Məhkəmə qərarları › İş №1(050)-197/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-197/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-197/2025 29.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Əliyeva (Heydərova) Aynur Tofiq qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi: Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 26 iyul 2018-ci il tarixdən başlayaraq 21 iyul 2008-ci il təvəllüdlü X7, 06 aprel 2010-cu il təvəllüdlü X4 və 21 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq Əliyeva (Heydərova) Aynur Tofiq qızına verilməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(050)-2234/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini və həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamənin qüvvəyə mindiyi 25 sentyabr 2023-cü il tarixdən başlayaraq 06 aprel 2010-cu il təvəllüdlü X4 və 21 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Heydərova) Aynur Tofiq qızına ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3025/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)-980/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 12655 (on iki min altı yüz əlli beş) manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Əliyeva (Heydərova) Aynur Tofiq qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Əliyeva (Heydərova) Aynur Tofiq qızı ilə 2007ci ildə evlənmişdir. 2008-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2008-ci ildə Amin, xx.xx.2010-cu ildə Zəhra və xx.xx.2013-cü ildə Zaman adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Odur ki, Aynur nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(050)-2234/2018 saylı qətnaməsinə əsasən cavabdeh kimi ondan 26 iyul 2018-ci il tarixdən başlayaraq 21 iyul 2008-ci il təvəllüdlü X7, 06 aprel 2010-cu il təvəllüdlü X4 və 21 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Heydərova) Aynur Tofiq qızının xeyrinə ödənilməsi qət olunmuşdur. Bu barədə Masallı rayon icra və probasiya şöbəsi tərəfindən ona qərar və bildiriş göndərilmişdir. Əliyeva (Heydərova) Aynur Tofiq qızı aylıq alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3025/2023 saylı qətnaməsinə əsasən cavabdeh kimi ondan qətnamə qüvvəyə mindiyi tarixdən, yəni 25 sentyabr 2023-cü il tarixdən başlayaraq 06 aprel 2010-cu il təvəllüdlü X4 və 21 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Heydərova) Aynur Tofiq qızının xeyrinə ödənilməsi qət edilmişdir. Bu barədə Masallı rayon icra və probasiya şöbəsi tərəfindən ona qərar və bildiriş göndərilmişdir. Övladları Zəhra və Zaman anaları Aynurun yanında və himayəsindədir. Amin 2019-cu ilin iyul ayından etibarən onun yanında və himayəsindədir. Bununla bağlı Aynur Masallı rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək alimentin 2 (iki) uşağa görə, yəni 180 (bir yüz səksən) manatla hesablanmasını xahiş etmişdir. İfadəsinin davamında Təqsirləndirilən şəxs göstərdi ki, aliment borcunu tam ödəmədiyini etiraf edir. O, əvvəllər tələbkara icra sənədi üzrə aliment borcundan müəyyən ödənişlər etmişdir. Daha sonra aralarında narazılıq olmuş və aliment borcunu ödəməmişdir. Hal-hazırda rəsmi iş yeri yoxdur. Fəhləliklə məşğul olur. Maddi imkansızlıq səbəbindən xx.xx.2025-ci il tarixdə aliment borcundan 250 manat ödəniş etmişdir. Qalan borcu işləməklə gələcəkdə hissə-hissə ödəyəcəkdir.Tələbkarla rəsmi nikahlarından doğulmuş 21 iyul 2008-cil il təvəllüdlü X11 onunla birlikdə qalır. Həmin uşağın saxlanılması üçün Zərərçəkmiş şəxs aliment almır. Uşağın xərclərini də o qarşılayır. Artıq o bezmişdir. Himayəsində 1 nəfər yaşlı anası da var. Ona görə qanunsuz hərəkətlərdən çəkinir. Sonda Təqsirləndirilən şəxs qeyd olunanları nəzərə alıb barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar hökm çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmş Əliyeva (Heydərova) Aynur Tofiq qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə evlənmişdir. 06 noyabr 2008-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2008-ci ildə Amin, xx.xx.2010-cu ildə Zəhra və xx.xx.2013-cü ildə Zaman adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışdır. Faktiki olaraq ayrı yaşadığı müddətdə Vahid uşaqları ilə maraqlanmamışdır. Odur ki, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2018-ci il tarixdən başlayaraq 21 iyul 2008-ci il təvəllüdlü X7, 06 aprel 2010-cu il təvəllüdlü X4 və 21 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 (doxsan) manat olmaqla cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət olunmuşdur. xx.xx.2008-ci il təvəllüdlü X11 xx.xx.2019-cu il tarixdən atası Təqsirləndirilən şəxs yanında və himayəsindədir. Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə hər ay 270 manat olan aliment məbləğinin 2 uşağa, yəni Zəhra və Zamana görə hər ay 180 (bir yüz səksən) manat olmaqla davam etdirilməsinə və hesablanmasına görə Masallı rayon icra və probasiya şöbəsinə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. Amin Heydərov hazırda da atasının yanında və himayəsindədir. xx.xx.2010-cu il təvəllüdlü Zəhra və xx.xx.2013-cü il təvəllüdlü Zaman onun yanında və himayəsindədirlər. Uşaqlar artıq böyüdüyündən və xərcləri çoxaldığından alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qeyd olunan alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 06 aprel 2010-cu il təvəllüdlü X4 və 21 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. İfadəsinin davamında Əliyeva (Heydərova) Aynur Tofiq qız göstərdi ki, borclu icra sənədi üzrə 2024-cü ilədək müəyyən məbləğ ödənişlər etmişdir. 2024-cü il tarixdən hazıradək Təqsirləndirilən şəxs aliment borcundan ödəniş etməsini tələb etsə də ödəniş edilməmişdir. Uşaqlarını təkbaşına böyüdür. Uşaqları böyüdükcə tələbatları artır. O, ev təmizləməklə çörəkpulu qazanır. Əvvəllər borclu Təqsirləndirilən şəxs barəsində alimenti ödəmədiyinə görə inzibati tənbeh tədbiri tətbiq edilsə də o, islah olunmamışdır. Aliment borcundan ödəniş etməmişdir. Borcludan uşaqların haqqını tələb edir. Göstərilənləri nəzərə alaraq borclu barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2018-ci il tarixdən başlayaraq 21 iyul 2008-ci il təvəllüdlü X7, 06 aprel 2010cu il təvəllüdlü X4 və 21 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Əliyeva (Heydərova) Aynur Tofiq qızına verilməlidir. İcra sənədi Masallı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunmasından ötrü borclu Təqsirləndirilən şəxs göndərilmişdir. xx.xx.2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə haqqında təqdimatla Masallı Rayon Məhkəməsinə müraciət olunmuşdur. Masallı Rayon Məhkəməsinin 8(050)-177/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən təqdimat təmin olunmuşdur. xx.xx.2019-cu il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə təqdimat verilmişdir. Masallı Rayon Məhkəməsininin 8(050)-178/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən təqdimat təmin olunmuş və xx.xx.2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Tələbkar Əliyeva (Heydərova) Aynur Tofiq qızı xx.xx.2019-cu il tarixdə Masallı rayon icra və probasiya şöbəsinə müraciət edərək bildirmişdir ki, övladı X11 xx.xx.2019-cu il tarixdən atası Təqsirləndirilən şəxs yanında və himayəsindədir. Əliyeva (Heydərova) X10 Rayon Məhkəməsinin 2(050)-2234/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 3 uşağa görə hesablanan 270 (iki yüz yetmiş) manat aliment məbləğinin 2 uşağa görə, yəni 180 (bir yüz səksən) manatla hesablanmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə yaranmış 5470 (beş min dörd yüz yetmiş) manat aliment borcunu ödəməsi tələb olunmuşdur. Lakin borclu yaranmış aliment borcunu tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir və bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq Masallı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Masallı Rayon Məhkəməsinin 3(050)-539/2020 nömrəli, xx.xx.2020-ci il tarixli inzibati qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs olunmuşdur. Tələbkar aliment məbləğinin miqdarını artırmaqdan ötrü Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3025/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs Əliyeva (Heydərova) Aynur Tofiq qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmişdir. 06 aprel 2010-cu il təvəllüdlü X4 və 21 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul şəklində aliment tutularaq tələbkar Əliyeva (Heydərova) Aynur Tofiq qızına ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 54.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs borclu olduğu iki icra sənədi ümumi icraatda birləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə haqqında təqdimatla Masallı Rayon Məhkəməsinə müraciət olunmuşdur. Masallı Rayon Məhkəməsinin 8(050)-103/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən təqdimat təmin olunmuşdur. Masallı Rayon Məhkəməsinin 3(050)-980/2024 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs olunmuşdur. xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə tələbkar Əliyeva (Heydərova) X10 rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlərin görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 nömrəli, xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3025/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə tələbkar Əliyeva (Heydərova) Aynur Tofiq qızına ümumilikdə ödəməli olduğu 18460 manat aliment məbləğindən 5805 (beş min səkkiz yüz beş) manat aliment ödəmiş, təqdimatın verildiyi 28 aprel 2025-ci il tarixədək 12655 (on iki min altı yüz əlli beş) manat ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə, inzibati məsuliyyətlərə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasını təmin etməmişdir. Bununla əlaqədar borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnamələri qərəzli olaraq icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyi İsintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə istintaqında iştirak edən şahid Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş;

1. Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Əliyeva (Heydərova) Aynur Tofiq qızı ilə Təqsirləndirilən şəxs arasında Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan kənd ərazi icra nümayəndəliyi tərəfindən bağlanmış 06 noyabr 2008-ci il tarixli 97 saylı nikahın pozulması, 21 iyul 2008-ci il təvəllüdlü X7, 06 aprel 2010-cu il təvəllüdlü X4 və 21 dekabr 2013-cü il təvəllüdlü X6 anaları X5 yanında saxlanılması, 26 iyul 2018-ci il tarixdən başlayaraq 21 iyul 2008-ci il təvəllüdlü X7, 06 aprel 2010-cu il təvəllüdlü X4 və 21 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Heydərova) Aynur Tofiq qızının xeyrinə ödənilməsi qət olunmuşdur

2. 04 yanvar 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 nömrəli, xx.xx.2018-ci il nömrəli qətnaməsi üzrə Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən 04 yanvar 2019cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.

3. Masallı Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli 8(050)-178/2019 saylı qərardadından görünür ki, xx.xx.1982-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

4. X9 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X11 xx.xx.2019-cu il tarixdən atası Təqsirləndirilən şəxs yanında və himayəsindədir. Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə hər ay 270 manat olan aliment məbləğinin 2 uşağa, yəni Zəhra və Zamana görə hər ay 180 (bir yüz səksən) manat olmaqla davam etdirilməsinə və hesablanmasına görə X2 Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir.

5. Masallı Rayon Məhkəməsinin 3(050)-539/2020 nömrəli, 30 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs edilmiş Masallı Rayon Məhkəməsinin 2(050)- 2234/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra tələbini üzrlü səbəb olmadan icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3025/2023 saylı qətnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 nömrəli, xx.xx.2018-ci il nömrəli qətnaməsi ilə Təqsirləndirilən şəxs Əliyeva (Heydərova) Aynur Tofiq qızının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, 06 aprel 2010-cu il təvəllüdlü X4 və 21 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul şəklində aliment tutularaq tələbkar Əliyeva (Heydərova) Aynur Tofiq qızına ödənilməsi qət edilmişdir.

7. 07 noyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3025/2023 saylı qətnaməsi üzrə Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən 07 noyabr 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.

8. 21 noyabr 2023-cü il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 nömrəli, xx.xx.2018-ci il saylı və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3025/2023 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir.

9. Masallı Rayon Məhkəməsinin 3(050)-980/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 nömrəli, xx.xx.2018-ci il nömrəli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3025/2023 saylı icra sənədləri üzrə icra tələbini üzürlü səbəb olmadan icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir.

10. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon, Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 Filialının xx.xx.2024-cü il tarixli, 3-17-2/2-36606/2024 və xx.xx.2025-ci il tarixli, 3- 17-2/2-23254/2025 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) xx.xx.2024-cü il tarixdən işsiz kimi qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında nəzərdə tutulmuş tələblərin müəyyən edilmiş müddət ərzində dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə, məhkəmə qərarını icra etməməsinə görə iki dəfə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, məhkəmə qərarının icrası üçün yetərli tədbirləri görməməsi və qərəzli olaraq icra etməməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında qətnaməni maddi imkansızlığı ilə əlaqədar icra edə bilməməsi barədə ifadəsinə münasibətdə qeyd edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və həmin ifadə işin halları ilə təkzib olunduğu üçün, məhkəmə onun ifadəsini sübut kimi rədd edir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

«İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1.-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanununun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.» Həmin qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -Məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014cü il qərarında inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Beləliklə məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 306.1.ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməiki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 59.2-ci maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xarakteriz olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cəzanın məqsədinə gəldikdə isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməyədək icraat zamanı axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür və xx.xx.2025-ci tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün axtarışda olan şəxs kimi xx.xx.2025-ci il tarixdə saat 14:41 dəqiqədə Masallı rayon ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilmiş, xx.xx.2025-ci il tarixdə barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməyədək icraat zamanı axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür və qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün axtarışda olan şəxs kimi xx.xx.2025-ci il tarixdə saat 20:00 dəqiqədə Yasamal rayon ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilmiş, xx.xx.2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 iyul 2025-ci il tarixdən 21 iyul 2025-ci il tarixədək və 15 sentyabr 2025-ci il tarixdən 16 sentyabr 2025-ci il tarixədək tutulduğu müddət 03 (üç) gün kimi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə görə qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli hökmün elan edildiyi vaxtdan gündən, yəni 29 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 5 saat vaxt sərf etmişdir. Ona görə də, 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 iyul 2025-ci il tarixdən 21 iyul 2025ci il tarixədək və 15 sentyabr 2025-ci il tarixdən 16 sentyabr 2025-ci il tarixədək tutulduğu müddət 03 (üç) gün kimi nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına daxil edilsin və onun üzərində qəti olaraq 08 (səkkiz) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu vaxtdan, yəni xx.xx.2025ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 55 manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar