Məhkəmə qərarları › İş №1(050)-192/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-192/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-192/2023 20.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1989-cu il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-1221/2022 saylı qərarına əsasən cəzasının çəkilməmiş 2 ay 6 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 16:50 radələrində Masallı şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsiaxtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi:-0,329 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3 ildir narkotik vasitələr və psixotrop maddələr qəbul edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmişdir. Orada xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı bir nəfər şəxsdən 20 manata bir bükümdə təxminən 0,5 qrama yaxın psixotrop maddə metamfetamin almış və əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyaraq Masallı şəhərinə qayıtmışdır. Həmin gün Masallı şəhəri ərazisində bir neçə saat gəzişib vaxt keçirdikdən sonra aldığı psixotrop maddə metamfetamindən istifadə etmək üçün saat 16 radələrində yaşadığı evə getmək məqsədi ilə Masallı şəhəri H.Əliyev prospektindən piyada hərəkət etməyə başlamışdır. Təxminən saat 16:50 radələrində H.Əliyev prospektində piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə və bir nəfər polis geyimində olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-yə getmişdir. Masallı RPŞ-də Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Elşad Məmmədov ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib, dövlət hesabına müdafiəçi Masallı rayon Vəkil Bürsosunun vəkili Müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra təhqiqatçı Elşad Məmmədov onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirərək üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etdikdə, o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən içərəsində metamfetamin olan bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Sonra təqdim etdiyi sellofan bükülüdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 0,5 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra üzərində şəxsi-axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş başqa hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Ağhüseyn oğlunun qanunsuz olaraq şəxsi istifadəsi üçün üzərində narkotik vasitə daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə şöbə rəisinin əmri ilə əməliyyat-təhqiqat qrupu yaradıldı və həmin gün saat 16:50 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospekti ərazisində piyada hərəkətdə olduğunu görüb polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirmək üçün şərait olmadığından onu Masallı RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı Elşad Məmmədov tərəfindən Xəqani Agahüseynli şübhəli şəxs kimi tutularaq hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı X10 Ağahüseynliyə videoçəkilişlə üzərində şəxsi-axtarış keçiriləcəyini bildirərək, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif etdikdə, sonuncu əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metamfetamin təhqiqatçı Elşad Məmmədov tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 0,5 qram olduğu müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış və üzərinə imzalar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan iştirakçılara oxunmuş və imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra ifadəsi elan olunmuş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan video disklərə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Masallı RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid2, Şahid3, X4 iştirakları ilə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X8 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək, bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Təqdim edilmiş bir bükümdə psixotrop maddə metamfetamin sellofanla birlikdə elektron tərəzidə çəkmiş, ümumi çəkisinin 0,5 qram olduğunu müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış və üzərinə imzalar edilmişdir. Həmçinin, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan iştirakçılara oxunmuş və imzalanmışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 14 iyul 2023-cü il tarixli 19/727 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-0,329 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir (Metamfetaminin təmiz çəkisi-0,329 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,279 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 14 iyul 2023-cü il tarixli 741 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alinması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-1221/2022 saylı qərarına əsasən cəzasının çəkilməmiş 2 ay 6 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır (eyni xarakterli) cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, cinayətin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda əvvələr də eyni xarakterli cinayət əməli törətdiyi üçün məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və ya götürülməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 15 iyul 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Həmçinin, Masallı Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 1(050)-192/2023 saylı məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə edilməli, ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,279 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdən 15 iyul 2023-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,279 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar