Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-188/2024 19.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X14 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Xüsusi ittiham üzrə şikayətçi X5 iştirakları ilə. X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham üzrə şikayətçi X7 xüsusi ittiham qaydasında şikayət verərək X6 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət işi başlanmasını xahiş etmişlər. Xüsusi ittiham üzrə şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayonu Xallıcallı kəndində qeydiyyatda olan və yaşayan X12 ona qarşı yalan olduğunu bilə-bilə, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kənddə ictimayyət içərisində yalan məlumatlar yayaraq onun nüfuzuna xələl gətirmişdir. Yaşadığı ev və həyətyanı sahəsi hər tərəfli daş və çəpərlə bağlıdır. Oda səbəti ilə əlaqədar evdən həyətdən kənara çıxa bilmir. 27 avqust 2024-cü il tarixində ona Masallı rayon RPŞ-dən Zaur adlı təqiqatçısı zəng edərək ondan şikayət olduğunu şöbəyə gəlməsin demişdir. O, şöbəyə getdikdə ona məlum olmuşdur ki, qonşusu ondan 3 ev aralıda yaşayan yaşlı bir qadın adı X4 rayon şöbəsinə müraciət edərək bildirmişdir ki, onu döyüblər ayağını və ayaq barmağını X1. O, Tədqiqat şöbəsinə gedərək ərizə vermişdir ki, bu tamamilə yalandır və onlar uzaq qonşudurlar. Qeyd edir ki, Əliyeva Tamamzər adlı qonşusu onlar söyüşəndə onların həyətdə olmuşdur. Sonradan ona məlum olmuşdur ki, X2 rayon Mərkəzi Xəstəxanasına xx.xx.2024-cü ildə mərkəzin travmatoioji şöbəsinə müraciət etmiş, orada kitaba qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixindən 20 gün əvvəl ayağı və baş barmaqlarının sınması kitabda qeydiyyata alınmışdır. Qeydiyyat kitabında ayağın yıxılaraq sınması qeydiyyata alınmışdır. Ondan yalan olaraq böhtançılıq edən X10 xəstəxanaya müraciət etdiyi tarixdən 19 gün sonra ondan şikayyət etmişdir. Masallı rayon Polis Şöbəsində araşdırılmışdır ki, X12 onu söymüş təhqir etmişdir, sadəcə onlar kənardan söyüşmüşlər. Masallı rayon polis şöbəsində müraciərt araşdırılmış, müraciətin yalan olması və zərərçəkmiş olan X6 xx.xx.2024-cü ildə Mərkəzi xəstəxanaya müraciət etməsi aşkarlanmışdır. Böhtançı hər bir halda hərəkətinə görə cavab verməlidir. İstisna deyil ki, X12 bu işə təhrik edən şəxslərin niyyətləri olmuşdur. Şikayətçi dəfələrlə eyni hərəkəti təkrarlayır, yalan məlumatiatlarla onu böhtanlayır. Onu ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə yalan olduğunu bilə-bilə onu ləkəyib nüfuzdan salır. Böhtan ataraq onu ağır cinayətlərlə ittiham etməsi səbəbindən onun barəsində Azərbaycan Respublikası CMnin 147.2-ci maddəsi ilə cinayət işi başlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 147ci maddəsinin izahında göstərilmişdir ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Həmin Maddənin 147.2-ci maddəsinin tələbinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə yalan olduğunu bila-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlarla böhtan atma ilə əlaqədar iki ilədək müddətə islah işləri və ya üç itədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə iclasında xüsusi ittiham üzrə şikayətçi X7 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham üzrə şikayəti və dəlillərini araşdıraraq hesab edir ki, məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1.-293.3.7.-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: -293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); -293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); -293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; -293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Verilmiş şikayətin məzmunundan göründüyü kimi yuxarıda sadalanan məlumatlar şikayətdə qeyd olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3. və 299.3.3.-cü maddələrinə əsasən məhkəmə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə baxır. Məhkəmə həmçinin qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə X6 X7 barəsində hansı kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmiş və ya şikayətə əlavə edilməmişdir. Verilmiş şikayətdən və şikayətçinin məhkəmə iclasında vermiş olduğu ifadəsindən göründüyü kimi X3 Nəzakət Murad qızı barəsində müəyyən orqanlara şikayətlər etmiş və həmin şikayətlər əsasında araşdırma aparılmışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 № li qərarının 10 bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə - təqsirləndirilən şəxs qismində tanınırlar. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 № li qərarının 12 bəndinə əsasən, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Həmin Məcəllənin 300.1. və 300.1.3.-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1. və 302.1.3-cü maddələrinin tələbinə görə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1,8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respubliası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə göstərilən prosessual tələblərə əsasən qeyd edir ki, verilmiş xüsusi ittiham üzrə şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Ona görə də məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300-302-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı üçün məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-188/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-188/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver