Məhkəmə qərarları › İş №1(050)-200/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-200/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-200/2024 08.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-cü ildə Lerik rayonu, Orand kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan və Masallı rayonu, Meşəkənarı kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 09.2024-cü il tarixdə, saat 18 radəlerində yaşadığı Masallı rayonu, Meşəkənarı kəndi ərazisində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ona yemək hazırlamaması ilə əlaqədər aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı sonuncunun sifət nahiyəsinə qəsdən yumruq ilə bir zərbə vurub Zərərçəkmiş şəxs üst dodağın əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarəti yetirmişdir. Həmin əməlinə görə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Hal-hazırda 1 övladları vardır. xx.xx.2024-cü il tarixdə işdən evə gəlmişdir. Həmin vaxt arvadı Sənubər yemək hazırlayıb masanın üzərinə qoyduğu zaman Sənubərə pomidor salatı hazırlamasını demiş, bu zaman Sənubər ona kobud formada evdə pomidor olmadığını dediyi üçün Sənubərlə aralarında mübahisə yaranmış və mübahisə zamanı Sənubərin sifət nahiyəsinə bir dəfə istəməyərəkdən yumruq zərbəsi vurmuşdur. Belə ki, Sənubə əyildiyi üçün yumruq onun sifətinə dəymişdir. Həmin vaxt Sənubərin ağız nahiyəsindən qan gəldiyi görüb evdən çıxıb getmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə əkin sahəsində evə gəlmişdir. Həmin vaxt həyat yoldaşı Mehman evdə olmuş ondan qabaq evə gəlmişdir. Pamidor salatı ilə bağlı aralarında mübahisə yaranmışdır. Belə ki, pamidoru doğrayıb yemişlər və bir qədər zarafat etmişlər. Bu zaman sözləri düz gəlməmiş və Mehman əsəbləşərək onun sifət nahiyəmə bir dəfə yumruq zərbəsi vurdu. Daha sonra əmisi oğlu Şahid mobil telefon nömrəsinə zəng vurub Mehmanın onun döyməsini demişdir. Sonra əmisi oğlu İbrahim yaşadığı evinə gəlib onu Cəlilabad rayonu mərkəzi xəstəxanasına aparmışdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun əmisi qızıdır və Təqsirləndirilən şəxs isə yeznələridir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs 20 ildir ki, ailə həyatı qurublar və 1 övladları vardır. xx.xx.2024-cü il tarixdə saat 18:10 radələrində əmisi qızı Zərərçəkmiş şəxs onun mobil telefon nömrəsinə zəng vurub Mehman tərəfindən döyüldüyünü deyib xəstəxanaya aparmasını xahiş etmişdir. Bundan sonra o, əmisi qızı Sənubərin evinə gəldiyində Sənubərin ağız nahiyəsindən qan gəldiyini görüb dərhal Cəlilabad rayonu mərkəzi xəstəxanasına aparmışdır. Yolda olduqları zaman o, DİN-in 102 xidmətinə zəng vurub Sənubərin döyülməsi barədə məlumat vermişdir. Həmin məlumat əsasında RPŞ-də izahat verdiyi zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və fiziki təsir göstərilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin 17 sentyabr 2024-cü il tarixli, 862 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs üst dodağın əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 16 sentyabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-111/2018 saylı, 15 avqust 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilmiş və о, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Paşayev X5 rayonu, Meşəkənarı kəndində qeydiyyatda olmaqla anası 1938-ci il təvəllüdlü X1, həyat yoldaşı 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və bir uşağı 2010-cu il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadəsi elan olunmuş şəxslərin (cinayət əməli törətmiş şəxsin, zərər çəkmiş şəxsin və şahidin) ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də ictimai işlər növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası CM-nin 47.2-1.-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və 360 (üç yüz altmış) saat ictimai işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar