Məhkəmə qərarları › İş №1(050)-212/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-212/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-212/2025 10.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(050)-134/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 09 (doqquz) ay 16 (on altı) gün çəkilməmiş cəzası qalan, Masallı şəhəri, M.Ə.Sabir küçəsi, ev 51-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(050)-72/2025 saylı qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 17:10-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri M.Ə.Sabir küçəsində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.313 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)- 134/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 09 (doqquz) ay 16 (on altı) gün çəkilməmiş cəzası qalmışdır. O, üzərində aşkar olunan metamfetamini xx.xx.2025-ci il tarixdə Masallı rayonunda tanımadığı şəxsdən 10 manat pul müqabilində almışdır. Həmin gün Masallı şəhəri, H.Əliyev pr-tində piyada hərəkətdə olan zaman iki nəfər şəxs videokamera çəkilişi ilə ona yaxınlaşaraq onu saxlamışlar. Polis tərəfindən sorğu sual olunan zaman üzərində psixotrop maddə metamfetamin gəzdirdiyini etiraf etmişdir. Daha sonra üzərində aşkar edilmiş psixotrop maddə metamfetamin cinayət qanunvericiliyinə uyğun polis əməkdaşları tərəfindən qablaşdırılıraq möhürlənmişdir. O cümlədən saxlanılması ilə bağlı digər istintaq hərəkətləri edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və sonradan hər hansı psixi və fiziki təsirə məruz qalmamışdır. Əməlindən peşman olmağını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ona Masallı şəhəri M.Ə.Sabir küçəsi ev 51-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində gəzdirməsində və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərinin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmış və o həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və KTQ-nin baş inspektoru Ramal Şükürov təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospektində olması barədə məlumat əldə etdikdən sonra Şahid2 və R.Şükürovla birlikdə oraya getmişlər. Həmin küçədə saat 17:10da Təqsirləndirilən şəxs asvalt yolun kənarı ilə tək piyada hərəkətdə olduğunu görmüş və həmin vaxtı videoçəkilişlə yaxınlaşıb orada Təqsirləndirilən şəxs saxlamışlar. Sonra ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməsində və üzərində daşımasında şübhəli olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ondan üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. Sonra həmin yerdə özü əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Huawei” markalı mobil telefonu və azadlığının məhdudlaşdırılması üçün nəzərdə tutulmuş elektron vasitəni çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin yerdə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2025-ci il tarixdə saat 16 radələrində, Masallı şəhəri “Köhnə Bazar” adlanan ərazidən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: ● Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şükürov X6 RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X4 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:10-da Masallı şəhəri, H.Əliyev pr-tində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Huawei” markalı mobil telefon, bir ədəd elektron qandal aparatı, sağ yan cibindən 02 ədəd LD markalı siqaret və gümüşü rəngli olan kağıza bükülmüş içində psixotrop metamfetaminə bənzər kütləni çıxardıb təqdim etmiş, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərində aşkar olunmuş, psixotrop maddə olan metamfetaminə oxşar kütləni Masallı şəhərində tanımadığı şəxsdən 10 manat pulun müqabilində aldığını demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirərkən onun psixotrop maddə metamfetaminə bənzər kütlə olduğunu görmüş, sonra həmin metamfetaminə bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmişdir və ümumi çəkisinin 0.58 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər kütləni və 1 ədəd “Huawei” markalı mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdr. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. ● Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Bəhmən Əsgərli tərəfindən Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X4 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək hər biri ağ rəngli zərfdə qablaşdırılmış 1 ədəd gümüşü rəngli olan kağıza bükülmüş içində psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 1 ədəd “Huawei” markalı mobil telefon və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 bükümdə metamfetaminə bənzər psixotrop maddə olmuş və həmin büküm elektron tərzidə çəkilmiş, təqdim edilmiş 1 ədəd “Huawei” markalı telefona baxış keçirilmiş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. ● Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. ● Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Masallı Rayon Məhkəməsinin qərarına əsasən barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. ● Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 19/382 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs məxsus metamfetaminə bənzər maddə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0.313 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0.313 qram, tədqiqata sərf olundu 0.05 qram, qalıq 0.263 qramdır. ● Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 523 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində alınması məsləhət görülür. ● xx.xx.2025-ci il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 0.263 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin “əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd və “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd olmaqla ümumilikdə 02 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. ● xx.xx.2025-ci il tarixli X5 tərəfindən imzalanmış qəbzdən görünür ki, o, Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X2 Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Huawei” markalı mobil telefonu saz vəziyyətdə təhvil almışdır. ● Masallı Rayon Mərkəzi X1 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli, 18-1- 60/2-1770/2025 saylı məktubdan görünür ki, Əliyev X7 Rayon Mərkəzi X1 Şəxsin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında durmur. ● Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 783 saylı məktubdan görünür ki, Masallı şəhəri M.Ə.Sabir küçəsində qeydiyyatda olan və yaşayan Əliyev X3 şəhəri Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. ● Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 1(050)-134/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. ● Masallı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 2-1119/24-62-16 saylı məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-134/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Hökm və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuşdur. Məhkum xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkum xx.xx.2025-ci il tarixinə kimi hökmlə təyin olunmuş cəzadan 1 (bir) il 02 (iki) ay 08 (səkkiz) gününü çəkmiş, çəkilməmiş cəzası 09 (doqquz) ay 16 (on altı) gün təşkil edir. ● Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən, habelə işə əlavə edilmiş elektron çıxarışdan görünür ki, Əliyev X7 şəhəri, M.Ə.Sabir küçəsi ev 51 ünvanında qeydiyyatdadır. Təqsirləndirilən şəxs barəsində Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsində heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yerində saxlanılaraq üzərinə baxış keçirilərkən üzərində psixotrop maddə metamfetamin aşkar edilməsi, polis şöbəsinə dəvət olunub əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara baxış keçirilməsi zamanı, eləcə də şübhəli şəxs qismində tutularkən cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün tam etirafı ilə yanaşı, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə video çəkilişin aparılmasına dair CD disklər, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara CPM-in 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi-0,15 qram təşkil edir. Məhkəmə istintaq zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi-0.313 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CM-in 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):....346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu; 346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı; CPM-in 353.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:.....353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; İşdə olan tələbnamədən, işə əlavə edilmiş hökmün surətindən və Masallı Rayon İcra və Probasiya Şöbəsinin 07 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Əliyev X7 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)-134/2024 saylı hökmünə əsasən CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hökm və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuşdur. Məhkum xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkum xx.xx.2025-ci il tarixinə hökmlə təyin olunmuş cəzadan 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gününü çəkmiş, çəkilməmiş cəzası 09 (doqquz) ay 16 (on altı) gün təşkil edir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər eyni növ cinayətə görə məhkum olunmuş şəxsdir, cəzasını çəkib qurtarmamış yenidən eyni növ cinayət törətmişdir. Bu səbəblə də o, azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə onun əməlində cəzanı yüngülləşdirən halların məcmusunu, təyin olunacaq cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsini məqsədəuyğun hesab edir. O, CM-in 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməli, cəkilməmiş cəzası üzrə ona hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Belə ki, CM-in 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. CPM-in 158.2, 158.2.1 və 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, CM-in 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu toksikomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Odur ki, ona məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0.263 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “video” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 11 saat vaxt sərf etmişdir. Ona görə də 121 (bir yüz iyirmi bir) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay 16 (on altı) gün müddətin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 04 (dörd) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesablansın və Azərbaycan Respublikasının CM-in 67.1ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Cəzaçəkmə müddətinin əvvəli 02.10. 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs “stimulyatorların” qəbulu nəticəsində yaranan asılılıq sindromu toksikomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut: Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0.263 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “video” disk iş materiallarında saxlanılsın. Məhkəmə ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 121 (bir yüz iyirmi bir) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar