Məhkəmə qərarları › İş №1(050)-216/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-216/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-216/2023 01.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs1, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1996-cı ildə Masallı rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-2107” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə, köhnə Ələt-Astara-İran sərhədi yolunun Masallı rayonu ərazisindən keçən 171-ci km\də Astara rayonu istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 64cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 3.24 ”Maksimum sürətin məhdudlaşdırılması” yol nişanın tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 70 km\saat sürətdən artıq sürətlə idarə etməməli, yerdəyişmə və ötmə zamanı manevr təhlükəsiz olmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, sürücü ötmə əməliyyatına başlamazdan əvvəl bu manevrin təhlükəsiz başa çatdırılmasına əmin olmalı, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, qarşısında eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan nəqliyyat vasitələrini ötmək üçün yolun sol zolağına çıxmış, ötmədə olduğu zaman yolun sol ehtiyyat hissəsinə çıxdığında idarəetməni itirmiş, bu zaman idarə etdiyi avtomobil yolun sağ hissəsinə doğru istiqamətlənməklə eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan Şahid idarə etdiyi “QAZ- 33021” yük markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan “VAZ-2107” minik markalı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs2 açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı, kəllə əsası və üz skleti sümüklərinin qəlpəli sınığı, sol bud sümüyünün orta 1\3-nin qapalı sınığı, başın alın, sol gicgah və ənsə nahiyyəsinin, sağ yuxarı və aşağı göz qapağının və sol said nahiyyəsinin əzilmiş yarası, bədəninin müxtəlif nahiyyələrinin sıyrıq və qançırları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən, digər sərnişin Zərərçəkmiş şəxs1 L2, L3, L4 fəqərələrinin sağ köndələn çıxıntılarının sınıqları, sağ qalça qanadının yerdəyişmiş sınığı, sağ çiyin və said nahiyyəsinin əzilmiş yarası və sağ bud-çanaq oynağına müvafiq nahiyyənin bayır hissəsinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı şəhərində yerləşən bazarda ticarətlə məşğul olur. 08 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə birlikdə idarə etdiyi “VAZ 2107” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayonu istiqamətdə yaşadıqları Təzəkənd kəndinə getmək üçün yola düşmüşlər. Masallı rayonu ərazisindən keçərkən qarşısında eyni istiqamətdə asta sürətlə hərəkətdə olan tanımadığı “Opel” minik markalı avtomaşını ötmək məqsədi ilə yolun sol zolağına çıxmışdır. “Opel” minik markalı avtomaşınla barabər hərəkətdə olduğu zaman ani olaraq sonuncu avtomaşının üzərinə gəldiyini görüb, sükanı sola istiqamətləndirdiyindən avtomaşın yolun sol ehtiyyat hissəsinə çıxaraq idarəetməni itirmiş və nəticədə idarə etdiyi avtomaşın yolun sağ hərəkət zolağına çıxıb, eyni istiqamətdə hərəkətdə olan Şahid idarə etdiyi “QAZ-33021” yük markalı avtomaşınla toqquşmuşdur. Toqquşmadan sonra idarə etdiyi minik avtomaşını yolun sağ ehtiyyat hissəsinə çıxaraq bir neçə dəfə aşmışdır. Hadisə zamanı avtomaşında olanlarla birgə özü də xəsarət almışdır. Sonradan avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs2 vəfat etdiyini bilmişdir. Hazırda etdiyi əməldən peşmandır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışmasını, sonuncuların ona qarşı şikayəti və tələbi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 08 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində tanışı İsrayıl Fəttayevin idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla Ələt-Astara yolu ilə Astara rayonu istiqamətdə hərəkətdə olmuşlar. Masallı rayon ərazisindən keçərkən ani olaraq sağdan tanımadığı “Opel” minik markalı avtomaşının üzərlərinə gəldiyini görmüşdür. Bu zaman İsrayıl sükanı sola doğru istiqamətləndirdiyindən avtomaşın sol ehtiyyat hissəyə çıxmış və İsrayıl avtomaşının idarəetməsini itirmişdir. Daha sonra əyləşdikləri avtomaşın sağa istiqamətlənməklə sağ zolaqla hərəkətdə olan “QAZ-33021” yük markalı avtomaşınla toqquşmuşdur. Toqquşmadan sonra İsrayılın idarə etdiyi avtomaşın yolun sağ ehtiyyat hissəsinə çıxaraq bir neçə dəfə aşmışdır. Hadisə zamanı avtomaşında olanlarla birgə xəsarət almışdır. Sonradan avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs2 vəfat etdiyini bilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti, tələbi və iddiası olmadığını qeyd edərək, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan yüngül cəza təyin olunmasını xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X6 göstərmişdir ki, Masallı rayon sakini mərhum Zərərçəkmiş şəxs2 doğma atasıdır. 08 avqust 2023-cü il tarixdə Bakı şəhərində olduğu zaman atası Fizulinin Ələt-Astara yolunda yol qəzasına düşməsini eşitmiş və Masallı rayonuna qayıtdıqdan sonra atası Fizulinin vəfat etdiyini bilmişdir. Sonradan hadisə barədə soraqlaşarkən İsrayıl adlı həmkəndlisinin idarə etdiyi “VAZ-2107” markalı avtomaşının Astara rayonu istiqamətdə yüksək sürətlə hərəkətdə olduğu zaman eyni istiqamətdə hərəkətdə olan “QAZ-33021” markalı avtomaşınla toqquşduğunu bilmişdir. Hadisə nəticəsində atası Fizuli “VAZ-2107” minik markalı avtomaşında ağır bədən xəsarətləri almaqla vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Anar Salayev məhkəməyə Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş ərizə göndərərək Təqsirləndirilən şəxs bağışladığını, sonuncu ilə barışdığını, ona qarşı şikayəti, tələbi və iddiası olmadığını qeyd edib, yataq xəstəsi olduğu üçün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 08 avqust 2023-cü il taridə, saat 13:30 radələrində özünə məxsus idarə etdiyi “QAZ-33021” yük markalı avtomaşınla Ələt-Astara yolu ilə Astara rayonu istiqamətdə təxminən saatda 55 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Masallı rayonu ərazisindən keçən zaman ani olaraq Astara rayonu istiqamətdə hərəkətdə və ötmədə olan “VAZ-2107” minik markalı avtomaşının sol yan tərəfdən üzərinə gəldiyini görmüş, lakin həmin vaxt məsafə az olduğundan hadisədən yayına bilməmiş və nəticədə “VAZ-2107” minik markalı avtomaşının qabaq sağ yan hissəsi onun idarə etdiyi avtomaşının sol qabaq yan hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı avtomaşında tək olmuş və heç bir xəsarət almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2023-cü il tarixli 8/2494 saylı rəyində görünür ki, istintaq tərəfindən qədim olunan məlumatlara əsasən, “VAZ-2107” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ-2107” minik markalı avtomobili hərəkət sürəti 3.24 ”Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 70km\saata qədər məhdudlaşdırılmış yolda 80 km\saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 ”Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 Masallı MTE və PA şöbəsinin 08 avqust 2023-cü il tarixli 16 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meytinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlər-açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı, kəllə əsası və üz skleti sümüklərinin qəlpəli sınığı, sol bud sümüyünün orta 1\3-nin qapalı sınığı, başın alın, sol gicgah və ənsə nahiyyəsinin, sağ yuxarı və aşağı göz qapağının və sol said nahiyyəsinin əzilmiş yarası, bədəninin müxtəlif nahiyyələrinin sıyrıq və qançırları bərk küt əşyanın (əşyaların) güclü təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlikəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına yayılmış qansızma olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 2-4 saat əvvəl baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 Masallı MTE və PA şöbəsinin 25 avqust 2023-cü il tarixli 814 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 L2, L3, L4 fəqərələrinin sağ köndələn çıxıntılarının sınıqları, sağ qalça qanadının yerdəyişmiş sınığı, sağ çiyin və said nahiyyəsinin əzilmiş yarası və sağ bud-çanaq oynağına müvafiq nahiyyənin bayır hissəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) güclü təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomaşının salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 08 avqust 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 08 avqust 2023-cü il tarixli 255 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı spirtli içki təsiri altında olmamışdır. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil və “QAZ-33021” yük markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 931 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs X4 ilə birgə nikahlarından 2020-ci il təvəllüdlü X1 adlı uşaqları vardır. İş materiallarında olan AC № 152367 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şahədatnaməsinin və etibarnamənin surətlərindən surətindən görünür ki, “VAZ-2107” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomabilin mülkiyyətçisi X5 tərəfindən Təqsirləndirilən şəxs həmin avtomobili xx.xx.2024-cü il tarixədək idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarında olan AE № 412987 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «BC» dərəcəsi ilə nəzərdən tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə, himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs ilə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə, sonuncuların ondan heç bir tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzalarını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən müəyyən edir. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan “VAZ-2107” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 və “QAZ- 33021” yük markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid qaytarılması və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Əsas cəzanın başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan, əlavə cəzanın başlanğıcı isə əsas cəza başa çatdıqdan sonra hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və (və ya) apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar