Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-199/2023 04.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi vəkil Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Masallı rayonu Sığdaş kəndində anadan olmuş, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Sığdaş kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Masallı rayonu, Sığdaş kəndində yerləşən mübahisəli otlaq sahəsində həmin torpağa sahiblik hüququ ilə əlaqədar Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə yumruğu ilə qəsdən bir dəfə vuraraq sonuncuya sağ gözyuvası ətrafında qançır və sağ göz almasına yayılmış qansızma ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xasarəti yetirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadə verərək bildirdi ki, hazırki cinayət əməlinin törədilməsinə səbəb torpaq mübahisəsidir. Belə ki, tərəflər arasında mübahisə edilən torpaq sahəsi icarə əsasında zərərçəkmiş şəxsin qaynatasının istifadəsindədir. Bununla bağlı Şahid2 dövlət reyestrindən çıxarışı və həmin yerin plan ölçüsü də vardır. Eləcədə həmin torpaq sahəsində çəpər daxilində köhnə bir tövlə binası da olmalıdır. Amma təqsirləndirilən şəxs və onun oğlanları bir neçə dəfə həmin əraziyə çəkilmiş çəpərləri dağıtmışlar. Hətta zərərçəkmiş şəxsin əri onlara mane olmağa çalışmış, lakin onlar ona məhəl qoymayaraq öz əməllərinə davam edərək vurub çəpəri sökmüşlər. Onların bu hərəkətləri video diskdədə vardır. Bütün bu dava-dalaş həmin torpaq sahəsi üzərindədir. Hər iki tərəf iddia edir ki, torpaq sahəsi onundur. Zərərçəkmiş tərəfin həmin torpaq sahəsinə dair Dövlət Reyestrindən Çıxarışı vardır, lakin buna baxmayaraq təqsirləndirilən şəxs və onun övladları zərərçəkmiş tərəfə məxsus malqaranı onların öz torpaq sahələrindən çıxarırlar və torpaq sahəsinə çəkmiş olduqları çəpəri sökürlər, yararsız hala salırlar. Təqsirləndirilən şəxs və onun övladlarının törətmiş olduqları bu əməllər özbaşnalıqdır. Eləcədə təqsirləndirilən şəxs hansısa bir şəxsdən etibarnamə alaraq zərərçəkmiş tərəfin qanuni istifadəsində olan torpaq sahəsinə iddia edirlər. Halbuki, təqsirləndirilən şəxsin həmin torpaq sahəsinə dair heç bir sənədi, yəni reyestrdən çıxarışı, icarə müqaviləsi və sair yoxdur. Eləcədə, əgər təqsirləndirilən şəxs həmin torpaq sahəsinin özünə məxsus olduğunu iddia edirsə sivil qaydada bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi, yaxudda DƏDRX-nə müraciət edə bilərdi ki, həmin təşkilatdan da mütəxəssislər gələrək yerində torpaq sahəsinin sərhədlərini müəyyən edə bilərdilər. Lakin bütün bunları etməyib zor tətbiq etməklə kiminsə çəpərini söküb malqarasını öz qanuni istifadəsində olan torpaq sahəsindən çıxarmaq, özünü isə döyüb xəsarət yetirmək özbaşnalıqdır. Heç kimə belə bir səlahiyyət verilməyib. Özbaşnalıqla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində ayrıca maddə vardır. Lakin təqsirləndirilən şəxs etdiyi hər bir əməli öz bildiyi kimi edib. Tərəflər arasında yaranan bütün mübahisələr bu minvalla yaranmış, zərərçəkmiş şəxsə xəsarət yetirdiyi üçün təqsirləndirilən şəxsin oğluna artıq cəza verilmişdir. Hazırda təqsirləndirilən şəxs özünü təqsirli bilmir, bu onun hüququdur. Lakin bu onun zərərçəkmiş şəxsi vurmasını, ona xəsarət yetirməsi faktını dəyişmir. Bununla bağlı ekspert rəyidə vardır, həmin rəydədə xəsarətin dərəcəsi qeyd olunmuş və vurulma tarixinin hadisənin tarixi ilə üst-üstə düşməsi öz təsdiqini tapmışdır. Bir adam psixi problemləri olmalıdır ki, özünə xəsarət yetirmiş olsun və buna görə kimi isə ittiham etmiş olsun. Eləcədə hər bir insanın özünə yetirmiş olduğu xəsarətlə ona kənardan xəsarət yetirilməsinin mexanizmi fərqli olur və ekspertlər də bunu bilirlər, əgər şəxs özü-özünə xəsarət yetirmiş olsaydı ekspert bunu rəydə göstərmiş olardı. Eləcədə zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə üzləşməsi vardırki həmin vaxt zərərçəkmiş şəxs bütün bunları təqsirləndirilən şəxsə üzbə-üz demişdir. Həmçinin iş üzrə şahidlər vardır. Kimsə kiməsə xəsarət yetirə bilməz, ələlxüsusda qadına. Məhkəməyə təqdim olunmuş diskdə zərərçəkmiş şəxsin vurulma anı yoxdur, lakin zərərçəkmiş tərəfə məxsus torpaq sahəsində çəkilmiş çəpərin sökülməsi anı vardır. Təqsirləndirilən şəxs öz əməlini etiraf etmiş olsaydı və peşmançılıq çəkmiş olsaydı bunu onun əməlini yüngülləşdirən hal kimi qiymətləndirmək olardı. Lakin şəxs öz əməlini etiraf etmir etmiş olduğu əməlin düzgün olduğunu zənn edir. Barışıq məsələsi qarşı tərəfdən aslıdır. Belə ki, təqsirləndirilən şəxs ilk öncə zərərçəkmiş şəxsdən üzrxahlıq etməlidir, daha sonra barışıq barədə düşünülə bilər. Həmçinin mübahisə torpaqla bağlıdır, bu məsələ həll olunmalıdır. Əgər torpaqla bağlı məsələ həll olunmasa hər dəfəsində müxtəlif hadisələr baş verə bilər. Hazırda təqsirləndirilən şəxs barışığa cəhd etmədiyindən tərəflər barışmayıblar. Odur ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə o və arvadı Şəlalə ilə birlikdə sözügedən torpaq sahəsinə getmişdir. Orada olduqları zaman Təqsirləndirilən şəxs qaça-qaça gəlib onlara məxsus mal-qaranı onları öz torpaq sahəsindən çıxarmışdır. Təqsirləndirilən şəxs ilə birlikdə qohumu Elşən də oraya gəlmişdir. Təqsirləndirilən şəxs inəkləri otlaq sahəsindən çıxardıqdan sonra onu vurmaq istəmişdir. Bu zaman arvadı Şəlalə onu kənara çəkmiş və Kamil arvadı Şəlaləni yumruqla bir dəfə vurmuşdur. Elşən də arvadı Şəlalənin belindən vurmuşdur. Sonradan Kamil zəng etmiş və uşaqları oraya gəlmişdir. O, DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, 1996-cı ildə 0.50 ha torpaq sahəsində dəyirman və qaraj tikmişdir. 2002-ci ildən isə həmin torpaq sahəsini icarəyə götürmüş və mübahisə yaranan günə kimi həmin torpaq sahəsini istifadə etmişdir. Bir kimsə ilə də konfilikti olmamışdır. Lakin hazırki bələdiyyə sədri seçildiyi günə kimi. Hazırki bələdiyyə sədri seçildikdən sonra məhkəmədə onun icarə müqaviləsinin ləğv olunması ilə bağlı iddia qaldırmışdır. Lakin məhkəmə həmin iddianı rədd edərək onun xeyrinə qətnamə qəbul etmişdir. Bundan sonra isə bələdiyyə sədri öz qohumlarından ona qarşı istifadə edərək onun barəsində mübahisəli torpaq sahəsi ilə bağlı müəyyən şikayətlər etdirmişdir. Kamil də həmin bələdiyyə sədrinin kürəkənidir. Kamilidə ona məxsus torpaq sahəsinə həmin bələdiyyə sədri göndərmişdir. Mübahisədən bir-iki gün öncə ona deyilmişdir ki, guya onun istifadəsində olan torpaq sahəsi Kamilindir, kimsə həmin torpağı müvəqqəti olaraq Kamilin istifadəsinə vermiş və onun həmin torpaq sahəsinə sənədi vardır. Eləcədə 16 mart 2023-cü il tarixdə axşam vaxt gəlini evə gəlib ona torpaq sahəsinə gəldiklərini demişdir. O, da cavabında gəlininə belə bir şeyin ola bilməyəcəyini, onun həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışının olduğunu, əgər kiminsə həmin torpaq sahəsinə hər hansı bir sənədi olmuş olsa və ya onun icazəsi olmadan yeri dəyişdirilmişsə qanunsuz olduğunu, saxtakarlıq olduğunu, cinayət olduğunu demişdir. Sonradan o, bununla bağlı müvafiq qurumlara müraciət etmiş və onun hüquqları bərpa olunmuşdur. Hadisə baş verən zaman orada olmamışdır. Lakin mübahisə yaranan günü ona zəng olunaraq polislərin sənəd istədiyini bildirmişlər o, da həmin yerə gəlmiş və tələb olunan sənədləri vermişdir. Həmçinin gəlininin ağladığını görmüş və nə baş verdiyini soruşmuşdur. Gəlini cavabında Kamilin onu vurduğunu demişdir. Yəni Kamil oraya gələn kimi oğlunu çağırıb gəlini isə ərini qoymamış özü getmiş və Kamil Şəlalənin gözündən vurmuşdur. Kamilin gəlinini vurduğu anda orada olmamışdır. Həmçinin sadəcə əkin yeri kimi istifadə etdiyi torpaq sahəsini çəpərə almışdır. Qalan torpaq sahəsini çəpərləməmişdir. Çünki oraları əkmədiyi üçün çəpərə almağa zərurət yoxdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onların arasında əvvəllər heç bir ədavət və düşmənçilik münasibəti olmamışdır. Yaşadığı Sığdaş kəndi ərazisində Rusiya federasiyasında yaşayan qohumu Şirzad Əzizovun adına olan torpaq sahəsini istifadə edir. Həmçinin 2023-cü ilin fevral ayında Şirzad ona torpaq sahəsini istifadəsi ilə bağlı etibarnamədə vermişdir. Lakin həmkəndlisi Şahid2 iddia edir ki, otlaq sahəsi ona məxsusdur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, oğlu Qoşqarla birlikdə yenidən otlaq sahəsinə getmiş və görmüşdür ki, Şəlalə və əri Tural oraya mal-qaranı buraxıblar. Onlara yaxınlaşıb demişdir ki, mal qaranı otlaq sahəsindən çıxartsınlar. Bu zaman Şəlalə onu nalayiq söyüşlərlə söymüş və oğlu Qoşqarı yumruq və əlindəki ağac parçası ilə vuraraq xəsarət yetirmişdir. Həmçinin yerdən daş götürüb onun sol ayaq nahiyəsinə, paya ilə isə sağ qol nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Qeyd olunanlar yalandır. xx.xx.2023-cü il tarixdə Şəlalə oğullarını və onu söydüyü üçün xx.xx.2023-cü il tarixdə o da, məcbur qalaraq olanları çəkmişdir. Həmin vaxt gəlin qaynatasına zəng vuraraq gəlib deyirlər sənəd varsa göstərsin demişdir. Qaynatası isə cavabında ona ”nə edirsən sənədi vur payanı başına, o, kimdir səndən sənəd istəyir” demişdir. Nə o, nədəki uşaqları gəlinə nalayiq söz deməmişlər, gəlini vurmamışlar. DƏDRX-nə müraciət etmiş və həmin xidmətdən gəlib ölçü işləri apararaq torpaq sahəsinin yerini ona göstərmişlər. Uzun illər həmin torpaq sahəsini o, istifadə etmişdir. Tövləni orada Şirzad inşa etmişdir və əvvəllər ailəsi ilə birlikdə orada yaşamışdır. Onlar özləri gəlini döyüblər. Belə ki, həmin gün gecə onların evində dava-dalaş olmuşdur. Səhəri isə gəlini aparıblar xəstəxanaya, lakin Masallı xəstəxanasını bəyənməyib Cəlilabadda yerləşən xəstəxanaya apararaq orada tanışları vasitəsilə hazırki işdə olan rəyi alıblar. 22 mart 2023-cü il tarixdə oğlanları gəlini görüb ondan üz-gözünün niyə qaraldığını soruşmuşlar, gəlin cavabında bu məsələnin onların ailə məsələsi olduğunu və bu məsələnin onlara aidiyyəti olmadığını bildirmişdir. Aralarında mübahisələri olub, lakin o, gəlini vurmamışdır. Şahid2 nə qədər yeri varsa onu çəpərə alıb, dəyirmanın arxası və bir tərəfi çəpərlənib, qalan yerlər isə Şirzadındır. Məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun əməli zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada sübut olunmuşdur. Məhkəmə iclasında iş materiallarında olan və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş CD-lərə baxış keçirilərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və oğlanları ilə aralarında mübahisə olduğu, Təqsirləndirilən şəxs övladlarının zərərçəkmiş şəxsin qaynatasının istifadəsində olan torpaq sahəsinə çəkmiş olduğu çəpəri sökdükləri, zərərçəkmiş şəxsin və onun əri Şahid1 həmin şəxslərə mane olduqları, Zərərçəkmiş şəxs əl-qol hərəkətləri və əlində ağac parçası ilə həmin şəxsləri torpaq sahəsindən qovduğu, eləcədə Təqsirləndirilən şəxs tərəf ağac parçası atdığı müəyyən edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli, 162 saylı rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs sağ gözyuvası ətrafında və sağ çiyin qurşağı nahiyəsində qançır, sağ göz almasına yayılmış qansızma müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ gözyuvası ətrafında qançır və sağ göz almasına yayılmış qansızma vahid kompleks təşkil edib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərərvurmaya aiddir. Sağ çiyin qurşağındakı qançır isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2023-cü il tarixli protkoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2023-cü il tarixli protkolda zərərçəkmiş şəxs Rzayeva X2 Kamil Yusif oğlu ilə üzləşdirmə ifadəsində bildirmişdir ki, “18 mart 2023-cü il tarixdə saat 17 radələrində mən ərim Tural ilə həmin otlaq sahəsində olarkən sən Elşən Həbibzadə ilə birlikdə bizim yanımıza gəldin, bizimlə mübahisə etdin. Mübahisə zamanı sən yumruğun ilə mənim sağ gözaltı nahiyəmdən, Elşən isə yumruğu ilə mənim sağ çiyin nahiyəmdən vuraraq mənə xəsarət yetirdiz.” (bax iş İİ cild, səh.64-67) Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Masallı rayonu, Sığdaş kəndi ərazisində yerləşən torpaq sahəsində Zərərçəkmiş şəxs həmkəndliləri Təqsirləndirilən şəxs ilə, sonuncunun oğulları X1 və X3 arasında baş vermiş münaqişənin görüntüsünün əks olunduğu 01 ədəd video diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan Masall Rayon İcra Hakimiyyəti başçısının Sığdaş inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Sığdaş kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəyi, üzləşdirmə protokollarını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirinin yetərli olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-199/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-199/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver