Məhkəmə qərarları › İş №1(050)-22/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-22/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-22/2024 31.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxx 1991-ci il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 10 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, C.Cabbarlı küçəsində saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,219 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 1 ildən artıq müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə narkotik vasitə və ya psixotrop maddə almaq məqsədilə Cəlilabad rayonu, Göytəpə şəhərinə getmiş, orada yerləşən parkda xarici görkəmcə narkotik aludəçisinə oxşayan əvvəllər tanımadığı şəxsdən 10 manata təxminən yarım qrama yaxın metamfetamin almış və Masallı rayonuna qayıtmışdır. Həmin gün saat 20 radələrində Masallı şəhəri, C.Cabbarlı küçəsi ilə piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Həmin vaxt o, şəxsi istifadəsi üçün üzərimdə metamfetamin saxladığını etiraf etmişdir. Sonra polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-yə gəlmişdir. Polis şöbəsində Elşad Məmmədov tərəfindən şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunaraq vəkil Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə təhqiqatçı üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etdikdə, o, əynində olan cins şalvarın sağ yan cibində saxladığı içərisində metamfetamin olan gümüşü rəngli kağız bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi-axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş başqa hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Sonra təhqiqatçı tərəfindən içərisində metamfetamin olan gümüşü rəngli kağız bükülü elektron tərəzidə çəkilmiş, çəkisinin 0,30 qram olması müəyyən olunmuşdur. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə ünvan 2ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz üzərində narkotik vasitələri daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, C.Cabbarlı küçəsində piyada hərəkətdə olan zaman görüb CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub-olmamasını soruşduq, Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün üzərində bir büküm psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Masallı Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində təhqiqatçı Elşad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunaraq dövlət hesabına hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi dəvət olunmuşdur. Sonra təhqiqatçı videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif etdikdə, sonuncu əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükülünün içərisində metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Cəlilabad rayonu, Göytəpə şəhərindən tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində metamfetamin olan bükülü təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 0,30 qram olması müəyyən olunmuş və zərfə qoyularaq ablaşdırılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan iştirakçılara oxunmuş və imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Masallı RPŞ-nin KTQ-nin baş inspektoru, polis leytenantı X5 iştirakları ilə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X8 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükülünün içərisində metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Cəlilabad rayonu, Göytəpə şəhərindən tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını bildirmişdir. Təqdim edilmiş bir bükümdə psixotrop maddə metamfetamin sellofanla birlikdə elektron tərəzidə çəkmiş, ümumi çəkisinin 0,30 qram olduğunu müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış və üzərinə imzalar edilmişdir. Həmçinin, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan iştirakçılara oxunmuş və imzalanmışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 11 noyabr 2023-cü il tarixli 19/1000 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,219 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir (Metamfetaminin təmiz çəkisi-0,219 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,169 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 13 noyabr 2023-cü il tarixli 1036 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 12 noyabr 2023-cü il tarixli 4(050)-118/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan, hökmdən və Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 2-1172/23-62-16 saylı məktubundan görünür ki, təqsirləndirilən şəxs Fərəcov X6 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 3 il 5 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(007)-661/2022 saylı qərarına əsasən cəzasının çəkilməmiş 4 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Onun əməlində cinayətin residivi isə cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvələr məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və ya götürülməməsini, habelə narkotik vasitələrin aludəçisi olduğunu və narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,169 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,169 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar