Məhkəmə qərarları › İş №1(050)-219/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-219/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-219/2023 29.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçiləri Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü ildə Masallı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində Masallı rayon Şərəfə kənd tam orta məktəbin qarşısından keçən küçədə tanışı Zərərçəkmiş şəxs ilə dostu Şahid1 nalayiq ifadələrlə söyülüb təhqir olunmasının səbəbini aydınlaşdırmaq istəyərkən şəxsi münasibətlər zəmnində aralarında baş verən mübahisə zamanı istintaqa məlum olmayan dəmir alətlə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq sonuncuya başın təpə nahiyəsinin əzilmiş yarası və sol said nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etdi ki, həmin gün Şərəfə ərazisində yerləşən çay evində tanışı Mahirlə çay içib söhbət edərkən Mahirin mobil telefonuna zəng edilmiş və Mahir Camalla telefonda danışdıqları zaman bir-birilərini söymüşlər. Daha sonra Mahir getmək istəmiş o, Mahirə maşına oturmasını birlikdə evə getməyi təklif etmiş və getmişlər. Məktəbin yanında olan küçədə maşını saxlamışki Mahir düşsün. Çünki həmin küçə sağa məktəb tərəfə sola isə onların yaşadıqları evə tərəf olan küçə olmuşdur. Maşını saxladığı zaman Camalla Elvinin gəldiklərini görmüşdür. Camal öndə Elvin arxasıcan. Bizə çatan kimi Mahirə heç bir söz demədən birbaşa onun üzərinə hücum çəkmişlər. Onlar iki nəfər onu yerə yıxmışlar və vurmuşlar. O, onların əllərindən çıxaraq maşına əyləşib getmiş Elvinin atasını çağırmışdır. Lakin ona səs verən olmadığı üçün geri qayıtmışdır. Bu zaman Elvin əlində ağ rəngli plastik buru onun qarşısını kəsərək üzərinə hücum etmiş, maşınının kapotunu əzmiş və onu vurub dişini sındırmışdır. Dalaşdıqları zaman Camalın belini dişləmişdir. Çünki iki nəfər onu döyürdülər. Maşına minmək istədiyi zaman isə Elvin onun belindən tutub dartmışdır. O, da özünü onlardan müdafiə etmək üçün maşında olan təkər açarını götürərək Elvinin başına vurmuşdur. Lakin zərbəsi güclü olmamışdır. O, qədər güclü zərbə vurmamışdır ki, həmin zərbədən Elvinin başı partlamış olsun. Çünki əlindən cərrahiyyə əməliyyatı keçirmişdir və hər hansı bir əşyanı doğru düzgün əli ilə tuta bilmir, bu səbəbdən də güclü zərbələr vura bilmir. O, sadəcə özünü müdafiə etmişdir. Bu səbəbdən də Elvini başından vurmuşdur. Çünki onlar iki nəfər birləşib onun avtomobilini əzib özünüdə vurmuşlar. Sonradan keçirilmiş növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiz ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, hadisə günü kənd ərazində yerləşən kafedə həmkəndlisi Camalla oturduğu zaman Camal digər həmkəndlisi Mahirin istifadəsində olan mobil telefonuna zəng vurmuş, lakin onların nə danışdıqlarını bilməmişdir. Sonradan yenidən zəng olunmuş və bu dəfə də, nə danışdıqlarını bilməmişdir. Lakin Camal ona getmək istədiyini demişdir. Camaldan hara getmək istədiyini soruşduğu zaman Camal evə getmək istədiyini demişdir. O, Camala əgər gedirsə artıq gec olduğu üçün o, da getsin. İkisidə kafedən çıxmışlar. Camal ondan 10 metr qabaqda, o isə Camalın arxasınca getmişdir. Bir qədər sonra Camalın yanında bir maşın dayanmışdır. Mahir və Tamerlan maşından düşmüşlər. O, da həmin vaxt onların yanına çatmışdır. Daha sonra dalaşmışlar. O, da ayırmışdır. Tamerlanın nə davası olub Camalla olub, o, sadəcə ayırmışdır. Tamerlan Camalı yerə yıxıb belini dişləmiş, Camalda qışqırmışdır. O, Tamerlanı Camalın üzərindən qaldırıb bir tərəfə itələmişdir. Tamerlanda həmin vaxt əlində olan təkər açarı ilə onun başının təpə nahiyəsindən bir dəfə vurmuşdur. İkinci dəfə vurmaq istədikdə isə əlini qabağa vermiş və zərbə qoluna dəymişdir. Daha sonra Tamerlan maşınına minərək oradan uzaqlaşmışdır. Dava-dalaş zamanı o, Tamerlanı vurmamışdır. Sonradan keçirilmiş növbəti məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona dəymiş maddi ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu Şərəfə kənd sakini Zərərçəkmiş şəxs Masallı RPŞyə etdiyi müraciətlə tanış olmuşdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, hər iki şəxslə arasında əvvəllər hər hansı bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Masallı rayonu Şərəfə kəndində yerləşən kafedə əyləşib Təqsirləndirilən şəxs ilə pivə spirtli içkisi içərkən həmkəndlisi Şahid2 ona zəng edərək, mobil telefonda onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. O da Camaldan harada olduğunu soruşduğu zaman Camal Ağakişibəyli kəndinin girişində yerləşən kafedə olduğunu bildirmiş,o, Zərərçəkmiş şəxs də Camalın yanında olduğunu bildiyi üçün ona tək Şərəfə kənd tam orta məktəbinə doğru piyada hərəkət etməsini demişdir. Camal da onunla razılaşmış və o da buna görə, Tamerlandan onu həmin yerə aparmasını xahiş etmişdir. Daha sonra o, Tamerlana məxsus “Chevrolet” markalı avtomobilə əyləşmiş və onlar Masallı rayonu Şərəfə kənd tam orta məktəbin qarşısında hərəkətdə olarkən Şahid2 onların hərəkətdə olduğu istiqamətə doğru piyada hərəkət etməsini görmüşdür. Buna görə də Tamerlana avtomobilini saxlamasını demiş və sonra avtomobildən düşüb Camala yaxınlaşdığı zaman sonuncunun arxası ilə digər həmkəndlisi Zərərçəkmiş şəxs də onlara doğru piyada hərəkət etdiyini görmüşdür. Bu səbəbdən Camala əsəbiləşib ona tək gəlməsini dediyini bildirmişdir. Camal isə ona heç bir cavab verməmişdir. Həmin vaxt Camal və Elvin spirtli içkinin təsiri altında olmuşlar. Tamerlan isə həmin vaxt avtomobilində əyləşmiş və Zərərçəkmiş şəxs Tamerlana yaxınlaşıb sonuncunu nalayiq söyüşlərlə söyüb təhqir etməyə başlamışdır. Buna görə də Tamerlan avtomobilindən yerə düşmüş, həmin zaman Elvin və Camal Tamerlanın üzərinə hücum çəkmişlər. O, Camalı tutub saxlamağa çalışmış, Elvin isə yumruqla Tamerlanın sifət nahiyələrinə vurmuşdur. O, tək olduğundan və orada başqa heç bir şəxs olmadığından onları bir-birindən ayıra bilməmişdir. Həmin vaxt Tamerlanın avtomobilə əyləşib oradan çıxıb getdiyini görmüş, təxminən 10 dəqiqə sonra Tamerlan təkrar ora geri qayıtmışdır. O, isə Camal və Elvinlə məktəbin həyətinə daxil olmuşdur. Elvin Tamerlanın ora geri qayıtdığını görüb məktəbin həyətində olan plastik borunu götürüb Tamerlanın avtomobilinə yaxınlaşaraq avtomobilin ön örtüyünə bir neçə dəfə vurmuşdur. Tamerlan da buna görə də niyə avtomobilinə zədə yetirməsini Elvindən soruşduqda sonuncu həmin boru ilə Tamerlanın bədəninə vurmuş, lakin, o, konkret olaraq Elvinin həmin boru ilə Tamerlanın bədəninin hansı nahiyəsinə vurduğunu görməmişdir. Bundan sonra Camal da onun əlindən çıxıb Elvinlə birlikdə Tamerlanı yerə yıxmışlar. Onlar yerdə olarkən o, Camalın “ay dədə öldüme” sözlərini dediyini eşitmişdir. O, heç bir halda onları ayıra bilməmişdir. Həmin vaxt Tamerlan ayağa qalxıb maşına doğru qaçaraq avtomobilindən təkər açarını götürüb Elvinin başının təpə nahiyəsinə bir dəfə vurmuş və geri qayıdıb təkrar avtomobilinə əyləşib oradan çıxıb getmişdir. O da ona görə də oradan uzaqlaşıb getmişdir. Hadisə vaxtı Tamerlan Zərərçəkmiş şəxs bədəninə təkər açarı ilə bədən xəsarəti yetirdikdən sonra həmin təkər açarını öz avtomobilinə aparıb oradan uzaqlaşıb getmişdir. O, Tamerlanın həmin təkər açarını nə etdiyini və hara apardığını bilmir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu Şərəfə kənd sakini Zərərçəkmiş şəxs Masallı RPŞ-yə etdiyi müraciətlə tanış olmuşdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, hər iki şəxslə arasında əvvəllər hər hansı bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Masallı rayonu Şərəfə kəndində yerləşən kafedə əyləşib Zərərçəkmiş şəxs ilə pivə spirtli içkisi içərkən aralarında dostluq münasibəti olan həmkəndlisi Şahid1 istifadəsində olan mobil telefonuna zəng vurub ona zarafatla nalayiq söyüş söymüş və Mahirdə onun zarafatından əsəbiləşib ona Şərəfə kən tam orta məktəbin yaxınlığına getməyini və özünün də ora yaxınlaşdığını demişdir. O da Elvinə Mahirlə görüşmək üçün getmək istədiyini dediyi zaman Elvin ona vaxtın gec olduğunu və özünün də evinə getmək istədiyini dediyindən onlar ayağa qalxıb Şərəfə kənd tam orta məktəbin yaxınlığına doğru piyada addımlarla hərəkət etməyə başlamışlar. Elvin onun arxasında hərəkətdə olmuş və o, Elvindən təxminən 10 metr irəlidə hərəkət etmişdir. Şərəfə kənd tam orta məktəbinin yaxınlığına yaxınlaşdığı zaman qarşıdan “Chevrolet” markalı avtomobilin onun istiqamətində hərəkət edib saxladığını görmü, gecə qaranlıq olduğundan o, avtomobildə kimin olduğunu tam görməmiş, avtomobil dayandıqdan sonra o, Tamerlanın və Mahirin avtomobildən yerə düşdüklərini görmüşdür. Tamerlan ona yaxınlaşıb salam verərək onunla zarafatlaşmışdır. Həmin vaxt Elvin onların olduğu yerə yaxınlaşmış və Tamerlanla Mahirə salam verib orada dayanmışdır. Tamerlan ondan Mahiri hansı səbəbdən mobil telefon danışığı zamanı təhqir etdiyini soruşduqda o, Tamerlana “əccəb edirəm, mən bilərəm o bilər, cavabını vermişdir. Həmin vaxt Tamerlan onun belindən tutub yerə yıxaraq bel nahiyəsindən dişləmiş və o da ağrıdan yerə yıxılıb uca səslə Tamerlana onu buraxmasını bildirmişdir. Həmin vaxt Elvin yaxınlaşıb Tamerlanı kənara itələməyə başlamış və Tamerlan onların birlikdə onu döyməyə çalışdıqlarını zənn etmişdir. Buna görə də Tamerlan avtomobilinə yaxın gedib avtomobildən götürdüyü təkər açarı ilə geri qayıdaraq həmin təkər açarını Elvinin başının təpə nahiyəsinə vurmuşdur. Daha sonra Tamerlan qaçıb avtomobilinə əyləşib oradan uzaqlaşıb getmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsinin 06 iyun 2023-cü il tarixli, 490 saylı ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş yarası və sol said nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dəmir parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 30 may 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq olunmuş şəxslərin ifadələrini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur və bunları nəzərə alıb Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və tərəflərin cinayət işi üzrə icraata xitam verilməsi barədə müraciətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət üzrə icraata xitam verilsin və о, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar