Məhkəmə qərarları › İş №1(050)-182/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-182/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-182/2023 06.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Xüsusi ittihamçı (zərərçəkmiş şəxs)-X1 və vəkili-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs-X6 oğlunun və vəkili-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında 12 iyul 1995-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, X6 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, müəyyənetdi: Xüsusi ittihamçı (zərərçəkmiş şəxs) X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X6 oğlunun Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu, İsi kəndində yaşamaqla Masallı rayon X3 Yol Polisi bölməsinin rəisi vəzifəsində işləyir. 2023-cü ilin iyul ayında Masallı rayonu, Ərkivan qəsəbə sakini X6 oğlu sosial şəbəkələrdə yaradılmış “Tik-Tok” platformasında video müraciətlə ölkənin hüquq mühavizə orqanlarına müraciət edərək onun qanunsuz əməlləri, guya onun Toğruldan rüşvət tələb etdiyini və dəfələrlə kapitan Ramal vasitəsi ilə ona 100 (bir yüz) manat pul verdiyi barədə video yayımlamışdır. Sözü gedən kanalda iki dəfə, yəni təkrar olaraq həmin görünüşlə həmdə rəsmi şəkildə müraciətin mətnini yayımlamışdır. Hər iki video və audio materiallar sosial şəbəkədə “Tik-Tok” platformasında yayımlanmışdır. Həmin yayımlanan müraciət və çıxışlarda danışan şəxs X6 oğlu özüdür. Toğrul Qasımov onun haqqında səsləndirdiyi fikirlər, o cümlədən böhtanlar Toğrul Qasımova məxsusdur. Toğrul Qasımovun idarə etdiyi avtomobilin nömrə nişanı yerində olmadığı üçün yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilmişdir. X7 müxtəlif yerlərə teleqram ünvanlayaraq avtomobilinin səbəbsiz yerə Masallı Rayon Polis Şöbəsində saxlanıldığını bildirmişdir. Toğrul Qasımovu dəfələrlə Masallı RPŞ-nə dəvət etsələr də o, gəlməmişdir. Daha sonra “TİK-TOK” platformasında və “Azel TV” kanalında guya ondan 100 manat pul aldığı barədə video material yayımlamışdır. Sözü gedən video material tam əsassızdır və həqiqəti əks etdirmir. Məhkəmə iclası zamanı xüsusi ittihamçı (zərərçəkmiş şəxs) qismində dindirilmiş X2 şikayətində göstərilənlərə uyğun ifadə verərək həmçinin göstərdi ki, Toğrul Qasımov bu hərəkətləri onu rəhbərlik qarşısında və cəmiyyətdə nüfuzdan salmaq istəmiş, həmçinin onu ağır cinayətdə ittiham etmişdir. Hazırda təqsirləndirilən şəxs Toğrul Qasımov ilə barışmadığından məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs X6 oğlu ona elan edilmiş ittiham (şikayət) üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 27 yanvar 1993-cü ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. O, uzun müddətdir heyvan alveri ilə məşğul olur və alıb-satdığı heyvanları özünə məxsus VİS markalı furqon avtomobili ilə daşıyır. 2022-ci ilin yanvar ayında “Bayraq meydanı”nın yanında Masallı YPX-nin əməkdaşları onun avtomobili dayandırıb rəisləri Asəf Mustafayevin başqa mülki avtomobilində olduğunu və onun maşınını saxladırıb sənədlərini yoxlamaları barədə göstəriş verdiyini bildirmişlər. Bundan sonra sənədlərini onlara təqdim etmiş, yol patrul xidmətinin əməkdaşları sənədlərini yoxlayb qaydasında olduğunu və gedə biləcəyini demişlər. Oradan uzaqlaşıb maşınına əyləşərkən polis əməkdaşları onu çağırıb rəisləri Asəf Mustafayevin onun maşınını duracağa yerləşdimələri haqqında göstəriş verdiyini bildirmişlər. Bundan sonra polis əməkdaşları hər-hansı protokol tərtib etmədən onun maşınını duracağa yerləşdirmişlər. Həmin gün o, avtomobilini duracaqdan çıxartmaq üçün Asəf Mustafayevin otağına girmək istəsə də, işçisi Ramal adlı şəxs ona Asəf Mustafayevin 100 manat istədiyini, pulu verdikdən sonra maşını duracaqdan çıxara biləcəyini bildirmişdir. O da məcbur olub Ramal adlı əməkdaşa 100 manat verib avtomobilini duracaqdan çıxartmışdır. 14 iyul 2022-ci ildə yenə Masallı rayon YPX-nin əməkdaşları onun avtomobilini saxlatdırıb duracağa yerləşdirərək barəsində müvafiq protokol tərtib etmiş, daha sonra ondan 100 manat alaraq avtomobilini buraxmışlar. Sonuncu dəfə 15 iyul 2023-cü il tarixdə yenə əsassız olaraq onun avtomobilini saxlatdırıb duracağa yerləşdirərək barəsində müvafiq protokol tərtib etmişlər. Bütün bunlardan sonra o, məcbur olub Masallı rayon YPX-nin rəisi Asəf Mustafayev barəsində rayon və Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə, Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi müraciətlər etmiş, həmçinin Azel Tv kanalında video müraciət etmişdir. Hesab edir ki, onun əməlində hər hansı cinayət yoxdur. O, istər yazılı, istərsə də video muraciətində həqiqətləri demişdir. Bu səbəbdən də məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Toğrul Qasımovla birlikdə heyvan alveri ilə məşğul olurlar. 2022-ci ilin yanvar ayında Toğrulla birlikdə sonuncunun avtomobili ilə Masallı rayonunda “Bayrağ meydanı”nın yaxınlığında hərəkətdə olarkən Masallı YPX-nin əməkdaşları onları saxlatdırıb heç bir əsas olmadan avtomobili duracağaca yerləşdirmişlər. Toğrul polis əməkdaşlarından səbəbini soruşanda, onlar rəisləri Asəf Mustafayevin göstərişi olduğunu bildirmişlər. Həmin gün avtomobili duracaqdan çıxartmaq üçün Toğrulla birlikdə Masallı RPŞ-nə getmiş, orada Ramal adlı əməkdaş onlara Asəf Mustafayevin 100 manat istədiyini, pulu verdikdən sonra maşını duracaqdan çıxara biləcəklərini bildirmişdir. Toğrul da məcbur olub Ramal adlı əməkdaşa 100 manat verib avtomobilini duracaqdan çıxartmışdır. Eyni hal 2022-ci ilin iyul ayında da təkrarlanmışdır. Təqsirləndirilən şəxs X6 oğlu Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə özünü təqsirli bilməsə də, törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş xüsusi ittihamşının (zərərçəkmiş şəxsin) ifadəsi, materiala əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, iş materiallarında olan: 14 iyul 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib edilmişdir. 15 iyul 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 342.1.3 və 342.5-ci maddələri ilə protokol tərtib edilmişdir. “Avtoservis Masallı” tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli, 1515 saylı arayışdan görünür ki, VİS YÜK markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa faralarına baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa faralarının sınıq və işlək olmaması müəyyən edildiyi üçün avtomobildə texniki nasazlıq aşkar edilmişdir. CD diskə keçirilən baxış zamanı X6 oğlunun video yayımlarda xüsusi ittihamçı barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumtları sosial şəbəkə iştirakçıları arasında qəsdən yaymaqla onu ağır cinayətdə ittiham etməklə böhtan atdığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, X6 oğlu yalan olduğunu biləbilə X1 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları sosial şəbəkə iştirakçıları arasında qəsdən yayıb ağır cinayətdə ittiham etməklə böhtan cinayətini törətməsi tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs X6 oğlunun əməli Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 2-cu maddəsinə əsasən bu Qanunda “kütləvi informasiya” deyildikdə, açıq yayıla bilən mətbu, audio-audiovizual və başqa xəbər və materiallar; “kütləvi informasiya vasitələri” deyildikdə, dövri mətbuat orqanları: daimi adı, cari nömrəsi olan qəzet, jurnal, toplu, bülleten, azı ildə bir dəfə çıxan başqa nəşrlər, habelə birdəfəlik tirajı yüz nüsxədən çox olan digər mətbuat növləri; radio-televideo proqramlar, kinoxronika proqramları və ya daimi adı ilə azı ildə bir dəfə çıxan (efirə və ya ekrana buraxılan) dövri audio-audkovizual xəbər və materialların (verilişlərin) məcmusu başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyindən bəhs edən 4-cü maddəsində deyilir ki, Dövlət sirrini, habelə qanunla xüsusi qorunan digər sirləri yaymaq, mövcud konstitusiyalı quruluşu və dövlətin bütövlüyünü zorakılıqla devirmək və ya dəyişdirmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sinfi, sosial, dini müstəsnalığı, ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, parnoqrafiyanı yaymaq, digər cinayət əməlləri törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Kütləvi informasiya vasitələrindən vətəndaşların şəxsi həyatına, onların şərəf və ləyaqətinə qəsd məqsədilə istifadə etmək qadağan olunur və qanuna müvafiq surətdə məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « ...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,...qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti dedikdə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə yayma başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə tərəfindən X6 oğlunun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, X6 oğluna təqsirli bilindiyi maddənin sanksiyası həddində aylıq qazancından dövlət nəfinə pul tutulmaqla islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: X6 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum olunsun. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı X6 oğlunun işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar