Məhkəmə qərarları › İş №1(050)-209/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-209/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-209/2025 08.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2001-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı şəhəri Cəfər Cabbarlı küçəsi bina 31, mənzil 24-də yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və daşımaqda şübhəli olduğundan 07 sentyabr 2025-ci il tarixdə, saat 12:07 dəqiqədə Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, M.Hüseyn küçəsi ərazisində saxlanılaraq üzərinə keçirilən yoxlama və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,384 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Əvvəllər narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə görə həbs olunmuş, azadlığa çıxdıqdan sonra isə yenidən psixotrop maddələrdən istifadə etməyə davam etmişdir. Sonuncu dəfə 07 sentyabr 2025-ci il tarixdə səhər saatlarında bədənində təkrar ağrılar başlamış, bu səbəbdən psixotrop maddə metamfetamin almaq qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı evdən çıxmış, Masallı şəhər ərazisində yerləşən köhnə bazar adlanan yerə gəlmiş, orada tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pulun müqabilində bir büküm metamfetamin almış, həmin bükümü əynində olan şalvarın sağ yan cibinə qoymuş, oradan çıxaraq piyada geri qayıtmış, məqsədi evə getmək və aldığı metamfetamini evdə tək olduğu zaman istifadə etmək olmuşdur. Lakin o, həmin gün saat 12:07 dəqiqədə Masallı şəhər, Mehdi Hüseyn küçəsi ilə piyada evinə getdiyi vaxt tanımadığı mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşmış, onu saxlamışlar, həmin şəxslər xidməti vəsiqələrin təqdim edib özlərinin polis əməkdaşları olduqlarını və narkotik maddələrinin qanunsuz dövriyəsində şübhəli olduğunu deyib bununla bağlı üzərinə yoxlama aparılacağını demişlər. Özünü əməliyyat müvəkkili kimi təqdim edən Şahid1 adlı polis əməkdaşı üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Bundan sonra əvvəlcə əynində olan boz rəngli şalvarının sol yan cibindən özünə məxsus olan bir ədəd Samsung markalı mobil telefon, şalvarının sağ yan cibindən isə bir ədəd sellofan büküm çıxardıb təqdim etmiş, polis əməkdaşlarına həmin bükümdə “şüşə” olmasını bildirmiş, Şahid1 tərəfindən sellofan bükümün içərisinə baxılmış və içərisində metamfetaminə bənzər kütlə olması aşkar edilmişdir. Həmin metamfetamin bir ədəd sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, daha sonra ağ rəngli kağız zərfə qoyulmuş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənərək qablaşdırılmışdır. Bir ədəd Samsung markalı mobil telefon da başqa bir ağ rəngli kağız zərfə qoyularaq eyni qaydada qablaşdırılmışdır. Polis əməkdaşının sualına cavab olaraq üzərindən aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün Masallı şəhər ərazisində tanımadığı şəxsdən 10 manat pul qarşılığında aldığını və üzərində şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Üzərində yoxlama aparılmış, üzərindən hər hansı başqa bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu hepatit “C” xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb barəsində yüngül və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 07 sentyabr 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatında Masallı şəhəri Cəfər Cabbarlı küçəsi ev 24-də yaşayış yeri üzrə qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması göstərilmişdir. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs saxlanılıb üstünün yoxlanılması ilə əlaqədar tərəfindən “əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuş, 07 sentyabr 2025-ci il tarixdə saat 12:07-də Masallı şəhəri Mehdi Hüseyn küçəsində yerləşən məhəllə yolda piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşmışlar, həmin vaxtı orada əməliyyat qrupunun digər üzvləri, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Kriminalistik Tədqiqatlar qrupunun baş inspektoru Ramal Şükürov da iştirak etmişdir. Polis əməkdaşı Ramal Şükürov tərəfindən Təqsirləndirilən şəxs yaxınlaşdıqları andan videoçəkiliş aparılmış, Təqsirləndirilən şəxs xidməti vəsiqəsini göstərib özünü təqdim etdikdən sonra narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli olduğundan saxlanıldığını və üzərində videoçəkiliş vasitəsi ilə yoxlama aparılacağını bildirmiş, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və həmin şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm çıxardıb təqdim etmiş, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və psixotrop maddəni Masallı şəhəri ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, daha sonra zərfə qoyub qablaşdırmış, zərfin üzərini imzalatdırıb möhürləmiş, daha sonra aşkar olunmuş 1 ədəd “Samsung” markalı mobil telefonu da zərfə qoyub qablaşdırmış, zərfin üzərini imzalatdırıb möhürləmişdir. Daha sonra onun üzərinə və əynində olan paltarlarına yoxlama keçirən zaman üzərindən qanunla qadağan olunmuş başqa predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki zor və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 onlar oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:07-də Masallı şəhəri, M.Hüseyn küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan boz rəngli şalvarının sol yan cibindən özünə məxsus olan bir ədəd Samsung markalı mobil telefonu, şalvarının sağ yan cibindən isə bir ədəd sellofan büküm çıxardıb təqdim etmiş, təqdim etdiyi selofan bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini həmin günü Masallı şəhəri ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pulun müqabilində alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş sellofan bükülüyə baxış keçirərkən onun psixotrop maddə metamfetaminə bənzər kütlə olduğunu görmüşdür. Sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddə olan bükümü elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,41 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin marixunaya bənzər kütlə və “Samsung” markalı mobil telefon ayrı-ayrılıqda qablaşdırılaraq polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanmış və üzərində əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş itiham üzrə özünü tam təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyindən Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Şahin Mehrabov tərəfindən Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD disklərə məhkəmə iclasında baxış keçirilməsinə zərurət yaranmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə kimyəvi ekspertizasının 08 sentyabr 2025-ci il tarixli 19\363 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində ”Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,384 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0,384 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,334 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X3 Yoxlamanın nəticələrinə dair 08 sentyabr 2025-ci il tarixli 489 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalan 0,334 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-117/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 2 ay 23 gün müddətindən şərti olaraq vaxtında əvvəl azad edilmişdir. Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 23 gün müddətindən şərti olaraq vaxtında əvəvl edilmiş, qərar icra edilməsi üçün Masallı rayon İcra və probasiya şöbəsinə göndərilmiş, cəza müddəti başa çatdığı üçün xx.xx.2025-ci il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin probasiya qeydiyyatdından çıxarılmışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilməmiş və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Masallı rayon Mənzil İstismar sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, Masallı şəhəri, C.Cabbarlı küçəsi bina 31, mənzil 24-də qeydiyyatda olmaqla yaşayır, üç nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.09. 2025-ci il tarixdə saat 12:07-də şübhəli şəxs qismində tutulmuşdur. Masallı Rayon Məhkəməsinin 4(050)-70/2025 saylı, 09.092025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2025-ci il tarixdə saat 12:07-dən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış Müalicə Müəssisəsi tərəfindən verilmiş tibi arayış və 249/2023 saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış Müalicə Müəssisəsində ikinci sıra vərəm əleyhinə preparatlarla DOTS plyus proqramı üzrə 10 ay müddətində tam müalicə kursunu keçmişdir. Çıxarkən xəstədə diaqnoz: Sol ağciyərin aşağı payının kavernoz vərəmi, sorulmuş mərhələsində VM(-) neqativ, “C” viruslu hepatit, subklinik mərhələ qeyd edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri -0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,384 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin sadə residivi yaranmışdır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər törətdiyi analoji cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğunun ödənilməməsi və götürülməməsini,), o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 0,334 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin videogörüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən gündən, yəni 07 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 07 sentyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,334 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs saxlanılmasını, aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 (bir yüz on) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************). Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar