Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-187/2025 17.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 2004-cü ildə Biləsuvar rayonu, Bəydilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Bəydilli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində Masallı Rayon Məhkəməsinin 4(050)-52/2025 nömrəli, 17 iyul 2025-ci il tarixli qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə elektron məlumat daşıyıcısından və saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə 14 may 2025-ci il tarixdə, saat 23 radələrində qonaq qismində olduğu Masallı rayonu, Miyənkü kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin saxlanc yeri hesab edilən çardağına qanunsuz daxil olaraq orada olan karton qutudan sonuncuya məxsus ümumi çəkisi 30 qram olan 583 əyarlı brilyant qaşlı iki ədəd sırğa və bir ədəd üzükdən ibarət ümumi dəyəri 5950 manat təşkil edən bir ədəd qızıl dəstini, ümumi çəkisi 5,5 qram olan 583 əyarlı kitab formasında sadə yaşıl qaşlı bir cüt sırğa və bir ədəd üzükdən ibarət ümumi dəyəri 550 manat təşkil edən bir ədəd qızıl dəstini, ümumi çəkisi 4 qram olan 583 əyarlı ümumi dəyəri 400 manat təşkil edən bir cüt qızıl sırğanı, hər birinin çəkisi 3,5 qram olan 583 əyarlı kitaba oxşar dizayn edilmiş bir ədədinin qiyməti 350 manat olmaqla cəmi qiyməti 700 manat təşkil edən iki ədəd qızıl üzükləri, bir ədəd 19 qram çəkisi olan 750 əyarlı italyan istehsalı ümumi dəyəri 2464 manat təşkil edən qızıl qolbağı, bir ədəd 4 qram çəkisi olan 583 əyarlı brilyant qaşlı ümumi dəyəri 500 manat təşkil edən qızıl üzüyü, hər birinin çəkisi 3,12 qram olan 583 əyarlı sadə qaşlı bir ədədinin qiyməti 312 manat olmaqla cəmi qiyməti 936 manat təşkil edən ümumilikdə üç ədəd qızıl üzükləri, bir ədəd 5 qram çəkisi olan 583 əyarlı kitaba oxşar dizayn edilmiş klonu olan ümumi dəyəri 500 manat təşkil edən qızıl boyunbağını gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 12000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə 14 may 2025-ci il tarixdə, saat 23 radələrində qonaq qismində olduğu Masallı rayonu, Miyənkü kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindəki şkafın üzərindən balansında 713 manat 52 qəpik pul olan 416973******9921 nömrəli Kapital Bank ASC-yə məxsus ödəniş kartını oğurladıqdan sonra 15 may 2025-ci il tarixdə Masallı şəhəri ərazisində yerləşən “Bazarstore” ərzaq mağazasının qarşısında quraşdırılmış bankomatda daxil edib kartın üzərində yazılmış ona məlum olan identifikasiya nömrəsini yığmaqla Zərərçəkmiş şəxs hesabından 710 manat pulu nağdlaşdırmaqla elektron məlumat daşıyıcısından istifadə etməklə gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs 710 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur. Suallara cavab olaraq bildirmişdir ki, Simranla tanış olduğu üçün evlərinə getmişdir. Zərərçəkmiş şəxs evdə öz aralarında danışarkən qızılların yerini eşitmişdir. Onun evində bir gün qaldıqdan sonra oğurluq etmək qərarına gəlmişdir. Oğurluğu tək törətmiş, ona heç kim dəstək verməmişdir. Oğurladığı qızılları isə Moskva univermağının yaxınlığında 4800 manat pula satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxsə 12000 manat yox, 7000 manat məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxs özü ilkin şikayət ərizəsində, onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimata baxılarkən, istintaq zamanı və məhkəmənin hazırlıq iclasında da, ona 7000 manat ziyan dəydiyini bildirmişdir. İstintaq zamanı müstəntiq dəymiş ziyanın 12000 manat olmasını deməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Fərman oğlu Simranla birlikdə gələrək onların evində qalmışdır. Onlar balıq ovuna getmişlər. X2 balıq yemi almağa getdiyini demişdir. Daha sonra əri ona zəng edərək kartdan pul çıxarıldığını bildirmişdir. Kart onun adına olsa da, yoldaşının nömrəsinə bağlıdır. Bu barədə məlumatlı olmamışlar, yoldaşı əvvəlcə özü öyrənmiş, sonra isə oğluna zəng etmişdir. Özü də, bilir ki, uşaq onlara demədən kartdan pul çıxartmaz. Kartdan 710 manat pul çıxarılmışdır. Həmin vaxt qızılların yoxa çıxmasından xəbərləri olmamışdır. Bundan sonra evin açarını götürərək Bakıya getmişlər, çünki Fərmanın oğurluq törədə biləcəyindən şübhələnmişlər. Oğlu 2025-ci ilin may ayında 7000 manat ziyan dəyməsi ilə bağlı polisə şikayət etmişdir, onlar isə səhərə yaxın Bakıya getmişlər. Qızılları yoldaşı aldığı üçün sonradan qiymətini ondan soruşmuş və 12000 manat olduğunu öyrənmişdir. Dəymiş ziyandan 7000 manat qaytarılmışdır, qalan 5000 manat ziyanı tələb edir. Zərərçəkmiş şəxs 03 fevral 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın 7000 manatı atası İdris Babayev tərəfindən ödənilmişdir. Qalan ziyanın 4000 manat olması və həmin məbləğin ödənilməsi ilə bağlı aralarında razılıq əldə olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş edir. 17 fevral 2026-cı il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, onun da, bir ananın övladı olduğunu nəzərə alaraq onun tutulmasını istəmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, Fərmanla Bakıda tanış olmuşdur, daha doğrusu, aralarında Türkanə adlı ortaq bir qız olmuşdur. Bir gün həmin qız ona Türkiyədən gələn qonaqları olduğunu demiş və onların evində qala biləcəyinin mümkün olub-olmadığını soruşmuşdur. Özü də, yaxşı bilmişdir ki, o, evdə tək qalmışdır. Həmin adamların necə insanlar olduğunu soruşmuş, o isə yaxşı insanlar olduğunu, onları yaxşı tanıdığını və onun narahat olmağına dəymədiyini bildirmişdir. Bir neçə gün sonra həmin şəxslər gəlmişlər. Gələnlər Fərman və onun dostu Elşən olmuşdur. Türkanə onları Masazırda yerləşən onun evində qoyub getmişdir. Bir müddət sonra Fərmanla Elşən arasında mübahisə yaranmış və onlar dava etmişlər. Elşən çıxıb getsə də, Fərman evdə qalmışdır. Fərmanla Türkanə arasında deyəsən, yaxın münasibət olmuşdur, lakin bunu dəqiq bilmir. Daha sonra Türkanə ilə Fərman sağollaşmış və əlaqələri kəsilmişdir. Fərmanın qalmağa yeri olmadığını bildiyi üçün kömək etmək məqsədilə onların evində qalmasını təklif etmişdir. Təxminən bir aya yaxın Fərman evlərində qalmışdır. Fərmana iş tapana qədər burada qala biləcəyini və ev tapana qədər də, ona kömək edəcəyəni demişdir. Daha sonra toy mərasimi olduğundan iki-üç günlük rayona getmişdir. Bir neçə gün keçəndən sonra balıq ovuna getməli olmuşlar, ona görə də, Fərman balıq yemi almaq lazım olduğunu demişdir. Sonradan məlum olmuşdur ki, o, artıq qızılları evdən oğurlamış, üst-üstə bir neçə jaket geyinərək qızılları ciblərinə doldurmuşdur. Onun isə bundan xəbəri olmamışdır. Daha sonra getmişlər və Fərman isə “burada gözlə, indi qayıdıram”, deyərək çıxıb getmişdir. Fərmanı gözləsə də, o geri qayıtmamış və nömrəsi işləməmişdir. WhatsApp vasitəsilə yazsa da, mesajlar bir xətt olaraq qalmış və cavab verməmişdir. Daha sonra atası zəng edərək kartdan 710 manat pul çıxarıb-çıxarmamasını və nəsə olub-olmamasını soruşmuş, o isə pul çıxarmadığını demişdir. Atası yenidən soruşmuş, o isə təkrar olaraq problemi olmadığını, pul çıxarmadığını və nəsə olsaydı, mütləq deyəcəyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, Fərman kartı da, qızılları da, götürmüşdür. Evə qayıdanda bunu tam şəkildə bilmişdir. Polisə özü şikayət etdiyi üçün qızılların dəyərinin təxminən 7000 manat olduğunu bildirmiş, lakin qızılları atası aldığı üçün sonradan ondan dəyərini soruşmuşlar və atası 12000 manat olduğunu demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdə, saat 18:48-də şübhəli şəxs qismində tutulmuşdur. - Masallı Rayon Məhkəməsinin 4(050)-52/2025 nömrəli, 17 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 15 iyul 2025-ci il tarixdən hesab edilmişdir. - 16 may 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi yer Masallı rayonu, Miyənkü kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli fərdi yaşayış evidir. - "xxxx" ASC-yə ünvanlanmış sorğuya cavabdan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş Kapital Bank ASC-yə məxsus 416973******9921 nömrəli bank kartının alansında 713.52 manat pul vəsaiti olmuş, həmin kart üzrə 15 may 2025-ci il tarixdə Masallı şəhəri, H.Əliyev prospkeitndə yerləşən “Bazarstore” ərzaq mağazasının önündəki bankomatdan 710 manat pul vəsaiti üzrə nağdlaşdırma əməliyyatının aparılması müəyyən edilmişdir. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 04 avqust 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Təqsirləndirilən şəxs 14 may 2025-ci il tarixdə, saat 23 radələrində oğurluq yolu ilə əldə etdiyi Masallı rayonu, Miyənkü kənd sakini Zərərçəkmiş şəxs Xudaşkür qızına məxsus qızıl-zinət əşyalarını Bakı şəhərində şəxsiyyətini müəyyən etmək mümkün olmayan Rəşad adlı şəxsin vasitəsilə satmış, lakin həmin qızıl-zinət əşyalarının konkret olaraq satıldığı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən hər hansı bir şəxsin köməklik göstərməsi müəyyən edilməmiş, onun dostu Şahid məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Ağaxan Abdullayev küçəsi, Viktoriya yaşayış kompleksində yerləşən 2 nömrəli binanın 51 nömrəli mənzilindən 2200 manat pulu oğurlaması əməliyyat yolu ilə sübuta yetməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi Zərərçəkmiş şəxs məxsus plastik kartı oğurlayıb içərisində olan 710 manat pul vəsaitini nağdlaşdırdıqdan sonra hara atmasını müəyyən etmək mümkün olmamışdır. - “Lənkəran şəhər Psixatriya Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 05 sentyabr 2025-ci il tarixli, 690 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Babayev X5 şəhər Psixatriya Xəstəxanasında qeydiyyatda deyil. - Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 15 sentyabr 2025-ci il tarixli, 5-39-2/3-152/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: atası X4, anası X3, qardaşı X6 və bacısı X7. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 28 iyul 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxxx 2004-cü ildə Biləsuvar rayonu, Bəydilli kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdiyi ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, Zərərçəkmiş şəxs məxsus ümumi çəkisi 30 qram olan 583 əyarlı brilyant qaşlı iki ədəd sırğa və bir ədəd üzükdən ibarət ümumi dəyəri 5950 manat təşkil edən bir ədəd qızıl dəstini, ümumi çəkisi 5,5 qram olan 583 əyarlı kitab formasında sadə yaşıl qaşlı bir cüt sırğa və bir ədəd üzükdən ibarət ümumi dəyəri 550 manat təşkil edən bir ədəd qızıl dəstini, ümumi çəkisi 4 qram olan 583 əyarlı ümumi dəyəri 400 manat təşkil edən bir cüt qızıl sırğanı, hər birinin çəkisi 3,5 qram olan 583 əyarlı kitaba oxşar dizayn edilmiş bir ədədinin qiyməti 350 manat olmaqla cəmi qiyməti 700 manat təşkil edən iki ədəd qızıl üzükləri, bir ədəd 19 qram çəkisi olan 750 əyarlı italyan istehsalı ümumi dəyəri 2464 manat təşkil edən qızıl qolbağı, bir ədəd 4 qram çəkisi olan 583 əyarlı brilyant qaşlı ümumi dəyəri 500 manat təşkil edən qızıl üzüyü, hər birinin çəkisi 3,12 qram olan 583 əyarlı sadə qaşlı bir ədədinin qiyməti 312 manat olmaqla cəmi qiyməti 936 manat təşkil edən ümumilikdə üç ədəd qızıl üzükləri, bir ədəd 5 qram çəkisi olan 583 əyarlı kitaba oxşar dizayn edilmiş klonu olan ümumi dəyəri 500 manat təşkil edən qızıl boyunbağını gizli yolla talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 12000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. - "xxxx" MMC-nin 25 avqust 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki,
1. qeyd olunmuş ümumi çəkisi 30 qram olan 583 əyarlı brilyant qaşlı bir cüt sırğa və bir ədəd üzükdən ibarət sırğa-üzük dəstinin qiyməti 2850 manatdır.
2. qeyd olunmuş ümumi çəkisi 4 qram olan 583 əyarlı bir cüt qızıl sırğanın qiyməti 360 manatdır.
3. qeyd olunmuş iki ədəd hər birinin çəkisi 3,5 qram olan 583 əyarlı kitaba oxşar dizayn edilmiş qızıl üzüklərin bir ədədinin qiyməti 420 manat olmaqla cəmi qiyməti 670 manatdır.
4. qeyd olunmuş bir ədəd 19 qram çəkisi olan 750 əyarlı italyan istehsalı qızıl qolbağın qiyməti 1900 manatdır.
5. qeyd olunmuş bir ədəd 4 qram çəkisi olan 583 əyarlı brilyant qaşlı qızıl üzüyün qiyməti 360 manatdır.
6. qeyd olunmuş üç ədəd hər birinin çəkisi 3,12 qram olan 583 əyarlı sadə qaşlı üzüklərin bir ədədinin qiyməti 280 manat olmaqla cəmi qiyməti 840 manatdır.
7. qeyd olunmuş beş ədəd 5 qram çəkisi olan 583 əyarlı kitaba oxşar dizayn edilmiş klonu olan qızıl boyunbağının qiyməti 450 manatdır. İstintaq orqanı tərəfindən alınmış "xxxx" MMC tərəfindən verilmiş 25 avqust 2025-ci il tarixli mütəxəssis rəyi toplanmış sübutlarla uzlaşmadığından və işin obyektiv hallarına uyğun gəlmədiyindən məhkəmə mütəxəssis rəyini iş üzrə mötəbər sübut kimi qəbul etmir və əşyaların faktiki dəyərini zərərçəkmiş şəxsin ifadələrində qeyd olunduğu kimi qəbul edir. Belə ki, Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 nömrəli qərarında qeyd olunmuşdur ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Göründüyü kimi zərərçəkmiş şəxs ifadələrində əmlakın qiyməti barədə məlumat vermişdir. Bundan başqa ümumi çəkisi 5,5 qram olan 583 əyarlı kitab formasında sadə yaşıl qaşlı bir cüt sırğa və bir ədəd üzüklə bağlı mütəxəssis rəy verməmiş, digər qızıl-zinət əşyalarının isə çəkisi və əyarı qeyd olunsa da, üzərində qaşların olub-olmaması, hansı qaşların ibarət olması, qızılların işlənmə forması barədə məlumatlar öz əksini tapmamışdır. Belə olan halda mütəxəssis rəyi mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə və 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır.Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələrinin sanksiyasında azadlıqdan məhrumetmə növündə alternativ cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdən 17 fevral 2026-cı il tarixədək həbsdə olduğu 7 (yeddi) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəzası saxlanılmalıdır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də, nəzərə almışdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən iş üzrə 120 (bir yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin hesabına (Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdən 17 fevral 2026-cı il tarixədək həbsdə olduğu 7 (yeddi) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Biləsuvar rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 120 (bir yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin hesabına (Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) keçirilsin Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov