Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-218/2023 01.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci il tarixdə Puşkin rayonu Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 8 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, 30 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qərarına əsasən barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz əldə etdiyi narkotik vasitə heroini üzərində qanunsuz saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Masallı şəhəri H.Əliyev prospekti ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,584 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan əvvəl təxminən 10 gün idi ki, həbsdən azadlığa çıxmışdır. 4-5 il olarki narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Qumbaşı kəndinə gedərək orada əvvəllər tanımadığı şəxsdən 10 manat pul müqabilində 1 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Daha sonra tanımadığı şəxsin idarə etdiyi avtomobillə Masallı şəhəri ərazisinə gəlmişdir. Masallı şəhərində olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldığı zaman polis əməkdaşları ondan üzərində narkotik vasitə olub olmamasını soruşmuşlar, o da, üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Daha sonra polis əməkdaşları onu Masallı RPŞ-nə dəvət etmişdir. O, etiraz etməmiş və həmin polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-nə getmişdir. Masallı RPŞ-də olduğu zaman video çəkiliş aparılmaqla müdafiəçinin və polis əməkdaşlarının iştrakları ilə üzərində olan 1 bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsi ilə yanaşı, onun əməli işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 30 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələri üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş, raport əsasında onun tərəfindən qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra həmin gün təsdiq olunmuşdur. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o, qrupun rəhbəri təyin edilmişdir. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospekti ərazisində olması barədə məlumat əldə edib Masallı RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 və İTB-nin sahə polis nəfəri Şahid3lə birlikdə həmin əraziyə getmişdir. Həmin ərazidə piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə olması, qəbulunda şübhəli olmasını bildirib polis şöbəsinə dəvət etmiş və birlikdə Masallı RPŞ-nə gəlmişlər. O, bu barədə raportla şöbə rəisinə məruzə etmiş və raportun icrası TBnin təhqiqatçısı Abbasağa Paşayevə həvalə olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı Abbasağa Paşayev tərəfindən şübhəli şəxs qismində tutulmuş və sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun müdafiəçisi Müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə varsa iştirakçılara təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa sağ cibində gizlətdiyi siqaret qutusunu təhqiqatçıya təqdim etmiş və sonra həmin siqaret qutusunun içərisindən 1 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan bükülünün içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm elektron tərəzidə çəkilərək ümümi çəkisi 0,46 qram olmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan heroin zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra təhqiqatçı Abbasağa Paşayev üzərində əlavə olaraq hər hansı əşyanın olubolmadığını Təqsirləndirilən şəxs soruşmuş və Təqsirləndirilən şəxs da üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvara, həmçinin digər paltarlara şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamış, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edildi. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərək, Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü olaraq əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən çıxararaq təhqiqatçıya təqdim etdiyi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin Materialların məhkəmə ekspertizası, məhkəmə fiziki-kimyəvi eskpertizasının 31 avqust 2023-cü il tarixli, 19/828 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlə......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 0,584 qram olan maddə tiryəkdən kutar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi 0.584 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0.534 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X5 Yoxlamanın nəticələrinə dair 04 sentyabr 2023-cü il tarixli 858 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-in təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 8 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Masallı RİHB-in Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Nəzərov X3 şəhəri X.Natavan küçəsi ev 12 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və törətdiyi cinayət əməlini etiraf etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Onun əməlində cinayətin residivi vardır. Cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə CM-in 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-91/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 30 avqust 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 346.1.22-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 30 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 346.1.16-cı maddəsinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmin Məcəllənin 346.1.19-cu maddəsinin tələbi baxımından Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0.534 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü təqdim etməsi barədə görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Habelə, həmin Məcəllənin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkməsinin əvvəli 30 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyatada alınsın. Maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0.534 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməsi barədə görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-218/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-218/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver