Məhkəmə qərarları › İş №1(050)-202/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-202/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-202/2025 27.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1977-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, Yevlax Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşamış, Masallı Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talayıb ələ keçirməklə oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində "xxxx" MMC-nin X4 filialının Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Masallı Müştəri Xidmətləri şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs xidməti iş otağında kiçik nominalda pul əskinazlarını dəyişdikdən sonra həmin otağdakı masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus 880 manat miqdarında nağd pul əskinazlarını gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 880 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, özünü dələduzluq cinayəti törətdiyinə görə təqsirli bilir. Belə ki, yarım saat, iyirmi dəqiqə olardı ki, maşından düşmüşdür. Poçta girərkən orada qadınların oturmasını görmüşdür. Əlavə olaraq iki oğlan və bir yaşlı kişi olmuşdur. Oğlanın məşğul olduğunu görüb ağsaqqala yaxınlaşmışdır, lakin adını bilmir. Ona üstündə pul olduğunu, hörmət edərək çox pul verəcəyini, hər 1000 manat pulun üstünə 20 manat qoyacağını demişdir. Həmçinin demişdir ki, istəsə, meyvə də, verəcək. Həmin şəxs bir dəqiqə gözləməsini demiş və gedib bu barədə müdirə demişdir, o, da həvəslənərək onu birbaşa öz otağına buraxmışdır. Müdir otaqda kamera olmadığını bildirmiş və seyfdən 5000 manatı çıxardıb masanın üstünə qoymuşdur. Pullar 50 manatlıq əskinaslar olmuşdur, 100 manatlıq olmamışdır. Ona pulu saymasını demiş, o isə paçkanın üzərində qələmlə 5000 manat yazıldığını demiş və paçkanı ona göstərmişdir. Ona guya üstündə pulun az olmasını, maşında qaldığını demiş və oradan çıxıb təkrar taksiyə qayıtmış, taksidə çantasından iyirmi manatlıq əskinasları götürüb onun yanına qayıtmışdır. Poçtun müdirinə 1590 manat pul vermiş və o, pulu sayaraq 10 manat əskik olmasını bildirmişdir. Ona pulu təkrar saymasını demişdir. Həmin vaxt 5000 manat masanın üstündə olmuşdur. Poçtun müdiri onun verdiyi pulu saymış, seyf isə onun yan tərəfində olmuşdur, dönməyə ehtiyac olmamışdır. Onun gözünə baxa-baxa pulları saymış və yenə 10 manat əskik olmasını demişdir. O isə belə bir şeyin olmasının mümkün olmadığını və təkrar saymasını demişdir. Zərərçəkmiş şəxs pulu sayarkən ovucundan pul götürmüşdür. Poçtun müdiri pulu saydıqdan sonra onun yanında olan həmin 5000 manatdan əlli manatlıq əskinaslardan 1600 manat sayıb ona vermişdir. O, da ona meyvə gətirəcəyini, yenə pul olanda dəyişəcəyini demişdir. Poçtun müdiri deyir ki, onu aldatmış, lakin elə olmamışdır. Onun gözünə baxa-baxa pulu düz saymamışdır. Həmçinin poçtun müdiri ona elə şərait yaratmışdır ki, onun işçiləri həmin otağa girə bilməmişlər. Poçtun müdirini sayda aldatmamış, o, özü pulu düz saymamışdır. Heç kim elə vəziyyətdə pulu düz saya bilməz, o, elə edə bilər ki, heç kim pulu düz saya bilməz, o, düz demir. Poçtun müdirinin gözünə baxa-baxa pulları onun ovucuna qoymuşdur. Sonra pulları əlində olan rezinlə bağlayıb ona vermişdir. Oradan çıxıb birbaşa Cəlilabada, oradan da, Bakıya yola düşmüşdür. Azadlıqda qalacağı təqdirdə dəymiş maddi ziyanı ödəməyə hazır olduğunu bildirərək həbslə bağlı olmayan cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs hadisədən əvvəl təxminən 10 dəqiqəyə yaxın başqa bir şəxslə birlikdə dəhlizdə dayanmışdır. Sonra müştəri xidmətləri şöbəsinin işçisi Şahid yaxınlaşmışdır. Ondan qabaq isə təxminən 10 dəqiqə içəridə qalaraq izləmişdir. Görmüşdür ki, bu yaşlı adamdır, ona yaxınlaşaraq pulu dəyişmək istəmişdir. Onun özündə pul olmadığından gəlib ona demişdir. Onun üstündə 1600 manat pul olmuşdur, təqsirləndirilən şəxsdə isə xırda pul olduğundan böyük pulla dəyişmək istəmişdir. Onlara poçta xırda pul lazım olduğundan xırda pulları saymış və dəyişməyə razılaşmışdır. O, 100 manatlıq əskinasları ona vermiş, o isə ona 1, 5, 10 və 20 manatlıq əskinaslardan ibarət xırda əskinasları vermişdir. Pulları sayarkən anidən ona zəng gəlmiş və o, seyfi açmaq üçün döndüyündən başı qarışmışdır. Təqsirləndirilən şəxs həmin vaxt pulu götürərək tez çıxıb getmişdir. O isə axşam saat 6-da iş bitəndə bilmişdir ki, 880 manat pul çatmır. Kassa bağlananda bilmişdir ki, təqsirləndirilən şəxs pulunu oğurlamışdır. Tez bilsəydi onu getməyə qoymazdır. İdarədə mühafizə var, lakin o, saat 3-də gəlmişdir, o isə bu barədə saat 6-da bilmişdir. Ona dəymiş maddi ziyanın ödənilməsini tələb etdiyini, dövlət ittihamçısının təqsirləndirilən şəxsə təyin edilməsini təklif etdiyi cəza ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, sentyabr ayı saat 3-4 radələrində işdə olmuşdur. Adını sonradan bildiri Təqsirləndirilən şəxs onun pəncərəsinə yaxınlaşaraq beş və on manatlıq xırda əskinasları böyük pulla dəyişmək istədiyini demişdir. Onun kassası balaca olduğundan şöbə rəisi ilə danışıb ona xəbər edəcəyini demişdir. Sonra rəisə bir vətəndaşın xırda pulu böyük pula dəyişmək istədiyini demiş, rəis də, onun yanına göndərməsini demişdir. Həmin vətəndaşı rəisin yanına göndərmiş, lakin sonradan orada nə baş verdiyi barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2025-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Ramal Nuriyevin “tutulmuş şəxsin azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 27 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Masallı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Hadisə yerinə keçirilmiş baxış protokollardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 880 manat nağd pul əskinazları 10 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində "xxxx" MMC-nin X4 filialının Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Masallı Müştəri Xidmətləri şöbəsinin müdirinin xidməti iş otağındakı masanın üzərində oğurlanmışdır. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 11 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Quba rayonu 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 10 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində "xxxx" MMC-nin X4 filialının Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Masallı Müştəri Xidmətləri şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs xidməti otağında olarkən üzərində olan 1600 manat miqdarında kiçik nominalda pul əskinazlarını böyük nominalda pula dəyişdikdən sonra həmin vaxtı Zərərçəkmiş şəxs telefon zənginə görə diqqətinin yayınmasından istifadə edib masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus 880 manat nağd pul əskinazlarını gizli yolla götürərək oğurlamışdır. Təqsirləndirilən şəxs oğurluq əməlini tək törətmişdir və oğurladığı pulları bir müddət sonra Bakı şəhərində şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər oğurluq, dələduzluq və narkotiklərin satışına görə dəfələrlə məhkum edilmişdir. - “Respublika Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli, 3-28-29/2-9223/2025 nömrəli məktubdan görünür ki, xx xxxxx 1977-ci il təvəllüdlü, Quba rayonu, 1-ci Nügəri kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada qeydiyyatda olmayıb. - “Quba şəhər Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 06 oktyabr 2025-ci il tarixli,18-1-56/2-1375/2025 nömrəli məktubdan görünür ki, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan xx xxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Quba şəhər Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur və həmçinin son 5 ildə heç bir xəstəliklə əlaqədar müraciət etməmişdir. - Quba rayon İcra hakimiyyəti Başçısının Birinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 02 oktyabr 2025-ci il tarixli arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Birinci Nügədi kənd qeydiyyatındadır və halhazırda Birinci Nügədi kənd ərazisində yaşamır. Nümayəndəlikdə onun haqqında heç bir məlumat yoxdur. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Ramal Nuriyevin 08 oktyabr 2025-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində "xxxx" MMC-nin X4 filialının Masallı şəhəri H.Əliyev prospektində yerləşən Masallı Müştəri Xidmətləri şöbəsinə daxil olub həmin şöbənin dəhlizində gəzməsini və şöbə müdiri Zərərçəkmiş şəxs xidməti otağına tərəfə getməsini özündə əks etdirən 01 ədəd video disk iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və cinayət işinin istintaq materiallarında saxlanılması qərara alınmışdır. - “Azemis” Elektron məhkəmə sistemində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2012-ci il təvəllüdlü Ramiz adlı uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 06 oktyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxx 1977-ci il tarixdə Quba rayonu, 1-ci Nügəri kəndində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Quba Rayon Məhkəməsinin 18 aprel 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 1500 misli məbləğində cərimə cəzasına məhkum edilmişdir. 2) Quba Rayon Məhkəməsinin 21 noyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına və şərti maliyyə vahidinin 1500 misli məbləğində cərimə cəzasına məhkum edilmişdir. 19 iyul 2010-cu ildə cəzasının sonu ilə azad edilmişdir. 3) Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək CMnin 66.3-cü maddəsinə əsasən 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 19 iyul 2010-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə 20 oktyabr 2017-ci il tarixli qərarına əsasən CM-nin 178.2.2 və CM-nin 66.3-cü maddələri xaric edilmiş, CM-nin 180.2.2-ci maddəsi 180.1-ci maddəsinə tövsüf edilmiş, cəza müddəti 2 il 9 aya endirilmiş və azad olunmuşdur. 4) Yevlax Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 11 dekabr 2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. 5) Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin İstintaq şöbəsinin icraatında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi vardır. 6) İsmayıllı rayon Polis şöbəsinin İstintaq bölməsinin icraatında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi vardır. İsmayıllı rayon Polis şöbəsinin 19 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, İsmayıllı rayon Polis şöbəsinin İstintaq bölməsində icraatda olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyindən 07 noyabr 2025-ci il tarixdə barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - Masallı Rayon Məhkəməsinin 1(050)-202/2025 nömrəli, 02 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutularkən saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 təhvil verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 18 dekabr 2025-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 15 dekabr 2025-ci il tarixdə Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq 16 dekabr 2025-ci il tarixdə saxlanılması üçün X3 gətirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilməsə də, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə iclasında əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması növündə alternativ cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə qeyd edir ki, daha yüngül cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs əvvəllər talama cinayəti törətdiyinə görə üç dəfə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayəti törətdiyinə görə bir dəfə məhkum olunmuşdur. Hazırda isə barəsində Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin İstintaq şöbəsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi, İsmayıllı rayon Polis şöbəsinin İstintaq bölməsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi vardır. İsmayıllı rayon Polis şöbəsinin İstintaq bölməsində icraatda olan ********* nömrəli cinayət işi üzrə istintaqdan qaçıb gizləndiyindən 07 noyabr 2025-ci il tarixdə barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Hazırki cinayət işində də, məhkəmənin çağırışına gəlmədiyindən, gizləndiyindən və onun olduğu yer məlum olmadığından barəsində axtarış elan edilmiş və axtarış nəticəsində tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan nəticə çıxarmayaraq yenidən talama cinayəti törətmişdir. Bu isə onu göstərir ki, təyin edilmiş cəza məhkumun islah olunması üçün yetərli olmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2025-ci il tarixdən 27 sentyabr 2025ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əvvəl azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsinə baxmayaraq cəzanı çəkib qurtardığı gündən bir il keçmədiyindən məhkumluğu ödənilməmişdir. Lakin Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum olunduğundan onun hazırki əməli cinayətin residivini yaratmır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 13 iyun 2025ci il tarixli 211-VİİQD nömrəli qanunu ilə CM-nin 177.1-ci maddənin sanksiyasında üçüncü halda “iki” sözü “üç” sözü ilə əvəz edilsə də, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi məhkum olunarkən həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə, CPM-in 346.1.13-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 15 dekabr 2025-ci il tarixdən hesab olunmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut Təqsirləndirilən şəxs 10 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində "xxxx" MMCnin X4 filialının Masallı şəhəri H.Əliyev prospektində yerləşən Masallı Müştəri Xidmətləri şöbəsinə daxil olub həmin şöbənin dəhlizində gəzməsini və şöbə müdiri Zərərçəkmiş şəxs xidməti otağına tərəfə getməsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 13 (on üç) saat vaxt sərf etmişdir. Ona görə də, 143 (bir yüz qırx üç) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2025-ci il tarixdən 27 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 15 dekabr 2025-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs 10 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində "xxxx" MMC-nin X4 filialının Masallı şəhəri H.Əliyev prospektində yerləşən Masallı Müştəri Xidmətləri şöbəsinə daxil olub həmin şöbənin dəhlizində gəzməsini və şöbə müdiri Zərərçəkmiş şəxs xidməti otağına tərəfə getməsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 143 (bir yüz qırx üç) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar