Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-19/2023 09.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 19 iyun 1971-ci il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Laçın rayonu, Nağdalı kəndində qeydiyyatda olmaqla, Masallı şəhəri, Heydər Əliyev prospektində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər saatlarında Masallı şəhəri, C.Cabbarlı küçəsi ev 24-də yaşayış yeri üzrə qeydiyyatda olan X1 məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 13 noyabr 2022-ci il tarixdə, saat 09 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “Wolkswagen Jetta” markalı **-RE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq Masallı Rayon Polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,344 qram olan ağ rəngli kristal formada olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Laçın rayonu, Nağdalı kəndində qeydiyyatda olmaqla uzun illərdir ki, Masallı şəhəri, H.Əliyev prospektində ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus olan “Wolkswagen Jetta” markalı **-RE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var. Həmin avtomobil ilə aradabir taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə bədənində ağrılar olduğundan səhər saatlarından qonşulquda yaşayan Renad adlı şəxsin evinə gedərək ondan şəxsi istifadəsi məqsədi ilə ona psixotrop maddə olan metamfetamin verməsini xahiş etmişdir. Renadın narklotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasından qabaqcadan məlumatı var imiş. Lakin onunla münasibəti olduğundan Renad ona ağ kağıza bükülmüş psixotrop maddə olan metamfetamini pul qarşılığında satmamış və istifadəsi üçün həddiyə olaraq vermişdir. Bundan sonra ondan aldığı ağ kağıza bükülmüş metamfetamini şalvarının sağ yan cibinə qoyaraq saat 09 radələrində özünə məxsus “Wolkswagen Jetta” markalı avtomobili ilə Masallı şəhərinə doğru hərəkət etmişdir. Masallı şəhəri, H.Əliyev prospektində avtomobili ilə hərəkətdə olan zaman Masallı RPŞ-nin DYPB-nin əməkdaşları avtomobilini saxlatdırmışlar. Həmin vaxt əlavə olaraq iki nəfər mülki geyimli şəxslər də ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə, üzərində daşımaqda şübhəli olduğumu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşlar. O, şəxsi istifadəsi üçün üzərində psixotrop madəd olan metamfetamin saxladığını etiraf etmişdir. Polis əməkdaşları ilə özünə məxsus “Wolkswagen Jetta” markalı **-RE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə birlikdə polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər özünü təhqiqatçı Abbasağa Paşayev kimi təqdim etmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirildikdən sonra ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə təhqiqatçı üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirməyə başlamışdır. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O, da əynində olan şalvarının sağ yan cibindən ağ kağıza bükülmüş içərisində metamfetamin olan bükülünü, həmçinin bir ədəd alışqanı və içərisində siqaret olan “winçester” yazılı siqaret qutusunu masanın üzərinə qoyaraq həmin bükümü şəxsi istifadəsi üçün Renad adlı qonşusundan aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərində olan paltarlarına şəxsi axtarış keçirilmişdir. Lakin hər hansı bir başqa şübhəli əşya predmentə rast gəlinməmişdir. Təhqiqatçı tərəfindən həmin bükülü elektron tərəzidə çəkilmiş və çəkisi 0,73 qram müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Bəxiyar oğlu ifadəsində göstərdi ki, Masallı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Laçın rayonunda qeydiyyatda olmaqla Masallı şəhəri H.Əliyev prospektində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitləri və psixotrop maddələri üzərində və idarə etdiyi **-RE-*** dövlət qeydiyyat nişanlı, “Wolkswagen Jetta” markalı avtomobilində saxlaması, gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında şöbə rəisinin əmri ilə qrup rəhbəri kimi ondan qrup üzvləri kimi təhqiqatçı Abbasağa Paşayevdən, əməliyyat müvəkkili Şahid4, YPX-nin inspektorları Şahid2 və Şahid3 ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs **-RE-*** dövlət qeydiyyat nişanlı, “Wolkswagen Jetta” markalı avtomobili ilə Masallı şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman RPŞ-nin DYP-nin YPX-nin inspektorları Şahid2 və Şahid3 tərəfindən saxlanılmışlar. Bundan sonra Şahid4 və o, Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını dedikdən sonra, ona narkotik vasitələrin qəbulunda, üzərində və avtomobilində gəzdirməsində şübhəli olmasını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi üçün əlverişli şərait olmadığından onu avtomobili ilə birlikldə Masallı RPŞ-yə gətirmişlər. Şifahi olaraq Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitə olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs üzərində şəxsi istifadə üçün bir büküm metamfetamin olmasını bildirmişdir. Masallı RPŞ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı Abbasağa Paşayevin xidməti otağına gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Abbasağa Paşayev tərəfindən şübhəli şəxs kimi tutularaq ona hüquqları izah olunmuş və dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra təhqiqatçı videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlamışdır. Şəxsi axtarış başladıqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünü, əynində olan qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd alışqanı və üzərinə “winchester” yazılmış siqaret qutusunu çıxaraq stolun üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümün içərisində olan maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün Renad adlı qonşusundan əldə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən həmin kağız bükülü açılan zaman Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən qeyd edilən metamfetamin elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,73 qram olması müəyyən olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan digər paltarlarına baxış keçirilsə də onun üzərindən, qanunla qadağan edilmiş əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən üzərinə “winchester” yazılmış və içərisində üç ədəd magna yazılı siqaret olan qutu və bir ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib etmiş və tərəflərindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid3, həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 və Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru Şahid2 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadələrindən görünür ki, onlar oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs olan şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünü təqdim edərək, bükümdə olan maddənin psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi, həmçinin idarə etdiyi idarə etdiyi **-RE-*** dövlət qeydiyyat nişanlı, “Wolkswagen Jetta” markalı avtomobilində baxış zamanı qanunla qadaan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmaması müəyyən edildi. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2022-ci il tarixli, 19/1162 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-0,344 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. (Metamfetaminin təmiz çəkisi 0,344 qram, tədqiqata sərf olundu, 0,05 qram, qalıq 0,294 qramdır.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X2 X10 Yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli, 1179 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Maddi sübutun tanınması və təhvil verilməsi haqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,294 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi 13 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Masallı Rayon Mənzi İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonu, Nağdalı kəndində qeydiyyatda olmasına baxmayaraq 8 ildən yuxarı Masallı şəhəri, Qarabağ küçəsi, bina 13 B, mənzil 26 qnvanında yaşamışdır. Ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış və birgə yaşayış qaydalarına əməl etmişdir. Onun hərəkətləri barədə qonşuları tərəfindən heç bir şikayət daxil olmamışdır. AZ-İV 344281 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxs, anası X4 göstərilmişdir. AZ-İV 303916 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxs, anası X9 qeyd edilmişdir. AZ-İV 608255 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxs, anası X9 qeyd edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdiran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 59.2-ci maddəsin əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs, əməlini səmimi etiraf edərək, törətdiyi əmələ görə peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə saat 09:35-də şübhəli şəxs qismində tutulmuş və 15 noyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həmin tarixdə saat 09:00-a saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicəyə ehtiyacı var. Odur ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 0,294 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən 1 ədəd video CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 13 noyabr 2022-ci il tarixindən 15 noyabr 2022-ci il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,294 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-19/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-19/2023
09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver