Məhkəmə qərarları › İş №1(050)-201/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-201/2025

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-201/2025 25.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məhkəmə iclasının katibi X9, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı şəhəri Qarabağ küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Qubadlı rayonu Mollabürhan kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, “Metallurq” sanatoriyası mənzil 30-da yaşayan Zərərçəkmiş şəxs 3500,0 manat pulun müqabilində arvadı X6 pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs qohumu Şahid vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Masallı şəhəri H.Əliyev parkında əvvəlcə 1500 manat, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Masallı şəhəri H.Əliyev parkında yenə qohumu Şahid vasitəsi ilə 500 manat, 2024-cü ilin avqust ayının əvvəllərində saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu “20 yanvar” metrostansiyanın yaxınlığında Zərərçəkmiş şəxs 1000 manat və 2024-cü ilin avqust ayının sonlarında saat 11 radələrində Masallı şəhərində yerləşən Masallı RMX-nın həyətində 500 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 3500,0 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək qeyd etdi ki, o, 3500 manat deyil 3000 manat pul almışdır. Şahid hadisəni bilir. Ona 1500 manat pul bir verilib, 500 manat pul bir verilib, Vahid vermişdir. 1000 manatda pulu Namiq 20 Yanvar adlanan yerdə ona vermişdir. İşin düzəlməsi ilə bağlı müəyyən yerlərə ödənişlər olunmuşdur. Lakin nəsə işi alındıra bilməmişdir. Həmin puldan 1000 (bir min) manatını qaytarmışdır, 2000 (iki min) manatı qalmışdır. Sonda Təqsirləndirilən şəxs 3000 manat pul aldığını və almış olduğu 3000 manat pulu qaytardığını, 500 manat pulun ona verilmədiyini, dörd uşaq atası olduğunu, himayəsində xəstə anası olduğunu, heç bir yerdən gəliri olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcədə iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada sübut olunur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, məsələ həyat yoldaşının pensiya işi ilə bağlı olmuşdur. Şahid həyat yoldaşının doğmaca xalası oğludur. Vahidlə aralarında arvadının pensiyasının 2020-ci ildən dayandırılması, pensiyanın yenidən bərpa olunması ilə bağlı söhbətlər olmuşdur. Sonra Masallı Rayon Mərkəzi xəstəxanasına gəlmiş və orada Vüqala Vahidi görmüşdür. Həmin vaxt ondan məsələnin nə olduğunu soruşmuş oda məsələnin pensiya ilə bağlı olduğunu bildirmiş, Vahiddə ona “bu adam o işi görə bilir” demişdir, yəni pensiya işini, eləcədə “özünüz danışın mənlik deyil, mən bu işə qarışmıram” demişdir. Sonradan Vüqarla telefon əlaqəsi yaradıb daşınmışlar, söhbət gəlib pul məsələsinə çatmış 3500 manata. 1500 manat bir dəfə göndərmiş, 500 manatda bir dəfə göndərmişdir. 1000 manat Bakı şəhərində vermişdir. 500 manatda Mərkəzi xəstəxananın qarşısında vermişdir. Əgər zərər vuran deyir ki, 500 manat verməmişəmsə Sumqayıtla Yasamalın arası yaxındır yoxsa Sumqayıtla Masallının, o, Sumqayıt şəhərindən hər dəfə Masallı rayonuna gəlib getdiyi zaman 60 manat xərci çıxmışdır. İş Yasalam rayonunda olmuş olsaydı Yasamala gedib gəlməsinə 12 manat xərci çıxardı, amma Masallıya üç dəfə ibtidai istintaq zamanı gəlmiş, iki dəfə məhkəmə zamanı gəlmişdir. Bu rəqəm beşə vurulduğu zaman 300 manat edir, “gəlib 400-500 manata çıxır, mən nə edirdim bunu yazırdım, yazardım 3000 manatda, yəqinki məni başa düşdüzdə, 500 manatı nəyə görə atmalıyam”. Hələ ona dəymiş maddi və mənəvi ziyanda vardır. 22 il Dövlət Qulluğunda işləmişdir, hal-hazırdada Xəbər Eksperss qazetinin təsisçisidir, yalan danışmaq ona yaraşmır, amma ona yalan vədlər vermişdir, o, adamı tutdurmaq istəməmişdir, indidə tutdurmaq istəmir, kimsənin tutulmasını, həbs olunmasını istəmir. Ona dəymiş ziyanı ödənilsin. Tutulmasını, həbs olunmasını istəmir, 500 manat borcu qalıb onu ödəsin, ona dəymiş ziyanın tam şəkildə ödəniməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Vüqar müəllimi tanıyır, rayonda mağazasına gedib-gəlmişdir. Xəstəxanadan o, yeznəsi və yeznəsinin yoldaşı birlikdə çıxdıqları zaman Vüqarla rastlaşmışlar, Vüqar həmin vaxt xəstəxanaya gəlmişdir. Salamlamışlar və nə məsələ olduğunu soruşmuş, oda “yeznənin yoldaşının sənədinə imtina gəlib” demişdir. Daha sonra o, xalasıqızı ilə maşına oturmuşlar, Namik isə Vüqarla qalıb söhbət etmişlər. Nə söhbət etdiklərini bilməmişdir. Sonradan Vüqar məllimin mağazasına getmiş, söhbət zaman Vüqar ondan “yeznənin işi nə oldu” deyə soruşmuş, oda cavabında “qaldı, sənədi kəsilib qalıb” demişdir. Sonra Vüraq ondan soruşmuşdur ki, “nə ilə çıxıb”, o isə cavabında “bilmirəm nə ilə çıxıb, ondan başım çıxmır” demişdir. Sonra yeznəsinə demişdir ki, “orda biri var, sənədlərlə maraqlanır”. Sonra telefon nömrəsini vermişdir, ikisi danışmışlar, razılaşmışlar. Sonra yeznəsi bir həftə on gün sonra onun kartına pul atıb oda pulu Vüqar müəllimə vermişdir. 1500 manat bir dəfə atıb çıxarıb vermişdir, 500 manatda bir dəfə atıb çıxarıb vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri Qarabağ küçəsi ev 2-də qeydiyyatda olmaqla arvadı xx.xx.1992-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 ibarət ailə üzvləri vardır, onlarla birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs himayəsində dörd nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, dəymiş ziyanın qismən ödənilməsini 59.1.14-cü maddəsinə əsasən, ilk dəfə cinayət əməli törətmənisi və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alıb, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla əsaslı, ədalətli məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs ona təyin olanacaq islah işləri cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkməsinin başlanğıcı qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar