Məhkəmə qərarları › İş №1(050)-180/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-180/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-180/2024 11.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 22 iyun 2024-cü il tarixdə, saat 17 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri 20 yanvar küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi-0,585 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metmafetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il olar kı, psixotrop maddə metamfetamin istifadəçisidir. Hazırkı işlə bağlı üzərində aşkar olunan psxiotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində 20 manat pul qarşılığında tanımadığı şəxsdən almış və Masallı rayonuna qayıtmışdır. Həmin gün təxminən saat 17 radələrində Masallı rayonu, Köhnə Bazar ərazisində çay evində olan zaman 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq, Masallı rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsində Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəfaf selofana bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərkən və polis şöbəsində üzərində şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş bir bükümdə psixotrop maddə metamfetamin özünə məxsus olmuş, həmin metamfetamini ona satan şəxsi əvvəllər tanımamış, xarici görünüşü və əlamətləri yadında qalmamışdır. Hal-hazırda əməlindən peşman olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş, Masallı RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməkdə və üzərlərində gəzdirməkdə şübhəli olması bərədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş, raport əsasında tərəfindən qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra həmin gün təsdiq olunmuşdur. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o, qrupun rəhbəri təyin edilmişdir. Qrupun üzvləri isə Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 və RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 təyin edilmişdirlər. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri 20 Yanvar küçəsində Köhnə Bazar adlanan ərazidə piyada hərəkətdə olması barədə məlumat əldə edib poiis əməkdaşı Şahid2 ilə birlikdə həmin əraziyə getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməsini və istifadəsində şübhəli olmasını bildirib üzərində narkotik vasitə olub-olmamasını sonuncudan soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir cavab vermədiyi üçün sonuncunu Masallı RPŞ-yə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi üçün raportla şöbə rəisinə məruzə etmiş, raportun icrası TB-nin təhqiqatçısı polis kapitanı Bəhmən Əsgərliyə həvalə olunmuşdur. Sonra təhqiqatçı Bəhmən Əsgərli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, Təqsirləndirilən şəxs istəyilə ona dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi qismində təyin edilmişdir. Daha sonra təhqiqatçı X6 Niftiyevə üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirib üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. Təqsirləndirilən şəxs də əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini və şalvarının sol yan cibindən iki ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən bir ədəd büküm açılmış və içərisində psixotrop maddə metamfetamin olduğu müəyyən olunmuş və təhqiqatçı Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etdiyini soruşduqda sonuncu üzərindən aşkar oluna psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 09-10 radələrində Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığını və istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə olubolmadığını soruşulduqda sonuncu təhqiqatçıya üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya və predmet olmadığını bildirmişdir. Buna görə də təhqiqatçı Bəhmən Əsgərli tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,62 qram olduğu müəyyən olunmuşdur. Daha sonra həmin psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Xiaomi Redmi 12” markalı və “Nokia” markalı mobil telefonları kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Daha sonra təhqiqatçı Bəhmən Əsgərli tərəfindən Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən uca səslə oxunmuş və o da iştirakçılarla birlikdə həmin protokola imza çəkib təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Şahid1 Baloğlan oğlunun ibtidai istintaqda verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və tutulmuş şəxsin azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuş, 24 iyun 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/510 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:- 0,585 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin təmiz çəkisi 0,585 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,535 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 546 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli maddi sübütün tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, 22 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-0,535 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə verilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd video disk iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “Xiaomi Redmi 12” markalı və 01 ədəd “Nokia” markalı mobil telefonlar Təqsirləndirilən şəxs tərəfindən saz vəziyyətdə təhvil alınmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı masaüstü kompüter vasitəsi ilə baxış keçirilərkən, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə olan maddəni və sol yan cibindən 01 ədəd “Xiaomi Redmi 12” markalı, 01 ədəd “Nokia” markalı mobil telefonları təqdim etməsi, 01 ədəd “Xiaomi Redmi 12” markalı telefonun arxa hissəsində 1 ədəd üzərində Təqsirləndirilən şəxs yazılmış "xxxx" ASC-yə məxsus plastik kartın aşkar edilməsi, Təqsirləndirilən şəxs şəffaf selofanda olan bükümdə maddənin metamfetamin olmasını, şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə 20 manat müqabilində Lənkəran rayonu, Qumbaşı kəndindən almasını bildirməsi, şəffaf selofanda olan bükümdə maddənin və 01 ədəd “Xiaomi Redmi 12” markalı və 01 ədəd “Nokia” markalı mobil telefonların, 01 ədəd “Xiaomi Redmi 12” markalı telefonun arxa hissəsində aşkar olunmuş üzərində Təqsirləndirilən şəxs yazılmış 01 ədəd "xxxx" ASC-yə məxsus plastik kartın ayrı-ayrı zərflərə qoyularaq möhürlənməsi müəyyən olunur. Məhkəmə ambulator-psixiatrik ekspertizasının 19 iyul 2024-cü il tarixli, 2097 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmiş, o, qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs oğunda hal-hazırda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur və o, halhazırda öz hərəkətlərini ölçüb- biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hazırki psixi vəziyyətinə görə məcburi müailəcəyə ehtiyacı yoxdur. Masallı Rayon Mərkəzi X3 Şəxs tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli, 18-1- 60/2-1277/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2007-cü ildən F60.2 diaqnozu ilə Masallı Rayon Mərkəzi X3 Şəxsin psixoloji-nevroloji kabinetində dispanser qeydiyyatındadır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 484 saylı məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2007-ci ildən Lənkəran şəhəri Pisxiatriya Xəstəxanasında “şəxsiyyətin emosional davamsız tip pozuntusu, sərhədli tip diaqnozu” ilə qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün tam etirafı ilə yanaşı, video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş CD disk, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, ambulator-məhkəməpsixiatrik ekspertizalarının rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara CPM-in 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi-0,15 qram təşkil edir. Məhkəmə istintaq zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi-0,585 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CM-in 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur. Lakin məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndinə əsasən məhkəmələr CPM-in 346.1.11 - 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin yüngülləşdirici halları, cinayəti törətmə üsulu və əməlin ictimai təhlükəliliyi, bu növ əmələ görə əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaması ona əsas verir ki, o cəmiyyətdən təcrid olunmadan, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. CM-in 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. CM-in 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Məhkəmə CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, CM-in 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs “stimulyatorların və kannabinoidlərin” qəbulu nəticəsində yaranan asılılıq sindromu polinarkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Odur ki, ona polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutların necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 0,535 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üzərində Təqsirləndirilən şəxs yazılmış 01 ədəd "xxxx" ASC-yə məxsus plastik kart sahibinə qaytarılmalı, psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış ) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq, saxlanıldığı 22 iyun 2024-cü il tarixindən 24 iyun 2024-cü il tarixədək olan 02 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs “stimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu polinarkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut: Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,535 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, üzərində Təqsirləndirilən şəxs yazılmış 01 ədəd "xxxx" ASC-yə məxsus plastik kartı sahibi Təqsirləndirilən şəxs qaytarılsın və videogörüntü olan 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar