Məhkəmə qərarları › İş №1(050)-21/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-21/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-21/2023 16.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Masallı şəhəri, H.Səmədov küçəsi, ev 36-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan mıhrum etmə cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 3000 manat cərimə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən sonuncu hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə üzərində qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası saxlanılmış, xx.xx.2019-cu il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuş, 3000 manat cərimə cəzası icra olunmamış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı şəhəri, H.Səmədov küçəsi ev 36-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Masallı şəhəri, Füzuli küçəsində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-0,236 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə olan heroin almaq üçün Lənkəran rayonu, Qumbaşı kəndinə getmişdir. Qumbaşı kəndinin mərkəzində bir qədər piyada hərəkət etdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və ona narkotik vasitə heroin tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs onda narkotik vasitə heroin olduğunu, həmin heroini istəsə ona satacağını demişdir. Daha sonra həmin şəxs cibindən bir ədəd gümüşü rəngli siqaret kağıza bükülmüş maddəni çıxardıb ona göstərək həmin bükümün içində heroin olduğunu və həmin bir bükümü heroini 20 manata satmasını bildirmişdir. Həmin vaxt o, tanımadığı şəxslə razılaşıb ondan bir ədəd gümüşü rəngli siqaret kağıza bükülmüş narkotik vasitə heroini 20 manat pulun qarşılığında alıb əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Masallı rayonu, Təzəkənd kəndi istiqamətində hərəkət edərkən bir nəfər tanımadığı şəxs “Mercedes” markalı avtomobili saxlamış və ondan hara getməsini soruşmuşdur. O, Masallı rayonuna getdiyini demişdir. Həmin şəxs onun avtomobilə əyləşə biləcəyini və Masallı rayon ərazisində düşə biləcəyini bildirmişdir. O, sürücüyə minnətdarlıq edib avtomobilə əyləşmiş və təxminən 20 dəqiqə sonra Masallı şəhərində yerləşən “Seybətin dairəsi” adlanan yerə gəlib orada düşmüşdür. Daha sonra piyada Masallı şəhəri, H,Səmədov küçəsində yerləşən yaşadığı evə getmiş, evdə bir az yemək yedikdən sonra yorğun olduğu üçün yatıb dincəlmişdir. Həmin günü saat 22 radələrində tanımadığı şəxsdən aldığı üzərində olan bir büküm narkotik vasitə heroini qəbul etməkdən ötrü evdən piyada çıxıb yaşadığı H.Səmədov küçəsində özünə uyğun yer axtarmağa başlamışdır. Masallı şəhəri, Füzuli küçəsi ilə piyada hərəkətdə olan vaxtı iki nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün ona yaxınlaşdıqlarını demişlər. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, həmin vaxt qorxduğudan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onun cavab vermədiyini görüb birlikdə polis şöbəsinə getməli olduğu barədə məlumat vermişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmış və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı kimi təqdim etmişdir. Sonra təhqiqatçı qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra istəyinə əsasən Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını ona demişdir. Əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməsi barədə təklif edilmişdir. Həmin vaxt o, əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağıza bükülmüş içərisində narkotik vasitə olan heroini çıxardıb təqdim edərək, təqdim etdiyi narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pulun qarşılığında aldığını və istifadə etməkdən ötrü üzərində gəzdirməsini bildirmişdir. Bundan sonra təqdim etdiyi bir bükümdə narkotik vasitə olan heroin gümüşü rəngli kağızla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,40 qram olduğu müəyyən edilmişdir. Sonra həmin narkotik vasitə olan heroin kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhür ilə möhürlənərək imzalanmışdır. Üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə gətirildikdə, üzərində şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki təsir və ya psixi təzyiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, bir daha belə əmələ yol verməyəcəyini, himayəsində yaşlı və xəstə anasının, habelə azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 dekabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatında Masallı şəhəri, H,Səmədov küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməsində və istifadəsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində Masallı şəhər ərazisində Təqsirləndirilən şəxs saxlanılmışdır. Həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığına görə Orxanı Masallı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və Masallı RPŞ-nin inzibati binasında təhqiqatçı Bəhmən Əsgərlinin xidməti otağına gətirilmişdir. Orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına öz istəyi əsasında Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi qismində təyin edilmişdir. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi təhqiqatçı tərəfindən təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü iştirakçılara təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin büküm açıldıqda bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroini şəxsi istifadəsi məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman Orxanın üzərindən başqa hər hansı bir qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret kağızına olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək 0,40 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə zərfdə qablaşdırılmşı və üzəri imzalanaraq DİN-nin 90 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqına şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 verdiyi ifadəsindən görünür ki, o, oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağıza bükülmüş bükülünü təqdim edərək, bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 20 manata aldığını bildirməsi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin Məhkəmə Bioloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 19/1239 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,236 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,236 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,186 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X9 Yoxlamanın nəticələrinə dair 07 dekabr 2022-ci il tarixli, 1257 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Nakoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 05 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-0,186 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü RPŞ-nin Təchizat Qrupuna təhvil verilmişdir. Həmçinin, Orxan Məmədovun üzərindən narkotik vasitə heroinin aşkar olunduğu görüntünün əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi 15 dekabr 2022-ci il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(050)-20/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan mıhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə təqsirli bilinib CM 69.4-cü maddəsinə əsasən saxlanılan 3000 manat miqdarında cərimə cəzası yeni hökmlə təyin edilmiş 02 il il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə üzərində qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası saxlanılmış, xx.xx.2019-cu il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Səmədov küçəsi, ev 36-da qeydiyyatda olmaqla anası xx.xx.1960-cı il təvəllüdlü X2, arvadı xx.xx.1996-cı il təvəllüdlü X3 və oğlu xx.xx.2017-ci il təvəllüdlü X4 ibarət ailə tərkibində yaşayır, Masallı şəhərində yaşadığı müddətdə özünü əvvəllər səmimi və intizamlı aparsa da, son zamanlar cəmiyyətə yaraşmayan hüquqa zidd hərəkətlərə yol vermişdir. Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılmasına dair video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsinin təqdim etdiyi 12 dekabr 2022-ci il tarixli, 85 saylı arayışdan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(050)-20/2018 saylı hökmü Masallı Rayon İcra və probasiya şöbəsinin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş, cəzasın icrası hal-hazırda davam etməkdədir. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(050)-20/2018 saylı hökmü ilə ona təyin edilmiş 3000 cərimə cəzasından dövlət nəfinə bu günə qədər heç bir ödəniş etməmişdir. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Onun əməlində cinayətlərin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4- 1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1. və 65.2.-ci maddələrinin tələbinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs məhkum olunmuş şəxsdir, məhkumluğu ödənilməmişdir. Əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (cinayətlərin residivi) var. O, azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 07 dekabr 2022-ci il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Təqsirləndirilən şəxsin cəkilməmiş cəzası üzrə ona hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1.-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2.-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı gündən, yəni 16 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, 07 dekabr 2022-ci il tarixli, 1257 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və və ekspert tədqiqatından sonra qalıq çəkisi 0,186 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 05 dekabr 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1.-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün gün müddətə azadlıqdan məhrumetmə cəzasına tam birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası müstəqil icra olunsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəzaçəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 16 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi 0,186 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar