Məhkəmə qərarları › İş №1(050)-204/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-204/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-204/2024 23.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1996-ci ildə Masallı rayonu, Xallıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Heyvan Sağlamlıq Mərkəzində özəl baytar həkim işləyən, əvvələr məhkum olunmamış, Masallı rayonu, Xallıcalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə, saat 19 radələrində BD421486 seriya nömrəli B1,B,C1,C kateqoriyalı sürücülük hüququnu təsdiq edən sənəd əsasında idarə etdiyi özünə məxsus “Vaz 2108-01 minik” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı-Alışanlı avtomobil yolunun Masallı rayonu, Ətçələr kəndi ərazisindən keçən hissəsində Alışanlı kəndi istiqamətində saatda 60 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə riayət etmədən, yəni hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyərək Masallı rayonu, Alışanlı kəndi istiqamətində asfalt yol üzərində piyada hərəkətdə olan Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub sonuncunun sol qasıq sümüyünün ön hissəsinin yerini dəyişən sınığı, L2, L3, L4, L5 fəqərələrinin yan çıxıntılarının hissəvi yerdəyişən sınığı, L5 fəqərə cisminin sol yan çıxıntısının və S1 fəqərə cisminin sol kənar hissəsinin xətti sınığı, sol Vİİİ, İX qabırğaların yerdəyişən sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası və sol diz nahiyəsinin sıyrığı kimi sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 15 fevral 2024-cü il tarixdə, saat 19 radələrində özünə məxsus idarə etdiyi “Vaz 2108-01 minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı-Alışanlı avtomobil yolunun Masallı rayonu, Ətçələr kəndi ərazisindən keçən hissəsində yaşadığı Xallıcalı kəndinə getmək məqsədilə saatda 60 kilometr sürətlə idarə edib hərəkətdə olarkən əks hərəkət zolağında Masallı şəhəri istiqamətində hərəkətdə olan “Mercedes E class” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin ön uzaq işıqları gözünə düşdüyündən qarşıda maneə olub-olmamasını tam görməmiş, həmin anda hadisədən sonra şəxsiyyətini tanıdığı Masallı rayonu, Qızılağac kənd sakini Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilinin ön sağ hissəsi ilə vurmuş və sonuncunun yerə yıxıldığını görüb idarə etdiyi avtomobili dərhal saxlamışdır. Avtomobilindən yerə düşdüyü vaxt Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt kənardan tanımadığı şəxslər onlara yaxınlaşmışdır. O, hadisənin təsiri altına düşdüyündən orada olan şəxslərdən birinə X7 Xidmətinə zəng etməsini xahiş etmişdir. Təxminən 10 dəqiqə sonra həmin yerə X7 Xidmətinə məxsus avtomobil yaxınlaşıb Zərərçəkmiş şəxs Masallı RMX-ya aparmışdır. Bundan sonra o, Masallı RPŞ-yə yaxınlaşmışdır. Masallı RPŞ-də törətdiyi əməllə bağlı aparılan araşdırma müddətində o, Zərərçəkmiş şəxs maddi köməklik göstərib onun müalicə xərclərini qarşılamış, sonradan onların arasında barışıq olmuş və Zərərçəkmiş şəxs onun barəsində şikayət etməmişdir. Lakin, bir neçə müddət sonra Zərərçəkmiş şəxs ondan əlavə pul tələb etmiş, onun da maddi imkanı zəif olduğundan ona köməklik göstərə bilmədiyi üçün Zərərçəkmiş şəxs onun barəsində təkrar şikayət etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə cinayət əməli törətməsini və gəncliyini nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, Zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqı zamanı “Whatsapp” mobil tətbiqi vasitəsilə yaradılmış əlaqə zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, hazırda Rusiya Federasiyasında səhəti ilə əlaqədar müalicə alır və orada yaşayır. Hadisə baş verməzdən bir neçə gün əvvəl Masallı rayonu, Ətçələr kəndində yerləşən mərhum qaynatasına məxsus fərdi yaşayış evinə qonaq getmişdir. 15 fevral 2024-cü il tarixdə, saat 18 radələrində o, Masallı- Alışanlı avtomobil yolunda mərhum qaynatasına məxsus fərdi yaşayış evinin yerləşdiyi istiqamətində piyada hərəkətdə olarkən bir anda nə baş verdiyini anlamamış və özünə gəldikdə Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə aldığını görmüşdür. Masallı RMX-nda ayıldıqdan sonra ona məlum olmuşdur ki, o, Masallı-Alışanlı avtomobil yolunda piyada hərəkətdə olarkən Masallı rayonu, Xalıcallı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2108-01 minik markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu ehtiyatsızlıqdan vuraraq bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə ilə əlaqə saxlanılarkən o, hazırda Rusiya Federasiyasında yaşamaqla müalicəsini davam etdirdiyini, ona dəymiş ziyanın hal-hazıradək ödənilmədiyini, bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 15 fevral 2024-cü il tarixdə, saat 19 radələrində Masallı rayonu ərazisində xidmətdə olduğu vaxt RPŞ-nin növbətçi hissəsindən Masallı-Alışanlı abvtomobil yolunun Masallı rayonu, Ətçələr kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almış və dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə getdikdən sonra avtomobil yolun sağ çiynində Vaz 2108-01 markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Alışanlı kəndi istiqamətində hərəkətsiz dayandığını görmüşdür. Həmin vaxt orada olan qeyd etdiyi avtomobilin sürücüsü Masallı rayonu, Xallıcalı kənd sakini Təqsirləndirilən şəxs əldə etdiyi məlumata görə o, idarə etdiyi Vaz 2108-01 minik markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı-Alışanlı avtomobil yolunun Masallı rayonu, Ətçələr kəndi ərazisindən keçən hissəsində Alışanlı kənd istiqamətində saatda 60 klometr surətlə hərəkətdə olarkən qarşıdan Masallı şəhəri istiqamətində hərəkətdə olan avtomobilin ön işıqlarının gözünə düşməsi səbəbindən yolu aydın görmədiyini və bu səbəbdən Alışanlı kəndi istiqamətində piyada hərəkətdə olan bir nəfər tanımadığı qadını vuraraq yolnəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Daha sonra hadisə yerində zəruri sənədləşmə işləri aparılmış, həmin avtomobil Masallı RPŞ-nin avtomobillərin müvəqqəti saxlanma yerinə gətirilmiş və ərazidə nəqliyyatın hərəkəti bərpa olunmuşdur. Sonra ona məlum olmuşdur ki, hadisə nəticəsində bədən xəsarətləri almış Masallı rayonu, Qızlağac kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs hadisə vaxtı aldığı xəsarətlərə görə X7 avtomobili ilə Masallı RMX-ya aparılmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi X1 arvadıdır. Yol-nəqliyyat hadisəsi baş verməzdən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs vəfat edən babası X2 məxsus Masallı rayonu, Ətçələr kəndi ərazisində yerləşən fərdi yaşayış evinə qonaq gəlmişdir. 15 fevral 2023-cü il tarixdə, saat 19 radələrində o, vəfat etmiş babasına məxsus fərdi yaşayış evinin həyətində olarkən küçədən səs-küy gəlməsini eşidib küçəyə çıxmış və bir neçə şəxsin bir yerdə toplaşmasını görüb oraya yaxınlaşmışdır. Həmin vaxt Masallı-Alışanlı avtomobil yolunun Masallı rayonu, Ətçələr kəndi ərazisindən keçən hissəsində yolun sağ çiynində qohumu Zərərçəkmiş şəxs torpaq yer üzərində uzanmış huşsuz vəziyyətdə olduğunu, Vaz 2108-01 minik markalı **- KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə və həmin avtomobilin sürücüsü sonradan tanıdığı Xallıcalı kənd sakini Təqsirləndirilən şəxs isə hadisənin təsiri altında olduğunu görmüşdür. Bundan sonra o,dərhal 103 xidmətinə, sonra isə səhfən 112 xidmətinə zəng edərək məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra hadisənin baş verdiyi yerə X7 avtomobili gəlib qohumu Zərərçəkmiş şəxs Masallı RMX-ya aparmış, o da onların arxası ilə Masallı RMX-ya getmişdir. Hadisənin necə baş verdiyini görməsə də, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2108-01 minik **- KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı-Alışanlı avtomobil yolunun Masallı rayonu, Ətçələr kəndi ərazisindən keçən hissəsində piyada hərəkətdə olan onun qohumu Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq xəsarət yetirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2108-01 minik” markalı 10KG997 dövlət qeydiyyat nişanlı avtomobillə piyada, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs vuraraq, piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi Masallı-Alışanlı avtomobil yolunun Masallı rayonu, Ətçələr kəndi ərazisindən keçən hissəsində Alışanlı kəndi istiqamətində yolun sağ hissəsində asfaltbeton üzərində baş vermişdir. Yolun sağ və sol hissələrində fərdi yaşayış evləri və evlərin həyətlərinin ətrafına çəkilmiş mişar daşlarından hörülmüş daş hasarlar yerləşir. Yol iki hərəkət zolağından ibarətdir. Yolun asfalt örtüyünün eni 6 metr, hərəkət hissəsinin eni 3 metr. Hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qırıq-qırıq və düz nişanlanma xəttləri yoxdur. Piyadanın vurulduğu yerdən yolun sol ehtiyyat hissəsinədək 5,20 metr, sağ ehtiyyat hissəsinədək 0,80 metr məsafə vardır. Hadisə baş verdiyi zaman hava qaranlıq olmuşdur. Hadisə yerində şin və tormoz izləri aşkar edilməmiş, asfalt yol və ehtiyyat hissəsinə “VAZ 2108-01 minik” markalı avtomobildən maye dağılması aşkar olunmuşdur. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 15 fevral 2024-cü il tarixli, 02546 qeydiyyat nömrəli alkotesterin müayinəsinin cavabından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Masallı MTE və PA şöbəsinin 01.03 2024-ci il tarixli, 181 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qıznda sol qasıq sümüyünün ön hissəsinin yerinin dəyişən sınığı, L2, L3, L4, L5 fəqərələrinin yan çıxıntılarının hissəvi yerdəyişən sınığı, L5 fəqərə cisminin sol yan çıxıntısının və S1 fəqərə cisminin sol kənar hissəsinin xətti sınığı, sol Vİİİ, İX qabırğaların yerdəyişən sınığı, başın təpə nahiyyəsinin əzilmiş yarası və sol diz nahiyənin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əyşanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən və zərbənin təsirindən tullanılaraq yer səthinə çırpılması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərardad qeyd olunan 15 fevral 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/772 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2108 markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 73-cı maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 05 avqust 2024-ci il tarixli qəbzdən və əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2108-01” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmaqla Xəqani Əzizadəyə qaytarılmışdır. İş materiallarında olan BD № 363042 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şahədatnaməsinin surətindən görünür ki, “VAZ-2108” minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomabilin mülkiyyətçisi Təqsirləndirilən şəxsdur. İş materiallarında olan BD421486 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C 1, C dərəcəsi ilə nəzərdən tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan DİN-nin BDYP-nin Lənkəran RQİ və TBŞ-nin 31 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 02 iyun 2023-cü il tarixdə B1,B,C1,C dərəcəli BD421486 seriyalı sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarə etmək üçün yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə əsasən, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan VAZ- 2108 markalı ** KG *** dövlət qeydiyayt nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması və iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və (və ya) apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar