Məhkəmə qərarları › İş №1(050)-209/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-209/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-209/2023 24.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə. xx.xx.1991-ci ildə Masallı rayonu, Qasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 mart 2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu götürülməmiş və ya ödənilməmiş, Masallı rayonu, Masallı qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, Masallı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib və hazırda həbsdə olan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 16 avqust 2023-cü il tarixdə saat 17 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq Masallı rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,352 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrdən istifadəyə görə məhkum olunsa da, sonradan yenidən narkotik vasitələr qəbul etməyə başlamışdır. 16 avqust 2023-cü il tarixdə narkotik vasitə almaq üçün Cəlilabad rayonu, Göytəpə qəsəbəsinə getmiş, orada adını və ünvanını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manata heroin almışdır. Həmin gün Masallı şəhər, H.Əliyev prospektində olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra polis əməkdaşları ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və bununla bağlı Masallı RPŞ-yə getməli olduqlarını demişlər. O, etiraz etməmişdir. Polis şöbəsində Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməsi barədə təklif etmişdir. O, da əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təhqiqatçıya təqdim edib içərisində heroinin olmasını demişdir. Polis şöbəsində ona qarşı fiziki ağrı, işgəncə olunmamış, hədə-qorxu gəlinməmişdir. Əməlindən səmimi peşman olduğunu bildirib barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Masallı Rayon Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs qanunsuz üzərində narkotik vasitələri əldə etməsi və üzərində daşıması ilə bağlı onun icraatına əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə onlar tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev küçəsində saxlanılmışdır. Polis şöbəsinə gəldikdən sonra X2 Təqsirləndirilən şəxs müdafiəçi təqdim etmişdir. X2 videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış zamanı X2 Fazil Kərimova üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə varsa təqdim etməsini bildirmiş və Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan büküm və sağ yan cibindən isə bir ədəd “NOKİA” markalı mobil telefon çıxardıb təqdim etmişdir. X2 Təqsirləndirilən şəxs həmin bir ədəd bükümün nə olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə cavabında həmin bükümün “kakos” olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq həmin bükümü xx.xx.2023-cü il tarixdə səhər saatlarında Cəlilabad rayonunun Göytəpə şəhərində tanımadığı şəxsdən, 10 manat qarşılığında əldə etməsini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin narkotik maddəni öz şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirməsini və aldığı şəxsi tanımadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bağalama açıldıqda həmin sellofan bağlamanın içərisində narktoik vasitə heroin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroin sellofanla birlikdə X2 tərəfindən elektron tərəzidə çəkilmiş və sonra zərfin içərisinə qoyularaq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqına ifadəsi elan edilmiş şahid Masallı RPŞ-nin PBXB-nin polis nəfəri Şahid1 oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskinə məhkəmə istintaqında “HP” markalı komputerdə baxış keçirilərək, Təqsirləndirilən şəxs göy rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilib götürülməsi, həmin vaxt müdafiəçinin iştrakının təmin olunması müəyyən edildi. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli 19/802 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi- 0,352 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroinin təmiz çəkisi-0,352 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,302 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X6 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 809 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Sübütların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 0,352 qram olmaqla aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,302 qram qalmış narkotik vasitə olan qurudulmuş heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerində saxlanılır. Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilən əməliyyat tədbirləri zamanı müəyyən edilmşdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini o, öz şəxsi istifadəsi üçün əldə etmiş və şəxsi istifadə məqsədilə üzərində daşımış və saxlamışdır. Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirməklə cinayətə meyilli şəxslərlə daimi əlaqədə olur. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini kimdən alması, onun psixotrop maddələrin, narkotik vasitələrin satışı ilə məşğul olması və əməliyyat tapşırığında qeyd edilən digər məsələlərlə bağlı hələlik müsbət nəticə əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən Təqsirləndirilən şəxs etirafı, şahidlərin ifadəsi, narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, ekspretiza rəyləri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 234.1.-ci maddəsi ilə ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Kərimov X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 mart 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının İİ Yeddioymaq kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Kərimov X3 rayonu, Qasımlı kəndində qeydiyyatdadır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Masallı Rayon Məhkəməsinin 4(050)-89/2023 saylı, 18 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılmanın əvvəli 16 avqust 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur. Lakin məhkəmə Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən halları kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1. və 83.3.3.-cü maddələrinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Ona görə də onun əməli həmin Məcəllənin 18.1.-ci maddəsinə görə cinayətin residivini yaradır. Qeyd olunan maddədə göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1. və 65.2.-ci maddələrinin tələbinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1. və 56.1.3.-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs eyni növ cinayətə görə əvvəllər məhkum olunmuş şəxsdir, məhkumluğu ödənilməmişdir. Əməlində ağırlaşdırıcı halın olması, şəxsiyyəti, islah olunmaması ona əsas verir ki, o, yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Əməlində cinayətin residivinin olması nəzərə alınmalı və ittiham olunduğu maddənin sanksiyasında göstərilən azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az ona cəza təyin edilməməlidir. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) ilə bağlı məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,302 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış beş) manat pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “Opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu-polinarkomaniya” xəstəliyindən məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübuta 0,302 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar