Məhkəmə qərarları › İş №1(050)-207/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-207/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-207/2025 12.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 xüsusi ittiham qaydasında şikayət verərək Masallı rayonu, Kolatan kənd sakini X4 onun barəsində şər və böhtan xarakterli məumatlar yaymaqla Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, X8 Sistemlərinin İstismarı İdarəsində hidrotexnik vəzifəsində çalışır. Bundan əlavə, jurnalist-bloger kimi Masallı rayonunun ictimai-sosial həyalında fəal iştirak edir. Kolatan Bələdiyyəsinin sədri, həmçinin özünü “Masallı Xəbərləri MİP" saytının təsisçisi və baş redaktoru kimi təqdim edən X7 25 oktyabr 2025-ci il tarixində ona məxsus “Masallı Xəbərləri MİP" və “Rauf Cəbiyev" adlı ‘Facebook" hesablarında onun barəsində əsassız, böhtan və şər xarakterli paylaşım edib. Həmin paylaşımda yazılır: "Adı müxtəlif cinayət əməllərində hallanan, işlədiyi 5 il ərzində, vətəndaşların adından özü imza edərək müxtəlif dövlət orqanlarına dəfələrlə saxta müraciətlər göndərmiş, vətəndaşların xəbəri olmadan dövlət aktlarının naturada yerlərini dəyişmiş, saxta müqavilələr bağlamış, müxtəlif vasitələrlə dövlət vəsaitini mənimsəmiş, ərazidə qanunsuz tikililərin tikilməsinə maddi və sair imtiyazlar əldə edərək şərait yaratmış, ərazidə vətəndaşları şərləyərək heç bir hüquqi əsası olmadan Polis, Prokurorluq və Məhkəmə qapılarında süründürməçiliyə salmış, qoca, cavan, qadın bilmədən onlara qarşı zorakılıqlar etmiş, əksər ailələrə nifaq toxumu səpmiş və sadalamaqla bitməyən insanlığa sığmayan hərəkətlərə yol vermiş keçmiş Sığdaş Bələdiyyəsinin sabiq sədri Əhliman Əliyevin növbəti səs yazısını və şəklini izləyicirlərə təqdim edirik... Bu şəkildə özünü namaz əhli kimi təqdim edən Əhliman qanvermə aksiyasında iştirak edir. Düşünürəm ki, Əhliman Əliyevin qanından kimlər istifadə edibsə Allah onlara kömək olsun! Yuxarıda sadaladığını əməllər onu göstərir ki, bu işləri yalnız düşmən olan biri edə bilər. Qeyd edək ki, səs yazısı Talış dilindədir Mətn şəklində danışığın məzmununun tərcüməsini təqdim edir. “Bələdiyyə özbaşınalıq edir, siz hara baxırsız? Xahiş edirəm bunu araşdırın. Xahiş elə. Tələb eləmə. İcra başçısı haqqında da deki bizim İcra başçısı çox yaxşı insandır, çox böyük insandır, çox hörmətli insandır, rüşvətə qarşıdır bunların hamısını mən bilirəm. Necə ola bilər ki bu İcra başçısının yanındadır ancaq, rüşvət alır? Prezident Administrasiyasına yaz aləmi qarışdır, kaşa yarat. Sən bacararsan, sənin əlindən gələn işdir. Biz burda hərəkət edə bilmirik. Burada nəsə etmək mümkün deyil. Başa düşdün qardaşım? Digər jurnalistləridə bu işə cəlb elə. Cəfər Cəfərovuda da cəlb elə. O Raufla düşməndir. Bu işləri bitirək sonra ötürərik ona. X3 və Raufla düşməndir. O bu işləri bilsə Raufun anasını ağladacaq. Afər Cahangirovu da tanıyıram o dövlət əleyhinə çıxışlar edir. Afər Cahangirov şikayət yazandır. Cəfər Cəfərov isə jurnalistdir. X11 Cahangirovdan çox güclüdür. Cəfər Cəfərovun mediası var. Hə, hə mütləq Cəfər Cəfərovu bu işə qoş." Uşaqda fərasətə baxe... P.S. Rauf Cəbiyev bələdiyyə sədri seçildiyi gündən onun və rayon rəhbəri haqqında saxta profildə ("Vətən aşiqi") silsilə paylaşımlar edən "Z"urnalist"in kim olduğu bəlli oldu. Bu saxta profili Cəfər Cəfərov açıb, Mətləb Dadaşov (pero) ona şantaj, şər və böhtan xarakterli məlumatlar ötürüb. Sifarişçi isə Əhliman Əliyev olub. Növbəti saxta profili də beləcə ifşa etdik. Bir müddət öncə peyda olan və qısa müddətdə göyə sovrulan "İynə TV "nin bir üzvünü də ifşa etmişdik. Vətən çörəyi sizə haram olsun! Digər səs yazılarımızı növbəti günlərdə təqdim edəcəyik. Bizimlə qalın !!!!” Rauf Cəbiyev başqa şəxslərlə aralarında olan münaqişədən bəhs etdiyi bu paylaşımın aşağıda qeyd etdiyim hissəsində heç bir əsas, sübut təqdim etmədən mənim barəmdə şər-bohtan xarakterli məlumat paylaşıb. P.S. Rauf Cəbiyev bələdiyyə sədri seçildiyi gündən onun və rayon rəhbəri haqqında saxta profildə (“Vətən aşiqi”) silsilə paylaşımlar edən “Z”urnalist”in kim olduğu bəlli oldu. Bu saxla profili Cəfər Cəfərov açıb, Mətləb Dadaşov (pero) ona şantaj, şər sə böhtan xarakterli məlumatlar ötürüb. Sifarişçi isə Əhliman Əliyev olub... Vətən çörəyi sizə haram olsun!" Bu paylaşımda Rauf Cəbiyev ona qarşı ağır cinayətlər törətməkdə ittiham edir və heç bir sübut təqdim etmədən onun barəsində ictimaiyyət arasında nüfuzuna, işgüzar fəaliyyətinə və şəxsi ləyaqətinə xələl gətirən məlumatlar yayır. Haşiyə: Bir müddətdir ki, facebook sosial şəbəkəsində ‘Vətən aşiqi' profili, eləcə də “İynəTV” adlı youtube kanalında Rauf Cəbiyevlə yanaşı rayon rəhbərliyi və digər vəzifəli şəxslər barəsində silsilə tənqidi və hətta bəzi məqamlarda təhqir məzmunlu informasiyalar yayımlanır ki, bu da cinayət xarakteri daşıyır. Cəmiyyət tərəfindən birmənalı qarşılanmayan qeyd edilən sosial hesab və TV-nın kimə məxsus olması ona məlum deyil. Rauf Cəbiyevin bu paylaşımı əsassızdır və göstərdiyi arqumentlər sübutsuz şərböhtandan başqa bir şey deyildir. O bu hərəkətləri ilə onun işgüzar fəaliyyətinə böyük zərbə vuraraq onu gözdən salır. Qeyd olunan ifadələr açıq-aşkar şər və böhtan xarakteri daşıyır. Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş əməl tərkibini yaradır. Rauf Cəbiyev başqa şəxslərlə aralarında olan münaqişədən bəhs etdiyi bu paylaşımın qeyd etdiyi hissəsində heç bir əsas, sübut təqdim etmədən onun barəsində şər-böhtan xarakterli məlumat paylaşıb. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X7 itttiham qaydasında verilmiş ərizəni müdafiə edərək, ərizənin icraata götürülməsini, məhkəmə baxışına təyin edilməsini, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, ona qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 etiraz təqdim edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, şikayətçi C.Cəfərov zərərçəkmiş kimi ərizə yazıb məhkəməyə təqdim etmişdir. Lakin zərərin məhz hansı əməlin törədilməsi ilə baş verməsini (yəni AR CM-nin 147-ci maddəsində nəzərdə tutulanları maddənin dispozisiya hissəsinə uyğunluğunu subut edən halları göstərə bilməmişdir) əsaslandıra bilməmişdir. Çünki şikayətçi ilə bağlı o, heç bir böhtan xarakterli məlumat verməmişdir. Yəni AR CM-nin 147.1 və 147.2- ci maddənin dispozisiyasında böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə mediada və ya internet informasiya ehtiyatlarında yayma kimi hərəkətlərə yol verməmişdir. Bu qanunun tələbinə müvafiq olaraq bildirir ki, məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Yazılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatlardırsa yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən (məsələn adından yazılan və təqdim olunan .... yazılardan deyil) ibarət olmamalıdır. Şəxsin yol verdiyi nöqsanlarla əlaqədar tənqid olunması onun şərəf və ləyaqətin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Əgər hətta şəs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olmadığına inanırsa, lakin əslində həmin məlumatlar yalandırsa yenə CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Yuxarıda göstərilən xüsusatları və AR CMP-nin 2933.2, 300.1.3, 302.1.6, 302.1.7, 302.1.3, 302.1.6, 302.1.7, 302.1.3, 302.2.3-cü maddələri rəhbər tutub xüsusi ittiham qaydasında verilmiş şikayətə etiraz etməklə ərizəçi X2 şikayəti əsassız - şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən əməldə cinayət əlamətləri olmadığından barəsində (X7 barəsində) olan xüsusi ittiham işin icraatı qəbul olunmasından imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun vəkilini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin öz fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdir. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə göstərilən əməlində Azərbaycan Respublikası CM-in 147-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, eləcə də onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla cinayət məsuliyyəti yaradan böhtanı bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147-ci maddəsinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməli qanunda göstərilən üç üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədikmədikdə isə cinayət məsuliyyəti istisna edilir. Bundan əlavə, şikayətdə cinayət əməlinin törədilməsi zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmamışdır. Bundan başqa xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş “Masallı Xəbərləri MİP” və “Rauf Cəbiyev" adlı ‘Facebook" hesablarında paylaşılmış yazıdan görünür ki, X12 Cəfərov barəsində aşağıdakı fikirləri qeyd etmişdir: P.S. Rauf Cəbiyev bələdiyyə sədri seçildiyi gündən onun və rayon rəhbəri haqqında saxta profildə (“Vətən aşiqi”) silsilə paylaşımlar edən “Z”urnalist”in kim olduğu bəlli oldu. Bu saxta profili Cəfər Cəfərov açıb, Mətləb Dadaşov (pero) ona şantaj, şər və böhtan xarakterli məlumatlar ötürüb. Sifarişçi isə Əhliman Əliyev olub. “İynə TV”nin bir üzvünü də, ifşa etmişdik. Vətən çörəyi sizə haram olsun! X1 “Vətən aşiqi” profilini açdığını bildirməklə ona böhtan atmasını qeyd etmiş, buna görə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Rauf Cəbiyev fikir və söz azadlığı hüququndan istifadə etməklə “Masallı Xəbərləri MİP” və “Rauf Cəbiyev" adlı ‘Facebook" hesablarında “Vətən aşiqi” profilini Cəfər Cəfərovun açdığını bildirməklə paylaşım etmişdir. Rauf Cəbiyev tərəfindən Cəfər Cəfərova kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmasına dair iş materiallarına xüsusi ittihamçı tərəfindən hər hansı sübut əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətiin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar