Məhkəmə qərarları › İş №1(050)-184/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-184/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-184/2024 16.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs4, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1994-cü ildə Masallı rayonu, Ətçələr kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Masallı rayonu, Ətçələr kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.3, 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə, saat 03 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməyərək nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21063 minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri, Seybətin küçəsi ərazisində yerləşən kəndlərarası asfalt avtomobil yolunda Səmidxan kəndindən üzü Seybətin küçəsi istiqamətində saatda təxminən 60 km surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyərək beton körpünün altında yerləşən tuneldə asfalt yolun üzərində idarə etməni itirərək hərəkət istiqamətində yolun sağ ehtiyat hissəsindəki maneəyə, yəni dayanmış vəziyyətdə ot bağlamaları yükü ilə dolu olan Masallı şəhər sakini X3 məxsus “QAZ 53” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusuna çırpılmış, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön oturacağında sərnişin qismində olan Zərərçəkmiş şəxs2 sağ sirkə kasasının sınığı, sağ Vİİ qabırğanın sınığı, başın sağ gicgah və alın nahiyəsinin əzilmiş yarası və sol diz nahiyəsinin sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, minik avtomobilinin arxa sərnişin oturacağında sərnişin qismində olan Zərərçəkmiş şəxs1 sağ almacıq və əng sümüyünün yerini dəyişmiş sınığı və sağ gözaltı nahiyənin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan bədən xəsarətləri almalarına səbəb olan yolnəqliyyat hadisəsi törətməklə hadisə yerindən qaçmışdır. Bundan başqa o, 09 dekabr 2023-cü il tarixdə Masallı şəhəri, Bakı prospektində yerləşən “Bakı gecələri” adlanan kafedə olarkən orada olan şəxslərin istirahətini pozduğu üçün kafenin icarədarı Zərərçəkmiş şəxs3 ona iradını bildirib kafedən kənarlaşdırılmasını özünə qarşı qərəzli münasibət hesab edərək 16 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində yenidən həmin kafeyə gələrək heç bir əsaslı səbəb olmadan ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşlаrın gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozаn, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub Zərərçəkmiş şəxs3 üzərinə hücum edib əlində olan istintaqa məlum olmayan ağac parçasından və bıçaqdan silah qismində istifadə edərək zor tətbiq etməklə Zərərçəkmiş şəxs3 dodaq və döş qəfəsi nahiyələrinə qəsdən bir neçə dəfə ağacla, başının təpə nahiyəsinə isə bıçaqla bir dəfə zərbə vuraraq sonuncuya başın təpə nahiyəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid, yuxarı dodağın bayır hissəsinin sıyrığı və iç səthinə qansızma, döş qəfəsinin arxa hissəsinin sağ və sol yarısının qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, daha sonra cinayətkar əməllərini davam etdirərək onun qanunsuz əməllərinin qarşını almaq istəyən restoranda müştəri qismində olan Masallı rayonu, Həsənli kənd sakini Zərərçəkmiş şəxs4 üzərinə hücum edib əlində olan istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək sonuncunun döş qəfəsinə qəsdən bıçaqla bir dəfə, sol qulaq nahiyəsinə isə yumruqla iki dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs4 döş qəfəsinin sağ yarısının ön hissəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid, sol qulaq seyvanının və sol qulaq arxası nahiyənin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək 10 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3, 263- 1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, atası Namiq Şəliyevə məxsus “VAZ-21063 minik” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili atası şəxsi işləri məqsədi ilə istifadə etmiş, 21 noyabr 2023-cü il tarixdə, saat 02 radələrində atasına məxsus “VAZ-21063 minik” markalı avtomobillə siqaret almaqdan ötrü evdən çıxmış, yaşadığı kənddə gecə vaxtı olduğundan açıq market olmadığından Masallı şəhərinə getmək qərarına gəlmişdir. Kənddən çıxarkən həmkəndlisi və qonşusu Zərərçəkmiş şəxs2 Masallı şəhərinə gedəcəyini demiş, sonuncu onunla gəlmək istədiyini bildirib idarə etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Masallı şəhər ərazisində siqaret aldıqdan sonra Zərərçəkmiş şəxs2 Masallı rayonu, Qəriblər kəndində 5 dəqiqəlik işi olduğunu və ora gedib qayıdacağını demiş, Ali də etiraz etməmişdir. Qəriblər kəndində işini bitirdikdən sonra yaşadığı Ətçələr kəndi istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış tanımadığı 1 nəfər şəxs idarə etdiyi avtomobilə əl işarəsi etmiş və o, avtomobili saxlamışdır. Həmin tanımadığı şəxs Masallı şəhərinə getdiyini bildirmiş, o da avtomobilə əyləşməsini demişdir. Sonradan həmin şəxsin Masallı şəhər sakini Zərərçəkmiş şəxs1 olmasını bilmişdir. Masallı şəhəri Seybətin küçəsi ərazisində yol patrul xidmətinin əməkdaşları ona saxla işərəsi vermiş, avtomobili idarə etməkdən ötrü hər hansı bir sənədi olmadığından avtomobili yüksək surətlə idarə etməyə başlamış, Seybətin küçəsində yerləşən körpünün altında tuneldə avtomobili saatda 60 km surətlə Səmidxan kəndindən üzü Seybətin küçəsi istiqamətində idarə edərkən idarə etməni itirdiyindən avtomobil yol kənarında dayanmış vəziyyətdə olan Qaz-53 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsi ilə toqquşmuş, yol qaranlıq olduğundan və avtomobilin işığı zəif işıqlandırdığından yol kənarında dayanmış yük avtomobilini qabaqcadan görməmişdir. Toqquşmadan dərhal sonra avtomobildən aşağı düşmüş, oradan uzaqlaşmış, hər hansı bir xəsarət almamış, daha sonra avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xəsarət alaraq Masallı RMX-ya aparılmalarını bilmişdir. Polis əməkdaşları tərəfindən axtarılanacağını bilib bir müddət gizlənməyə çalışmışdır. Masallı şəhəri, Bakı prospektində yerləşən “Bakı gecələri” adlanan kafeyə əvvəllər bir neçə dəfə müştəri qismində gedərək orada çay içmiş, kafenin icarədarı Zərərçəkmiş şəxs3 həmin vaxtdan tanımış, sonuncu ilə əvvəllər hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Baş vermiş hadisədən təxminən bir həftə öncə həmin kafedə olarkən adını bilmədiyi müştəri ilə sözlə mübahisəsi yaranmış, tanımadığı müştərinin ünvanına nalayiq küçə söyüşləri söymüş, həmin vaxtı kafenin icarədarı Zərərçəkmiş şəxs3 kafeni tərk etməsini və bir daha oraya ayaq basmamasını ona demişdir. Zərnişana həmin vaxtı heç bir söz deməmiş, Zərnişanın tanımadığı müştərilərin yanında dediyi sözlər sonradan ona pis təsir etmiş, bu səbəbdən 16 dekabr 2023-cü il tarixdə yaşadığı evdən çıxıb “Bakı gecələri” kafesinin yerləşdiyi əraziyə gəlmiş, kafenin həyətində yerdə olan qırılmış ağac budağı parçasını əlinə götürüb kafenin içərisinə daxil olmuş, kafenin içərisinə daxil olan kimi Zərnişanı kafenin girişində görmüş və ünvanına uca səslə nalayiq söyüşlər işlədərək əlində olan ağac parçası ilə Zərnişanın bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Zərnişana vurmaqla əsəbi sakitləşməmiş, cibində olan qayçı ilə Zərnişanın başının təpə nahiyəsinə vurub xəsarət yetirmiş, həmin vaxtı əvvəllər tanımadığı bir oğlanın üzərinə gəlməsini görmüş, əlində olan qayçı ilə sonradan adının Bəhruz olduğunu bildiyi şəxsi qorxutmağa başlamış, Bəhruz üzərinə gəldikdə qayçı ilə Bəhruzun döş qəfəsinə xəsarət yetirmişdir. Daha sonra Bəhruz ilə boğuşarkən əlində olan qayçı yerə düşmüş, Bəhruzun sol qulaq nahiyəsinə iki dəfə yumruq zərbəsi vurmuş, Bəhruz ona tərəf yumruq zərbəsi atmış, lakin həmin zərbələr ona dəyməmiş, artıq ətrafa tanımadığı şəxslərin yığışdığını görmüş və Bəhruzdan aralanıb kafenin həyətinə çıxmışdır. Kafenin həyətində onların ünvanına nalayiq küçə söyüşləri söyməyə davam etmiş, həmin ərəfədə Zərnişanın polisə zəng etməsini görmüş, oraya polis əməkdaşları gələcəyini bilib uca səslə nalayiq küçə söyüşlərinə davam edərək oradan çıxıb getmiş, hadisə vaxtı istifadə etdiyi ağac parçası və qayçı kafedə yerə düşmüşdür. 21 noyabr 2023-cü il tarixdə törətmiş olduğu yolnəqliyyat hadisəsi zamanı spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, avomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. Hazırda yol nəqliyyat hadisəsi törətdiyinə görə etdiyi əməldən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ondan şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Masallı rayonu Ətçələr kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisidir, əvvəllər hər hansı bir şəxsi qərəzliyi və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxs2 isə oğludur. Sonradan eşitdiyinə görə 21 noyabr 2023-cü il tarixdə, saat 02 radələrində oğlu Zərərçəkmiş şəxs2 qonşuluqda yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21063 minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib birlikdə Masallı şəhəri ərazisinə gəlmişlər. Masallı şəhəri, Seybətin küçəsi ərazisində Təqsirləndirilən şəxs avtomobili yüksək surətlə idarə edərkən Seybətin küçəsində yerləşən körpünün altında idarə etməni itirib yol kənarında dayanmış vəziyyətdə olan “Qaz-53” markalı yük avtomobilinin arxa yük yeri ilə toqquşmuşdur. Toqquşmadan sonra avtomobildə olan oğlu Ali Familzdə və tanımadığı bir nəfər şəxs xəsarət almış və onları Masallı rayon Mərkəz xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Eldar oğlu məhkəməyə ərizə təqdim edərək oğlu Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışmasını nəzərə laıb barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Masallı rayonu, Ətçələr kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Masallı şəhəri, Bakı prospektində yerləşən “Bakı gecələri” adlanan kafeyə tez-tez dincəlmək məqsədi ilə getmiş və oranı icarə əsasında işlədən Zərərçəkmiş şəxs3 ilə oradan tanışlıq münasibətləri yaranmışdır. 16 dekabr 2023-cü il tarixdə, saat 18 radələrində yenidən “Bakı gecələri” adlanan kafeyə çay içmək məqsədi ilə getmiş, həmin vaxtı kafedə yenicə əyləşmişdir ki, tanımadığı cavan yaşlarında oğlan kafenin içərisinə uca səslə nalayiq küçə söyüşləri söyərək əlində ağac parçasını fırlada-fırlada daxil olub hər hansı bir səbəb olmadan kafeni işlədən Zərərçəkmiş şəxs3 əlində olan ağac parçası ilə vurmasını və daha sonra əlində olan bıçaqla Zərnişana xəsarət yetirməsini görmüşdür. Həmin vaxtı dərhal əyləşdiyi masadan qalxmış, sonradan adının Kamran olduğunu bildiyi şəxsin üzərinə gedərək zərərsizləşdirməyə çalışmış, Kamran əlində olan bıçaqla onun döş qəfəsinə xəsarət yetirmiş, Kamranla tutuşmuş və əlindəki bıçağı almağa çalışmışdır. Kamran ilə boğuşmağa davam edərkən Kamranın əlində olan bıçaq yerə düşmüş, Kamran yumruq zərbələri ilə onun sol qulaq nahiyəsinə vurmuş, Kamranı zərərsizləşdirməkdən ötrü sonuncuya yumruq zərbəsi atmış, lakin həmin zərbələr dəyməmiş, kafedə olan adlarını bilmədiyi müştərilər əyləşdikləri masadan qalxıb Kamranı sakitləşdirməyə çalışmışlar. Kamran kafenin içərisindən çölə çıxarılmış, kafenin həyətində nalayiq küçə söyüşləri işlədə-işlədə oradan uzaqlaşıb getmişdir. Zərnişan ilə birlikdə xəsarət almış və sonuncu istifadəsində olan mobil telefon ilə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs3 ilə birlikdə Masallı rayon Mərkəzi xəstəxanasına getmiş, Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs3 xəsarət yetirdiyi bıçaq onda olmuş, Masallı rayon Mərkəzi xəstəxanasına gedərkən həmin balaca bıçağı xatırlamadığı yerdə tullamış, Təqsirləndirilən şəxs Zərnişanı vurarkən istifadə etdiyi ağac parçası da sonradan ayaq altında qalıb sındığından zibilliyə tullanılmışdır. Xəstəxanada ona və Zərnişana ilkin tibbi yardım göstərilmiş, daha sonra Masallı RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş mübahisə təxminən 5-10 dəqiqə ərzində davam etmiş, kafedə olan müştərilərin dincliyi pozulduğundan kafenin iş fəaliyyəti təxminən 20-30 dəqiqə ərzində bərpa olunmamış, Təqsirləndirilən şəxs etdiyi hərəkətlər ilə orada onunla yanaşı olan tanımadığı müştərilərə açıqca hörmətsizlik etmiş və kafedə olan müştərilərin dincliyi pozulmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Masallı rayonu, Ətçələr kənd sakini Təqsirləndirilən şəxs ilə əvvəllər hər hansı bir münasibəti olmamışdır. Masallı şəhəri, Bakı prospektində yerləşən “Bakı gecələri” adlanan kafedə müqavilə əsasında xidmətçi işləyir. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində kafedə müştərilərə qulluq etmiş, həmin vaxt müştərilər içərisində Zərərçəkmiş şəxs4 və digər tanımadığı şəxslər də olmuşdur. O, kafenin mətbəxt hissəsində olarkən zaldan möhkəm səs-küy gəldiyini eşitmiş, zala çıxdıqda Bəhruzun və kafedə olan digər şəxslərin sonradan adını bildiyi Təqsirləndirilən şəxs kafedən çıxartdıqlarını, kafenin icarədarı Zərərçəkmiş şəxs3 isə ağladığını və xəsarətlər aldığını görmüşdur. Kamran çölə çıxarıldıqdan sonra kafenin həyətində nalayiq küçə söyüşləri söyməyə davam etmişdir. Daha sonra Kamran oraya polis əməkdaşlarının gələcəyindən qorxub uzaqlaşıb getmiş, hadisə barədə polisə məlumat verilmişdir. Baş vermiş mübahisə təxminən 5-10 dəqiqə ərzində davam etmiş, lakin kafedə olan müştərilərin dincliyi pozulduğundan kafenin iş fəaliyyətini təxminən 20-30 dəqiqə ərzində bərpa edə bilməmişlər. Sonradan bilmişdir ki, Kamran əlindəki ağac parçası və kəsici alətlə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 bədən xəsarətləri yetirmişdir. Həmin hadisə eyni zamanda kafenin müşahidə kamerasına düşmüşdür. Zərərçəkmiş şəxs1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, 21 noyabr 2023-cü il tarixdə, saat 03 radələrində Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən adını xatırlamadığı restoranda çay içdikdən sonra oradan çıxıb yaşadığı evə getməkdən ötrü yol kənarında dayanıb taksi gözləmiş, həmin vaxtı VAZ 21063 minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin tanımadığı sürücüsü avtomobili saxlamış və ondan hara getməsi barədə soruşmuşdur. Həmin şəxsə Masallı şəhəri ərazisinə getdiyini demiş, sürücü avtomobilə əyləşməsini və onu Masallı şəhərinə aparacağını demişdir. Avtomobilin arxa sərnişin oturacağına əyləşmiş, avtomobilin ön sərnişin oturacağında isə tanımadığı cavan yaşlarında oğlan əyləşmiş, yolda olarkən həmin şəxslərlə səmimi dialoqu yaranmış, avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs, yanında əyləşmiş sərnişinin isə Zərərçəkmiş şəxs2 olmasını bilmişdir. Masallı rayonu Seybətin küçəsi ərazisində Təqsirləndirilən şəxs avtomobili yüksək surətlə idarə etdiyindən anidən idarə etməni itirmiş və yol kənarında dayanmış vəziyyətdə olan “Qaz-53” markalı yük avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra digər sərnişin Zərərçəkmiş şəxs2 ilə birlikdə xəsarət almış və onları Masallı rayon Mərkəz xəstəxanasına aparmışlar. Sürücü Təqsirləndirilən şəxs isə hadisəni törətdikdən dərhal sonra avtomobildən aşağı düşüb hadisə yerindən qaçıb getmişdir. Zərərçəkmiş şəxs3 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, Masallı rayonu, Ətçələr kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Masallı şəhəri, Bakı prospektində yerləşən “Bakı gecələri” adlanan kafeni icarə müqaviləsi əsasında işlətmişdir. xx.xx.2023-cü il tarixdə əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs kafedə olan zaman adını bilmədiyi digər müştəri ilə mübahisə edib həmin müştərinin ünvanına nalayiq küçə söyüşləri söymüş, həmin vaxtı Təqsirləndirilən şəxs iradını bildirmiş, kafedən getməsini tələb etmiş və bir daha oraya gəlməməsini demişdir. Daha sonra Təqsirləndirilən şəxs kafedən getmiş və sonuncunu orada görməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində kafedə müştərilərə qulluq edilməsinə nəzarət etdiyi zaman Təqsirləndirilən şəxs kafenin qapısından içəri daxil olub əlindəki ağac parçasını havada yelləyərək ünvanına nalayiq küçə söyüşləri söymüş, üzərinə hücum edib ağac parçası ilə dodaq nahiyəsinə zərbələr yetirmiş, nə baş verdiyini anlamamış, Kamranın ağac zərbələrindən yayınmaq üçün əlini qaldırmış, üzünü çevirib özünü qorumağa çalışaraq qışqırmağa başlamışdır. Bu zaman Kamran bir neçə ağac zərbəsi ilə kürək nahiyəsinə də xəsarət yetirmiş, Kamran cibindən bıçaq çıxardaraq başının təpə nahiyəsinə ataraq ona xəsarət yetirmiş, həmin vaxt kafedə olan əvvəllər tanıdığı, kafenin daimi müştərilərindən biri olan Masallı rayonu, Həsənli kənd sakini Zərərçəkmiş şəxs4 və digər adlarını bilmədiyi müştərilər oturduqları stollardan ayağa qalxıb ona tərəf gəlmişlər. Kamran əlində olan bıçaqla Bəhruzun döş qəfəsinə xəsarət yetirmiş, Zərərçəkmiş şəxs4 Kamranı tutub əlindəki bıçağı almağa çalışmışdır. Bəhruz Kamran ilə boğuşmağa davam edərkən Kamranın əlində olan bıçaq yerə düşmüş, Kamran Bəhruza yumruq zərbələri ilə sol qulaq nahiyəsinə vurmuş, kafedə olan adlarını bilmədiyi müştərilər, işçiləri Şahid1 və Şahid2 hadisənin şahidi olmuşlar, Kamran kafenin içərisindən çölə çıxarılmış və kafenin həyətində nalayiq küçə söyüşləri işlədə-işlədə oradan uzaqlaşıb getmişdir. İstifadəsində olan mobil telefonu ilə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, Zərərçəkmiş şəxs4 ilə birlikdə Masallı rayon Mərkəzi xəstəxanasına getmiş, orada tibbi yardım göstərilmiş, daha sonra Masallı RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş mübahisə təxminən 5-10 dəqiqə ərzində davam etmiş, kafedə olan müştərilərin dincliyi pozulduğundan kafenin iş fəaliyyəti təxminən 20-30 dəqiqə ərzində bərpa olunmamış, Təqsirləndirilən şəxs etdiyi hərəkətlər nəticəsində kafedə olan müştərilərin dincliyi pozulmuşdur. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram və notariat qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbi və şikayətinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini göstərmişdir. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan, yol-nəqliyyat hasisəsinin sxemindən və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Masallı şəhəri, Seybətin küçəsindən keçən kəndlərarası avtomobil yolunda beton körpünün altında baş vermişdir. Yol asfalt örtüklü, düz və qurudur. Maneəni vurma baş verən yolun asfalt hissəsinin ümumi eni 5 metrdir. Yolda hərəkəti tənzimləyən yol nişanı yoxdur. Hadisə yerinin baxışından müəyyən olundu ki, Səmidxan kəndindən üzü Seybətin küçəsinə gedən avtomobil hərəkət zolağında asfalt yolun sol kənarından 5,30 metr mərkəzə doğru sağa tərəf avtomobil ehtiyat hissələrinin qırıntıları səpələnmişdir. Həmin yer “VAZ 21063 minik” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə olan “QAZ 53” markalı **-BR- *** dövlət qeydiyyat nişanlı yük avtomobili maneəsinə çırpıldığı yerdir. Toqquşmadan sonra “VAZ 21063 minik” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil “QAZ 53” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa tərəfində paralel vəziyyətdə dayanmışdır. Körpünün altında “VAZ 21063 minik” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətində, yəni Səmidxan kəndindən üzü Seybətin küçəsi istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hərəkət zolağında surət həddi 50 km/saat müəyyən edilmişdir. Hadisə yerində tormoz izləri aşkar edilmədi. Hadisə yaşayış məntəqələrində, gecə vaxtı və quru hava şəraitində baş vermişdir. “VAZ 21063 minik” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişinlər olmuş və avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu xuliqanlıq cinayəti Masallı şəhəri, Bakı prospektində yerləşən “Bakı gecələri” adlanan kafenin içərisində baş vermişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi və 16 dekabr 2023-cü il tarixdə törətmiş olduğu xuliqanlıq cinayət əməli üzrə ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1143 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ sirkə kasasının sınığı, sağ Vİİ qabırğanın sınığı, başın sağ gicgah və alın nahiyəsinin əzilmiş yarası və sol diz nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 21 noyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1166 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ almacıq və əng sümüyünün yerini dəyişmiş sınığı və sağ gözaltı nahiyənin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 21 noyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1193 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 başın təpə nahiyəsinin kəsilmiş yarası, yuxarı dodağın bayır hissəsinin sıyrığı və iç səthinə qansızma, döş qəfəsinin arxa hissəsinin sağ və sol yarısının qançırları müəyyən olundu. Başın təpə nahiyəsinin kəsilmiş yarası kəsici əşyanın, ola bilər ki, bıçağın təsirindən, digər xəsarətlər bərk küt əşyanın (əşyaların), ola bilər ki, ağac parçası ilə vurulma nəticəsində törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 16 dekabr 2023-cü il tarixə uyğun gəlir. Başın təpə nahiyəsindəki yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Digər xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1197 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 döş qəfəsinin sağ yarısının ön hissəsinin kəsilmiş yarası, sol qulaq seyvanının və sol qulaq arxası nahiyəsinin qançırı müəyyən olundu. Döş qəfəsinin sağ yarısının ön hissəsindəki yara kəsici əşyanın, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti tibbi sənəddə qeyd olunan 16 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Sol qulaq seyvanının və sol qulaq arxası nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 16 dekabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 fevral 2024-cü il tarixli, 8\118 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21063 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 21063 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 21063 markalı avtomobili maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km\saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km\saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən QAZ 53 markalı, ** BR *** dövlət qeydiyayt nişanlı avtomobilin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı toqquşmanın QAZ 53 markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə baş verdiyindən sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, tam hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TB-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Masallı rayonu, Ətçələr kənd sakini, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında 23 mart 2024cü il tarixli qərardan görünür ki, 21 noyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063 minik” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin avtomobillərin müvəqqəti saxlama duracağında saxlanılır. İş materiallarında olan 28 may 2024-cü il tarixli götürmə və baxış keçirmə haqqında protokoldan və əşyanın maddi sübut hesab edilməsi haqqında 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, 16 dekabr 2023-cü il tarixdə Masallı şəhəri, Bakı prospektində yerləşən “Bakı gecələri” adlanan kafedə baş vermiş münaqişəni özündə əks etdirən videogörüntü olan 1 ədəd CD disk Zərərçəkmiş şəxs3 götürülmüş, həmin diskə baxış keçirilərkən 39 saniyəlik videoçəkilişdə 16 dekabr 2023-cü il tarixdə Masallı şəhəri ərazisində yerləşən “Bakı gecələri” adlı kafeyə Təqsirləndirilən şəxs daxil olaraq əlində olan ağac parçası ilə hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 vurması, daha sonra üzərindən çıxartdığı bıçaqla sonuncuya hücum çəkib xəsarət yetirməsi, bu zaman onu sakitləşdirməyə gələn Zərərçəkmiş şəxs4 da xəsarət yetirməsi, sonuncu tərəfindən Təqsirləndirilən şəxs tərksilah edilməsinə çalışılması, ətrafa kafedə olan şəxslərin yığışması və Təqsirləndirilən şəxs oradan uzaqlaşması müəyyən olunmuş, CD diskdə olan videoçəkiliş iş üçün xüsusilə əhəmiyyət kəsb etdiyindən həmin CD disk götürülmüş və maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 08 avqust 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Masallı Rayon Məhkəməsinin 17 avqust 2024-cü il tarixli, 4(050)-77/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun tutulduğu gündən, 16 avqust 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hər tərəfli, tam və obyektiv hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMin 221.3, 263-1.1 və 264-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə və cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki,cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfatməişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını, CM-in 263-1.1 və 264-cü maddələrinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmasını, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4 (050)-77/2024 saylı qərarı ilə barəsində 01 (bir) ay müddətə həbs qətimkan tədbiri seçildiyindən həbsdə saxlanıldığı müddət ona qəti olaraq təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini CM-in 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş üzrə maddi sübut olan və Masallı RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılan “VAZ-21063” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahibi X2 qaytarılmalı, 16 dekabr 2023-cü il tarixdə Masallı şəhəri, Bakı prospektində yerləşən “Bakı gecələri” adlanan kafedə baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əsas cəzanın başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, yəni 16 avqust 2024-cü il tarixdən, əlavə cəzanın müddəti isə əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılan “VAZ-21063” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahibi X2 qaytarılsın. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar