Məhkəmə qərarları › İş №1(050)-209/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-209/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-209/2024 14.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Masallı rayonu, Yelağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Dövlət Universitetinin İV kurs tələbəsi, subay, Masallı rayonu, Yelağac kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Masallı rayon Yolağac kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdən yumruqla bir zərbə vurub yerə yıxaraq sonuncuya “burun sümüyünün yerini dəyişməyən sınığı, yuxarı dodağın iç hissəsinin əzilmiş yarası, aşağı dodağın iç hissəsinə qansızma, sol gözaltı və burun nahiyəsinin qançırları və boyun arxa hissəsinin sıyrığı” diaqnozlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkənlisi olmaqla, əvvəllər aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır.xx.xx.2024-cü il tarixdə yolda gedən zaman həmkəndlisi Zərərçəkmiş şəxs görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs sərxoş olmuşdur. Zərərçəkmiş şəxs ona meşəbəyinin işverəni sözlərini demişdir. Onun nə demək istədiyini başa düşməmiş və nə üçün belə bir söz dediyini soruşmuşdur. Surət isə yenə də söyüş və təhqirlə ona meşəbəyinin “işverəni” demişdir. Surətə meşəbəyinə heç bir aidiyyətinin olmadığını və onu təhir etməməsini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs üzərinə gəlmiş və onu vurmaq istəmiş, əlbəyaxa olmuşlar. Surət onu təhqir etdiyi üçün onun üz nahiyəsinə bir dəfə yumruq ilə zərbə vurmuşdur. Bundan sonra Surət yerə yıxılmışdır. Yaxınlıqda olan əmisi Şahid yaxınlaşmış və onları ayıraraq ayıb olmasını deməklə iradını bildirmişdir. Bundan sonra onlar öz yollarına getmişlər. Dalaşdıqları zaman yanlarında heç kim olmamışdır. Aralarında olan mübahisə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Masallı rayonu, Yolağac kəndində küçədə Zərərçəkmiş şəxs onu heç bir səbəb olmadan söyüb təhqir etməsinə baş vermişdir. Baş vermiş mübahisə təxminən 3-5 dəqiqə davam etmiş və heç kimin narahatçılığına səbəb olmamışdır. Zərərçəkmiş şəxs qəsdən yumruqla vurmaqla ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək səmimi peşmançılığını, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə kənddə olan zaman saat 21 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs çağırıb demişdir ki, “sən nə üçün imkan vermirsən ki, biz odun daşıyaq. Yeyənkənd kənd meşəsinin meşəbəyisinin qanunsuz əməllər etməsinə icazə vermirəm. Onun barəsində qanuni müraciətlər etmişdi”. Bu hal Təqsirləndirilən şəxs acığına gəlmişdir. Həmin meşəbəyi onlara odun daşımağa icazə vermədiyi üçün və günahkarı da onu bilmişdir. Səbuhi də nə üçün onun barəsində şikayət etdiyini soruşmuşdur. Səbuhiyə yaxşı etdiyi və ona heç bir aidiyyəti olmamasını qeyd etmişdir. Bu zaman Səbuhi qəfildən üz nahiyəsinə 2 dəfə yumruq ilə zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılmışdır. Sonrdan ora gələn Səbuhinin əmisi Şahid onları ayırmışdır. Aralarında olan mübahisə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Masallı rayonu, Yolağac kəndində olmuşdur. Baş vermiş mübahisə zamanı yanlarında heç kim olmamışdır. Əlbəyaxa olduqdan sonra ora gələn Şahid onları ayırmışdır. Aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Mübahisədən sonra DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs onu yumruq ilə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Aralarında olan mübahisə digər şəxslərin narahatçılığına səbəb olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət əməli törətmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, cinayət əməli törətmiş şəxsdən şikayət və tələbinin olmadığını nəzərə alaraq onun barəsində olan məhkəməyədək sadləşədirilmiş icraat materialına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı oğlu, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Onların heç biri ilə aralarında ədavət və ya düşmənçiyi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində Masallı rayonu, Yolağac kəndində yol ilə gedən zaman yolda Zərərçəkmiş şəxs qardaşı oğlu Təqsirləndirilən şəxs ilə mübahisə etmələrini görmüşdür. Onlara yaxınlaşana kimi onlar əlbəyaxa olmuş və Səbuhi Surəti yumruq ilə vurmuş və Surət yerə yıxılmışdır. Onlara yaxınlaşaraq ayıb olmasını və həmkəndi olduqları halda dava etməyin onlara yaraşmadığını demişdir. Onları ayırmış və evlərinə yola salmışdır. Baş vermiş mübahisə zamanı onların yanında heç kim olmamışdır. Mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübi və Tədris Birliyi” X3 xx.xx.2024-cü il tarixli, 835 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişməyən sınığı, yuxarı dodağın iç hissəsinin əzilmiş yarası, aşağı dodağın iç hissəsinə qansızma, sol gözaltı və burun nahiyəsinin qançırları bə boyun arxa hissəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə (yumruqla) vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, İbişov X1 rayonu, Yolağac kəndində qeydiyyatda olmaqla üç nəfərdən ibarət ailə tərkibində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 “Masallı Rayon Mərkəzi Xəstəxanası” X3 təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Masallı rayonu, Yelağac kənd sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası” X3 narkoloji və ruhu əsəb dispanserində qeydiyyatda durmurlar. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (cinayət əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin) ifadələrini, təhqiqat, məhkəmə hərəkətlərini, dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 197.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin 43, 73, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar