Məhkəmə qərarları › İş №1(050)-207/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-207/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-207/2023 18.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X11 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi-X6, müdafiəçi-Masallı Rayon Vəkil Brosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1951-ci ildə Lənkəran rayon Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, təqaüdçü, Lənkəran rayon Sütəmurdov kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 avqust 2023-cü ildə saat 05 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 21043” minik markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhədi yolunun Masallı rayon ərazisindən keçən 145-ci km.də Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda sağ zolaqla yük avtomobilin hərəkətdə olmasını nəzərə alaraq vaxtında minik avtomobilin sürətini azaltmalı, hərəkətdə olan yük avtomobili ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla yük avtomobilin sol tərəfindən ötüb keçməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan X1 idarə etdiyi “DAF FT ZF105” yük markalı AQF306QF qeydiyyat nişanlı, “Krone” markalı A SS 461P qeydiyyat nişanlı qoşqulu avtomobilə arxadan çırpılmış, nəticədə ehtiyatsızliqdan “Vaz 21043” minik markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs açıq kəllə-beyin travmasi, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansizma, kəllə qapağı, kəllə əsası və üz skleti sümüklərinin qəlpəli sınığı, sağ bazu sümüyünün orta 1\3-nin qapalı sınığı, sağ və sol qaş nahiyyəsinin əzilmiş yarası, sifətin siyrığı, sağ və sol çiyin və sağ bazu nahiyyəsinin qançırı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ail təhsilli müəllimdir və təqaüdə çıxanadək müəllim işləmişdir. Təxminən 25-30 ildir ki, avtomobil idarə edir və hazırki hadisəyə kimi heç bir nəqliyyat hadisəsi törətməmişdir. Atası 2-ci Dünya müharibəsinin veteranı və əlili olmuşdur, anası isə qəhrəman ana olmuşdur. Mərhum Zərərçəkmiş şəxs qaynı olmaqla yanaşı həm də qudasıdır. Dadaşla aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır, münasibətləri çox yaxşı olmuşdur. Uzun illərdir ki, şəxsi təsərrüfatından yığdığı meyvələri Cəlilabad rayonunda yerləşən bazara apararaq satmaqla məşğul olurmuşdur. Bazara əvvəllər həmişə arvadı ilə birlikdə getmişdir. Lakin arvadı insult olduqdan sonra məcbur qalaraq hər dəfə qonşularının biri ilə getmişdir. Çünki yaşlı və xəstə olduğu üçün yük qaldıra bilmir, bu səbəbdən də ona kömək məqsədi ilə hər dəfə bir qonşusu ilə bazara getmişdir. Qaynı və qudası olan Zərərçəkmiş şəxs Ukrayna Respublikasında yaşamış və işləmişdir. Lakin Ukrayna Respublikasında baş vermiş məlum hadisə ilə əlaqədar olaraq məcbur olub Lənkəran rayonuna qayıtmışdır. Günlərin birində qaynı Zərərçəkmiş şəxs ona onunla birlikdə Cəlilabad bazarına yol yoldaşı olaraq gəlməyi təklif etmişdir. O da, yaxın qohum olduqları üçün Dadaş ondan cavan olmaqla qüvvətli olduğundan və onunda yol yoldaşına ehtiyacı olduğu üçün Dadaşla razılaşmışdır. Hazırki bədbəxt hadisəyədək təxminən bir il yarım birlikdə Cəlilabad bazarına meyvə satmağa getmişlər. Hadisə günü yəni, 04 avqust 2023-cü il tarixdə də eyni qaydada Dadaşla birlikdə malı maşına yükləyərək təxminən saat dörd, beşə işləmiş evdən çıxmışlar, Ləvəngi dairəsi yaxınlığında yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində idarə etdiyi “Vaz 21043” minik markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomaşının çənini yanacaqla dolduraraq yola düzəlmişlər. Həmin vaxt özü sürücü oturacağında qaynı Dadaş isə ön sağ sərnişin oturacağında əyləşmişdir. Masallı rayonu ərazisində yerləşən polis post məntəqəsinə təxminən 600 metr məsafədə anidən qarşısında qaraltı görmüşdür. Dərhal ayağını əyləcə atmışdır. Lakin artıq gec olmuşdur. Onun əyləci basması ilə yük maşını ilə toqquşması eyni anda olmuşdur və onun idarə etdiyi avtomaşının sağ yan hissəsi yük avtomaşını ilə toqquşmuşdur. Hadisə ani olduğu üçün həmin vaxt yük maşınının hərəkətdə olduğunu və ya dayanmış vəziyyətdə olduğunu bilməmişdir. Həmçinin toqquşma zamanı onun idarə etdiyi avtomaşının dam hissəsi tamamilə gövdədən ayrılmışdır. Toqquşma zamanı huşunu itirmişdir. Lakin onu avtomaşından çıxardıqları zaman ayılmış olsa da nə baş verdiyini bilməmişdir. Lakin onu apardıqlarını və üzərinin tamam qan olduğunu görmüşdür. Hadisə zamanı burnu sınmış, kəllə beyin travması almışdır. Hadisə zamanı avtomaşında olan qohumu qaynı Zərərçəkmiş şəxs vəfat etdiyini isə sonradan bilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildiridi ki, xəstədir, belində fəqərə yırtığı ilə yanaşı həm də, işemiya vardır. Hadisədən sonra qulağı yaxşı eşitmir, gecələr baş ağrısından yata bilmir. Hazırda etdiyi əməldən peşmandır. İlk dəfədir ki, təsadüf nəticəsində cinayət əməli törətmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Rasimə İbadova ilə barışdığını və ona qarşı şikayəti və tələbi olmamasını, xəstə olmasını, arvadının yataq xəstəsi olmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs baldızının əri olmaqla yanaşı həm də qudasıdır. Təqsirləndirilən şəxsla aralarında hər hansı bir ədavətləri və düşmənçilikləri olmamış, hazırda da, yoxdur. Münasibətləri həmişə yaxşı olmuşdur. Özü mobil telefon işlətmir. 04 avqust 2023-cü il tarixdədə yaşadığı evdə olduğu zaman qonşusu onlara gələrək mobil telefonunu ona vermiş və ona baş sağlığı vermişdir. Bu minvalla o, əri Zərərçəkmiş şəxs Ələt-Astara yolunun Masallı rayon ərazisində yol qəzasına düşdüyünü və vəfat etdiyini bilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi R.İbadova məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını, ona dəymiş ziyanın ödənildiyini qeyd edib, Təqsirləndirilən şəxs barəsində ən yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X3 ifadəsində bildirmişdir ki, “BAF FT ZF105” yük markalı AQF306QF qeydiyyat nişanlı, “Krone” markalı A SS 461P qeydiyyat nişanlı qoşqulu avtomaşını idarə etmək üçün İİR-da sürücülük vəsiqəsi almışdır. Lənkəran rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 04 avqust 2023-cü ildə saat təxminən 05 radələrində idarə etdiyi “BAF FT ZF105” yük markalı AQF306QF qeydiyyat nişanlı, “Krone” markalı A SS 46İP qeydiyyat nişanlı qoşqulu avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə asta sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Masallı rayon ərazisindən keçdikdə ani olaraq arxadan tappıltı səsi eşitmiş, avtomaşını saxlayıb, sükan arxasından düşdükdən sonra “Vaz 21043” minik markalı avtomobilin qabaq sağ hissəsinin yük avtomaşının qoşqusuna arxadan çırpıldığını bilmişdir. Baha sonra minik avtomobilndə olan sərnişin və sürücüsünə yardım etmişdir. Hadisə zamanı yük avtomaşında tək olmaqla xəsarət almamışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, özünə məxsus Kamaz 53212 yük markalı avtomaşını var. 04 avqust 2023-cü ildə saat təxminən 05 radələrində idarə etdiyi Kamaz 53212 yük markalı avtomaşınla Astara rayon istiqamətdə hərəkətdə olmuşdur. Masallı rayon ərazisindən keçdikdə uzaqdan qoşqulu “BAF FT ZF105” yük avtomaşının üzü Ələt istiqamətdə hərəkətdə olduğunu görmüş, elə həmin avtomaşına az qalmış ani anda həmin yük avtomaşının arxası ilə üzü Ələt istiqamətdə hərəkətdə olan tanımadığı “Vaz 21043” minik markalı avtomaşının qoşquya arxadan çırpıldığını görmüşdür. Baha sonra avtomaşını saxlamaqla hadisə yerinə yaxınlaşmış və yaralılara yardım etmişdir. Sonra 112 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 avqust 2023-cü il tarixli 2332 saylı rəyində görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz 21043” minik markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7 PHŞ-nin 08 avqust 2023-cü il tarixli 15 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meytinin xarici və daxili müayinəsi zamanı aşkar edilmiş xəsarətlər açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı, kəllə əsası və üz skeleti sümüklərinin qəlpəli sınığı, sağ bazu sümüyünün orta 1/3-nin qapalı sınığı, sağ və sol qaş nahiyyəsinin əzilmiş yarası, sifətin sıyrığı, sağ və sol çiyin və sağ bazu nahiyyəsinin qançırı bərk küt əşyanın (əşyaların) güclü təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlikəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişaların yayılmış qansızma olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-6 saat əvvəl baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7 PHŞ-nin 19 avqust 2023-cü il tarixli 794 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs açıq kəllə-beyin travması, sağ gicgah sümüyünün yerini dəyişən qəlpəli sınığı, baş beynin iki alın payının subdural hematoması, alının sağ yarısının dərialtı hematoması və üzün sağ yarısının əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) güclü təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törəmə müddəti qərarda qeyd olunan 04 avqust 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə haqqında 04 avqust 2023-cü il tarixli 248 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan AA № 819634 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şahədatnaməsinin surətindən görünür ki, Vaz 21043 markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir. İş materiallarında olan BD407946 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «B1,B» dərəcəli nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan maddi sübutun tanınması və təhvil verilməsi haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Vaz-21043 markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomaşın və DAF FT ZF 105 yük markalı AQF306QF qeydiyyat nişanlı, Krone markalı A SS 461P qeydiyyat nişanlı qoşqulu avtomaşın iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. İş materiallarında olan X8 Masallı şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs şüurun kəskin pozulması və ümumi vəziyyətin pisləşməsi şikayəti ilə klinikaya müraciət etmiş və ona sağ frontal subdural hematoma diaqnozu qoyulmuşdur. İş materiallarında olan Ə.Cəbiyev adına Masallı Rayon Xəstəxanası tərəfindən verilmiş 1244 saylı xx.xx.2023-cü il tarixli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs baş nahiyyəsində olan ağrılar şikayəti ilə xəstəxanaya daxil olmuş, ona QKBT-bi beyin əsanda aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət kliniki diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli həkim uroloqun müayinə vərəqindən görünür ki, Təqsirləndirilən şəxs prostat vəzinin hiperplaziyası, uretraz katetr diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12ci maddəsinə, dəymiş ziyanı ödəməsi CM-in 59.1.13-cü maddəsinə, zərərçəkmiş şəxsin hüququi varisinin ondan heç bir tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşlı olmaqla xəstə olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmçinin ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzalarını təyin ediləcəyi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrumetmə cəzasının ona şərti olaraq təyin ediləcəyi təqdirdə cəzanın məqsədlərini təmin etmək olar. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edərək səmimi peşimançılıq çəkməsini, baş vermiş yol nəqliyyat hadisəsi zamanı özünün də həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət almasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamaqla onunla barışmasını, 1951-ci il təvəllüdlü olmaqla yaşlı və müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, habelə arvadının insult keçirərək yataq xəstəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənlərə əsasən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzasını ağırlaşdıran halların olmadığını və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzalarını təyin edərək azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti olaraq hesab edilməsini məqsədə müvafiq hesab edir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət daimi qeydiyyatda olduğu və yaşdığı yer üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Vaz-21043 markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Təqsirləndirilən şəxs və DAF FT ZF 105 yük markalı AQF306QF qeydiyyat nişanlı, Krone markalı A SS 461P qeydiyyat nişanlı qoşqulu avtomaşın sahibi X2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, müsadirə edilməli əmlak və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilsin və ona 2 (iki) il 6 (altı) ay sınaq müddəti təyin edilməklə hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin. Sınaq müddəti və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə keşirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan Vaz-21043 markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Təqsirləndirilən şəxs və DAF FT ZF 105 yük markalı AQF306QF qeydiyyat nişanlı, Krone markalı A SS 461P qeydiyyat nişanlı qoşqulu avtomaşın sahibi X2 qaytarılması nəzərə alınsın. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar