Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-223/2024 04.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Xüsusi ittihamçı (zərərçəkmiş şəxs)-X5, Təqsirləndirilən şəxs-X1, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında 04 fevral 1990-cı ildə Masallı rayonu, Böyük Kolatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, himayəsində iki nəfər azyaşlı uşağı olan, subay, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Böyük Kolatan kəndində qeydiyyatda olmaqla Masallı şəhəri, Füzuli küçəsində kirayədə yaşayan, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Xüsusi ittihamçı (zərərçəkmiş şəxs) X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 1 (050)-223/2024 saylı məhkəmə hazırlıq iclasının qərarına əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə verilməsinə dair xüsusi ittihamçı X5 şikayəti məhkəmənin icraatına qəbul edilmiş, N.R.Həsənovanın CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş və hazırda da həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Qardaşı birinci Qarabağ Müharibəsində şəhid olmuşdur. O, Nəfəs Həsənovanı əvəllər tanımamış, onunla hər-hansı münasibəti olmamışdır. Onun qohumu ilə Nəfəs Həsənova arasında mübahisə olmuş və buna görə də Nəfəs Həsənova onun barəsində “tik tok” sosial şəbəkə hesablarında təhqiramiz ifadələr işlədərək, ona böhtan ataraq onu təhqir etmişdir. “Tik tok” sosial şəbəkəsində onun adını yazmaqla “şərəfsiz”, “cındır”, “tüpürüm qeyrətinizə”, qazilərin ünvanına “tüpürüm sizin qeyrətinizə” və s. kimi nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Onun heç vaxt Nəfəs Həsənova ilə münasibəti olmamış, əvvəllər tanımamışdır. Lakin, Nəfəs Həsənova onu ağır formada təhqir etmişdir. Onun sosial şəbəkələrdə təhqir olunmağını kütləvi olaraq hamı görür və nəticədə onun nüfuzuna və şəxsiyyətinə böyük zərbə vurulur. Onu hər yerdə biabir edir, belə qanunsuz əməllərinə görə mənəvi əzab çəkir. Nəfəs Həsənovanın törətdiyi əməl cinayətdir. Buna görə də Nəfəs Həsənova xüsusi ittiham qaydasında məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclası zamanı xüsusi ittihamçı (zərərçəkmiş şəxs) qismində dindirilmiş X9 şikayətində göstərilənlərə uyğun ifadə verərək həmçinin göstərdi ki, hal-hazıradək təqsirləndirilən şəxs Nəfəs Həsənova ilə barışmamışdır. Ona görə də məhkəmədən N.Həsənova barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs X6 ona elan edilmiş ittiham (şikayət) üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xüsusi ittihamçı (zərərçəkmiş şəxs) Əfqan Bədəlov və yaxın qohumu Yusif onu təhqir etdiyindən, ailəsi və azyaşlı qızı barəsində şər-böhtan xarakterli sözlər danışdıqları üçün o da onları sosial şəbəkədə təhqir etmiş, barələrində paylaşım etmişdir ki, bir daha onun ünvanına hər-hansı söz danışmasınlar. Hazırda etdiyi əməldən peşman deyil. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs X1 törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş xüsusi ittihamçının (zərərçəkmiş şəxsin) ifadəsi, materiala (cinayət işinə) əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -Şəxsiyyət vəsiqələrindən görünür ki, X1 himayəsində 06 oktyabr 2008-ci il təvəllüdlü X10, 28 aprel 2012-ci il təvəllüdlü X11 və 07 mart 2014-cü il təvəllüdlü X8 adlı uşaqları vardır. -X6 tərəfindən “Tik-tok” sosial şəbəkəsində paylaşımda göstərilmişdir: “YAXŞİ DİNLƏYİN BU KİŞİLİYƏ YARAŞMAYAN HƏRƏKƏTDİ, BU ŞƏRƏFSİZLİKDİ. Bu sözlər X3 aiddir və s.” -Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, 04 fevral 1990-cı il tarixdə Azərbyacan Respublikasında anadan olmuş X1 hər-hansı məhkumluğu yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, X6 internet informasiya ehtiyatında X5 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltaraq onu nüfuzdan salan məlumatları “Tik-tok” sosial şəbəkə iştirakçıları arasında qəsdən yayıb təhqir cinayətini törətməsi tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs X1 əməli Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 2-cu maddəsinə əsasən bu Qanunda “kütləvi informasiya” deyildikdə, açıq yayıla bilən mətbu, audio-audiovizual və başqa xəbər və materiallar; “kütləvi informasiya vasitələri” deyildikdə, dövri mətbuat orqanları: daimi adı, cari nömrəsi olan qəzet, jurnal, toplu, bülleten, azı ildə bir dəfə çıxan başqa nəşrlər, habelə birdəfəlik tirajı yüz nüsxədən çox olan digər mətbuat növləri; radio-televideo proqramlar, kinoxronika proqramları və ya daimi adı ilə azı ildə bir dəfə çıxan (efirə və ya ekrana buraxılan) dövri audio-audkovizual xəbər və materialların (verilişlərin) məcmusu başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyindən bəhs edən 4-cü maddəsində deyilir ki, Dövlət sirrini, habelə qanunla xüsusi qorunan digər sirləri yaymaq, mövcud konstitusiyalı quruluşu və dövlətin bütövlüyünü zorakılıqla devirmək və ya dəyişdirmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sinfi, sosial, dini müstəsnalığı, ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, parnoqrafiyanı yaymaq, digər cinayət əməlləri törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Kütləvi informasiya vasitələrindən vətəndaşların şəxsi həyatına, onların şərəf və ləyaqətinə qəsd məqsədilə istifadə etmək qadağan olunur və qanuna müvafiq surətdə məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « ...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,...qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə X1 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən X1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, X4 təqsirli bilindiyi maddənin sanksiyası həddində ictimai işlər cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1.-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. X2 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli X2 ictimai işlərin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. X7 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-223/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-223/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver