Məhkəmə qərarları › İş №1(050)-190/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-190/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-190/2024 24.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1990-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, H.Səmədov küçəsi ev 68-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri C.Cabbarlı küçəsində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi 0,505 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2-3 aydırki narkotik vasitələrdən istifadə edir. Üzərindən aşkar olunmuş narkotik vasitəni saxlanılmazdan təxminən 7 həftə öncə Masallı rayonunda özünü adını Kamran kimi bildiyi tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Təxminin bir həftə sonra saat 21-22 radələrində Masallı şəhəri C.Cabbarlı küçəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Masallı şəhəri, H.Səmədov küçəsi ev 68-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə əmr hazırlanmış və o həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin TB-nin təhqiqatçısı Əli Sadıqov və PPXB-nün polis nəfəri Elvin Ələkbərli təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, C.Cabbarlı küçəsində olması barədə məlumat əldə etdikdən sonra E. Ələkbərli ilə birlikdə həmin yerə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs tək piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğu üçün yaxınlaşdıqlarını bildirmişdir. Sonra ondan şifahi formada üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona üzərinə şəxsi-axtarış keçirilməsi üçün birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Masallı rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçı Əli Sadıqovun xidməti otağına aparmış və bu barədə aidiyyəti üzrə raportla məruzə etmişdir. Bundan sonra təhqiqatçısı X9 Məmmədova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Sonra istəyinə əsasən müdafiəçi qismində Müdafiəçi RPŞ-yə dəvət olunmuşdur. Daha sonra təhqiqatçısı X9 Məmmədova üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Təhqiqatçı əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümdə maddəni və sol yan cibindən “samsung” markalı mobil telefonu çıxardıb təqdim edərək təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinin olduğunu və həmin heroini xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində Masallı şəhəri, “Könə bazar” adlanan ərazidə tanımadığı Kamran adlı şəxsdən şəxsi istifadəsi üçün 15 manat pulun müqabilində alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Əli Sadıqov təqdim olunmuş bir ədəd bükümü açıb yaxından baxdıqda onun narkotik vasitə heroinə bənzər maddə olduğunu görmüşdür. Sonra həmin heroinə bənzər maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,57 (sıfır tam yüzdə əlli yeddi) qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin narkotik maddə və mobil telofon qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Əli Sadıqov keçirilən şəxsi-axtarış barədə protokol tərtib etmiş, həmin protokolu uca səslə oxumuş və o da digər şəxlərlə birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2024-cü il tarixdə saxlanılıb polis şöbəsinə gətirildikdə və orada üzərinə şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü olaraq əynindəki boz rəngli şalvarın sağ yan cibindən çıxararaq təhqiqatçıya təqdim etdiyi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin materialların məhkəmə ekspertizası, Məhkəmə kimyəvi eskpertizasının 24 iyul 2024-cü il tarixli, 19/570 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,505 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi- 0,505 qr., tədqiqata sərf edildi-0,05qr., qalıq-0,455 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X6 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 616 nömrəli rəyindən görünür ki, X2 OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-in təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Səmədov küçəsi, ev 68-də ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də, təmin edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25 iyul 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,455 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasına dair 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 23 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək olan 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,455 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar