Məhkəmə qərarları › İş №1(050)-201/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-201/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-201/2023 11.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1990-cı il tarixdə Masallı rayonu, Səmidxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Alışanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə, saat 11:30 radələrində Masallı rayonu, Alışanlı kəndi ərazisində yerləşən kəndarası avtomobil yolunda həmkəndlisi Zərərçəkmiş şəxs özünə məxsus avtomobili sürətlə idarə etməsi ilə əlaqədar sonuncuya iradını bildirərkən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sol qaş, alt dodaq və sol çiyin nahiyəsinə yumruq ilə qəsdən bir dəfə zərbə vuraraq ona sol qaş nahiyəsinin əzilmiş yarası, alt dodağın iç hissəsinə qansızma və sol çiyin nahiyəsinin qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xasarəti yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həmkəndlisi Zərərçəkmiş şəxsla münasibəti həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs istifadəsində VAZ-21074 markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində Alışanlı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində anası Şahid1 ilə olduğu vaxt bir avtomobilin yüksək sürətlə hərəkət etdiyini eşitmişdir. Buna görə o, yaşadığı evin həyətyanı sahəsindən çıxaraq avtomobil yoluna tərəf getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs uzaqdan VAZ-21074 markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yüksək sürətlə gəldiyini görüb əl ilə işarə edərək onu saxlatdırmışdır. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən yerə düşdükdən sonra o, sonuncuya avtomobili hansı səbəbdən yüksək sürətlə idarə etdiyini soruşduqda, Zərərçəkmiş şəxs ona əcəb etdiyini dediyi üçün aralarında mübahisə yaranmış və onlar yaxalaşmışlar. Sonra anası Şahid1 onlara yaxınlaşmış və ona yaşadığı evə gəlməsini bildirdikdə, o, Zərərçəkmiş şəxs yaxasını buraxaraq yaşadığı evə getmişdir. O, ümumiyyətlə Zərərçəkmiş şəxs vurmamış, sonuncunun qaşı maşına dəyərək xəsarət almışdır. Odur ki, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uzun illərdir tanımış, sonuncu ilə əvvəllər münasibəti həmişə yaxşı olmuş, hər hansı düşmənçiliyi olmamışdır. Özünə məxsus VAZ-21074 markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobil ilə əkdiyi tərəvəz məhsullarını Masallı şəhəri ərazisində yerləşən “Köhnə bazar” adlanan əraziyə apararaq orada satmışdır. xx.xx.2023-cü il tarixdə, saat 24 radələrində o, tərəvəzləri “Köhnə bazar” adlanan əraziyə aparmış və xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində satıqdan sonra ustaya gedib orada avtomobilini təmir etdirmişdir. Saat 11:30 radələrində ustadan çıxıb yaşadığı Alışanlı kəndi istiqamətində hərəkət etməyə başlamış, lakin yaşadığı evə çatmağa 200 metr qalmış çörək almaq yadından çıxdığı üçün yenidən geri qayıtmışdır. O, mağazadan çörək aldıqdan sonra avtomobilinin sükanı arxasına keçib yenidən yaşadığı evə doğru hərəkət etməyə başlamışdır. Avtomobil ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısındakı kənd arası yolda 10 km saat sürətlə idarə edən zaman sonuncu əl ilə işarə edərək avtomobili saxlamağını bildirmiş, o da avtomobili saxlamışdır. Həmin vaxt avtomobilin ön qapılarının şüşələri endirilmiş vəziyyətdə olmuş və Təqsirləndirilən şəxs avtomobilin sağ ön qapısına yaxınlaşaraq heç bir səbəb olmadan onun ailə üzvlərini təhqir etmiş, əvvəlcə onun sol qaş nahiyəsinə bir dəfə, sonra alt dodağına bir dəfə, daha sonra isə sol çiyin nahiyəsinə bir dəfə yumruq ilə zərbə vurmuşdur. O, Təqsirləndirilən şəxs heç bir söz demədən idarə etdiyi avtomobil ilə hərəkətinə davam etmişdir. Daha sonra o, yaşadığı evə getmiş, oradan da Masallı RMXna gedərək müayinə olunmuşdur. Hadisə təxminən 4-5 dəqiqə davam etmiş və həmin vaxt oraya Təqsirləndirilən şəxs anası Zərxanım da gəlib Əlini ondan kənarlaşdırmışdır. Təqsirləndirilən şəxsla barışmadığından məhkəmədən ona qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Sonuncu ilə münasibətləri həmişə yaxşı olmuş, hər hansı düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı evin həyətində olarkən evin qarşısından keçən kənd arası yolda bir avtomobilin yüksək sürətlə hərəkət etdiyini eşitmişdir. Buna görə oğlu Əli yola tərəf getmiş, o da oğlu Əlinin arxasıyla küçəyə doğru çıxmışdır. Oğlu Əli avtomobili yüksək sürətlə idarə edən Zərərçəkmiş şəxs avtomobilini işarə edib saxlatdırmış və Zərərçəkmiş şəxs avtomobili saxlayaraq yerə düşmüşdür. Həmin vaxt Əli Cavidə avtomobili yüksək sürətlə idarə etməsi ilə bağlı iradını bildirdikdə, sonuncu əcəb etdiyini bildirmişdir. Bundan sonra oğlu Əli ilə Cavid arasında mübahisə başlamış və onlar yaxalaşmışdır. Bu səbəbdən də onlara yaxınlaşaraq oğlu Əliyə yaşadıqları evə gəlməsini bildirmiş və Əli də yaşadığı evə gəlmişdir. Həmin vaxt Əli Cavidi vurmamışdır. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs uzun illərdir tanımış, sonuncu ilə əvvəllər münasibəti həmişə yaxşı olmuş, hər hansı düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində o, yaşadığı evdə olduğu zaman qardaşı Zərərçəkmiş şəxs evə gəlmiş və sifətindən qan axdığını görmüşdür. Həmin vaxt qardaşı Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü, buna görə də bədən xəsarətləri aldığını bildirmiş və Masallı RMX-na gedərək orada müayinə olunmuşdur. xx.xx.2023-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərkən baş vermiş hadisəni görməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının İ Səmidxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X1» Publik Hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin 21 iyul 2023-cü il tarixli 676 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmiş yarası, alt dodağın iç hissəsinə qansızma və sol çiyin nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 21 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş üzrə üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Nəsrulla oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum olunsun. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs Nəsrulla oğlunun işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar