Məhkəmə qərarları › İş №1(050)-192/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-192/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-192/2025 21.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 22 avqust 1989-cu ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olan, Masallı rayonu, Ərkivan qəsəbəsində fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 13 iyun 2022-ci il tarixdən hesablanmaqla 08 sentyabr 2010-cu il təvəllüdlü X2 və 23 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa görə 50 (əlli) manat, iki uşaq üçün cəmi 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Masallı Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(050)- 2000/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Masallı Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 3(050)-960/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə və həmin Məhkəmənin 22 oktyabr 2024-cü il tarixli, 3(050)-1938/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 12 dekabr 2024-cü il və 19 fevral 2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 18 aprel 2025-ci il tarixədək 2370 (iki min üç yüz yetmiş) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Masallı Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən ondan 08 sentyabr 2010-cu il təvəllüdlü X2 və 23 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa görə 50 (əlli) manat, iki uşaq üçün cəmi 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Fəhləliklə məşğul olaraq özünü güclə dolandırır. Maddi cəhətdən imkanı olmadığından alimenti ödəyə bilməmiş və Zərərçəkmiş şəxs 18 aprel 2025-ci il tarixədək 2370 (iki min üç yüz yetmiş) manat aliment borcu yaranmışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərşəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Masallı Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs iki uşağa görə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməlidir. Təqsirləndirilən şəxs aylıq 600 (altı yüz) manat qazanc əldə edir və özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Təqsirləndirilən şəxs 18 aprel 2025-ci il tarixə ona 2370 (iki min üç yüz yetmiş) manat aliment borcu yaranmış və həmin borcdan halhazıradək ona heç bir ödəniş etməmişdir. Aliment borcunun hissə-hissə də, olsa ödənilməsinə razıdır. Çünki Təqsirləndirilən şəxs uşaqlarının atası olduğundan tutulmasını istəmir. Lakin Təqsirləndirilən şəxs alimenti qərəzli olaraq ödəmək istəmədiyindən ona qarşı şikayətçi olduğunu bildirərək ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2000/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli icra sənədinə əsasən 08 sentyabr 2010-cu il təvəllüdlü X2 və 23 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Təqsirləndirilən şəxs hər ay bir uşağa görə 50 (əlli) manat, iki uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi Masallı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, 02 avqust 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə və məhkəməyə məlumat göndərilmişdir. Masallı Rayon Məhkəməsinin 8(050)-455/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs məcburi gətirilməsinə dair təqdimat təmin olunmuşdur. Eyni zamanda Masallı Rayon Məhkəməsinin 8(050)-140/2023 saylı 03 may 2023-cü il tarixdə qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs barəsində 13 iyun 2023-cü il tarixdə 670 (altı yüz yetmiş) manat aliment borcu olduğundan barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı Masallı rayon icra və probasiya şöbəsinə və Məhkəməyə ərizə verərək borclu ilə razılaşdığını, icra sənədini “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmiş, İcra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmış və bütün icra tədbirləri ləğv edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)- 2000/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli icra sənədi 18 iyul 2023-cü il tarixdə yenidən icraya yönəldilmiş və həmin tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdir. Borclu Təqsirləndirilən şəxs gəlmədiyindən və yerini müəyyən etmək mümkün olmadığından borclu barəsində 12 oktyabr 2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək Masallı rayon Polis şöbəsinə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin 8(050)- 36/2024 saylı 01 fevral 2024-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə Masallı rayon icra və probasiya şöbəsinə gətirilmiş və barəsində inzibati protokol tərtib olunaraq Masallı Rayon Məhkəməsinə təqdim edilmişdir. Masallı Rayon Məhkəməsinin 3(050)-960/2024 saylı, 15 may 2024-cü il tarixli inzibati qərarına əsasən Təqsirləndirilən şəxs 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyindən və yerini müəyyən etmək mümkün olmadığından borclu barəsində yenidən 11 oktyabr 2024-cü il tarixdə axtarış qərarı qəbul edilərək Masallı rayon Polis şöbəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs 22 oktyabr 2024cü il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinə gətirilmiş və barəsində inzibati protokol tərtib olunaraq Masallı Rayon Məhkəməsinə təqdim edilmişdir. Masallı Rayon Məhkəməsinin 3(050)-1938/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli inzibati qərarına əsasən Təqsirləndirilən şəxs 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X1 filialına 11 dekabr 2024-cü il tarixdə borclunun işlə təmin olunması barədə sorğu göndərilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X1 filialının 3-17-2/2-63841/2024 nömrəli, 27 dekabr 2024-cü il tarixli məktubuna əsasən Filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs ilə əlaqə saxlamasının mümkün olmadığını və işsiz kimi qeydiyyata alınmadığını bildirmişdir. 12 dekabr 2024-cü il tarixli və 19 fevral 2025-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə rəsmi xəbərdarlıqlar borclu Təqsirləndirilən şəxs təqdim edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs Masallı rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlərin görülməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs aliment işi üzrə 13 iyun 2022-ci il tarixdən 18 aprel 2025-ci il tarixədək cəmi 3400 (üç min dörd yüz) manat aliment pulundan tələbkar Zərərçəkmiş şəxs Mikayıl qızının hesabına cəmi 1030 (bir min otuz) manat aliment pulu ödənişi etmiş və 13 aprel 2025-ci il tarixədək 2370 (iki min üç yüz yetmiş) manat aliment borcu qalmışdır. Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə, inzibati məsuliyyətlərə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Bununla əlaqədar borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyi İsintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin 2(050)-2000/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilərək Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 14 oktyabr 2010-cu il tarixdə Masallı RİHB-nın Şərəfə kənd ərazi nümayəndəliyində bağlanmış 25 № ilə qeyd edilmiş nikahın pozulması, 08 sentyabr 2010cu il təvəllüdlü X2 və 23 iyun 2015-ci il təvəllüdlü X3 anaları Zərərçəkmiş şəxs yanında saxlanılması, 08 sentyabr 2010-cu il təvəllüdlü X2 və 23 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Təqsirləndirilən şəxs hər ay bir uşağa görə 50 (əlli) manat, iki uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - Masallı Rayon Məhkəməsinin 8(050)-455/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin olunaraq borclu Təqsirləndirilən şəxs Masallı rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. - Masallı Rayon Məhkəməsinin 8(050)-130/2023 saylı, 01 may 2023-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin olunaraq borclu Təqsirləndirilən şəxs Masallı rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. - Masallı Rayon Məhkəməsinin 8(050)-140/2023 saylı, 03 may 2023-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin olunaraq borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Masallı Rayon Məhkəməsinin 8(050)-36/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin olunaraq borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Masallı Rayon Məhkəməsinin 3(050)-960/2024 saylı, 15 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. - Masallı Rayon Məhkəməsinin 3(050)-1938/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. - Masallı rayon Polis şöbəsinin 18 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2025-ci il tarixdə Nizami rayonu ərazisində saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Axtarışda olan şəxsin tutulması barədə 17 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2025-ci il tarixdə Nizami rayonu ərazisində saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin müstəntiqi, İİ dərəcəli ədliyyə qulluqçusu X5 “qətimkan tədbirinin seçilməsi barədə” 18 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin müstəntiqi, İİ dərəcəli ədliyyə qulluqçusu X5 “müvəqqəti saxlama yerindən azad edilməsi barədə” 18 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X1 Filialının 27 dekabr 2024-cü il tarixli, 3-17-2/2-63841/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə müraciət etməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 23 may 2025-ci il tarixli tələbnaməsindən görünür ki, 22 avqust 1989-cu ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, anasının və atasının vəfat etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin cəzaların təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2025-ci il tarixdən 18 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 1 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 6 (altı) saat vaxt sərf etmişdir. Ona görə də, 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2025-ci il tarixdən 18 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 1 (bir) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Masallı rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar