Məhkəmə qərarları › İş №1(050)-193/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-193/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-193/2023 25.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X8 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı şəhəri M.Hüseyn küçəsi ev 22-də daimi qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri şeçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 05 avqust 2023-cü il tarixdə saat 15 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri H.Əliyev prospektində saxlanılaraq Masallı rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,439 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən bir il, ilyarım olarki narkotik vasitələrdən istifadə edir. 05 avqust 2023-cü il tarixdə narkotik vasitə əldə etmək üçün Lənkəran rayonu, Qumbaşı kəndinə getmişdir. Orada xarici görkəmcə narkotik vasitə aludəçisinə oxşatdığı, əvvəllər tanımadığı şəxsə yaxınlaşıb ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin şəxs onunla razılaşmış və ona bir ədəd bükülü verərək içərisində heroin olduğunu və həmin maddəni 10 manata satdığını demişdir. Onunla razılaşmış, pulunu ödəyərək maddəni ondan almış və Masallı rayonuna qayıtmışdır. Masallı şəhəri H.Əliyev prospektində olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək Masallı RPŞ-nin Boradigah PB-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik maddə istifadə etməkdə, üzərində daşımaqda şübhəli olduğunu ona bildirmişlər. Daha sonra üzərinə baxış keçirilməsi üçün onu Masallı RPŞ-yə dəvət etmişlər və o, polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-yə gəlmişdir. Polis şöbəsində olduğu zaman üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, əynindəki tünd qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükülünü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Törətdiyi cinayətdən peşmandır. Himayəsində iki azyaşlı uşağı vardır. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Masallı şəhəri M.Hüseyn küçəsi ev 22-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz üzərində narkotik vasitələri daşıması ilə bağlı RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olan zaman görüb ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər və o Masallı rayon polis şöbəsinə dəvət edilmiş və Nahid onların qanuni tələblərinə tabeçilik göstərərək onlarla birlikdə Masallı rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı Elşad Məmmədov müdafiəçinin iştirakı ilə şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş elan edərək üzərinə videoçəkilişlə şəxsi axtarış keçirləcəyini izah etmişdir. Bundan təhqiqatçı videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş və üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. O, əynində olan tünd qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofanda içərisində heroin olan bükülünü təqdim etmiş və bükülünün içərisində heroin olmasını, şəxsi istifadəsi üçün Lənkəran rayonu Qumbaşı kəndindən tanımadığı şəxsdən 10 manat pul qarşılığında aldığını demişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynində olan digər paltarlarına şəxsi axtarış keçirilsə də, onun üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı və aralarında heç bir ədavət, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqda, RPŞ-nə gətirildikdə, onun üzərində şəxsi axtarış aparıldıqda ona heç bir zor və ya güc tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü olaraq əynindəki tünd qara rəngli şalvarın sağ yan cibindən çıxararaq təhqiqatçıya təqdim etdiyi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin Materialların məhkəmə ekspertizası, “məhkəmə fiziki-kimyəvi eskpertizasının 06 avqust 2022-ci il tarixli, 19/778 saylı rəyində qeyd edilmişdir ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 0,439 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi 0,439 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,389 qramdır). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X7 Yoxlamanın nəticələrinə dair 07 avqust 2022-ci il tarixli 787 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Hərbi Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 335.1-cı maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində təyin edilmiş 06 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilmiş və şərti məhkumetmənin sınaq müddəti 06 (iki) ay müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Masallı rayonu İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamə və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Kərimov X2 şəhəri M.Hüseyn küçəsi ev 22-də qeydiyyatda olmaqla, arvadı xx.xx.2000-ci il təvəllüdlü X5, övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 ibarət ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü, əməlindən səmimi peşman olmasını və törətdiyi cinayət əməlini etiraf etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə ona daha sərt cəza yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 07 avqust 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,389 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasına dair 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,389 qram olan qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar