Məhkəmə qərarları › İş №1(050)-205/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-205/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-205/2024 14.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1966-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Hacıtəpə kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə, saat 23 radələrində qohumu Zərərçəkmiş şəxs yaşadığı Masallı rayonu, Təkdam kəndində yerləşən fərdi yaşayış evində olan zaman sonuncunun telefonda ona mütəmadi olaraq sprtli içki içməsi ilə bağlı iradlarını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı araşdırmaya məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs sol bazu nahiyyəsinə bir dəfə zərbə vuraraq sonuncuya sol bazunun aşağı 1/3-nin kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş yekun protokolu üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs onun qayınıdır. 11 sentyabr 2024-cü il tarixdə axşam saatlarında qaynı Zərərçəkmiş şəxs zəng edərək arvadının onlarda olub-olmamasını soruşmuşdur. Həmin vaxt Həşim onunla telefonda kobud danışaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra o, arvadının Həşimgildə olub-olmamasını, həmçinin Həşimin onu təhqir etməsinin səbəbini aydınlaşdırmaq üçün idarə etdiyi Vaz 21011 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin gün saat 23 radələrində Həşimin yaşadığı Masallı rayonu, Təkdam kəndinə getmişdir. Həşimin yaşadığı evə girib hansı səbəbdən telefonda onu təhqir etməsinin səbəbini soruşmuşdur. Həmin vaxt aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı həmişə üzərində olan, meyvə doğramaq və təsərrüfat işləri görmək üçün istifadə etdiyi cib bıçağı ilə qorxuzmaq məqsədilə Həşimin sol qol nahiyəsinə bir zərbə vuraraq xəsarət yetirmiş və Həşimin qolu qanamışdır. O, Həşimin qolundan qan gəldiyini görüb, qorxub həyətə düşmüş, Həşim də onun arxasınca gəlmişdir. Həyətdə olan zaman Həşim onun üzərinə gəldiyi üçün o, avtomoibilinə əyləşərək oradan uzaqlaşmışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək etdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yeznəsidir. Onunla əvəllər münasibətləri həmişə yaxşı olmuşdur. 11 sentyabr 2024-cü il tarixdə, axşam saatlarında yeznəsi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə ona zəng edərək, arvadının onlarda olubolmadığını soruşmuşdur. O da Rafilə evdə olmadığını, arvadının harada olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Lakin Rafil sərxoş vəziyyətdə olduğu üçün bir neçə dəfə ona zəng edərək eyni sualları vermişdir. Sonda o, əsəbləşib Rafilə sprtli içki qəbul etməsi ilə əlaqədar iradlarını bildirmişdir. Həmin vaxt Rafil onu təhqir etmiş, o da Rafilin dediyi sözləri özünə qaytarmışdır. Bundan bir neçə dəqiqə sonra Rafil onun yaşadığı evə gələrək əlində olan bıçaqla üzərinə hücum edib sol qol nahiyəsinə bir zərbə vurmuş, daha sonra həyətə düşüb çıxıb getmişdir. Həmin vaxt evdə olan arvadı Şahid2 və qızı Vüsalə Muxatarova hadisənin şahidi olmuşlar. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Masallı MTE və PA şöbəsinin 16 sentyabr 2024-cü il tarixli, 852 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bazunun aşağı 1/3-nin kəsilmiş yaraları müəyyən olundu, müəyyən olunan xəsarətlər kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 11 sentyabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ayrı-ayrılıqda və umumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aidir. İşin məhkəmə baxış iclası zamanı Dövlət ittihamçısı çıxışında bildirdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Zərərçəkmiş şəxs ilə barışdığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət, tələb və iddiası olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir. 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışmalarına dair məhkəməyə təqdim etdikləri ərizələrini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar