şəxslərdən biri tez X11 xidmətinə zəng vurmuş, qısa müddət sonra Masallı RMX-nın TTYX-in avtomobili hadisə yerinə gələrək Elvini xəstəxanaya aparmışdır. Özü isə avtoqəza zamanı xəsarət almadığından heç bir yerə getməyib hadisə yerində polis əməkdaşlarının gəlməsini gözləmişdir. Daha sonra Masallı Rayon Polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək onun iştirakı ilə baxış keçirib fotoşəkillər çəkmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, hadisədən qısa müddət sonra yol kənarında olan daş hasarı və elektrik dirəyini şəxsi vəsaiti hesabına təmir etdirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhəkəmə yol-nəqliyyat ekspertizasının rəyləri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. xx.xx.2023-cü tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilməklə sxem tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Belə ki, hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, toqquşmanın baş verdiyi yer Lənkəran-Masallı avtomobil yolunun Masallı rayonu, Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində, Masallı rayonu istiqamətində asfalt yolun sol hərəkət zolağının kənarında, yəni daş və torpaqdan ibarət ərazidə yerləşir. Hadisə yeri müayinə edilərkən müəyyən olunmuşdur ki, yolun asfalt hissənin ümumi eni 7 metrdir, yol 2 hərəkət zolaqlı olmaqla hər zolağın eni 3,5 metrdir. Avtomobil yolunda qarşıqarşıya nəqliyyat axınını ayırmaq üçün hər hansı nişanlama xətti yoxdur. Masallı rayonu istiqamətində götürdükdə yolun sağ ehtiyat hissəsinin eni 2, sol ehtiyat hissəsinin eni isə 1,7 metrdir. Yol asfaltörtüklü, düz, hamar olub, qurudur. Hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, “Mersedes Benz D minik” markalı, **-CD-*** qeydiyyat nişanlı avtomobil Masallı rayonu istiqamətində yolun sol ehtiyat hissəsinin kənarında ön hissəsi daş hasar və elektrik dirəyinə çırpılmış vəziyyətdə asfalt yola perpendikulyar dayanmış halda, eyni zamanda “VAZ 21074 minik” markalı, **-CD-*** qeydiyyat nişanlı avtomobil də Masallı rayonu istiqamətində yolun sol ehtiyat hissəsinin kənarında ön hissəsi yolun Masallı rayonu istiqamətində düz dayanmış haldadır. Toqquşmanın baş verdiyi yerdən “Mersedes Benz D minik” markalı, **-CD-*** qeydiyyat nişanlı avtomobilin hadisədən sonrakı dayandığı yerə qədər məsafə 15,2 metr, “VAZ 21074 minik” markalı, **-CD-*** qeydiyyat nişanlı avtomobilin hadisədən sonra dayanmış vəziyyətdə olduğu yerə qədər olan məsafə isə 4,3 metrdir. Bundan başqa toqquşma yerindən Masallı rayonu istiqamətində yolun sol ehtiyat hissəsinə qədər məsafə 2,9 metrdir. “Mersedes Benz D minik” markalı, **-CD-*** qeydiyyat nişanlı avtomobilin ön tərəfi ilə yolun sol ehtiyat hissəsinə qədər məsafə 3 metr, “VAZ 21074 minik” markalı, **-CD-*** qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfi isə 1,6 metrdir. Hadisə gecə vaxtı baş vermiş, hadisə vaxtı hava yağmursuz olmuş və asfalt yol işıqlandırılmışdır. Hadisə yerində tormuz izləri aşkar edilməmişdir. Toqquşma yerində hər iki nəliyyat vasitəsinə aid detal qırıntıların olması müəyyən edilmişdir. Hadisə yaşayış məntəqəsində baş vermiş, hadisə yerinə çatmamış maksimum sürət həddi 50 km/saat olmuşdur. Hadisə yeri “VAZ 21074 minik” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmişdir. Təqsirləndirilən şəxs şahid qismində dindirilməsi haqqında 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində sürücülük hüququ olmadan istifadəsində olan “VAZ 21074 minik” markalı, **-CD-*** nömrə nişanlı avtomobillə tək Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu, Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən yanacaqdoldurma məntəqəsində avtomobilinə benzin vurduqdan sonra həmin qəsəbədə olan yolun sağ tərəfində yerləşən Mais adlı şəxsin çayxanasına getmişdir. Çayxananın qarşısında avtomobili saxlamağa yer olmadığından avtomobilini çayxananın yaxınlığında yerləşən yolun əks tərəfində olan “Hazırlıq kursunun” qarşısında saxlamaq qərarına gəlmiş və yenidən avtomobillə asfalt yola çıxıb Masallı rayonu istiqamətindən yolun öz hərəkət zolağı ilə saatda 20 km sürətlə hərəkət etməyə başlamışdır. Təxminən 20-25 metr məsafə getdikdən sonra sola dönmə işığını yandırıb asfalt yolun sağ hərəkət zolağından yolun sol ehtiyat hissəsinin kənarına, yəni daş və torpaqdan ibarət əraziyə qövsvari keçib orada avtomobilini dayandırmaq istəyərkən arxadan “Mersedes Benz” markalı avtomobilin sürətlə gəlib avtomobilinin ön sağ tərəfi ilə onun avtomobilinin ön sol qanadına vurub onu təxminən 5-6 metr irəli atmış və daha sonra təxminən 10-15 metr düz gedib qarşıda olan daş hasar və elekrtik dirəyinə dəyərək yerində dayanmışdır. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 04 iyul 2023-cü il tarixli, 8/1762 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “VAZ-21074” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes-Benz D” markalı 42CD330 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs “Mercedes Benz D” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Zərərçəkmiş şəxs “Mercedes Benz D” markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1 -ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 548 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol mil sümüyünün yerini dəyişmiş qapalı sınığı, alt çənə, sol said və diz nahiyəsinin əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 05 iyun 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, 3-13-16-5/2-6001/2023 nömrəli məktubdan görünür ki, Masallı rayonu, Boradigah qəsəbə sakini xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. Əşyanın müddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu, Bordaigah qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” minik markalı 44 CD-055 qeydiyyat nişanlı avtomobil iş üçün əhəmiyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərada göstərilir;

1. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismind cəlb edilsin və ona həmin maddədə nəzərədə tutulan ittaham elan olunsun.

2. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ 21074 minik” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququnu təsdiq edən sənəd olmadan idarə etməsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinin tərkibi olsa da, lakin həmin xüsusat ona ittiham elan olunması nəzərdə tutulmuş Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsinin ağırlaşdırıcı tərkib əlaməti olduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi rədd edilsin.

3. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs yol- nəqliyyat hadisəsi zamanı istifadasəində olan “Mersedes Benz D minik” markalı, 42- CD-330 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququnu təsdiq edən sənəd etibarnamə və yolda müəyyən edilmiş hərəkət sürəti 20 km/saat həddində aşmaqla idarə etməsində Azərbaycan Respublikası İXM-nin 328.1, 332.1 və 332.2-ci maddələrinin tərkibi olduğundan barəsində həmin maddələrlə inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Masallı RPŞ-nin DYPB-yə göndərilsin.

4. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən “VAZ-21074 minik” markalı, **-CD- *** dövlət qeydiyyat nişanlı avtomobilin 24 iyun 2023-cü il tarixdə maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək saxlanılmasından ötrü Təqsirləndirilən şəxs verilməsi nəzərə alınsın.

5. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən “Mersedes-Benz D minik” markalı, 42- CD-330 dövlət qeydiyyat nişanlı avtomobilin 22 iyul 2023-cü il tarixdə maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək Masallı RPŞ-nin Boradigah PB-nin müvəqqəti duracağında saxlanılması nəzərə alınsın.

6. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən. “Mersedes Benz D minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21074 minik” markalı, 44- CD- 055 qeydiyyat nişanlı avtomobil arasında baş vermiş toqquşmanı özündə əks etdirən 01 ədəd video diskin sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınsın.

7. İş üzrə zərərçəkmiş və şahid qismində dindirilmiş şəxslərin ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, həmin protokola əlavə edilmiş fotocədvəllər. götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş 01 ədəd video disk, məhkəmə-tibb, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi, maddi sübut, əməliyyat tapşırığının cavabı və digər istintaq hərəkətlərinin protokolları ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qiymətləndirilsin.

8. Qərarın surəti nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Masallı rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərədə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, anası xx.xx.1958-ci il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs 2005-ci ildə B.Şiriyev adına Mollaoba kənd tam orta məktəbin birinci sinfinı daxil olmuş, 2016-cı il tarixdə həmin məktəbi bitirmişdir. Hərbi xidmətdə olmamışdır. Subaydır. Yaşadığı dövr ərzində Boradigah qəsəbə İƏD nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 8/3087 saylı rəyində göstərilir; Videogüntüyə baxış keçirməklə texniki parametrlərin müəyyən edilməsi yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. 1,3. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsi sürücüsü dönmə işığını yandıraraq sola dönmə əməliyyatı apardıqda məsafədən asılı olmayaraq arxadan ondan sol tərəfdə hərəkətdə olan və qarşıdan gələn avtomobillərə yol verməlidir. 5a.6a. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ-21074” markalı 44CD055 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 2.5b,6b. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes-Benz D” markalı 42CD330 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs “Mercedes Benz D” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Zərərçəkmiş şəxs “Mercedes Benz D” markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizası, habelə cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmə istintaqında təyin edilərək keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən cərimə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən cərimə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut-Masallı RPŞ-nin Boradigah PB-nin müvəqqəti duracağında saxlanılan “Mercedes Benz D” minik markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə geri qaytarılmalı, “Vaz-21074” minik markalı ** CD *** dövlət qeydiyyat nişamnlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, hadisə yerinin görüntülərini əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM-198.1.maddəsi). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6500 (altı min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Мasallı Rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarnın dəyəri - 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut-Masallı RPŞ-nin Boradigah PB-nin müvəqqəti duracağında saxlanılan “Mercedes Benz D” minik markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə geri qaytarılsın. “Vaz-21074” minik markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hadisə yerinin görüntülərini əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar