Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-191/2024 30.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Masallı şəhəri, Qarabağ küçəsində yerləşən 10 saylı yaşayış binasının həyətində qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı binanın giriş hissəsinə qoyulmuş taxta stul ilə sonuncunu qəsdən vuraraq, Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş “sağ mil sümüyünün bizvari çıxıntısının yerini dəyişməyən sınığı və sol gicgah nahiyəsinin qançırı” ilə nəticələnən qəsdən sağlamlığa AZ AĞİR zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən istintaq zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən məhkəməyədək sadələşdirilmiş icraat materialına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Dövlət ittihamçısı cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş edərək bu barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Dövlət ittihamçısı vəsatəti onunla əsaslandırmışdır ki, həmin cinayət işi 18 iyul 2024-cü il tarixdə Masallı RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən fakta görə CM-in 127.1-ci maddəsi ilə başlanmış və icraatına qəbul edilərək ibtidai istintaq aparılmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Masallı şəhər sakinləri Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirməsi nəticəsində sonuncunun az ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı toplanmış material olmuşdur. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki o, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Masallı şəhəri, Qarabağ küçəsində yerləşən 10 saylı yaşayış binasının həyətində qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı binanın giriş hissəsinə qoyulmuş taxta stul ilə sonuncunu qəsdən vuraraq, Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş “sağ mil sümüyünün bizvari çıxıntısının yerini dəyişməyən sınığı və sol gicgah nahiyəsinin qançırı” ilə nəticələnən qəsdən sağlamlığa AZ AĞİR zərərvurmaya aid xəsarətlər yetirmişdir. Cinayət işi məhkəmənin hazırlıq iclasınadək öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, CPM-in 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. İş üzrə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, xx.xx.2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olmuş ittiham aktında CPM-in 289.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, ittiham aktının nəticəvi hissəsində verilmiş ittihamın birinci abzasında ittihamın təsviri düzgün əks etdirilməmiş, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin xüsusi amansızlıqla törədilməsi qeyd olunmuş, ittihamın ikinci abzasında isə cinayətin törədilmə üsulu qeyd edilməmişdir. Yəni, verilmiş ittihamın birinci abzasında CM-in 127.2.2-ci maddəsinin dispozisiyası, ikinci abzasında CM-in 127.1-ci maddəsinin dispozisiyası əks etdirilmişdir. Bundan başqa, ittiham aktının nəticəvi hissəsində verilmiş qeyri-müəyyən ittiham təsviri ilə yanaşı təqsirləndirilən şəxsin cinayət qanununun hansı maddəsi ilə əməli törətməsi ümumiyyətlə göstərilməmişdir. Göründüyü kimi, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının tam aydın olmaması və ya tam dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mattoçia İtaliyaya qarşı” işi üzrə 25 iyul 2000-ci il tarixli qərarının 59-cu paraqrafına əsasən, 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları”, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir. Məlumatın “ətraflılıq” dərəcəsi hər işin xüsusi hallarından asılıdır, lakin təqsirləndirilən şəxs adekvat müdafiə hazırlamaq üçün ən azı özünə qarşı yönəldilmiş ittihamları başa düşmək üçün yetərli məlumatla təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-in 303.3.1-ci maddəsinə əsasən, “təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)” və 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. CPM-in 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsini və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Masallı Rayon Polis şöbəsinin baş müstəntiqi X1 barəsində xüsusi qərar çıxarmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs Azərbacan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Masallı rayon prokuroruna qaytarılmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm də dövlət ittihamçısının qeyd etdiyi kobud prosessual pozuntuları ətraflı izah etməklə yanaşı iş üzrə yol verilmiş çoxsaylı prosessual pozuntuları da qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işi öyrənilərkən ittiham aktının Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmayan şəkildə tərtib olunduğu müəyyən olunmuşdur. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının Cinayət- Prosessual Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir, həmin Məcəllənin 289.4cü maddəsinə əsasən isə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviriəsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, həmin Məcəllənin 223.4-cümaddəsinə əsasən isə qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. Lakin, hazırki cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223-cü və 289-cu maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir: Belə ki, tərtib edilmiş ittiham aktının nəticə hissəsində ittihamın təsviri əks etdirilərək təqsirləndirilən şəxs “təqsirləndirilir ondan ötrü ki, xüsusi amansızlıqla zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət məcəlləsinin 126-cı maddəsi nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurulmuşdur” qeyd edilmiş, halbuki ittihamın mahiyyətindən, eləcə də tərtib edilmiş digər prosessual sənədlərin məzmunundan aydın olur ki, şəxsə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan edilməsi qərarına gəlinmiş, lakin nədənsə ittihamın əvvəlində 127.2.2-ci maddənin tövsifedici əlaməti kimi nəzərədə tutulmuş “xüsusi amansızlıqla” ifadəsindən istifadə edilmişdir. Bundan sonra ittiham aktının nəticə hissəsində təqsirləndirilən şəxsin yol verdiyi cinayət əməlinin bütün tərkib əlamətlərini xarakterizə edən hərəkətlər qeyd edildikdən sonra şəxsin bu göstərilən əməli ilə Azərbaycan Respublikasının CM-nin hansı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı heç nə yazılmamışdır. Bundan başqa ittiham aktının sonuncu vərəqində “Beləliklə” sözü ilə başlayan abzasında Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi istintaqın əsaslandığı sübutlarla sübuta yetirilməsi ilə bağlı məlumat qeyd edildikdən sonra “onlar” məhkəmə məsuliyyətinə cəlb edilməlidir” kimi sözlər yazılmışdır. Halbuki qeyd edilən cinayət işi üzrə yalnız bir nəfər şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən söhbət gedir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.5-ci maddəsinin tələbinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Lakin, iş üzrə əhəmiyyət kəsb etdiyindən hadisə yerindən götürülmüş stolun maddi sübut kimi tanınması haqqında qəbul edilmiş qərar və həmin maddi sübutun RPŞ-nin məsul saxlancına verilməsini əks etdirən sənədlərin ittiham aktında ümumiyyətlə qeyd edilmədiyi müəyyən edilmiş, eyni zamanda ittiham aktında əksər sənədlərin cinayət işinin müvafiq vərəqlərində olmasına istinad edilsə də, cinayət işinin həmin vərəqində başqa sənədlərin tikildiyi müəyyən edilmişdir. Məsələn, təqsirləndirilən şəxsin dindirilməsi protokolu cinayət işinin 138-140-cı vərəqində olduğu halda, ittham aktında 134-136-cı vərəqlərdə olması, zərərçəkmiş şəxsin dindirilməsi protokolu cinayət işi materialının 50-53-cü vərəqində olsa da, ittiham aktında 50-52 vərəqlərdə olduğu göstərilmişdir. Qeyd edilən sənədlərlə yanaşı bir neçə çox saylı sənədləri sadalamaq olar. Eyni zamanda “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 sentyabr 2024cü il tarixli qərarın təsviri hissəsində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır dərəcəli xəsarət yetirmişdir”. Cinayət işinin materiallarında və ekspert rəyində zərərçəkmiş şəxsin ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə bağlı nəticənin baş vermədiyi aşkar göründüyü halda, müstəntiq maddənin dispoziyasında qeyd edilmiş bütün hərəkətləri formal olaraq sadalamaqla, cəlb etmə qərarına ittihama aid olmayan ifadələri daxil etmişdir. Qeyd olunanlar da Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289cu maddəsində nəzərdə tutulan qaydada ittiham aktının tərtibi ilə əlaqədar müvafiq tələblərin pozulduğunu və ittiham aktının prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığını təsdiq edir. Məhkəmə bundan başqa cinayət işinin materialları öyrənilərkən müəyyən edilmiş digər pozuntuları aşağıdakı kimi qeyd edir: İttiham elan edildikdən sonra təqsirləndirilən şəxs qismində dindirmə zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməmişdir. Şəxsin elan olunmuş ittihama münasibəti aydınlaşdırılarkən özünü təqsirli bilməməsi ilə bağlı mövqeyini müstəntiq vəsatət kimi qiymətləndirmiş və vəsatətin təmin edilməsinin rədd edilməsi haqqında qərar qəbul etmişdir. (bax 1, iş vərəqə 141; 151). Yeri gəlmişkən ittiham aktında qeyd edilən vəsatətlərin rədd edilməsi haqqında qərarların cinayət işi materialının 137, 147-ci vərəqlərdə olması ilə bağlı yenidən yanlış qeydlər aparılmışdır. Məhkəmə, müstəntiqin həmin qərarı əsaslandırmağa cəhd edərkən, bütövlükdə onun tərtib edilməsində yol verdiyi ciddi nöqsanları, qeyd etməzdən əvvəl təqsirləndirilən şəxsin təqsirliliklə bağlı suala cavabı, sərbəst ifadəsində hadisəni təsvir etməsi, habelə onun müstəntiq tərəfindən verilmiş suala cavabın vəsatət kimi qəbul edilməsi məqamı ilə bağlı da bəzi məsələləri vurğulamağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.41-ci maddəsinə əsasən vəsatət - cinayət prosesi iştirakçılarının cinayət prosesini həyata keçirən orqana ünvanlanmış xahişidir. Həmin məcəllənin 85.4.10-cu maddəsinə əsasən müstəntiq cinayət prosesində iştirak edən şəxslərin vəsatətlərinə və cinayət işinin icraatı ilə əlaqədar digər şəxslərin ərizə və digər müraciətlərinə baxmalıdır. Cinayət-Prosessual Məcəllənin 121.2-ci maddəsinə görə, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Konkret halda isə Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan olunduqdan sonra dindirilərkən özünü təqsirli bilməmiş, həm sərbəst ifadəsində, həm də müstəntiqin suallarını cavablandırarkən zərərçəkmiş şəxsə ümumiyyətlə xəsarət yetirmədiyini qeyd etmişdir. Hansı əsas və məntiqlə ifadənin müəyyən hissəsinin-elan olunmuş ittihamın bir hissəsinin etiraf olunmaması, yaxud qəbul edilməməsi ilə bağlı cümlələrinin vəsatət kimi qəbul edilməsi anlaşılmazdır. Yəni, bu yanlış məntiqlə ittihamın təsdiqinə yönəlməyən məzmunda ifadə vəsatətdir, bunun əks məzmununda ola biləcək ifadə isə vəsatət deyildir. Maraqlısı odur ki, müstəntiq təqsirləndirilən şəxsin əməlini etiraf etməməsi ilə bağlı fikirləri vəsatət kimi qəbul etməsi məntiqi ilə yanaşsaq, təqsirləndirilən şəxs qismində tanınadək Təqsirləndirilən şəxs şahid qismində dindirilərkən və üzləşdirmə istintaq hərəkəti aparılarkən təqsirini etiraf etməməsinin hansı səbəbdən vəsatət kimi qiymətləndirməməsi sual doğurur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 91.5.10-cu maddəsinə əsasən ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 66-cı maddəsinin tələbindən irəli gələrək təqsirləndirilən şəxsin həm də bilə-bilə yalan ifadə vermə cinayətinin subyekti olmadığı nəzərdən qaçırılmalalıdır. Ona görə də təqsirləndirilən şəxsin ifadəsinin irəli sürülmüş ittihamla uzlaşmayan hissəsini sübutetmə vəzifəsi üzərinə düşən müstəntiq tərəfindən elə vəsatət kimi qiymətləndirilib rədd edilməsi əsassızdır və cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərinə uyğun mövqe deyildir. Artıq irəli sürülmüş ittihamın tam sübuta yetirildiyi ilə bağlı qəti mövqenin mövcudluğunun israrı sanki sonrakı mərhələdə sübut toplanması məsələsinin əhəmiyyətsizliyini ehtiva edir. Belə mövqe isə təqsirləndirilən şəxsin bütövlükdə müdafiə imkanlarının məhdudlaşdırılmasına istiqamətlənən subyektiv şəraitinin yaranmasına xidmət edir. Bundan başqa qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Məhkəmə tibb ekspertizasının 26 aprel 2024-cü il tarixli 335 nömrəli rəyi ilə tanış olmuş və “qeyd edilən rəylə razıyam, heç bir şikayətim və vəsatətim yoxdur” cümlələri onun adından kompüter üsulu ilə yazılmışdır. Qeyd edilən ekpert rəyi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı xəsarət yetirməsi ilə bağlı tərtib edilmiş və şəxsə ittihamın elan edilməsi üçün ən mühüm sübutlardan biri olmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs qeyd edilən rəylə tanış olma protokolundan başqa, əməlini etiraf edən ifadələr verməmiş, təqsirinin ümumiyyətlə olmadığını qeyd etmiş, buna baxmayaraq müstəntiq onun ifadəsini alarkən istintaqını apardığı cinayət işi üzrə ittihamın xeyrinə olan bu halı araşdırmayaraq, hansı səbəbdən ekspert rəyi ilə razı olması ilə bağlı protokolu imzalamasının səbəbini belə ondan soruşmamışdır. Qeyd edilən protokolun blanklı formada tərtib edildiyi halda, eyni zamanda Təqsirləndirilən şəxs əməlini etiraf etməməsi vəziyyətində protokola təqsirləndirilən şəxsin şəxsən əlyazma yolu ilə qeydlər aparmasına şərait yaratmaması da protokolun formal olaraq tərtib edildiyinin əyani göstəricisidir. Görünür, müstəntiq özü də qeyd edilən protokolda göstərilmiş kompyüter üsulu ilə təqsirləndirilən şəxsin adından yazılmış “qeyd edilən rəylə razıyam” kəlməsini ciddiyə almamış, sonradan almış olduğu ifadələrdə qeyd edilən xüsusatla bağlı dəqiqləşmə aparmamışdır. Bundan əlavə cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, qeyd edilən cinayət işinin başlanmasına əsas Zərərçəkmiş şəxs 26 aprel 2024-cü il tarixdə Masallı Rayon Polis şöbəsinə verdiyi məlumat olmuş, məlumat üzrə təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilmiş, ekspert rəyi alınaraq 18 may 2024-cü il tarixdə material üzrə 127.1-ci maddədə nəzərdə tutulmuş cinayətin əlamətləri olması səbəbindən materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilmişdir. Hadisə yerinə baxış zamanı aşkar edilmiş, sonradan cinayətin törədilməsində alət kimi istifadə edildiyi müəyyən edilən 1 ədəd stul götürülsə də, hadisə yerinə baxış protokolunda həmin stula ayrıca baxış keçirilməsini əks etdirən məlumatlar qeyd edilməmiş, eləcə də sonradan ayrıca həmin stola baxış keçirilməmiş, həmin stulun üzərində hər hansı zədə izlərinin olub-olmaması aydınlaşdırılmamışdır. Material üzrə araşdırmanın aparılması həmin tarixdə istintaq bölməsinin müstəntiqi Elvin Muradova həvalə edilmiş, müstəntiq material üzrə 23 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs izahatını almış, əməliyyat tapşırığı vermiş və bununla da kifayətlənərək materialı icraata götürdükdən sonra tam 2 ay sonra fakt üzrə CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Maraqlısı odur ki, material üzrə araşdırma aparıldığı 2 ay müddət ərzində müstəntiq yalnız Zərərçəkmiş şəxs izahatını almış, həmin izahata nəzər yetirdikdə, təhqiqatçı tərəfindən 29 aprel 2024-cü il tarixdə alınmış izahatda qeyd edilən cümlə və sözlərin, eləcə də qoyulmuş suallar və suallara alınmış cavabların birə-bir köçürüldüyü müəyyən edilir. Hətta müstəntiqin aldığı izahatın sual-cavab hissəsi qısaldılmışdır. Göründüyü kimi, müstəntiq 2 ay ərzində material üzrə təhqiqaçının aldığı izahatı eyni formada köçürməklə izahatı öz adına rəsmiləşdirmiş və izahat alarkən iş üçün vacib olan halları, yəni Təqsirləndirilən şəxs onu vurarkən ətrafda kimsənin onları görüb-görməməsi, həyətdə olduqları zaman İfadənin stulu haradan götürməsi, onların səs-küyünü qonşuların eşidib-eşitməməsi, nalayiq sözlərdən istifadə edib-etməmələri ilə bağlı məsələləri dəqiqləşdirməmiş, əksinə özünün araşdırmalı olduğu məsələləri hansı tarixdə yazdığı və nömrəsi məlum olmayan qeydiyyatdan keçirilməyən əməliyyat tapşırığında göstərmişdir. Əməliyyat tapşırığına cavab olaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs stulla vuraraq xəsarət yetirdiyi müəyyən edilmiş, həmin hadisənin şahidlərinin kimlər olması ilə bağlı məlumat verilməmişdir. Məntiqlə əməliyyat yolu ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurması müəyyən edilirsə, demək ki, həmin hadisəni görmüş şahidlərin məlumatı və yaxud da ki digər mühüm sübutlar əsasında bu müəyyən edilmişdir. Verilmiş məlumata əsasən əməliyyat yolu ilə hadisə ilə əlaqədar şəxslərin müəyyən olunmadığının bildirilməsi, lakin dəqiq olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurması nəticəsinə gəlinməsi halı da anlaşılmaz vəziyyət yaradır. Qeyd edilən araşdırmanın davamı olaraq, müstəntiq yuxarıda qeyd edilən hərəkətlərdən başqa hər hansı araşdırma aparılmadan materialı 2 ay icraatında saxladıqdan sonra cinayət işinin başlanması haqqında qərar qəbul etmək qərarına gələrək, nəhayət 18 iyul 2024-cü il tarixdə fakt üzrə 127.1-ci madəsi ilə cinayət işini başlamışdır. Təhqiqat bölməsində toplanmış materiallarla kifayətlənərək cinayət işinin başlanması mümkün olduğu halda, müstəntiqin 2 ay müddətində materialı icraatında saxladıqdan sonra cinayət işinin başlanılması haqqında qərar qəbul etməsi onun süründürməçiliyə yol verdiyini bir daha təsdiq edir. Müstəntiq cinayət işini başlar-başlamaz mütəxəssin təyin edilməsi haqqında qərar qəbul etmişdir. 19 iyul 2024-cü il tarixdə zərərçəkmiş şəxsin dindirilməsi protokolunun 1-ci vərəqinin sonunda zərərçəkmiş şəxsin adından “azərbaycan dilini bilir, tərcüməçiyə ehtiyacı yoxdur” sözləri yazılmış, lakin mütəxəssis qismində cəlb edilmiş Saleh Əsədov zərərçəkmiş şəxslə birlikdə protokolu imzalamışdır. Buradan bu görüntü yaranır ki, zərərçəkmiş şəxs azərbaycan dilini bilirdisə, yəqin ki, latın qrafikalı əlifbanı bilmədiyindən mütəxəssis ona kömək etmək üçün (yəni ifadəni onun üzünə oxuması üçün) təyin edilmiş, lakin mütəxəssisin ifadəni oxuması ilə bağlı ifadənin sonunda heç bir qeyd aparılmamışdır. Eyni ilə digər ifadələr alınarkən mütəxəssisin ifadələri sadəcə imzaladığı müəyyən olunur, onun ifadələri oxuyaraq proses iştirakçılarının nəzərinə çatdırması ilə bağlı qeydlər yoxdur. Bundan sonra cinayət işinin başlanmasından 1 ay sonra, ümumilikdə material icraatında olduğu 3 ayın sonunda Təqsirləndirilən şəxs müəyyən edir və şahid qismində ifadəsini alır. Müstəntiq Təqsirləndirilən şəxs tapılması üçün zəruri tədbirlər görməmiş, vaxtında cinayət işinin başlanılması haqqında qərar qəbul edərək onun tapılması üçün lazimi prosessual məcburiyyət tədbirlərini həyata keçirməmişdir. Cinayət işinin istintaqı zamanı yalnız mübahisə tərəflərinin yaxın qohumlarının şəxsiyyətləri müəyyən edilərək ifadələri alınmışdır. Halbuki hadisənin ictimai yerdə, binanın həyətində səhər saatlarında baş verməsini nəzərə alsaq, əlavə hər hansı şahidin müəyyən edilməsi o qədər də çətin olmamalı idi. Buna baxmayaraq, kənar şəxslər müəyyən edilərək ifadələri alınmamışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, müstəntiq cinayət işini başladıqdan sonra zərəçəkmiş şəxsin və zərərçəkmiş şəxsin xeyrinə ifadə vermiş şəxslərin ifadələrini aldıqdan sonra, yəni artıq Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməsini təsdiq edən bütün sübutları topladıqdan sonra Təqsirləndirilən şəxs qismində cəlb edərək ifadəsini almaq əvəzinə, Təqsirləndirilən şəxs əvvəlcə şahid qismində, daha sonra isə şahid qismində üzləşdirmə istintaq hərəkətini aparmaqla şəxsin müdafiə hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, gələcəkdə potensial təqsirləndirilən şəxs qismində cəlb edilməsi olan Təqsirləndirilən şəxs şahid qismində dindirərkən CM-nin 297-298-ci maddələrində göstərilmiş məsuliyyət barədə xəbərdar edərək bir növ onu ifadə verməyə məcbur etmiş və nəticədə təqsirləndirilən şəxsin müdafiə hüquqları ilə bağlı prinsiplərə zidd davranmışdır. Təqsirləndirilən şəxs qeyd edilən ifadələrində daha sonra təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində təqsirini boynuna almamasına baxmayaraq, istintaqın nəticəsində təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini törətməsi nəticəsinə gəlinmişdir. Bu məntiqlə təqsirləndirilən şəxs şahid qismində verdiyi ifadəsində və üzləşdirmə zamanı verdiyi ifadəsində yalan danışmışdır. Belə olan halda, yalan ifadə verməyə görə şəxsin məsuliyyətə cəlb olunması məsələsi yaranır. Bir tərəfdən təqsirləndirilən şəxsin ifadə verməyə borclu olmaması və yalan danışmasına görə məsuliyyət istisna edildiyi halda, müstəntiq onun şahid qismində ifadəsini almağa məcbur etməklə müdafiə hüquqlarının həyata keçirilməsi ilə bağlı vəziyyətini çətinləşdirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 27 oktyabr 2000ci il tarixli, 2130 nömrəli dövlət qeydiyyatına alınmış “İstintaq hərəkətləri protokollarının qeydi Qaydasına əsasən istintaq hərəkətləri protokolları xüsusi olaraq hazırlanmış “İstintaq hərəkətləri protokollarının qeydi kitab”nda, istintaq hərəkətlərini aparan əməkdaşlar tərəfindən qeydə alınır. Kitabda protokolun nömrəsi, məzmunu, tərtibi tarixi, istintaq hərəkətinin aparıldığı yer, vərəqlərin sayı, qeydə alınma tarixi və qeyd rekvizitləri öz əksini tapmalıdır. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq qeydə alınmalıdır. Qeyd kitabının Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun aparılmasına nəzarəti hüquq mühafizə orqanının rəhbəri və ya onun göstərişi əsasında əməkdaşlardan biri həyata keçirir. İşin təşkilinə görə məsuliyyət bu şəxslərin üzərinə düşür. Lakin Masallı rayon Polis Şöbəsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan tələbləri aşkar şəkildə pozulmuşdur. Ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunmalı olan prosessual qərarlar adi vərəqlərdə tərtib olunmuşdur. Bir çox hallarda isə protokolların qeydiyyatı məsələsi ciddi hesabat sənədləri olan xüsusi formalı, nömrələnmiş blanklarla qarışdırılmışdır. Protokolların tam əksəriyyəti isə ümumiyyətlə qeydiyyata alınmamışdır (hadisə yerinə baxış keçirilməsi haqqında protokol iş vərəqə 12-15, protokolun qeydiyyat yerində materialın nömrəsi yazılmışdır). Vəkillərin siyahısının təqdim edilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli qərar (iş vərəq 128), şəxsə dövlət hesabına vəkil təyin edilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli qərar (iş, vərəq 129), məhkəmə tibb ekspertizası təyin edilməsi haqqında 26 aprel 2024-cü il tarixli qərar (iş vərəqə 10), vəsatətin tam rədd edilməsi haqqında qərarlar adi vərəqlərdə tərtib olunmuşdur. Eyni zamanda qəbul edilmiş qərarların qeydiyyatının aparılmadığı müəyyən edilmişdir. Belə ki, cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərar (iş vərəq 1), məhkəmə tibb ekpertizasının təyin edilməsi haqqında qərar (iş vərəq 10), materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarlar (iş vərəq 27) hansısa səbəbdən qeydiyyata alınmamışdır. Məhkəmə bu məqamda cinayət işinin materiallarında olan protokolların qeydiyyatı ilə bağlı nöqsanları qeyd etməyi zəruri hesab etməklə qeyd edir ki, cinayət işinin 75-ci səhifəsində tikilmiş 14 avqust 2024-cü il tarixli şahidin dindirilməsi haqqında protokoldan görünür ki, həmin protokol əlyazma üsulu ilə 2264 nömrəsi ilə qeydiyyata alınmış, daha sonra 19 avqust 2024-cü il tarixdə tərtib edilmiş şahidin dindirilməsi protokolu 2240 nömrəsi ilə qeydiyyata alınmışdır. Zaman etibarı ilə 19 avqust 2024-cü il tarixli protokol 14 avqust 2024-cü il tarixdə tərtib edilmiş protokoldan sonra tərtib edildiyindən sonuncu tərtib edilmiş protokolun nömrəsi 2264 rəqəmindən sonra gələn, yəni böyük rəqəm olmalı idi. Lakin, göründüyü kimi qeydiyyat nömrəsi kimi 14 avqust 2024-cü il tarixli protokolun qeydiyyat nömrəsindən kiçik rəqəm 2240 rəqəmi yazılmışdır. Bu vəziyyətdə cinayət işində olan digər protokollara əlyazma yolu ilə yazılmış nömrələrin həqiqəti əks etdirməməsini görmək o qədər də çətin deyildir. Bu onu göstərir ki, müstəntiq tərəfindən protokolların qeydiyyatı formal olaraq aparılmışdır. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 134.4-cü maddəsinə əsasən qeydiyyatdan keçirilməyən və ya vaxtında qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokollarının sübut kimi qəbul edilməsi məhkəmə tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş vəzifələrindəndir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 231-ci maddəsində zərər çəkmiş şəxsin dindirilməsinin həmin Məcəllənin 227- 230-cu maddələrində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalara müvafiq aparılması qeyd edilmişdir. Həmin məcəllənin 227.4-cü maddəsinə əsasən dindirmədən əvvəl müstəntiq şahidin şəxsiyyətini müəyyən edir, ona hansı iş üzrə çağırıldığı barədə məlumat verir və ona iş üzrə məlum olan bütün hallar barədə danışmaq vəzifəsi, habelə ifadə verməkdən imtina etməyə, boyun qaçırmağa, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edir. Şahidə özünün və ya yaxın qohumlarının əleyhinə ifadə verməyə borclu olmadığı barədə məlumat verilir. Bundan sonra müstəntiq şahidlə şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin münasibətlərini müəyyənləşdirir və dindirməyə başlayır. Şahidlərin ifadələrin ifadələrinin alındığı zaman onlara ifadə verməkdən imtina etməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilsələr də, yalan danışmalarına görə məsuliyyətləri izah edilməmişdir. Müstəntiq tərəfindən dindirilən şahidlərdən bir neçəsi təqsirləndirilən şəxsin yaxın qohumu olmasına baxmayaraq, şahidlər dindirilməzdən əvvəl ifadə verməkdən imtina etməyə görə məsuliyyət barədə xəbərdar edilmişlər, lakin onlara yaxın qohumuna qarşı ifadə verməkdən imtina etməyə görə cinayət məsuliyyətinin olması ilə bağlı məlumat verilməmişdir. Eyni zamanda ifadə verməyə razı olduğu halda, bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə məlumatlandırılmamışdılar. Müstəntiq tərəfindən təqsirləndirilən şəxsin yaxın qohumlarının ifadələri almış, lakin onlara ifadə verməkdən imtinaya görə qanunsuz olaraq cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda ifadə verməyə razı olduğu halda, bilə-bilə yalan ifadə verəcəyi halda cinayət məsuliyyəti ilə bağlı xəbərdar edilməmişlər. Təbii ki, müstəntiq yaxın qohumu şahid qismində dindirərkən birbaşa ona ifadə verməkdən imtina etmək hüququnun olmasını izah etməklə qanunvericiliyin tələbini pozmuş, daha sonra ifadə vermək istədiyi halda isə düzgün ifadə verməli olması ilə bağlı xəbərdarlıq edilməmişdir. Məhkəmə qeyd edilən hissə ilə bağlı tərtib edilmiş “sübutların qiymətləndirilməsi haqqında qərar”da göstərilmiş mövqe ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, həmin qərarın axırıncı vərəqinin ikinci abzasında müstəntiq şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində anası Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək anaları ilə Zərərçəkmiş şəxs arasında dava-dalaşın olmaması ilə bildirmələrini yaxın qohumuna qarşı yalan ifadə vermə kimi qiymətləndirmiş və ifadələrində həmin hissəyə tənqidi yanaşılması qərarına gəlinmişdir. Müstəntiq haradansa qərara gəlmişdir ki, yaxın qohum təqsirləndirilən şəxsə qarşı yalan ifadə verə bilər və bu cinayət məsuliyyəti yaratmır. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından tam şəkildə aydın olur ki, şahid birmənalı olaraq yalan ifadə verdiyi halda cinayət məsuliyyətinə cəlb olunur. Yalnız yaxın qohumların ifadə verməkdən imtina etmək hüququnu qanunvericilik tanımışdır. Yəni, Cinayət məcəlləsi yaxın qohuma qarşı ifadə verməkdən imtina etmək üçün imkan nəzərdə tutmuşdur. Bunun davamı kimi CM-nin 297-ci maddəsinin Qeyd hissəsinin 2-ci hissəsində göstərilmişdir ki, şəxs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Bu maddənin məzmununda aydın olur ki, əgər şəxs ifadə verməmişdən əvvəl ona ifadə verməkdən imtina hüququ izah edildikdən sonra ifadə verməyə razılaşarsa, onda düzgün ifadə verməlidir, çünki, qanunvericilik yalnız şəxsin ifadə verməyə məcbur edilərək yalan ifadə vemrəsi halında cinayət məsuliyyətindən azad edilməsi imkanını nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, müstəntiq yaxın qohum kimi dindirdiyi şahidlərə hüququnu əvvəlcədən izah etməyərək dindirdiyindən, eyni zamanda yaxın qohumun verdiyi ifadənin yalan verməsi və bu barədə qiymətləndirməsi düzgün olmamışdır. Yaranmış mənzərədən görünür ki, müstəntiq qanunu səhv anlayaraq, yaxın qohumun təqsirləndirilən şəxsin hər hansı əməli törətməsi ilə bağlı təsdiqedici ifadə vermədiyi halda onun ifadə verməkdən imtina etməsi kimi qəbul etməklə qeyd edilən ifadələri düzgün qiymətləndirməmişdir. Lakin, göründüyü kimi yaxın qohum kimi müəyyən edilmiş şəxslər ifadə verməkdən imtina etməyərək ifadə vermişdirlər, yəni hadisə ilə bağlı bildiklərini qeyd etmişdirlər. Məhkəmə eyni zamanda qeyd edir ki, müstəntiq ümumiyyətlə istintaqın gedişində şahidin yalan ifadə verməsi qənaətinə gəlməklə, öz mülahizəsinə əsasən tərtib etdiyi qərarda kobud pozuntuya yol vermiş, o, yalnız həmin ifadələri həqiqəti əks etdirməməsi əsası ilə, digər sübutlarla təkzib edilməsinə görə mötəbər sübutlar kimi qəbul etməmə ilə bağlı qənaətə gələ bilərdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və dövlət ittihamçısının vəsatətində qeyd etdiyi dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı CPM-nin yaxırada qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq və ibtidai araşdrımaya prosessual rəhbərliyi həyata keçirən prokuror barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-191/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-191/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver