Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-189/2025 03.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Masallı rayonu, Xıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, sonuncu dəfə Masallı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə qəti olaraq 01 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2500 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı rayonu Xıl kəndində qeydiyyatda olmaqla, Masallı şəhəri H.Əliyev prospekti ev 19-da yaşayan, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi ilə 03 ədəd bükümdə xeyli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 17:35də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib üzərində saxlamasında və daşımasında şübhəli olduğundan Masallı şəhəri “Azərbaycan” küçəsində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd qızılı rəngli kağız bükümün içərisindən 03 ədəd qızılı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,085 qr, 0,317 qr və 0,127 qram olmaqla ümumi təmiz çəkisi 0,529 qram olan xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən xeyli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 ildir narkotik maddə xəstəsi və istifadəçisidir, son zamanlar əsasən narkotik vasitə heroin qəbul edir. Narkotiklərdən qanunsuz istifadəyə və oğurluğa görə əvvəllər dəfələrlə məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 13 radələrində ağrıları olduğundan istifadə etmək üçün Lənkəran şəhərinə gedib oradan narkotik vasitə heroin almaq qərarına gəlmişdir. Lakin, pulu olmadığından anasından 50 manat pul istəmiş, yalandan Lənkəran şəhərinə gedib xəstəxanada özünü həkimə göstərib müayinə etdirəcəyini demişdir. Anasından 50 manat pulu aldıqdan sonra yaşadığı evdən çıxıb Lənkəran şəhərinə getmiş, orada əvvəllər tanımadığı, lakin narkotik aludəçisinə oxşatdığı şəxslə rastlaşmış, şəxsi istifadəsi üçün həmin şəxsdən narkotik vasitə istəmişdir. Həmin şəxslə razılaşdıqdan sonra 3 ədəd bükümdə təxminən yarım qıram ağırlığında bükümləri almış, bunun müqabilində həmin şəxsə 50 manat pul vermişdir. Daha sonra Masallı şəhərinə geri qayıtmışdır. Daha sonra piyada yaxınlıqda olan Masallı şəhəri “Azərbaycan” küçəsinə gedib orada heroini istifadə etmək üçün özünə uyğun yer axtardığı zaman dörd nəfər şəxsin videokamera ilə ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişlər. Sonra polis əməkdaşları üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşlar. Polis əməkdaşlarına üzərində narkotik vasitə heroin olduğunu etiraf etmiş, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü və sol yan cibindən bir ədəd “Honor” markalı mobil telefonu çıxardıb polis əməkdaşlarına təqdim edərək təqdim etdiyi bükümün içərisində 3 ədəd bükümdə narkotik vasitə heroin olduğunu və həmin heroini Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə tanımadığı bir nəfər şəxsdən 50 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Bundan sonra yenidən üzərinə baxış keçirilsə də, lakin üzərindən qanunla qadağan edilmiş əlavə heç bir şey aşkar edilməmişdir. O, həmçinin bildirmişdir ki, Şahid5 ilə yaxın münasibətləri olmuş, 5-6 dəfə ona narkotik vasitə satmışdır. Lakin, xx.xx.2025-ci il tarixdə Şahid5 “20 manat at bəsdir” məzmununda mesaj yazarkən ona narkotik vasitə satmaq niyyətində olmamış, sadəcə olaraq borca pul istəmişdir. Şahid5 da onun mesajına heç bir cavab verməmiş və pul göndərməmişdir. Qeyd edilən mesajla bağlı ibtidai istinaqda ifadə verdiyi zaman ifadəsi müstəntiq tərəfindən səhv yazılmış, guya həmin mesajı Mirqasıma narkotik vasitə satmaq istəməyilə bağlı yazdığı qeyd edilmişdir. Halbuki ifadə verdiyi zaman belə bir məzmunda ifadə verməmişdir. O, heroini üç bükümdə almaqda məqsədinin həmin bükümləri satmaq olmadığını, hər dəfə narkotik vasitə axtarmamaq üçün 3 büküm aldığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs qeyd olunanları nəzərə alaraq ona ədalətli cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi xx.xx.2025-ci il tarixli ifadəsinin ziddiyyətli hissəsi elan edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, Mirasım Qədirovu tanıyır, həqiqətən də əvvəllər ona Masallı şəhəri ərazisində 5-6 dəfə hər dəfə bir büküm olmaqla 10 manat pulun müqabilində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmışdır. 22 iyul 2025-ci il tarixdə Mirqasıma narkotik maddə satmaq üçün “20 manat at bəsdir” məzmunda mesaj yazmış, lakin Mirqasım mesajına cavab vermədiyindən ona həmin vaxt narkotik vasitə sata bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, saxlanıldığı vaxtadək Təqsirləndirilən şəxs tanımamışdır. xx.xx.2025-ci il tarixdə ona Masallı rayonu Xıl kəndində qeydiyyatda olmaqla Masallı şəhəri H.Əliyev prospektində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamasında və dövriyyəsində şübhəli olması barədə CABnin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olduğundan xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri “Azərbaycan” küçəsində hərəkətdə olduğunu görüb, polis əməkdaşları ilə birlikdə ona videoçəkiliş aparmaqla yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra CAB-nın əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ondan üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra həmin yerdə özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü və sol yan cibindən bir ədəd “Honor” markalı mobil telefonu çıxardıb təqdim edərək təqdim etdiyi bükümün içərisində 3 ədəd bükümdə narkotik vasitə heroin olduğunu və həmin heroinləri Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə tanımadığı bir nəfər şəxsdən 50 manat pulun müqabilində alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Əlvin Ələkbərli tərəfindən həmin bir ədəd qızılı rəngli bükümdə kağızı açıb içinə baxmış, həqiqətən də orada 3 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə olduğunu görmüşdür. Sonra həmin 3 ədəd bükümdə heroinə oxşar maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və müvafiq olaraq birinci bükümün çəkisinin 0,16 qr, ikincisinin 0,15 qr, üçüncüsünün 0,37 qr olmaqla ümumi çəkisinin isə 0,73 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2025-ci il tarixdə saxlanılıb üzəri yoxlanılarkən və polis şöbəsinə gətirildikdə ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərilməmişdir. Həmçinin, Canpolad İslamovun barəsində narkotik vasitələrin istifadə ilə bağlı məlumat daxil olduğunu, satışı ilə bağlı əvvəlcədən hər hansı məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Masallı RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid2 ifadələrindən görünür ki, onlar oxşar məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o əvvəllər oğurluq və narkotiklərdən qanunsuz istifadə etdiyinə görə bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə isə 2024-cü ilin dekabr ayında Masallı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda da həmin hökm üzrə təyin edilmiş cəzanı çəkməkdə davam edir. Masallı şəhər sakini Təqsirləndirilən şəxs təxminən 5 ildir tanıyır, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, o, narkotik aludəçisi olduğundan əvvəllər təxminən 2-3 dəfə ayrı-ayrı vaxtlarda dəqiq xatırlamadığı tarixlərdə Masallı şəhəri ərazisində Təqsirləndirilən şəxs təminən 5-10 manat məbləğ müqabilində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü ildə narkotiklərdən qanunsuz istifadəyə görə tutulduğu vaxtdan sonra narkotik maddələrin qəbulunu dayandırmışdır. Əvvəllər taksi sürücüsü işlədiyi vaxtlarda Təqsirləndirilən şəxs ondan bir neçə dəfə borc olaraq pul istəmiş, sonuncuya bir neçdə dəfə borca pul vermişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 051 963 69 77 saylı mobil nömrəsindən onun istifadəsində olan mobil telefona zəng edərək borca pul istəmiş, pulunun olmadığnı ona bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin günü ona bir neçə dəfə zəng etsə də, onun telefonlarına cavab verməmişdir. Həmin günü işdə olmuşdur. Təqsirləndirilən şəxs zənglərinə cavab vermədiyindən sonuncu ona “20 manat at bəsdi” məzmunlu mesaj yazmışdır. Canpolatın həmin məzmunda mesaj yazmaqda məqsədi ondan borca 20 manat pul istəməsi olmuşdur. Həmin vaxt pulu olmadığından Təqsirləndirilən şəxs mesajına heç bir cavab verməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsinin düzgün olmadığını, Canpolatın ona qeyd edilən məzmunda mesajı yazaraq pul istəyərkən ona narkotik vasitə satmaq niyyəti olmamış, ümumiyyətlə həmin ərəfədə aralarında narkotik vasitə ilə bağlı danışıqlar, sövdləşmə olmamışdır. İbtidai istintaq zamanı bildirdikləri yazılı ifadəsinə düzgün yazılmamışdır. Məhkum edildikdən sonra Canpolatla narkotiklə bağlı aralarında hər hansı söhbət olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq və CD diskə baxış keçirilərək tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o əvvəllər oğurluq və narkotiklərdən qanunsuz istifadə etdiyinə görə 3 dəfə məhkum olunmuşdur, sonuncu dəfə isə 2024-cü ilin dekabr ayında Masallı Rayon Məhkəməsinin hökmü üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda da həmin hökm üzrə təyin edilmiş cəzanı çəkməkdə davam edir. Masallı şəhər sakini Təqsirləndirilən şəxs təxminən 5 ildir tanıyır, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, o narkotik alüdəçisi olduğundan əvvəllər təxminən 5-6 dəfə ayr-ayrı vaxtlarda dəqiq xatırlamadığı tarixlərdə Masallı şəhəri ərazisində Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb istifadə etmişdir. O, adətən Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini hər dəfə bir büküm (çet) olmaqla 10 manat pula Masallı şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında heç kimin görmədiyi şəraitdə alıb qəbul etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü ildə narkotiklərdən qanunsuz istifadəyə görə tutulduğu vaxtdan sonra narkotik maddələrin qəbulunu dayandırmışdır, lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondan ona zənglər edib və mesajlar yazaraq satılıq narkotik maddələr olduğunu demişdir və almağını təklif etmişdir. Həmin tipli mesajlardan birini Canpolat ona sonuncu dəfə xx.xx.2025-ci il tarixdə istifadəsində olan 051 963 69 77 saylı mobil nömrədən istifadəsindəki 050 886 80 42 saylı mobil nömrəyə yazmışdır. Belə ki, Canpolat həmin vaxtı ona yazdığı sms mesajında “20 manat at bəsdi” sözlərini işlətmişdir. Canpolatın həmin məzmunda mesaj yazmaqda məqsədi ona 20 manata narkotik maddə satmaq istəyi olmuşdur, lakin o narkotik maddələrin istifadəsini dayandırdığı üçün Canpolata cavab verməmiş, hər hansı məbləğdə pul verməmiş və ondan həmin vaxtı heç bir narkotik maddə almamışdır. Bundan sonra onun Təqsirləndirilən şəxsla arasında heç bir danışığı və əlaqəsi olmamışdır və bir müddət sonra Canpolatın narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb edildiyini öyrənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:35-də Masallı şəhəri Azərbaycan küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü və sol yan cibindən bir ədəd “Honor” markalı mobil telefonu çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümün içərisində 3 ədəd bükümdə narkotik vasitə heroin olduğunu və həmin heroinləri Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə tanımadığı bir nəfər şəxsdən 50 manat pulun müqabilində alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş sellofan bükülülərə ayrı-ayrılıqda baxış keçirilərkən onun narkotik vasitə heroinə bənzər maddələr olduğunu görmüşdür. Sonra həmin 3 ədəd bükümdə heroinə oxşar maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilməklə çəkiləri 0,16 qram, 0,15 qram və 0,37 qram olmaqla ümumi çəkisinin isə 0,73 (sıfır tam yetmiş üç) qram olduğunu müəyyən etmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanmış, icraata qəbul edilərək istintaqı aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə kimyəvi ekspertizasının 17 avqust 2025-ci il tarixli, 19/332 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,085 qram, 0,317 qram və 0,127 qram; ümumi təmiz çəkisi 0,529 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroinin ümumi təmiz çəkisi 0,529 qram, tədqiqata sərf edildi -0,09 qram (hər ob.-0,03 ram), qalıq -0,439 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X6 Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli 454 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,439 qram olan narkotik vasitə heroin xx.xx.2025-ci il tarixdə maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd və “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd olmaqla, ümumilikdə 02 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Həmçinin, istintaq zamanı "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 21631 nömrəli məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan 051 963 69 77 saylı mobil telefon nömrə ilə danışıqlarını əks etdirən 01 ədəd diskə xx.xx.2025-ci il tarixdə tərəfimdən baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:28-də Yardımlı rayonu Zevin kəndində qeydiyyatda olmaqla Masallı rayonu Ağakişibəyli kəndində yaşayan Şahid5 istifadəsində olan 050 886 80 42 saylı mobil nömrəyə narkotik maddə satmaq məqsədi ilə “20 manat at bəsdi” məzmununda mesajı yazması müəyyən edildiyindən həmin telefon danışıqlarını əks etdirən 01 ədəd disk iş üzrə əhəmiyyətli olduğundan xx.xx.2025-ci il tarixdə sübut növü qismində tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(050)-219/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası və 2500 manat cərimə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən hökmdən residivn olmasına dair müddəa xaric edilməklə azadlıqdan məhrum etmə cəzası 1 il 09 ay müddətə endirilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə qəti olaraq 1 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzası 06 ay müddətə azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində “8 noyabr-Zəfər Günü” münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilməklə cərimə cəzasından azad edilmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, İslamov X3 rayonu, Xıl kəndində qeydiyyatda olmasına baxmayaraq, Masallı şəhərində yaşayır. Bir nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Canpolad İslamovun “20 manat at bəsdir” məzmunlu mesaj yazmaqla Şahid5 narkotik vasitə satmaq niyyətinin olduğu sübutların qarşılıqlı təhlili nəticəsində sübuta yetirilir. Canpolad İslamov ibtidai istintaq zamanı verdiyi 20 sentyabr 2025-ci il tarixli ifadəsində də bunu təsdiq etmişdir. Məhkəmə hesab edir ki, o, məhkəmə istintaqında ifadə verərkən həmin ifadəsinin həmin hissəsini təkzib etməklə məsuliyyətdən azad edilməsi üçün özünü müdafiə xarakterli ifadə vermişdir. Belə ki, o, həm ibtidai istinaq zamanı, həm də məhkəmə istintaqında əvvəllər Mirasım Qədirova narkotik vasitələri pul müqabilində satdığını etiraf etmiş, lakin sonuncu dəfə mesaj yazdığı zamanı belə bir niyyətinin olmadığını göstərsə də, həmin mesajın 22 iyul 2025-ci il tarixdə yazılmasını və bundan sonrakı tarixdə X4 rayonundan 3 bükümdə narkotik vasitə alması, həqiqətən də, onun Mirasım Qədirovdan pul istəyərkən niyyətinin ona narkotik vasitə satmaq olduğunu təsdiq edir. Məhkəmə şahid qismində dindirilmiş Şahid5 ifadəsinə qiymət verərək göstərir ki, o, ibtidai istintaqda verdiyi ifadəsindən fərqli ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 051 963 69 77 saylı mobil nömrəsindən onun istifadəsində olan 050 886 80 42 saylı nömrəyə “20 manat at bəsdi” məzmunlu mesaj yazmaqda məqsədi ondan borca pul almaq olmuş, həmin mesaj narkotik vasitənin satmaq niyyəti ilə yazılmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, onun ifadəsi həmin hissədə inandırıcı olmamışdır. Çünki onun ibtidai istintaq zamanı həm yazılı, həm də videoçəkiliş vasitəsi ilə ifadəsi alınmış, o, həmin ifadələrində qeyd edilən mesajı Təqsirləndirilən şəxs ona narkotik vasitə satmaq niyyəti ilə yazdığını bildirmişdir. Görünür ki, Şahid5 sonradan onun ifadəsi əsasında təqsirləndirilən şəxsə narkotik vasitənin satışı ilə bağlı ittiham irəli sürüldüyünü anlamış və sonuncunun daha ağır məsuliyyətə cəlb edilməməsi üçün məhkəmə istintaqında yalan danışaraq 20 manat pulun ondan narkotik vasitənin satışı üçün istənilmədiyini bildirmişdir. O, həmçinin istintaqda və məhkəmədə verdiyi ifadələrində əvvəllər Canpolad İslamovun ona narkotik vasitə satdığını etiraf etmişdir. Canpolad İslamovun əvvəllər Şahid5 narkotik vasitə satması halının olması, məhz sonuncudan 22 iyul 2025-ci il tarixdə mesaj yazaraq 20 manat pul istəməsi, bundan sonra isə, yəni mesaj yazıldığı tarixdən sonrakı vaxtda 16 avqust 2025-ci il tarixdə Lənkəran rayonundan bir büküm deyil, üç bükümdə heroin alması vəziyyəti onu deməyə əsas verir ki, Canpolad İslamov həmin mesajı Mirqasıma narkotik vasitə satmaq niyyəti ilə yazmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə video çəkilişin aparılmasına dair CD disklər, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma- üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan ağırlaşdırıcı hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən qəti cəza tam çəkilib qurtardıqdan sonra məhkumluğun ödənilmə müddətinin başlanması və təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş qəti cəzanın tərkib hissəsi kimi müstəqil cəza növü kimi təyin edilmiş cərimə cəzası onun tərəfindən vaxtında ödənilmədiyindən onun əvvəllər yaranmış məhkumluqları ödənilməmiş və nəticədə o, sonuncu cinayət əməlini törədərkən təhlükəli residivə yol vermişdir. Məhkəmə bu mövqeyini izah etmək üçün bununla bağlı Konstitusiya Məhkəməsinin aşağıda qeyd edilən qərarlarına istinad etməyi zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxs təyin olunmuş cəzalardan birini çəkməkdə davam etdiyi vəziyyətdə (nə qədər ki bu cəza qəti cəzanın tərkib elementidir) o, hökmlə müəyyən edilmiş cəzanı çəkib qurtarmış hesab edilə bilməz və bu səbəbdən ayrıca olaraq çəkilib qurtarmış cəzaya görə məhkumluğun ödənilməsi müddətinin axımının başlanması istisna edilir. Qəti cəzanın tərkibinə daxil olan cərimə cəzasının residivin müəyyən edilməsi zamanı nəzərə alınmamasının mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə dair qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində məhz azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın yaratmış olduğu məhkumluğun nəzərə alınmaması müəyyən edildiyindən, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın tərkib elementi olan cərimə cəzası residivin yaranmasına səbəb olmayan məhkumluq kimi qiymətləndirilə bilməz. Bu halda cinayətlərin residivi bütün cəzalar çəkilib qurtardıqdan, o cümlədən cərimə cəzası ödənildikdən sonra məhz azadlıqdan məhrum etmə cəzasına görə axmağa başlamış, lakin hələ bitməyən məhkumluğun ödənilməsi müddətində qəsdən yeni cinayətin törədilməsinə görə müəyyən edilir. Başqa sözlə, residivi şərtləndirən hallar qismində şəxsin üzərində azadlıqdan məhrum etmə cəzası ilə bağlı ödənilməyən məhkumluğun olması və qəsdən yeni cinayətin törədilməsi çıxış edir. Əks yanaşma, vahid hökmlə təyin olunmuş hər bir cəzanın müstəqil hesablanan bir neçə məhkumluq yaratması, həmçinin eyni bir hökmlə müxtəlif cəzalara məhkum olunmuş şəxsin həm məhkumluğu ödənilən, həm ödənilməyən, hətta cəza çəkən şəxs statusunda ola bilməsi kimi yanlış nəticəyə gətirib çıxarar. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vahid hökmlə təyin edilmiş qəti cəzanın və onun yaratmış olduğu məhkumluğun bölünməsinə yol verilmədiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbləri baxımından cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə və digər cəzaya məhkum olunmuş şəxsin məhkumluğunun ödənilməsi müddətinin başlanğıcı qəti cəzanı çəkib qurtardığı və ya cəzadan azad edildiyi andan hesablanmalı, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə isə əməlində residiv müəyyən edilməli və bu hal cinayət qanununun prinsipləri ilə uzlaşmayan vəziyyət kimi qiymətləndirilməməlidir. Bundan başqa “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası və 2500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad olunmuş, daha sonra yenidən Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə, 1 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və əvvəlki hökmlə çəkilməmiş 2500 manat cərimə cəzası birləşdirilməklə qəti cəza təyin edilmiş, xx.xx.2022-ci ildə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 2.11ci bəndi tətbiq edilməklə cərimə cəzasından azad edilmişdir. Belə olan halda, yuxarıda qeyd edilən plenum qərarlarında sərgilənən hüquqi mövqeyə əsasən Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət əməllərini törətdiyinə görə ona hökmlərin məcmusu üzrə qəti cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarını faktiki olaraq çəkib qurtarsa da, qəti cəzanın tərkib hissəsi olan cərimə cəzasını icra etmədiyindən əvvəllər yaranmış məhkumluqları da ödənilməmiş qalmaqda davam etmiş, sonuncu dəfə ona təyin edilmiş qəti cəza üzrə cərimə cəzasından xx.xx.2023-cü il tarixdə azad edildiyindən məhkumluğun ödənilmə müddəti də həmin tarixdən başlamış, həmin vaxtdan az ağır cinayətə görə məhkumluğunun ödənilmə müddəti kimi nəzərdə tutulmuş iki illik müddət keçməmiş, xx.xx.2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət əməlini törətməklə cinayətlərin təhlükəli resdivinə yol vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivi yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər törətdiyi analoji cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğunun ödənilməməsi və götürülməməsini), o cümlədən cəzanı yüngülləşdirən halın olmaması, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 avqust 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2025-ci il tarixdə saat 17:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tutulmuş şəxsin azad edilməsi və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə 18 avqsust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin hazırlıq iclasının xx.xx.2025-ci il tarixli 1(050)-189/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və dərhal məhkəmə iclas zalında həbs edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, Ərazi Narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 0,439 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin videogörüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk, Şahid5 ibtidai istintaq oranı tərəfindən şahid qismində dondirilməsini görünütlərini əks etdirən 01 ədəd CD disk və "xxxx" MMC-dən təqdim edilmiş telefon məlumatlarını əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 9 saat üçün nəzərdə tutulan 99 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 16 avqust 2025-ci il tarixdən 18 avqust 2025-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 13 oktyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Ərazi Narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,439 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin videogörüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk, Şahid5 ibtidai istintaq orqanı tərəfindən şahid qismində dindirilməsi görüntülərini əks etdirən 01 ədəd CD disk və "xxxx" MMC-dən təqdim edilmiş telefon məlumatlarını əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 9 saat üçün nəzərdə tutulan 99 (doxsan doqquz) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************). Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-189/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-189/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver