Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-181/2024 30.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, Masallı şəhəri, Dadva küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirə salınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri H.Əliyev prospektində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,621 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, narkotik vasitə istifadəçisidir, son zamanlar əsasən psixotrop maddə metamfetamin qəbul edir. Narkotik vasitələrdən istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixdə Masallı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda da həmin höküm üzrə təyin edilmiş cəzasını çəkir. xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində bədənində ağrılar yaranmağa başladığından şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin vaxt yaşadığı Masallı şəhəri Dadva küçəsində yerləşən evdən piyada çıxıb əvvəlcə yaxınlıqda olan Masallı şəhəri “Seybətin dairəsi” adlanan əraziyə, daha sonra oradan tanımadığı şəxsə məxsus sərnişin mikroavtobusu ilə Lənkəran rayonu Qumbaşı kəndinə gedib kəndin mərkəzindən keçən asfalt yolun kənarında düşmüş, sonra kəndin yaxınlığından keçən dəmir yolu xətti istiqamətində bir qədər hərəkət etmiş, həmin zaman xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsi görüb ona yaxınlaşaraq bədənində ağrıları olduğunu demiş və psixotrop maddə metamfetamin tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs, ona bir qədər diqqətlə baxıb dinlədikdən sonra onda bir büküm təxminən 1 qram ağırlığında psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini 20 manata satmaq istədiyini demişdir. Həmin tanımadığı şəxslə razılaşmış və 20 manat pulun müqabilində ondan bir ədəd şəffaf sellofan bükümdə metamfetamini alıb əynində olan boz rəngli şalvarının sol yan cibinə qoymuşdur. Daha sonra oradan uzaqlaşıb tanımadığı şəxsə məxsus yol avtomobili ilə Masallı şəhəri H.Əliyev prospektinin girişində yerləşən dairənin yaxınlığına gəlib avtomobildən düşmüş, sonra saat təxminən 22 radələrində H.Əliyev prospekti ilə yaşadığı evə doğru hərəkət etməyə başlamışdır. Olimpiya Kompleksinin qarşısında hərəkətdə olduğu zaman iki nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüş, həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Məmməd və Ramil adlı polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını bildirmişdilər. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, həmin vaxt ehtiyat etdiyi üçün polis əməkdaşlarına heç bir cavab verməmiş, polis əməkdaşları cavab vermədiyini görüb onun üzərinə baxış keçirilməsindən ötrü birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdir. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Masallı polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmış və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Samir Məmmədov kimi təqdim etmiş, sonra baş təhqiqatçı S.Məmmədov qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Bundan sonra istəyinə əsasən Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuş, daha sonra baş təhqiqatçısı S.Məmmədov üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını ona bildirmişdir. Əvvəlcə baş təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyin barədə təklif etmişdir. Həmin vaxt o da əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetamini və sağ yan cibindən özünə aid “Samsung” markalı mobil telefonunu çıxardıb təhqiqatçıya təqdim edərək təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini tutulduğu vaxtdan 2 saat əvvəl Lənkəran rayonundan tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı S.Məmmədov təqdim etdiyi bir bükümdə psixotrop maddə metamfetamini elektron tərəzidə çəkmiş və çəkisinin 0,72 qram olduğunu müəyyən etmişdir. Sonra həmin bir büküm metamfetamin və mobil telefonun ayrı-ayrılıqda qablaşdırılmış və üzəri polis şöbəsinin möhürü ilə möhürlənərək imzalanmışdır. Daha sonra baş təhqiqatçı tərəfindən üzərinə şəxsi-axtarış keçirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Yekunda baş təhqiqatçı S.Məmmədov tərəfindən üzərinə keçirilən şəxsi-axtarış barədə protokol tərtib edilmiş, həmin protokol uca səslə oxunmuş və da müdafiəçisi və digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərkən və polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş bir bükümdə psixotrop maddə metamfetamin özünə məxsus olmuş, həmin metamfetamini ona satan şəxsi əvvəllər tanımamış, xarici görünüşü və əlamətləri yadında qalmamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Masallı şəhəri, Dadva küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmiş, tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə əmr hazırlanmış, o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin TB-nin baş təhqiqatçısı Samir Məmmədov və CAB-nin əməliyyat müvəkkili Şahid2 təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində olması barədə məlumat əldə edilmişdir. Sonra Şahid2la ilə birlikdə həmin yerə getmiş, həmin yerdə Təqsirləndirilən şəxs tək piyada gəzdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək, Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğu üçün yaxınlaşdıqlarını bildirmişdir. Sonra ondan şifahi formada üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona üzərinə şəxsi-axtarış keçirilməsi üçün birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Masallı rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Samir Məmmədovun xidməti otağına aparmış və bu barədə aidiyyəti üzrə raportla məruzə etmişdir. Bundan sonra baş təhqiqatçısı X5 Abdullayevə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli olduğunu və bununla bağlı saxlanılaraq polis şöbəsinə gətirildiyini demişdir. Bundan sonra baş təhqiqatçı ona hüquq və vəzifələrini izah edib bu barədə bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Sonra istəyinə əsasən müdafiəçi qismində Müdafiəçi RPŞ-yə dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçısı X5 Abdullayevə üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Baş təhqiqatçı əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə maddəni, sağ yan cibindən “Samsung” markalı mobil telefonunu çıxardıb təqdim etmişdir. Bundan sonra o, təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə axşam saatlarında Lənkəran rayonu Qumbaşı kəndinə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pulun müqabilində alıdığını və üzərində gəzdiridiyini bildirmişdir. Baş təhqiqatçı Samir Məmmədov təqdim olunmuş bir ədəd bükümü açıb yaxından baxdıqda həmin bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Sonra həmin psixotrop maddə olan metamfetaminə bənzər maddə baş təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,72 qram olduğu müəyyən edilmişdir. Həmin maddə və Samsung markalı mobil telefon ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra baş təhqiqatçı Samir Məmmədov keçirilən şəxsi-axtarış barədə protokol tərtib etmiş, həmin protokolu uca səslə oxumuş və bütün iştirakçılar həmin protokolu imzalamışdır. Ruslan Abdullauevi əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2024-cü il tarixdə saxlanılıb polis şöbəsinə gətirildikdə və orada üzərinə şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Layiq oğlu oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan: Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə maddəni, sağ yan cibindən “Samsung” markalı mobil telefonunu çıxardıb təqdim edərək təqdim etdiyi etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə axşam saatlarında Lənkəran rayonu Qumbaşı kəndinə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pulun müqabilində alıb üzərində gəzdirdiyini bildirmiş, müdafiəçinin verdiyi suala cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılıb bölməsinə gətirilərkən ona qarşı fiziki zor və ya psixi təsir göstərilmədiyini bildirməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının 26 iyul 2024-cü il tarixli, 19/580 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şəffaf sellofan bükülünün içərisində psixotrop maddəyə bənzər metamfetamin....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,621 qram olan ağ rəngli kiristallardan ibarət maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi -0,621 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq - 0,571 qamdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X4 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 623 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan STİMULYATORLARDAN istifadə halları olub. Lakin Asılılıq sindromu (TOKSİKOMANİYA xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “maddi sübutun tanınması və təhvil verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi -0,571 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs olunun üzərindən psixotrop maddə metamfetaminin aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd video CD disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və xx.xx.2022-ci il tarixli 1(050)- 158/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(050)-158/2022 saylı hökmü ilə ona təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cəzasının 01 il 11 ay 17 gününü çəkmişdir, çəkilməmiş cəzası 09 gün təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Dadva küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayır, dörd nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri -0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,621 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(050)- 158/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs hazırda məhkum olmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun qərarının 7-ci bəndinin axırıncı azasında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onda cinayət törədilməsinin vərdişə çevrilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını, həmçinin hal-hazırda ona əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir (67.1-ci maddə); hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır (67.4-cü maddə); cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur (68.1.1-1-ci maddə). Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 1(050)- 158/2022 saylı hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 09 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və bu cəza həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilərək onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25.07. 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və barəsində qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə saat 22:10-da şübhəli şəxs qismində tutulmuş və 27 iyun 2024-cü il tarixli qərarla barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 25 iyul 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (TOKSİKOMANİYA xəstəliyi) aşkar olunmamışdır, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -0,571qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən gündən, yəni 25 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş hazırda çəkilməmiş 09 (doqquz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq 04 (dörd) gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və hazırkı hökmlə təyin edilən 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tam birləşdirilsin, üzərində qəti olaraq 07 (yeddi) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 25 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,571 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-181/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-181/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver