Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-20/2024 31.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1989-cu il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdə özgənin əmlakını zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə əvvəllər tanımadığı, Masallı rayonu, Rüdəkənar kənd sakini Zərərçəkmiş şəxs “Facebook” sosial şəbəkəsində “Murad Həsənov” adı ilə qeydiyyatdan keçmiş cinsi azlıq nümayəndəsi ilə sosial şəbəkə üzərində olan əlaqəsi zamanı intim xarakterli mesajlarını və fotoşəkillərini əldə etdiyini, həmin məlumatları sonuncunun ailə üzvlərinə göndərəcəyini və onu rüsvay edəcəyini mobil telefon vasitəsi ilə bildirib hədələyərək Zərərçəkmiş şəxs həmin tarixdə Masallı şəhəri ərazisində yerləşən “Heydər Əliyev” parkına dəvət edib orada görüşdükdən sonra qeyd edilən məlumatları yaymamaqdan ötrü Zərərçəkmiş şəxs 1500 manat pul tələb etmiş və həmin tarixdə, saat 17 radələrində Masallı şəhəri ərazisində yerləşən “Xətai” parkında sonuncudan 700 manat məbləğində nağd pulu, xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində isə "xxxx" ASC-yə aid özünə məxsus plastik kart hesabına onlayn köçürülmə yolu ilə 500 manat pulu, ümumilikdə vahid niyyətlə 1200 manat məbləğində pulu alaraq Zərərçəkmiş şəxs əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Facebook” sosial şəbəkəsində Murad Həsənov adlı profil sahibinə mesaj yazaraq onunla salamlaşmış və idmanla məşğul olub-olmamasını soruşduqda, həmin şəxs ona “Geysən mənə yazırsan” sözlərini mesaj qismində yazıb onun profilini bloklamışdır. Bundan sonra o, əsəbiləşib həmin şəxsin profilini öz üsulları ilə ələ keçirib yazdığı mesajlara nəzər yetirmişdir. Orada həmin şəxsin Aydəmir Qayev adlı profil sahibiylə bir-biri ilə cinsi əlaqə söhbətlərini özündə əks etdirən mesajlarının olduğunu görmüşdür. X2 profil məlumatlarına baxdığı zaman həmin profil sahibinin Masallı rayonundan olduğunu bilmişdir. Bundan sonra mesaj bölməsinə geri qayıdıb həmin mesajları öz mobil telefonunun “screenshot” funksiyası vasitəsilə qeydə alıb telefonunun yaddaşına endirmiş, daha sonra Aydəmir Qayev adlı profil sahibinin də facebook məlumatlarını ələ keçirmək üçün parolunu sındırıb mesajlarına daxil olmuşdur. Orada da, Aydəmir Qayev adlı profil sahibinin müxtəlif şəxslərlə intim söhbətlərini özündə əks etdirən mesajlarının olduğunu görüb həmin mesaj yazışmalarını da “screenshot” vasitəsilə qeydə alıb telefonunun yaddaşına köçürmüşdür. Bundan sonra Aydəmir Qayev adlı profil sahibinin profilində qeyd etdiyi mobil nömrəsini götürüb onunla telefon əlaqəsi saxlayaraq onu Masallı şəhəri “Heydər Əliyev” parkının yaxınlığında yerləşən çay evinə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Aydəmirlə orada görüşüb söhbət edən zaman ona cinsi azlıqlarla “Facebook” sosial şəbəkəsi vasitəsilə yazışdığı mesajları göstərib “Bu nə hərəkətdir, bunlar nədi edirsən, sənin yaşına-başına yaraşır bu hallar, ailən və uşaqların bunları görsə sən nə edəssən” sözlərini demişdir. Həmin vaxt Aydəmir ağlayaraq kömək etməsini ondan xahiş etdikdə, o, bunun üçün pul lazım olduğunu və ona pul verəcəyi təqdirdə ona kömək edə biləcəyini bildirmişdir. Bu zaman Aydəmir ondan nə qədər pul lazım olduğunu soruşduqda, o, Aydəmirə 1500 manat pulun müqabilində həmin mesajların paylaşmasının qarşısını ala biləcəyini demişdir. Həmin mesajlar sadəcə onda olmuş və istifadə edə biləcəyini düşünüb Aydəmirdən pul tələb etmişdir. Aydəmir isə ona 1000 manat pul verə biləcəyini bildirdikdə, o, Aydəmirə ona pul qalmadığını, 1500 manatdan aşağı edə bilməyəciyini və bir azda təhrif olunmuş formada onu qorxuya salıb pulu verməsini istəmişdir. Aydəmir də onunla razılaşmış və pulu hissə-hissə ona verə biləcəyini bildirmişdir. Buna görə də o, Aydəmirlə razılaşmış və sonuncu həmin vaxt onun yanından uzaqlaşıb getmişdir. Həmin gün saat 17 radələrində Aydəmir Masallı şəhəri “Xətai” parkının yanına gəlib orada ona beh qismində 700 manat pul vermiş və qalan pulu isə növbəti gün verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Aydəmir onun göndərdiyi öz adına qeydiyyatda olan kart hesabına 500 manat pul göndərmiş, 300 manatı bir həftə ərzində verəcəyini bildirmişdir. O, yenə Aydəmirlə razılaşmış və sonuncunun onun kart hesabına ödədiyi 500 manat pulu “Kapital Bank ASC”-nin Masallı mərkəz filialının önündəki bankomatdan çıxarmışdır. Aydəmirdən ümumilikdə 1200 manat pul almış, həmin pulun 200 manatını uşaqlar evinə və 200 manatını qocalar evinə yardım məqsədilə göndərmiş, qalan 800 manat pulu isə ayrı-ayrı tarixlərdə öz şəxsi istifadəsi üçün xərcləmişdir. xx.xx.2023-cü il tarixdə Aydəmir təkrar ona zəng edərək 250 manat pul düzəldə bildiyini bildirdikdə, o, sonuncuya pulun lazım olmadığını demişdir. Sonradan Aydəmirin onun barəsində Masallı RPŞ-yə şikayət etdiyini bilmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ondan şikayəti və tələbi olmadığını nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, uzun müddətdir “Facebook” sosial şəbəkəsindən istifadə edir. Təxminən bir ay əvvəl sosial şəbəkədə Murad Həsənov adlı “Facebook” istifadəçisiylə tanış olmuşdur. Muradla bir qədər sosial şəbəkədə danışdıqdan sonra onun cinsi azlığ olduğunu öyrənmiş və onunla intim xarakterli söhbətlər aparmışdır. Murad ona bədəninin şəklini atmış və onu Bakı şəhərinə onunla görüşüb cinsi əlaqədə olmaq üçün dəvət etmişdir. O da Murada öz şəkillərini göndərmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb ona xakker olduğunu, sosial şəbəkədə ona məxsus şəxsi məlumatları ələ keçirdiyini bildirmiş və onunla görüşmək istədiyini demişdir. Buna görə də Sabirlə razılaşıb həmin gün Masallı şəhəri ərazisində yerləşən “Heydər Əliyev” parkında görüşmüşdür. Sabir ona sosial şəbəkədə onun barəsində şəxsi məlumatlarını ələ keçirdiyini, həmin məlumatları ailə üzvlərinə göstərəcəyini, həmin məlumatları yaymamaq üçün ona pul verməsini, əks təqdirdə onu rüsvay edəcəyini bildirmişdir. O, Sabirdə olan şəxsi məlumatlarını və Murad Həsənov adlı “Facebook” istifadəçisiylə intim söhbətlərini görüb Sabirdən nə qədər pul istədiyini soruşduqda, sonuncu ondan 1500 manat pul tələb etmişdir. O, Sabirlə razılaşmış və ona həmin gün 700 manat pul verə biləcəyini, növbəti gün 500 manat və bir neçə gün sonra isə 300 manat verə biləcəyini bildirmişdir. Həmin vaxt Sabir bir qədər tərəddüd etdikdən sonra onunla razılaşmışdır. O, Sabirdən ayrıldıqdan bir neçə saat sonra 700 manat pulu düzəldib həmin gün saat 17 radələrində Masallı şəhəri ərazisində yerləşən Xətai parkında görüşüb nağd şəkildə Sabirə vermişdir. Sabir pulu tam ona verdikdən sonra məlumatları siləcəyini bildirib oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, tanışlarından borc pul tapıb növbəti gün səhər saat 08 radələrində Sabirə zəng edərək ona kart hesabı göndərməsini xahiş etmişdir. Sabir “whatsapp” ani danışıq sistemi vasitəsilə ona hazırda xatırlamadığı "xxxx" ASC-yə aid Sabirin öz adına qeydiyyatda olan 416973”””””””211 saylı kart hesabını göndərmiş, o da Masalı şəhərində yerləşən “Bazar Store” ticarət mərkəzində Milliön ödəmə terminalı vasitəsilə Sabirin ona göndərdiyi 416973”””””””211 saylı kart hesabına 500 manat pul göndərmişdir. Bundan sonra Sabirə təkrar zəng edərək ona məxsus karta 500 manat pul göndərdiyini deyib, qalan 300 manatı isə yaxın günlərdə verəcəyinə dair söz vermişdir. Sabir yenə onunla razılaşmış və o, xx.xx.2023-cü il tarixdə Sabirə təkrar zəng edərək 250 manat pul düzəltdiyini və 50 manatı tapa bilmədiyini deyib həmin pulu ona vermək istədiyini, əgər razılaşmazsa özünü öldürəcəyini demişdir. Sabir onun dediyi sözlərdən sonra qorxub pulu istəmədiyini bildirmişdir. Bundan sonra o, Sabirin onu yenə hədələyəcəyindən qorxuduğu üçün xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə yaxınlaşıb ərizə yazaraq Sabirin onu öldürməklə hədələdiyini və mütəmadi olaraq ona zəng edərək narahat etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və iddiası olmadığını və onunla barışdığını qeyd edib, barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(050)- 124/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan, hökmün surətindən və Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 2-1553/23-62-16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(050)-164/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 49.3, 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 2 il 8 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr-Zəfər günü” münasibəti ilə xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən xx.xx.2022-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan CD diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, “Facebook” sosial şəbəkəsində Aydəmir Qayev (Zərərçəkmiş şəxs) adlı istifadəçi ilə Murad Həsənov adlı istifadəçi biri-birinə intim xarakterli fotoşəkillər və mesajlar göndərmişlər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəyiş ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri tutulursa, hökm çıxarılarkən, azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda iş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-20/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-20/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver