Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-2/2025 16.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Xüsusi ittihamçı X1, Təqsirləndirilən şəxs X6, Təqsirləndilən şəxs X6 vəkili Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 07 aprel 1989-cu il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 4 nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan; X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq müəyyən etdi: X7 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X6 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” y/s evi, mənzil 40-da qeydiyyatda olmaqla hal-hazırda Masallı şəhərində yaşayır və Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışır. Son vaxtlarda barəsində şikayət verdiyi şəxs X11 böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi sosial şəbəkələrdə, kütləvi çıxışlarında və Respublikanın müxtəlif təşkilatlarında yayımlamışdır. 2024-cü ilin iyul-avqust aylarında sosial şəbəkələrdə yaradılmış “TikTok” proqram kanalında X11 ölkənin hüquq mühafizə orqanlarına Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisinin, yəni onun qanunsuz əməlləri, cinayətkarlardan rüşvət tələb etməsi barədə dəfələrlə hüquq mühafizə orqanlarına məlumatlar verdiyini bildirir. Eyni kanalda ayrı-ayrı vaxtlarda, yəni təkrar olaraq həmin görünüşlə, həm də rəsmi şəkillərdə müraciətlərin mətnini yayımlamışdır. Hər iki video və audio materiallar sosial şəbəkədə “Tik-Tok” kanalında 2024-cü ilin iyul-avqust aylarında yayımlanmışdır. Həmin yayımlanan müraciət və çıxışlarda danışan şəxs X6 özüdür və nəql etdiyi hadisələrin iştirakçısının özü olduğunu bildirir. Onun haqqında səsləndirdiyi fikirlər o cümlədən böhtanlar X9 məxsusdur. Yayımlanmış video materiallar üzrə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi mövcuddur və bu əsasla hazırda Cinayət Prosessual Məcəlləsinin (CPM) 293-cü maddəsinə uyğun olaraq tərtib edilməklə məhkəməyə təqdim edilən şikayət ərizəsi Cinayət Məcəlləsinin (CM) 147-ci maddəsi üzrə baş vermiş cinayət hadisəsini araşdırmaqla, cinayət törətmiş şəxsin əməlinə hüquqi qiymət verilməsindən ibarət məqsədə xidmət edir. Xüsusi ilə nəzərə almaq lazımdır ki, X6 müraciətləri ilə o və polis şöbəsi ağır cinayətdə ittiham edilməklə böhtana məruz qalmışdır. X11 tərəfindən 2024-cü ilin iyul-avqust aylarında yayımlanmış video müraciətlərdə aşağıdakılar qeyd edilmişdir. “Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Nəsimi Cəfərov qumarxanalardan pul alır, rüşvət yığır, tutulub saxlanılan şəxslərin ailələri ilə əlaqə saxlayır, onlarla görüşdükdən sonra cinayət törətmiş şəxsləri şöbədən qanunsuz buraxır”. Həmçinin müraciətlərində bu işlərə rəhbərlik edən və şöbədə anarxiya yaradan polis rəisi Azay Ağayevi də ittiham edir. Müraciətlərindən sonra N.Cəfərov, onu polis şöbəsində 3 gündən sonra qanunsuz saxlamış, o sonradan sərbəst buraxılmışdır. Bu qanunsuzluqlara görə ölkə Prezidentinə, Baş Prokurora və Daxili İşlər Nazirliyinə müraciətləri olmuş, lakin müraciətlərinə baxılmamışdır. Onun video müzakirələri tam mətni ərizəyə əlavə edilməklə bərabər diskə köçürülmüş vəziyyətdə məhkəməyə təqdim edilir. Yayımlanmış hər video materiallarda səslənən fikirlər X6 özünə məxsus olmaqla sonuncuya aid edilməli, həmin fikirlərə görə məsuliyyət məsələsi həll olunmalıdır. Əvvəla nəzərə almaq lazımdır ki, bütün video materialların ümumi kompleksi böhtana əsaslanır, üstəlik həmin fikirlər E.Abiyevin mülahizəsi olmaqla reallığı əks etdirmir. Video müraciətlərində Masallı Rayon Polis şöbəsində özbaşınalığın, rüşvətxorluğun olmasını dəfələrlə qeyd etmişdir. E.Abiyevin onu rüşvət almaqla, böhtan olduğunu bilə-bilə polisin şərəf və ləyaqətini ləkələyən, polisə yaraşmayan, kollektiv və ictimaiyyət arasında hörmətdən salan ağır cinayətdə ittiham etməsi ilə (rüşvət alma) əsassız olaraq böhtana məruz qalmışdır. Bu isə E.Abiyevin əməllərində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin tərkibini yaratmışdır. Göründüyü kimi E. Abiyev böhtan olduğunu bilə-bilə polisin şərəf və ləyaqətini ləkələyən yəni şəxsi nüfuzdan salan, onu ağır cinayətdə ittiham edən məlumatları kütləvi informasiya vasitəsi ilə yaymaqla ona böhtan atmışdır. Yayımlanmış video materiallara 13.000 baxış olmuşdur. İnsanın şərəfi, ləyaqəti və nüfuzu ən ali dəyərlərdən hesab olunur. Vətəndaşın ifadə azadlığına malik olması, onun mətbuat vasitəsilə öz sözünü cəmiyyətə çatdırması normal haldır. Belə ki, video müraciət hazırki dövrün tələblərinə uyğun olaraq, şəxsin öz iradə ifadəsi forması kimi qiymətləndirilməlidir. Lakin bunun sui-istifadə, ictimaiyyəti çaşdırmaq, insanların şərəf və ləyaqətini alçatmaq və onları ən ağır cinayətdə ittiham etmək yolu ilə olub-olmaması araşdırılmalıdır. Özünün hüquqlarının pozulduğunu hesab edən şəxs hansı vasitəni seçməsindən aslı olmayaraq qanunvericilik çərçivəsində hərəkət etməlidir. Məhkəmə iclasında xüsusi ittihamçı X7 xüsusi ittiham qaydasında şikayətində göstərilənlərə uyğun izahat verərək, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs X11 ona elan edilmiş ittiham (şikayət) üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2018-ci il tarixində yaşadığı evdə onu güllələmək istəmişlər. 2022-ci il tarixində onun feyxoa bağları yandırılmış, həmin ilin sonunda isə dəmir boruları oğurlanmışdır. Bütün baş verənlərlə bağlı o, Masallı Rayon Polis şöbəsinə müraciət etmişdir. Masallı Rayon Polis şöbəsində araşdırmalar kifayət qədər aparılmadığından o, Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşlarının qəbuluna yazılmış, onlara müraciət edərək, şikayətlərini bildirmişdir. Həmin yüksək rütbəli şəxslər aidiyyəti üzrə Masallı Rayon Polis Şöbəsinə şikayətlərinin araşdırılmasına göstəriş versələr də, nəticə əldə olunmamışdır. Ona qarşı edilən qanunsuzluqlardan ibarət müxtəlif orqanlara yazılı və şifahi müraciətlər etmişdir. Ona etdiyi şikayətdən dolayı Masallı Rayon Polis şöbəsində Nəsimi Cəfərov və digər yüksək rütbəli zabitlər hədə qorxu, təzyiq göstərmiş və şikayətini geri götürməsində təkid etmişlər. Şikayətlərinə baxılmadığını görüb “TikTok” video paylaşma platformasında Nəsimi Cəfərovun əməlləri barəsində video müraciətlər etmişdir. “TikTok” video paylaşma platformasında Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi X5 “narkotik satmağa başı qarışıb”, “rüşvət yığmağa başı qarışıb” kimi səsləndirdiyi fikirlərlə bağlı onu deyə bilər ki, yaşadığı Masallı Rayonu, Ərkivan qəsəbəsində bir sıra insanlar var ki, narkotik satışı ilə məşğul olur və onlardan narkotik vasitə alan şəxslərə “bizə heç kim heçnə edə bilməz, biz haqqımızı veririk” ifadəsini işlədirlər. Həmin şəxslərin Nəsimi Cəfərova haqq verməsi barədə heç bir sübutu olmasa da, həmin şəxslərin açıq-aşkar narkotik vasitə satışı ilə məşğul olmaları ona əsas verir ki, “TikTok” sosial şəbəkəsində Nəsimi Cəfərov haqqında çıxışlar etsin. Bundan başqa TikTok video paylaşma platformasında Nəsimi Cəfərov haqqında “diş həkimlərindən haqq alır” və “Apteklərdən haqq alır” ifadələrini işlətmişdir. Bununla bağlı məhkəməyə təqdim edəcək hər hansı sübutu olmasa da, ətrafındakı insanlardan eşitdiyi ümumi sözləri demişdir. Əlavə olaraq onu qeyd edir ki, N.Cəfərovun qanunsuz əməlləri barəsində onun telefonunda sübutlar olsa da barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq olunan zaman telefonu ondan alınmış və həmin sübutlar silinmişdir. Ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. O, xəbər saytlarından və ətrafındakı insanlardan eşitdiyi ümumi sözləri “TikTok” video paylaşma platformasında özünə məxsus səhifədə yayımlamışdır. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə özünü təqsirli bilməsə də, törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş xüsusi ittihamçının (zərərçəkmiş şəxsin) ifadəsi, materiala əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, iş materiallarında olan: 1-ci CD diskə keçirilən baxış zamanı diskdəki 1-ci videofaylda 06 dəqiqə 39 saniyəlik videokadr var. Həmin videonun 03:10-cu dəqiqəsindən başlayaraq 04:05-ci dəqiqəsinədək X11 “TikTok” video paylaşma platformasında özünə məxsus “elman.abiyev3” səhifəsində “Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Nəsimi Cəfərov o qədər harınlayıb ki, Masallıda “qumar oyunları oynayan bəzi təşkilatlar var ki, onlardan aylıq haqq alır”, X5 “narkotik satmağa başı qarışıb”, “rüşvət yığmağa başı qarışıb” “Nəsimi Cəfərov qumar oyunlarının, mərc oyunlarının təşkilatçısıdır. Onlardan aylıq pul yığır” ifadələrini işlətməsi müəyyən olunur. 3-cü diskə baxış keçirilən zaman 1-ci videofaylda 02 dəqiqə 46 saniyəlik videokadr var. Həmin videonun 01:00-ci dəqiqəsindən başlayaraq 01:38-ci dəqiqəsinədək X11 “TikTok” video paylaşma platformasında özünə məxsus “elman.abiyev3” səhifəsində “Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Nəsimi Cəfərov “Diş həkimlərindən haqq yığır, apteklərin gününü qara edib, banditlərlə oğrularla şərik işləyir” ifadələrini bildirməsi müəyyən olunur. İş materiallarında olan 2-ci və 5-ci CD diskə baxış keçirilən zaman həmin disklərdə hər hansı videofayl aşkar olunmamışdır. İş materiallarında olan 4-cü və 6-ci CD diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət çəsb edən hər hansı sübut aşkar olunmamaışdır. Elektron çıxarışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X8 atası X10r. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək, hesab edir ki, X6 yalan olduğunu bilə-bilə X1 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları sosial şəbəkə iştirakçıları arasında qəsdən yayıb, ağır cinayətdə ittiham etməklə, onun böhtan cinayətini törətməsi tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş CD disklərə baxış keçirilən zaman müəyyən olunur ki, X11 “TikTok” video paylaşma platformasında özünə məxsus “elman.abiyev3” səhifəsində xüsusi ittihamçı barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları sosial şəbəkə iştirakçıları arasında qəsdən yaymaqla, onu vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda ittiham etməklə böhtan atdığı müəyyən edilmişdir. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanunda “kütləvi informasiya” deyildikdə, açıq yayıla bilən mətbu, audio-audiovizual və başqa xəbər və materiallar; “kütləvi informasiya vasitələri” deyildikdə, dövri mətbuat orqanları: daimi adı, cari nömrəsi olan qəzet, jurnal, toplu, bülleten, azı ildə bir dəfə çıxan başqa nəşrlər, habelə birdəfəlik tirajı yüz nüsxədən çox olan digər mətbuat növləri; radio-televideo proqramlar, kinoxronika proqramları və ya daimi adı ilə azı ildə bir dəfə çıxan (efirə və ya ekrana buraxılan) dövri audio-audkovizual xəbər və materialların (verilişlərin) məcmusu başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyindən bəhs edən 4-cü maddəsində deyilir ki, Dövlət sirrini, habelə qanunla xüsusi qorunan digər sirləri yaymaq, mövcud konstitusiyalı quruluşu və dövlətin bütövlüyünü zorakılıqla devirmək və ya dəyişdirmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sinfi, sosial, dini müstəsnalığı, ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, digər cinayət əməlləri törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Kütləvi informasiya vasitələrindən vətəndaşların şəxsi həyatına, onların şərəf və ləyaqətinə qəsd məqsədilə istifadə etmək qadağan olunur və qanuna müvafiq surətdə məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İ bəndinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminatı nəzərdə tutmuşdur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1- ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi «...mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,...qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti dedikdə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə yayma başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs X6 himayəsində dörd nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə tərəfindən X6 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək, hesab edir ki, X6 şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin nəzərə alınmış yüngülləşdirici halının nəzərə alınması ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə, cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə baş vermiş cinayət hadisəsinin törədilmə üsulunu, xarakterini və təhlükəlilik dərəcəsinin az olmasını nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin olunması daha ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən X6 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən, qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və ya seçilməli (məhz hansı tədbirinin) olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs X6 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut olan 2 ədəd CD disk, eləcə də sübut əhəmiyyəti kəsb etməyən digər 4 ədəd CD disk iş materiallarında saxlanılmalı, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X6 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X6 cəzasının icrası yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X11 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Maddi sübut- 2 ədəd CD disk, eləcə də sübut əhəmiyyəti kəsb etməyən digər 4 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-2/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-2/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver