Məhkəmə qərarları › İş №1(050)-193/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-193/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-193/2025 03.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Tatyanoba kəndində qeydiyyatda olan və faktiki olaraq həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində BD 407677 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında BB № 595480 nömrəli qeydiyyat şəhadətnaməsi ilə verilmiş etibarnamə ilə idarə etdiyi “Vaz 21060 minik” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı-Yardımlı avtomobil yolunun Masallı şəhəri, H.Aslanov küçəsindən keçən hissəsində üzü Masallı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmçinin hadisənin qarşısını almalı olduğu halda, buna əməl etməyərək həmin yolun hərəkət hissəsinin sağ kənarından sola doğru hərəkət edən piyada, əvvəllər tanımadığı Masallı rayonu Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün, sol qamış və sol incik sümüyünün aşağı 1/3-nin yerdəyişən qapalı sınığı, sağ qasıq və oturaq sümüyünün sınığı və başın sağ təpə nahiyəsinin dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış və Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavət olmamışdır. 2024-cü ilin iyul-avqust aylarında o, özü üçün “Vaz 21060” markalı, **-GG-*** d.q.n-lı avtomobil almışdır. Avtomobilin mülkiyyətçisi anası Gülgəz Məcidova olsa da, o, həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2025-ci il tarixdə Humay adlı xanımı qolundakı xəsarətə görə xəstəxanaya aparmağa görə yola düşmüşdür. Yol boyu Humay xanımın ağrıları olduğuna görə tez-tez ona tərəf baxıb səbrli olmasını, həkimə çatmalarına az qaldığını bildirmişdir. Bu zaman fikri Humay xanımın üzərində qaldığı üçün maşını saxlaya bilməyərək Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə baş verəndən sonra zərərçəkmiş şəxsə lazımi köməklik etmişdir. Onun müayinə və müalicə xərclərində iştirak etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə ədavət və düşmənçliyinin olmadığını bildirərək barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs həmçinin məhkəmə iclasında mülki iddianı qəbul etməyərək göstərmişdir ki, iddia tam əsassızdır. Qayınatası Şahid4 həkimdir. Zərərçəkmiş şəxs bütün müalicə xərcləri ilə qayınatası məşğul olmuşdur. Gülnar xanıma baxılması üçün xadimə də tutulmuşdur. Zərərçəkmişə ümumi olaraq 7000 manatadək xərc çəkilmişdir. Əlavə hər hansı ödəniş etməyə onun vəsaiti yoxdur. Hazırda tələb edilən maddi ziyanı ödəmək iqtidarında deyildir. Odur ki, mülki iddianın rədd edilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, heç bir yerdə işləmir. Evdar qadındır. xx.xx.2024cü il tarixdə səhər saatlarında o, bacısı qızları Nərmin və Şəfa ilə birlikdə Ərkivan qəsəbəsində tanımadıqları taksi ilə Masallı şəhər ərazisində yerləşən “Köhnə Bazar” adlanan yerə getmişdirlər. “Köhnə bazar”da bir neçə mağazaları gəzmiş, özləri üçün lazım olan əşyaları aldıqdan sonra saat təxminən artıq 13 radələrində o, Nərmin və Şəfa birlikdə “İsgəndərli dairəsi” adlanan yerə gəlmiş və orada tanımadığı taksi sürücüsünə yaxınlaşaraq onları Ərkivan qəsəbəsinə aparmasını xahiş etmişlər. O, bacısı qızları Nərmin və Şəfa birlikdə taksiyə əyləşmiş və Ərkivan qəsəbəsi istiqamətinə getmişlər. Masallı şəhəri, H.Aslanov küçəsində yerləşən aptekin qarşısına çatarkən o, taksi sürücüsündən xahiş etmişdir ki, maşını saxlasın və o, yolun əks tərəfinə keçərək aptekdən dərman almaq istəmişdir. Taksi sürücüsü maşını saxlamış və o, maşından düşərək yolun əks tərəfinə keçərək aptekə daxil olmuş və təxminən 5 dəqiqə sonra aptekdən geri qayıdıb yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə keçmək istəmişdir. Ətrafda tanımadığı şəxslər və avtomobillər də olmuşdur. O, əvvəlcə adi yerişlə yolun hərəkət hissəsinə daxil olmuş və sonra iti addımlarla irəliləməyə başlamışdır. Bu zaman qəflətən avtomobilin onu vurması nəticəsində yolun hərəkət hissəsində yerə çırpılmış və bədən xəsarətləri almışdır. Sonradan olanları xatırlamamışdır. O, artıq gözünü açdıqda Masallı Rayon Mərkəzi xəstəxanasında olmuşdur. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tam ödənilmədiyini, tərəflər arasında barışıq olmadığını nəzərə alıb təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada hökm çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddianı müdafiə edərək göstərmişdir ki, onun müalicə xərcləri hələ də davam edir. O, ağrılardan əziyyət çəkir. Tam şəkildə sağalmamışdır. Bundan sonra bir neçə dəfə də əməliyyat olunmalıdır. Hadisənin baş verməsi nəticəsində əmək qabiliyyətini itirmişdir, işləyə bilmir. O, evdə şirniyyat hazırlayaraq satmaq niyyətində olmuşdur. Buna görə müvafiq icra hakimiyyəti ilə müqavilə bağlamış və ona özünəməşğulluğun təmin edilməsi məqsədilə əmlaklar verilmişdir. Lakin səhhətinə görə həmin işlə məşğul ola bilməmişdir. Ekspert rəyində xəsarətləri tam şəkildə göstərilməmişdir. Belə ki, ekspert rəyində barmağında olan zədəsi- sınığı yazılmamışdır. Həmin xəsarətlər ittihamın ağırlıq dərəcəsini dəyişdirməsə belə, onların müalicəsinə xərc tələb olunur. Təqsirləndirilən şəxs tərəfindən ona cəmi 5000 manat xərc çəkildiyini qəbul edir. 2000 manat həkimə pul ödənilsə də həmin pulun dəymiş ziyana görə ödənildiyini qəbul etmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 11 dekabr 2024-cü il tarixdə günorta saatlarında o, Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “Zirvə” adlanan istirahət mərkəzində olmuş və həkimə getməli olduğu üçün Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng edərək, gəlib onu həkimə aparmasını xahiş etmişdir. Təxminən yarım saat sonra Sübhan idarə etdiyi avtomobil ilə onun yanına gəlmiş, onu götürüb Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hava həmin vaxt aydın olmuşdur. Zərərçəkmiş şəxs qəflətən yolun hərəkət hissəsinə çıxmışdır. Sübhan əyləci basmış olsa da hadisənin qarşısını ala bilməmişdir. Hadisə nəticəsində Sübhan avtomobili ilə qadını vurmuş və qadın yolun üzərinə çırpılmışdır. Sübhan maşını saxlamış və onlar maşından düşüb qadına yaxınlaşmışdır. Onlarla birlikdə ətrafda olan tanımadığı şəxslər də oraya toplanmışlar. Az sonra təcili-tibbi yardım avtomobili gəlmiş və qadını maşına mindirib xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalasıdır. Zərərçəkmiş şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayır. O, isə Bakı şəhəri Binəqədi rayonunda yaşayır və hər il bir dəfə olmaqla Masallı rayonuna gələrək qohumlarına baş çəkir. Onunla birlikdə bacısı Şahid2 də həmin vaxt Masallı rayonuna gəlmişdir. 11 dekabr 2024-cü il tarixdə səhər saatlarında o və bacısı Şəfa xalası Gülnarla Masallı rayonu ərazisində yerləşən “Köhnə bazar” adlanan yerə tanımadığı taksi ilə gəlmişlər. Orada özünə lazım olan zəruri əşyaları almış və bir qədər gəzdikdən sonra günorta saatlarında geri qayıtmaq qərarına gəlmişdirlər. Bazar ərazisində bir nəfər taksi sürücüsünə yaxıblaşıb onları Ərkivan qəsəbəsinə aparmasını xahiş etmişdirlər. Onlar taksiyə əyləşmiş və yola düşmüşlər. Masallı şəhəri, H.Aslanov küçəsi ilə hərəkətdə olarkən xalası Gülnar taksi sürücüsünə xahiş etmişdir ki, maşını saxlasın və xalası düşüb yolun sağında yerləşən aptekə getmişdir. Təxminən 10 dəqiqə sonra xalası aptekdən çıxıb yolun əks tərəfinə keçmək istəmişdir. Bu zaman Masallı şəhər istiqamətində gələn “Vaz 21060” markalı avtomobil xalası Gülnarı vuraraq yerə çırpmışdır. Bunu görən kimi o və bacısı Şəfa da maşından düşüb xalasının yanına qaçmışdır. Xalası Gülnar yerə uzanmış və xəsarət almışdır. Həmin vaxt oraya tanımadığı bir neçə nəfər şəxs də toplaşmışdır. Az sonra hadisə yerinə təcili-tibbi yardım maşını gəlmiş və onlar xalasını maşına qoyub xəstəxanaya aparmışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir, zərərçəkmiş şəxsi isə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar tanımışdır. Qəzadan yarım saat keçməmiş, hadisə yerinə gəlmişdir. Həmin vaxt kürəkəni Təqsirləndirilən şəxs hadisə yerində polis əməkdaşlarının yanında olmuşdur. O da qəza baş verən anda zərərçəkmiş xanımın yanında olmuşdur. Zərərçəkmiş şəxs qəzadan sonra ilkin tibbi yardım göstərildikdən sonra Sumqayıtda yerləşən “Travmatologiya” xəstəxanasına aparılması təmin edilmişdir. Onun müalicə və müayinə xərclərini şəxsən özü qarşılamışdır. İlkin olaraq 500 manat nağd şəkildə verilmiş, 6500 manat isə köçürülmə yolu ilə göndərilmişdir və qəbzlər vasitəsilə öz təsdiqini tapır. Ümumilikdə Zərərçəkmiş şəxs 7000 manat xərc çəkilmişdir. O, çəkilən xərclə bağlı əsasən xanımın oğlu ilə danışmışdır. Çəkilən xərcin 5000 manatlıq hissəsini Sübhan vermiş, qalan 2000 manat olan hissəsini isə özü çəkmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: ● Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 15 dekabr 2025-ci il tarixli protokoldan görünür ki,hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi yol Masallı şəhəri, H.Aslanov küçəsində yerləşir.Yolun asfalt hissənin ümumi eni 12 metrdir, yol 2 zolaqdan ibarətdir. Yardımlı rayon istiqamətindən götürdükdə yolun sağ və sol ehtiyat hissəsinin (səkinin) eni 2 metrdir. Yol asfalt örtüklü, düz, hamar olub, qurudur. Hadisə baş verdiyi zaman hava şəraiti aydın olmuşdur. Hadisə Masallı şəhəri, H.Aslanov küçəsində yerləşən avtomobil yolunda baş vermişdir, hadisə yerində “Vaz 21060 minik” markalı **- GG-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz izi aşkar edilməmişdir. “Vaz 21060 minik” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs üçün təhlükə Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinin sol kənarından sağa doğru hərəkətə başladığı andan vurulana kimi qət etdiyi 5,5 metr məsafədən yaranmış, piyada yolun hərəkət hissəsinə daxil olarkən əvvəlcə adi yerişlə, sonra isə yolun soluna doğru hərəkət tempini artıraraq hərəkət etmişdir. ● Cinayət işinə əlavə edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 17 iyul 2025-ci il tarixli, 8/1406 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Vaz 21060 minik” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. ● Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” X5 Şəxsin Masallı Rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 236 nömrəli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün, sol qamış və sol incik sümüyünün aşağı 1/3-nin yerdəyişən qapalı sınığı, sağ qasıq və oturaq sümüyünün sınığı və başın sağ təpə nahiyəsinin dərialtı hematoması müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) güclü təsirindən törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin hissələrinin təsirindən və zərbənin təsirindən tullanılaraq yer örtüyünə çırpılması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 11 dekabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. ● Protokollaşdırılma nömrəsi 02721 olan alkoltestr müayinəsinin nəticəsindən görünür ki, sürücü Təqsirləndirilən şəxs alkotestr müayinəsindən keçirilmiş, sürücüdə sərxoşluq halı müəyyən edilməmişdir. ● BD 407677 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «B1, B, C1, C» dərəcəsi ilə nəzərdən tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Sürücülük vəsiqəsinin verilmə tarixi xx.xx.2021-ci il; etibarlılıq müddəti xx.xx.2031-ci il tarixədəkdir. ● Nəqliyyat vasitəsinin qeydiyyat şahədatnaməsinin və etibarnamələr üzrə elektron çıxarışdan görünür ki, “Vaz 21060 minik” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 tərəfindən Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixədək idarə etmək səlahiyyəti verilmişdir. ● Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-ci il tarixli qərardan və 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, “VAZ 21060” markalı **-GG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmışdır. ● Əşyanın maddi sübut hesab edilməsi haqqında 01 avqust 2025-ci tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılmışdır. ● Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. ● Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ● Masallı rayon İHB-nın Masallı rayonu, Güllütəpə kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Məcidov X3 rayonu, Tatyanoba kəndində qeydiyyatda olmaqla, yaşayır, 2 nəfərdən ibarət ailə üzvü vardır, xx.xx.2011-ci il təvəllüdlü X2 bir nəfər azyaşlı uşağı var, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. ● Cinayət işinin istintaq materiallarına əlavə edilmiş video diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21060 minik” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində Masallı-Yardımlı avtomobil yolunun rayonun Masallı şəhər, H.Aslanov küçəsindən keçən hissəsində üzü Masallı şəhəri istiqamətində hərəkətdə olarkən həmin vaxtı yolu piyada keçmək istəyən Masallı rayon Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vuraraq xəsarət yetirmişdir. ● Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiada Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində ona maddi və mənəvi ziyan vurulduğu göstərilir və buna görə də 3306 manat maddi ziyan və 5000 manat mənəvi ziyan məbləğində pulun alınaraq onun xeyrinə tutulması xahiş olunur, tələbin əsası kimi isə özünə məşğulluğun təmin edilməsi məqsədilə əmlakların verilməsi ilə bağlı akt, müqavilə, “cenubdan_leziz_dad” instaqram hesabının fotoşəkilləri, gündəlik xərclərlə bağlı siyahı və xəsarətlə bağlı CD disk və fotoşəkillər təqdim edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ibtdai istintaq zamanı və nümayəndəsinin məhkəmə istintaqında verdiyi ifadəsi, şahidlərin ifadələri və təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə tibbi, məhkəmə yol-nəqliyyat ekspertizasının rəyləri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində BD 407677 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında BB № 595480 nömrəli qeydiyyat şəhadətnaməsi ilə verilmiş etibarnamə ilə idarə etdiyi “Vaz 21060 minik” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı-Yardımlı avtomobil yolunun rayonun Masallı şəhəri, H.Aslanov küçəsindən keçən hissəsində üzü Masallı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmçinin hadisənin qarşısını almalı olduğu halda, buna əməl etməyərək həmin yolun hərəkət hissəsinin sağ kənarından sola doğru hərəkət edən piyada, əvvəllər tanımadığı Masallı rayonu Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün, sol qamış və sol incik sümüyünün aşağı 1/3-nin yerdəyişən qapalı sınığı, sağ qasıq və oturaq sümüyünün sınığı və başın sağ təpə nahiyəsinin dərialtı hematoması kimi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsini törətmişdir. Bununla da onun hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi yaranmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə Zərərçəkmiş şəxs ekspert rəyində barmağındakı olan xəsarətin- sınığın qeyd edilməməsi ilə bağlı izahatına münasibət bildirərək hesab edir ki, göstərilən xüsusatla bağlı cinayət işi üzrə əlavə ekspertizanın təyin edilməsi yolu ilə xəsarətlərin müəyyən edilməsi təqsirləndirilən şəxsə elan edilmiş hazırki ittihamın dəyişməsinə səbəb ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar 01 nəfər azyaşlı uşağının olması, iş üzrə zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi müəyyən edilmişdir. Məhkəmə, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməlinin törətməsi, törətdiyi cinayət əməlini etiraf etməsi, cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 66-cı və Cinayət-Prosessual Məcəlləsinin 91.7-ci maddələrinin tələbinə görə heç kəs özunə qarşı ifadə verməyə məcbur edilə bilməz və cinayətin törədilməsinə aidiyyatı olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Özünə qarşı ifadə vermək məcburiyyətində olmayan şəxsin tamamilə əks davranış variantı seçərək təqsirini etiraf etməsi onun şəxsiyyət baxımından tam aşınmadığından, ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissindən xəbər verir. Təqsirləndirilən şəxs da təqsirini etiraf etməklə məhz belə davranmışdır. Səmimi peşmançılıq isə şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun ictimai təlükəliliyinin əhəmiyyətli dərəcədə azaldığından, törətdiyi cinayətə görə özünü öz vicdanı qarşısında mühakimə etməsindən və artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Şəxsin düzgün və cəzanın məqsədlərinə xidmət edən davranışı isə ona cəza təyin edilən zaman nəzərə alınmaya bilməz Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına, əsasən, vicdanlı münasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meylli olmadığından xəbər verir və bunlar onun şəxsiyyətinin gerçək, diqqətəlayiq cizgiləridir. Məhkəmənin fikrincə, mütəmadi kriminal davranışa meylli olmayan və ictimai əxlaq tərəfindən təqdir edilən xarakterə malik olan belə şəxsin cəmiyyətdən təcrid edilərək barəsində daha ciddi cinayət-hüquqi xarakterli məhrumiyyət tədbirlərinin tətbiq olunması cəzanın məqsədlərinə xidmət etməzdi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan əsas cəza kimi azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi əsas cəzanın, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə əsas cəzanın azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və əsas cəza kimi azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Masallı Rayon Probasiya və İcra Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut “Vaz 21060” minik markalı, **-GG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmalı, cinayət işində olan 02 ədəd disk iş materiallarına saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddia ərizəsində səhhətinə vurulmuş zərərin əvəzi olaraq ümumilikdə 3306 manat məbləğində pulun və mənəvi zərər görə 5000 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir, tələbin əsası kimi isə özünə məşğulluq proqramı çərşivəsində ona əmlakların verilməsi ilə bağlı akt, müqavilə, “cenubdan_leziz_dad” instaqram hesabının fotoşəkilləri, gündəlik xərclərlə bağlı siyahı və xəsarətlə bağlı CD disk təqdim etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında tam sağalmadığını gələcəkdə bir neçə dəfə əməliyyat olunmalı olduğunu bildirmişdir. Lakin zərərçəkmiş şəxs tərəfindən dəymiş ziyanla bağlı iş üzrə yekun nəticənin əldə olunmasına gətirib çıxaran konkret sübutlar təqdim edilməmişdir. Göründüyü kimi bütün bu hallar məhkəməyə qeyri-müəyyən qalmaqla onların dəqiqləşdirilməsi üçün əlavə araşdırma tələb edir ki, bu da yekunda cinayət işi üzrə məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bilər. Buna görə də məhkəmə hesab edir ki, mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddia baxılmamış saxlanılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının qeyd olunur ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər (72-ci bənd). Odur ki, verilmiş mülki iddia baxılmamış saxlanılmalı və Zərərçəkmiş şəxs həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 13 saat üçün nəzərdə tutulan 143 manat pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut: “Vaz 21060 minik” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınsın, 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın və Zərərçəkmiş şəxs həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 143 (bir yüz qırx üç) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar