Məhkəmə qərarları › İş №1(050)-21/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-21/2024

15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-21/2024 15.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Masallı rayonu, Xıl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən azadlıqan məhrum etmə cəzasının 02 ay 21 gün çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərədə tutulmuş qaydda götürülməmiş, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Masallı şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən təmiz çəkisi - 0,347 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işlədiyi müddətdə 05 dekabr 2023-cü il tarixdə Masallı rayonu, Xıl kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda və istifadəsində şübhəli olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X10 və Masallı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 üzvlüyü ilə qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Masallı şəhəri, 20 Yanvar küçəsində Təqsirləndirilən şəxs tək piyada gəzişərkən polis serjantı Şahid2 iştirakı ilə tərəflərindən saxlanılmışdır. Həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Masallı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və o, Masallı RPŞ-in inzibati binasında təhqiqatçı Ariz Səfərovun xidməti otağına gətirilmişdir. Orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına öz istəyi əsasında vəkil Müdafiəçisi təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxsya üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı predmet və ya əşya varsa, təqdim etməsini təhqiqatçı təklif etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü, həmçinin əynindəki gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edərək, şalvarının sol yan cibindən çıxararaq təqdim etdiyi həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni həmin günü səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 10 manata almasını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdə olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,42 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə və 01 ədəd “Samsung” markalı mobil telefon ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman onun üzərində qanunla qadağan edilmiş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-in polis nəfəri Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, narkotik aludəçisi olsa da, üzərində aşkar edilmiş narkotik vasitə ona məxsus deyildir, üzərinə polis əməkdaşları tərərfindən qoyulmuşdur. Polis əməkdaşları onu Masallı şəhəri, 20 Yanvar küçəsində parkda oturduğu yerdə yaxalamış, onu Masallı RPŞ-yə aparmışlar. Onu başqa polis əməkdaşları şöbəyə aparmışlar, hazırda şahid qismində ifadə vermiş şəxslər onu polis şöbəsinə aparan əməkdaşlar deyil. Polis şöbəsinə gətirildiyi zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Müdafiəçi dəvət olunduqdan sonra əvvəlcədən polis əməkdaşlarının planlaşdırdıqları kimi içərisində narkotik vasitə büküm onun şalvarının sol yan cibinə qoyulmuş, videoçəkiliş zamanı təqdim edəcəyini bildirmişlər. Üzərində narkotik vasitə olmadığı halda üzərinə narkotik vasitə qoyularaq video çəkiliş zaman söylədiyi sözlərin təkrarlanması bildirilmişdir. Videoçəkiliş zamanı iştirak edən əməliyyatçılar hazırda məhkəmə iclasında dindirilən şahidlərdir. O, da məcbur olub polis əməkdaşlarının sözlərini eyni ilə təkrarlamışdır. Narkotik vasitəni almaq üçün maddi imkanı ümumiyyətlə olmamışdır. Qorxduğu üçün bu barədə heç kimə, eləcə də müdafiəçisinə heç bir məlumat verməmişdir. İfadəsi yazılarkən özü yazmamış, oxumamışdır, lakin müstəntiq tərəfindən ona oxunmuşdur. Qorxduğundan ifadəsini imzalamaq məcburiyyətində qalmışdır. Müdafdiəçisinə bir söz bildirməsə də, müstəntiqə narkotik vasitənin ona məxsus olmadığını demişdir. Polis şöbəsinə gətirilərkən və üzərinə baxış keçirlərkən ona qarşı hər hansı fiziki güc və ya zor tətbiq edilməsə də, əməliyyatçılar ona narkotik vasitənin ailə üzvlərinin üzərindən aşkar edib çıxaracaqlarını bildirdikləri üçün qorxduğundan narkotik vasitənin ona məxsus olmasını demək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir, son zamanlar əsasən narkotik vasitə heroin qəbul edir. Narkotik vasitələrdən qanunsuz istifadəyə görə əvvəllər məhkum olunmuşdur. Bədənində ağrılar olur və narkotik vasitə heroin qəbul edərək ağrılarından azad olur. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində yaşadığı evdə yuxudan oyanmış və bədənində ağrılar olduğunu hiss etmişdir. Narkotik vasitə əldə etmək üçün Lənkəran rayonu, Qumbaşı kəndinə getmiş və orada olarkən yolun kənarında 1 nəfər şəxsin dayandığını görmüşdür. Həmin şəxs zahirən narkotik vasitə aludəçisinə oxşayırmış. O, narkotik vasitədən istifadə etdiyi üçün həmin şəxsə yaxınlaşıb onun üçün narkotik vasitə tapa bilib-bilməyəcəyini soruşmuşdur. Həmin şəxs hazırda üzərində 1 büküm “kakos” kimi tanınan heroin olmasını və 10 manata satdığını bildirmişdir. O, həmin şəxsə 10 manat pul vermiş, o, da ona cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə olan narkotik vasitəni vermişdir. Daha sonra o, yolda tanımadığı avtomobilə əl edib saxlatdırmış və Masallı rayonuna gəlmişdir. Günorta saatlarında evdə yorğun olduğundan bir qədər yatmışdır. Saat 15 radələrində yaşadığı evdə və kənd ərazisində narkotik vasitəni qəbul etmək üçün əlverişli şərait olmadığından o, Masallı şəhər ərazisinə gəlmişdir ki, kimsənin olmadığı vaxt rahat yer tapsın və heroini qəbul etsin. Masallı şəhəri, 20 Yanvar küçəsində piyada hərəkətdə olan vaxtı iki nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Mehman və Taleh adlı əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün ona yaxınlaşdıqlarını demişlər. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları cavab vermədiyini görüb birlikdə polis şöbəsinə getməli olduğunu demişdirlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmış və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov kimi təqdim etmişdir. Sonra təhqiqatçı Ariz Səfərov qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra istəyinə əsasən Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçısı Ariz Səfərov üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını ona demişdir. Əvvəlcə baş təhqiqatçı Ariz Səfərov ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməsi barədə təklif etmişdir. Həmin vaxt o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonunu və şalvarının sol yan cibində gizlətdiyi 01 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini çıxardıb təqdim edərək, təqdim etdiyi narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pulun qarşılığında aldığını və istifadə etməkdən ötrü üzərində gəzdiridiyini bildirmişdir. Bundan sonra baş təhqiqatçı Ariz Səfərov təqdim etdiyi bir bükümdə narkotik vasitə olan heroin şəffaf sellofanla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,42 qram olduğunu müəyyən etmişdir. Sonra həmin narkotik vasitə olan heroin və 01 ədəd mobil telefonu ayrı-ayrılıqda kağız zərflərə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi-axtarış keçirilmişdir. Üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra baş təhqiqatçı Ariz Səfərov üzərində həyata keçirilən şəxsi-axtarış barədə protokol tərtib etmiş, həmin protokol təhqiqatçı tərəfindən uca səslə oxunmuş və o, da iştirakçılarla birlikdə həmin protokolu imzalanmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonunu və şalvarının sol yan cibində gizlətdiyi 01 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini çıxardıb təqdim etməsi, təhqiqatçının verdiyi suala cavab olaraq təqdim etdiyi narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında üçün Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pulun qarşılığında aldığını və istifadə etməkdən ötrü üzərində gəzdiridiyini, onu Masallı şəhəri, 20 Yanvar küçəsində piyada hərəkətdə olarkən saxlayaraq Masallı RPŞ-yə gətirən şəxslərin polis əməkdaşları Şahid1 və X6 olduqlarını deməsi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin Məhkəmə Bioloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 19/1029 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 0,347 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,347 qram, tədqiqata sərf edildi 0, 05 qram, qalıq 0,297 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X12 Yoxlamanın nəticələrinə dair 03 iyul 2023-cü il tarixli, 689 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Nakoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığlı” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında 08.12023-cü il tarixli qərardan görünür ki, 05 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-0,297 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış vəə saxlanılması üçün Masallı RPŞ-nin Təchizat Qrupuna təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videoçəkilişinin əks olunduğu 01 ədəd CD cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən azadlıqan məhrum etmə cəzasının 02 ay 21 gün çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş şərti olaraq vaxtında əvvəl azad edilməsi ilə bağlı qərar xx.xx.2023-cü il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin icraatında daxil olmuşdur. Cəza müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon İHB-nın Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla bacısı 1971-ci il təvəllüdlü X4 və bacısı 1973-cü il təvəllüdlü X1 ibarət ailə tərkidində yaşayır, Təqsirləndirilən şəxs kənddə və onu tanıyanlar arasında heç bir nüfuz sahibi deyildir. Onun barəsində nümayəndəliyə bir neçə şifahi müraciətlər daxil olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsini əks etdirən video çəkiliş aparılması barədə CD-dən, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsindən fərqli ifadə verməsinə tənqidi yanaşaraq, hesab edir ki, bu hal təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə həmin ifadəni mümkün sübut növü kimi qəbul etmir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Onun əməlində cinayətin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. İş materiallarından göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş qaydada Təqsirləndirilən şəxs ona Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2023cü il tarixdən iki il keçmədən qəsdən hazırki cinayəti törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərar və qətimkan tədbirinin seçilməsinə dair 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 07 dekabr 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli hökm elan olunduğu gündən, yəni 15 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, 03 iyul 2023-cü il tarixli, 689 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Nakoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığlı” diaqnozu ilə qeydiyyatda durur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs X5 2022-ci ildən “Opium Narkomanlığı” diqanozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi 0,297 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 05 dekabr 2023-cü il tarixdən 07 dekabr 2023-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun hökm elan olunduğu gündən, yəni 15 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs X5 2022-ci ildən “Opium Narkomanlığı” diqanozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi 0,297 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar