Məhkəmə qərarları › İş №1(050)-223/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-223/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-223/2023 20.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə, Müdafiəçi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1990-cı il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 29 iyul 2023-cü il tarixdə, saat 02 radələrində yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ondan xəbərsiz mobil telefon istifadə etməsi ilə əlaqədar aralarında qısqanclıq zəmnində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən iki dəfə zərbə vuraraq sonuncuya burun sümüyünün burun çəpərinə keçən iki yerdəyişən sınıqları və sol gözaltı nahiyəsinin qançırı ilə nəticələnən xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Masallı rayon X5 Hissəsində yanğınsöndürən vəzifəsində, çavuş rütbəsində xidmət etmişdir. O, 1 gün işdə, 2 gün istirahət etmişdir. İstirahət günlərində özünə məxsus olan Toyota Prius markalı avtomobillə Bakı şəhərinə gedərək taksi kimi işləməklə günün sonunda yaşadığı ünvana geri qayıtmışdır. Həyat yoldaşı Sevanənin mobil telefon işlətməsinə heç vaxt razı olmamışdır. 28 iyul 2023-cü il tarixdə Bakı şəhərindən qayıdaraq gecə saat 24 radələrində yaşadığı evə çatmış, evin aşağı mərtəbəsində atası Adışirinin uzandığını görmüş, atası onu görüb yuxarı mərtəbədə olan öz otağına qalxmış, atasından sonra o, mərhum qardaşının yatağında uzanıb bir qədər dincəlmiş, təxminən 2 saatdan sonra isə yuxarı mərtəbəyə qalxıb həyat yoldaşı və uşaqlarının yatdığı otağa baxmışdır. Həmin vaxt otaqda həm Sevanə, həm də uşaqlar yatmış, o, uşaqlarını götürüb öz yerlərinə qoymuş və yatağa uzanmışdır. O, yatağa uzanan kimi otaqdan telefonun titrəmə (vibrasiya) səsini eşitmiş və Sevanənin yenidən gizlincə mobil telefon işlətməsi məlum olmuşdur. O, yataqda balışın altından telefonu götürdüyü anda Sevanə oyanmış və ondan telefonu almağa çalışsa da buna imkan verməmişdir. O, Sevanəyə dəfələrlə telefonun kilidini açmasını, ya da parolu ona deməsini tələb etsə də sonuncu telefonun parolunu deməmiş və kiliddən açmağa razı olmamışdır. Sevanənin hərəkətinə əsəbləşib bir dəfə sifətinə əli ilə şillə vurmuş, sonra yataq otağından çıxıb aşağı düşmək istəyərkən eyvanda anasının da səsə oyanıb gəldiyini görmüşdür. Anası Dilarə ondan nə baş verdiyini soruşduqda, o, anasına Sevanənin telefonunu tutduğunu demişdir. Bu zaman anası ona Sevanənin telefon işlətdiyini bildiyini və anasının alıb verdiyini demişdir. O, eyvanda anası ilə danışan zaman Sevanə onun arxasınca gəlib telefonu ondan istədikdə, o daha da əsəbiləşib Sevanənin üzünə sağ əli ilə bir dəfə də şillə vurmuşdur. Onun zərbəsindən Sevanəyə heç bir şey olmamışdır. Sonra atası Adışirin otaqdan çıxıb yanlarına gəlmiş və Sevanənin qarşısında durub ona mane olmuş, anası onu tutub saxlamış, atası isə Sevanəni aşağı mərtəbəyə düşürmüşdür. O, anası ilə yuxarı mərtəbədə duran zaman atası bir neçə dəqiqə sonra aşağıdan onu səsləyib çağırdıqda, anası ilə birlikdə aşağı düşmüş və atası ona Sevanənin hər şeyi boynuna aldığını, başqa adamlarla yazışdığını etiraf etdiyini demişdir. Daha sonra qaynatası Qəyyum və qaynanası Səbinə gəlmişdir. Həmin vaxt Sevanənin valideynləri onlarla nalayiq formada danışmağa başlamış, bir qədər sözlə mübahisə etdikdən sonra onlar Sevanəni götürüb çıxıb getmişlər. Həmin gecə Sevanə onun dayısı oğlu Talehə zəng edərək mobil telefonundakı bütün yazışmaları silməsini, nömrəni də çıxarıb qırmasını demişdir. O, Sevanəni yumruqla vurmamış və burnunu qırmamışdır. Odur ki, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş zərərçəkmişin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əri Təqsirləndirilən şəxs X5 Hissəsində yanğınsöndürən vəzifəsində işləmiş, lakin istirahət günlərində tez-tez Bakıya getmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində qeyri-rəsmi münasibətdə olduğu bir qadın olmuşdur. Bu səbəbdən 4 ilə yaxındır ki, onun ailəsində mübahisələr olmuş və demək olar ki, əri Mirhəsən həftələrlə evə gəlməmişdir. 29 iyul 2023-cü il tarixdə həyat yoldaşı Mirhəsən gecə saat 02 radələrində yaşadığı evə gəlmiş və həmin vaxt spirtli içkinin təsiri altında olduğundan sərxoş vəziyyətdə olmuşdur. Mirhəsən evə gəldiyi vaxt hamı yatmış, lakin o, Mirhəsənin səsinə oyanmışdır. Mirhəsən qəflətən onun üstünə hücum edərək ondan mobil telefonu tələb etmiş, lakin o, telefonunu Mirhəsənə vermək istəməmişdir. Sonra Mirhəsən telefonu stolun üstündən götürmüş və telefon kilidli olduğuna görə cibinə qoymuşdur. Bundan sonra Mirhəsən onun üstünə yenidən hücum edərək əvvəlcə sol əli ilə onun saçından tutub digər əli ilə yumruqla onun burnundan və gözlərindən dəfələrlə vurmağa başlamışdır. Sonra isə onu saçından sürüyərək yataq otağından çıxarmış və onu eyvanda döyməyə davam etmişdir. Bu zaman onun səsinə qayınatası və qayınanası oyanmışlar. Mirhəsən onu bir neçə dəqiqə döydükdən sonra qayınatası Adışirin və qayınanası Dilarə Mirhəsəni ondan ayıraraq aşağı mərtəbəyə düşürmüşlər. O, öz yataq otağına keçib əynində olan gecə paltarını dəyişmişdir. Həmin vaxt qayınanası gələrək oğlu Mirhəsənin “qızılları aparmamasını” deməsini bildirməklə atasıgil gələnə qədər onunla otaqda qalmışdır. Təxminən 10 dəqiqədən sonra o, aşağıdan səslər gəldiyini eşitmiş, aşağı düşərək atası Qəyyumla əri və qaynatasının mübahisə etdiyini görmüşdür. O, atası ilə birlikdə həmin gecə atasının evinə getmiş, üç az yaşlı övladı və cehiz əşyaları həmin evdə qalmışdır. Təqsirləndirilən şəxs ilə barışmadığından məhkəmədən ona qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu 2011-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, onların 3 azyaşlı uşaqları vardır. 28 iyul 2023-cü il tarixdə gecə oğlu Mirhəsən evə gəlmiş və həmişə olduğu kimi rəhmətə gedən oğlunun otağında bir qədər uzandıqdan sonra yuxarı öz otağına getmişdir. O, öz otağında olan zaman hələ oyaq olmuşdur. Mirhəsəngilin otaqlarının işığı yanmış və Mirhəsənlə gəlini Sevanə dəhlizə çıxmışlar. O, oğlunun bir neçə dəfə Sevanəyə “kodu de mənə” dediyini, Sevanənin də “demirəm” dediyini eşitmişdir. O, bu zaman otağıdan çıxıb onların yanına gəlmiş və Sevanəyə “axır istədiyin oldu” demişdir. Sonra onun yanında Mirhəsən bir neçə dəfə Sevanədən kodu istəmiş, lakin Sevanə kodu demədiyinə görə Mirhəsən Sevanənin üzünə bir dəfə şillə vurmuşdur. Bundan sonra əri Adışrin gəlib Sevanənin əlindən tutub aşağı düşürmüşdür. Həmin vaxt onunla Mirhəsən yuxarıda qalmış, əri Adışirinlə Sevanə isə aşağı düşmüşlər. Bir neçə dəqiqədən sonra Adışirin onları aşağı çağıraraq Sevanənin hər şeyi boynuna aldığını demişdir. Bu sözü eşidən kimi Mirhəsən əsəbindən sağ əliylə dəhlizdə olan qapının şüşəsini vurub sındırmış və əli kəsilmişdir. Sonra onlar aşağı düşmüş və əri Mirhəsənə qardaşının ruhuna and verərək, nəsə etməməsini, zəng edib valideynlərini çağırmasını demişdir. Bundan sonra Mirhəsən əlini sarımış, Sevanə də yuxarı otağa qalxmışdır. O da, Sevanənin arxasınca otağa qalxmışdır. Həmin vaxt Sevanə əynini dəyişmiş və otaqdan nəsə götürüb cibinə qoymuşdur. Daha sonra o təzyiqi qalxdığı üçün aşağıya düşmüşdür. Bir qədər sonra Sevanənin valideynləri gəlmiş və onlar bir qədər mübahisə etdikdən sonra Sevanəni götürüb getmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 29 iyul 2023-cü il tarixdə gecə 03 radələrində qudası Şahid2 əsəbi və təlaşlı şəkildə əri Qəyyuma zəng edərək təcili onlara gəlməsini demışdir. O da, nə baş verdiyini bilməmiş və əri Nümayəndəla birlikdə qudası Adışirinin evinə getmişdir. Onların evinə daxil olduqda Adışirin və Dilarə üzərlərinə gələrək qızlarını aparmağı tələb etmişlər. Onlar qısa müddət orada mübahisə etmiş, lakin o və əri hələ də nə baş verdiyini anlamamışlar. Bu zaman qızı Zərərçəkmiş şəxs ağlayaraq üzərlərinə gəlmiş və tez getmələrini xahiş etmişdir. Onlar da qızlarını götürüb evlərinə qayıtmışlar. Evə qayıtdıqdan sonra qızının burnunun qırıldığını görüb, burnunun necə qırıldığının şahidi olmasa da Sevanənin ona danışdığından bilmişdir ki, kürəkəni Mirhəsənin gecə saat 02 radələrində yaşadığı evə gəlmiş, həmin vaxt spirtli içkinin təsiri altında olduğundan sərxoş vəziyyətdə olmuş, qəflətən qızının üstünə hücum edərək ondan qızına məxsus olan mobil telefonu tələb etməyə başlamışdır. Bundan sonra Mirhəsən qızının üstünə yenidən hücum edib döyməyə başlamışdır. Mirhəsən əvvəlcə sol əliylə qızının saçından tutub sağ yumruğu ilə onun burnundan və gözlərindən dəfələrlə vurmağa başlamışdır. Sonra isə qızını saçından tutub sürüyərək yataq otağından çıxarmış və eyvanda döyməyə davam etmişdir. Bu zaman səs-küyə qudaları da oyanmışlar. Daha sonra Mirhəsən qızını bir neçə dəqiqə döydükdən sonra evin eyvanda olan giriş qapısının şüşəsini yumruqla sındırmış və sınmış şüşə parçasını əlinə götürüb yenidən üstünə hücum etməyə başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1929 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü Şahid3, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2015-cu il təvəllüdlü X3 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» Publik Hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin 31 iyul 2023-cü il tarixli 709 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün burun çəpərinə keçən iki yerdəyişən sınıqları və sol göz altı nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar