Məhkəmə qərarları › İş №1(050)-211/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-211/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-211/2023 17.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X8 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Qızılağac Milli Parkının nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmamış, Masallı rayonunun Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan, 12 sentyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”-nın 9.1-ci bəndində nəzərdə tutulmuş “xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq su obyektlərindən Azərbaycan Respublikasının Su Məcəlləsinə uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün istifadə edilə bilməsi” eləcədə həmin qaydalara əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblər”in 2-ci maddəsində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mmdən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması tələblərini pozaraq qanunsuz balıq tutmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Qızılağac Milli Parkın kiçik körfəz su sahəsinin Masallı rayonu Qızılağac kəndi istiqamətinə gələrək özünə məxsus taxta materialdan hazırlanmış taxta qayıqdan və jilka adlandırılan sintetik sapdan toxunmuş, gözlərinin ölçüləri 45x45 mm olan 2 ədəd tordan istifadə etməklə xx.xx.2023-cü il tarixdə saat 07:00 radələrinədək olan müddət ərzində qeyd edilən ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərmələr”də qeyd olunmuş cədvələ əsasən hər biri 11 (on bir) manat təşkil edən və Milli Park ərazisində baş verməsi səbəbindən 3 qatına vurulması yolu ilə hesablanan 35 ədəd kefal balıqlarını qanunsuz tutaraq xeyli miqdarda, yəni 1155 (bir min yüz əlli beş) manat ziyan vurmuşdur. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə baxışında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək və ona qarşı qaldırılmış mülki iddianı qismən qəbul edərək bildirdi ki, ailəsinə qida əldə etmək üçün 18 avqust 2023-cü il tarixdə balıq tutmaq məqsədi ilə kənddə yerləşən kanala getmişdir. Lakin kənddə olan kanal bir başa Milli Parka bağlı olduğundan və hava dumanlı olduğu üçün yolunu azaraq səhvən Qızılağac Milli Parkın Kiçik Körfəz su sahəsinə gedib çıxmışdır. 1 ədəd taxta qayıqdan və jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tordan istifadə edərək həmin vaxt 35 ədəd kefal balığı tutaraq səhərə yaxın sahilə çıxmışdır. Bu zaman Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Qızılağac Milli Parkın ərazisindən balıq tutmaq üçün rəsmi icazəsi yoxdur. Bundan sonra polis əməkdaşları onu özünə məxsus olan 1 ədəd taxta qayığını və balıqovlama vasitəsi sayılan jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd toru və həmin tor vasitəsi ilə ovladığı balıqlar ilə birlikdə Lənkəran XPŞ-nə aparılmış, orada onlara baxış keçirilmişdir. Onun məqsədi kənddə yerləşən kanalda balıq ovlamaq olmuşdur, Milli parkın ərazisinə keçmək olmamışdır. Hazırda dəymiş ziyandan 1000 manatını ödəmişdir. Lakin maddi imkanı olmadığına görə dəymiş ziyanı tam şəkildə ödəyə bilməmişdir. Həmçinin təqsirini etiraf etməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərəçəkmiş şəxs və mülki iddiaçı Qızılağac Milli Parkının nümayəndəsi Nümayəndə ifadə verərək bildirdi ki, ETSN-nin Qızılağac Milli Parkında böyük elmi işçisi vəzifəsində işləyir. 30 avqust 2023-cü il tarixdə Lənkəran XPŞ-də qəbul edilmiş qərar əsasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmış Qızılağac Milli Parkın, yəni zərərçəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. Ona nümayəndə kimi bütün hüquq və vəzifələrim izah olunmuş, işdə iştirak edən şəxslər barədə məlumat almış, heç kimə etirazı olmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 07.00-da Su NPİ-nin Lənkəran xətt polis şöbəsinin əməkdaşları Qızılağac Milli Parkın ərazisində olan kiçik körfəz su sahəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Masallı rayonunun Qızılağac kəndində yaşayan Təqsirləndirilən şəxs Masallı rayonu Qızılağac kəndi istiqamətində Qızılağac Milli Parkın ərazisində yerləşən kiçik körfəz su sahəsində jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor vasitəsi ilə qanunsuz 35 ədəd kefal balıqlarını tutub Qızılağac Milli Parkın ərazisində yerləşən kiçik körfəz su sahəsindən çıxarkən saxlanılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd kefal balığı üçün ziyanın miqdarı şərti maliyyə vahidinin 1,10 man. 10 əmsalına vurulması yolu ilə hesablanır. Belə olan halda 1 ədəd kefal balığına görə dəymiş ziyan 11 manat təşkil edir, 35 ədəd kefal balığına görə dəymiş ziyan isə 385 manat təşkil edir. Dövlət qoruqlarında və xüsusi mühafizə olunan təbiət ərazisində balıq ovu baş verdiyindən vurulmuş ziyan 3 qat hesablanır. Belə olan halda dəymiş ziyan 1155 manat təşkil etdiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs hazırki vaxtadək həmin ziyandan 1000 manat ödəmişdir. Odur ki, mülki iddianın qismən təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, 18 avqust 2023-cü il tarixdə təxminən saat 07:00 radələrində Su nəqliyyatında polis idarəsinin Lənkəran xətt polis şöbəsinin əməkdaşları ilə birlikdə Qızılağac Milli Parkın kiçik körfəz su sahəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş xx.xx.1988-ci il təvəllüdlü, Masallı rayonunun Qızılağac kənd sakini Təqsirləndirilən şəxs jilka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə balıq tutarkən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta materialdan hazırlanmış qayıq, jilka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 4.80 metr, eni 1.80 metr, gözlərinin ölçüsü 45x45 mm olan, 2 ədəd tor və 35 (otuz beş) ədəd kefal balığı balıqları aşkar edilərək maddi sübut kimi götürülərək sənədləşdirilməsi üçün Su NPİ-nin Lənkəran XPŞ-nə gətirilmişdir. Lənkəran XPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb ailəsinə qida əldə etmək məqsədi ilə özünə məxsus olan 1 ədəd taxta materialdan hazırlanmış qayıqla Masallı rayonu Qızılağac kəndi istiqamətində Qızılağac Milli Parkın kiçik körfəz su sahəsinə icazəsiz daxil olaraq jilka adlandırılan sintetik sapdan toxunmuş, 2 ədəd tor vasitəsi ilə 35 ədəd kefal balığı balıqlarını rəsmi icazəsi olmadan Qızılağac Milli Parkın kiçik körfəz su sahəsindən qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Qızılağac Milli Parkın kiçik körfəz su sahəsindən balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan balıqları qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq “Samsung” markalı videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilib müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 18 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 1 ədəd taxta materialdan hazırlanmış qayıq, jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 4.80 metr, eni 1.80 metr, gözlərinin ölçüsü 45x45 mm. olan 2 ədəd tor və 35 ədəd kefal balığı balıqları həmin balıqovlama vasitələrinin götürülməsində keçirilən baxış zamanı video görüntü olan 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün 18 avqust 2023-cü il tarixli müvafiq akta əsasən "xxxx" MMC-yə təhvil verilməsi və həmçinin digər maddi sübutlar olan balıqovlama vasitələrini isə Lənkəran XPŞ-nin sübutların saxlanc otağında saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan balıq qəbulu haqqında 18 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 35 ədəd kefal balıqları "xxxx" MMC-yə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qızılağac” Milli Parkı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor vasitəsi ilə ovlanmış balıqlar 35 ədəd kefal balıqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd kefal balığı üçün ziyanın miqdarı şərti maliyyə vahidinin 1,10 man. 10 əmsalına vurulması yolu ilə hesablanır. Belə olan halda 1 ədəd kefal balığına görə dəymiş ziyan 11 manat təşkil edir, 35 ədəd kefal balığına görə dəymiş ziyan isə 385 manat təşkil edir. Dövlət qoruqlarında və xüsusi mühafizə olunan təbiət ərazisində balıq ovu baş verdiyindən vurulmuş ziyan 3 qat hesablanır. Belə olan halda dəymiş ziyan 1155 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr” barədə qaydaların 10-cu bəndində göstərilmişdir ki, ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd çəki və karp balığına vurulmuş ziyan minimum əmək haqqının 20 mislinə, kefal balığına vurulmuş ziyan minimum əmək haqqının 10 mislinə vurulması yolu ilə müəyyən edilir. Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq, su heyvanı və onurğasızlar üçün cərimələr üç qatına tutulur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan bank qəbzlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın 1000 (min) manatı ödənilmişdir. İş materiallarında olan Masallı RİHB-nin Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından və xasiyyətnamədən görünür ki, Həsənov X4 rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla anası, X1, arvadı X3, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş əməli törətməsi onun özünün etirafı, bunu tamamlayan zərərçəkmişin nümayəndəsinin, şahid ifadələri, habelə işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini 59.1.14-cü maddəsinə, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin onun əmlak vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli və cəzanın icra müddəti onun işlədiyi və qazancından tutulmaların aparıldığı aylar və günlər üzrə hesablanmalıdır. İş materiallarından göründüyü kimi mülki iddiaçı Qızılağac Milli Parkı mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 1155 manat məbləğində ziyanın tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı qaldırılmış mülki iddianı etiraf edərək həmin məbləğin 1000 manatını artıq ödədiyini, bu səbəbdən mülk iddianın qismən təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs iddianı qismən etiraf etməsi və ziyanın müəyyən hissəsinin ödənilməsi nəzərə alınmaqla mülki iddia qismən, yəni 155 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 35 ədəd kefal balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalı və həmin balıqların satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi balıqların təhvil verildiyi "xxxx" MMC-nin üzərinə qoyulmalı, 1 ədəd taxta materialdan hazırlanmış qayıq, uzunluğu 4.80 metr, eni 1.80 metr, gözlərinin ölçüsü 45x45 mm olan 2 ədəd tor Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilməli, həmçinin 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu aydan (gündən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin və Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 155 (yüz əlli beş) manat manat məbləğində pul vəsaiti alınıb Qızılağac Milli Parkının hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 35 ədəd kefal balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın və həmin balıqların satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi balıqların təhvil verildiyi "xxxx" MMC-nin üzərinə qoyulsun, İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd taxta materialdan hazırlanmış qayıq, uzunluğu 4.80 metr, eni 1.8 metr, gözlərinin ölçüsü 45x45 mm olan 2 ədəd tor Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masalı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar